• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

Hamınızın Sevdası

25.02.19 13:45 1405
Hamınızın Sevdası
Anası onu Bakıya yola salanda qulağına pıçıldamışdı: "Bax, oxumağa gedirsən ha, elə otur, elə dur ki, adımıza xələl gəlməsin!”.
Bakıya gəlib Tibb İnstitutuna qəbul olundu, oxudu, tələbəlik illərini ləyaqətlə başa vurdu və geriyə - böyüyüb boya-başa çatdığı ata ocağına – Naxçıvana döndü.
Anası onu ər evinə uğurlayanda əlini kürəyinə çəkmişdi: "Bundan belə ata evinin qapısını unut, demirəm gəlmə, gəl, ancaq yoldaşınla gəl, gələndə də söz-söhbət, umu-küsü gətirmə, heç kəsin qeybətini eləmə, şikayətçi olma! Bu həyatdır, onun hər cür sınağına dözməyi öyrənməlisən!”
Ər evinə köçdü, ev-eşik sahibi oldular, ömür-gün yoldaşı Şahinlə bərabər iki övlad böyütdülər, sonra oğul evləndirib, qız köçürtdülər, qaynana-qayınata, nənə-baba oldular.
Anası ilk dəfə onu işə yollayanda arxasına su atmışdı: "Yolun açıq olsun, qızım, ətrafında həmişə xeyirxah adamlar olsun! Bilirəm, işin ağırdır, məsuliyyətlidir, ancaq sən çalış ki, heç kimi naümid qaytarma, heç kəsin haqqını yemə!”
O da həkim kimi, ziyalı kimi bütün bilik və bacarığını insanlara şəfa vermək işinə yönəldə bildi.
Anası onu Cavidlər ocağının işığını yandırmaq üçün, ildə bir neçə dəfə Bakıya, sonralar İstanbula yola salanda qürur və fəxarətlə demişdi: "Sən ki, bu ailənin işığını sönməyə qoymursan, Allah da səni qorusun!”/
Sonra da onun yorğun gözlərinə baxıb: "Can bala, bir az da özünə bax, sağlamlığına fikir ver!” – demişdi.
Ancaq Sevdanın nə vaxtı vardı, nə də hövsələsi... Başı ictimai işlərə, ev-ailə, iş qayğılarına elə qarışmışdı ki, heç sağlamlığı yadına da düşmürdü. Bir də ki, özü yaxşı həkim idi, nevropatoloq idi, canının ağrısını, dərdinin dərmanını ondan yaxşı kim biləcəkdi ki...
Beləcə, günlər ötürdü... Mənim ilk gənclik illərindən – hələ tələbəlik dövründən tanıdığım, sevdiyim və güvəndiyim dostum, rəfiqəm, məsləhət yerim Sevda Cəfərova özünü unudub, dərdini içinə gömüb ömrünün son günlərinədək Hüseyn Cavidin nakam yadigarlarının – Turan xanımın və Ərtoğrulun həyatının, yaradıcılıq irsinin təbliğinə çalışırdı. Naxçıvanda, Bakıda, İstanbulda Cavidlər nəsli ilə bağlı tədbirlə keçirirdi, sərgilər təşkil edirdi. Və bu tədbirlərin hamısının yükünü çox zaman özü çəkirdi.
– Cavid əfəndi də, onun övladları da bu ölkənin milli sərvətidir. Bu işdə mənim, sənin söhbəti yoxdur, kimin nəyə gücü çatırsa, imkanı nəyə yetirsə, onu da eləməlidir – bu onun həyat amalı idi.
Sevda Naxçıvanda işləsə də, uşaqları burada oxuduğundan tez-tez Bakıya gəlirdi. Hər gəlişində də Turan xanıma baş çəkirdi. Onun iş yerində saatlarca söhbət edirdilər, Turan xanım xatirələrini söyləyir, Sevda gözündə yaş, ürəyində ağrı bu nakam və qürurlu xanımın həyat hekayətlərini, yaşantılarını dinləyirdi. Qohum idilər. Turan xanım heç kimə demədiklərini onunla bölüşürdü, ən mübhəm sirlərini, xatirələrini ona əmanət edirdi.
Turan Cavidin vəfatından sonra Sevda xanım "Turan Cavid Ocağı İctimai Birliyi”ni yaratmağa müvəffəq oldu. Cavidlər üçün əlamətdar günlərdə bu ocaqda Hüseyn əfəndinin əsərlərindən nümunələr oxundu, şeirlərinə yazılmış mahnılar səsləndi, Ərtoğrulun musiqisi qanadlandı, Turan xanımın xatirələri çöhrələndi, kitabları çap olundu.
Bir neçə il əvvəl Sevda xanım dedi ki, 1918-ci ildə Azərbaycanın ağır günlərində xalqımızın köməyinə gələn Türk Qafqaz Ordusunun generallarından biri olan Kazım Qarabəkir Paşa ilə Hüseyn Cavid həm İstanbulda, həm də Naxçıvanda dəfələrlə görüşüblər, yaxın dost, sirdaş olublar. İstəyirəm, Paşanın qızı Timsal xanımla, onun ailəsilə əlaqə yaradaq, bu iki nəhəng insanın dostluğu və qardaşlığından bəhs edən tədbirlər keçirək.
Biz, "Turan Cavid İctimai Birliyinin” üzvləri Sevda xanımın necə böyük həvəs və ehtiramla bu tədbirləri hazırladığının şahidi olurduq və onun tükənməz enerjisi bizə də sirayət edirdi, hər kəs əlindən gələni eləməyə çalışırdı ki, görülən iş böyük Cavidlərin adına layiq olsun.
Zümrüd Dadaşzadə (musiqişünas):
– Bizi Sevda xanımla təkcə Cavidlər nəslinə olan tükənməz sevgi və hörmət birləşdirmidi. Sevda xanım çox pozitiv, enerjili, səmimi, mehriban, açıqsözlü, işgüzar bir insan idi. Onunla işləmək, ünsiyyətdə olmaq mənə də güc, qüvvət verirdi. Bu xanım gördüyü işin məsuliyyətini hiss edir, onun bütün detallarını konkretləşdirir, ən xırda nüansı belə diqqətdən kənarda qoymurdu. Sevda xanım çətin məqamlarda, kritik anlarda belə gülməyi, ətrafındakıları ruhlandırmağı, inandırmağı bacarırdı. Onun üçün pis adam anlayışı bəlkə də yox idi. Hər yerdə, hər kəsdə, hər şeydə gözəllik axtarırdı. Mən də onun xəstəliyindən lap gec xəbər tutdum və indi də inana bilmirəm ki, belə ağır və dəhşətli bəla ilə mübarizə apara-apara o xanım bu qədər işlərin öhdəsindən necə gəlirdi, dimdik ayaq üstə dayanmağı bacarırdı, ətrafındakılara pozitiv enerji verirdi, başladığı işi yarımçıq qoymurdu...
Bu həyatda biz müxtəlif adamlarla görüşür, ünsiyyətdə oluruq onların arasında çox istedadlı, hətta dahi insanlar da var. Ancaq elələri də var ki, onlarla hər görüş sənə ümid, inam verir, səni dünyaya bağlayır, həyat eşqini artırır, insanlar haqqında yaxşı fikirdə olmağa vadar edir, ürəyini işıqla, qəlbini ümidlə doldurur. Sevda xanım da belə bir nurlu, güvənli şəxsiyyət idi. Onunla ilk tanışlığımız 10 il əvvələ təsadüf edir. Elə ilk görüşdəncə aramızda çox sıx, səmimi bir münasibət yarandı. Mən onu gözəl xanım, istedadlı bir həkim, fədakar bir ailə başçısı və ictimai xadim kimi tanıdım və sevdim. Onda nə qədər həyat eşqi var idi. Ağır xəstə olduğunu bilirdik, ancaq o xəstəliyə boyun əymək fikrindən çox uzaq idi. Deyib gülürdü, zarafat edirdi, yeni planlar qururdu, yeni ideyalarla yaşayırdı. Bu ideyalarını həyata keçirmək üçün əzmkarlıqla işə girişirdi. Yaxşı yadımdadır, 2014-cü ildə babam, ədəbiyyatşünas-alim, görkəmli tənqidçi, tərcüməçi, pedaqoq Məmməd Arifin 110 illik yubiley tədbirinin AMEA-da, AYB-də keçirməsi hansı səbəblərdəsə gecikirdi. Bir toplantımızda bu narahatlığımı dilə gətirdim. İlk yubiley tədbirini keçirmək üçün qollarını çırmalayan da Sevda oldu. Hüseyn Cavidin və M.Arifin yaradıcılığında və həyatda ortaq və oxşar cəhətləri, faktları araşdırdı və o yubileyi çox yüksək səviyyədə keçirməyə müvəffəq oldu.
– Mən bir daha Sevda xanımı görməyəcəyəm – fikrini özümə yaxın qoymaq istəmirəm – deyir Məhəbbət Mehdiyeva, Sevdamızın əqidədaşlarından, Cavidlər ocağının daimi ziyarətçilərindən biri. O təkcə "Turan Cavid İctimai Birliyi”nin sədri kimi Cavidlər ocağının Qorçusu deyildi, həm də hər kəsin dərdinə çarə axtarıb tapan loğman, ətrafındakı insanların hamısının qayğısı ilə yaşayan, hər kəsin köməyinə tələsən gözəl və şərəfli insan, düzü-düz, əyrini-əyri deyən, mənə son dərəcə mənəvi dəstək olan, ruhlandıran həyatsevər insan idi.
Sevda xanım Türkiyənin Ordu komandanı Naxçıvan erməni qırğınlarından xilas edən Kazım Qarabəkir Paşa ilə Hüseyn Cavid dostluğundan bəhs edən tədbirlər silsiləsi keçirməklə Bakı ilə İstanbul, Cavidlər Ocağı ilə Kazım Paşa Ocağı arasında mənəvi bir körpü yaratmağa nail oldu.
Bakı Musiqi Akademiyasında və Naxçıvanda Ərtoğrul Cavidin 90 illiyini təşkilində də çox böyük zəhmət çəkdi. Hətta ömrünün son sayılı günlərini xəstəxana çarpayısında keçirərkən belə Ərtoğrulun 100 illik yubileyini necə keçirəcəyini planlaşdırır, qızların hərəsinə bir tapşırıq verir, tədbirə çağırılacaq adamların siyahısını dəqiqləşdirirdi. Onun ən böyük arzusu nakam bəstəkarının haqqında film çəkdirmək idi. Hər söhbətində deyirdi ki, Ərtoğrul cəbhədən qayıdanda sonra bizim həyətimizdəki armud ağacın altıda ona yer düzəldiblərmiş, elə oradaca da vəfat edib Ərtoğrul. Neçə ki, o qocaman ağac yıxılmayıb o filmi şəkdirmək istəyirəm.
Fatma xanım Verdiyeva:
– Sevda ilə ən xoş xatirələrimiz, ən gözəl günlərimiz getdi. Onun təşəbbüsü ilə keçirdiyimiz tədbirlərin çoxu Cavidlər nəsli ilə bağlı idi. Onun yoxluğuna inanmaq çox çətindir. O qədər həyat dolu idi, o qədər arzuları vardı ki... Ən kritik anlarında belə yenə işdən söz açırdı, zarafat edirdi, gələcək arzularını dilə gətirirdi. Bəzən hamımızın unutduğu hadisələri xatırlayırdı, bizim o an dəyər vermədiyimiz məqamları özünəməxsus yumorla nağıllayırdı, ətrafına işıq saçan təbəssümü ilə hamını sehrləyirdi.
Sevda Cəfərova cəmi 61 il yaşadı. Amma özü demiş, dolu-dolu yaşadı, fərəhlə, ürəklə yaşadı. İnsan kimi, ana kimi, sədaqətli həyat yoldaşı kimi, övlad kimi, dost, bacı, nənə və nəhayət ictimaiyyətə fayda verən fəal vətəndaş kimi yaşadı. İllər boyu ulu Cavidlər ocağının işığını yandırdı, bu ocağın qorçusu, od-ocaq bəkçisi oldu. Tanrının ona ayırdığı zaman kəsiyində gücü nəyə yetişdisə həyata keçirməyə tələsdi.
Amma sən saydığını say, gör fələk nə sayır deyirlər. Bax, beləcə, fələk Sevdanın da ömür sayını yarımçıq qoydu. Bakıda Cavidlərin evində, Naxçıvanda, İstanbulda, müxtəlif tədbirlərdə bərabər keçirdiyimiz günlər indi şirin bir xatirəyə çevrilib. Bir də səsi, gülüşü qalıb qulaqlarımda. Sonuncu dəfə zəngləşəndə dedi İclal xanımgildəyəm, İstanbulda, həkimə gəlmişəm. Xəstənləndiyi barədə heç vaxt danışmadığından düşündüm ki, yəqin yenə hansısa xəstəsi ilə bağlıdır bu gedişi. Səsi əvvəlki, gülüşü həminki, zarafatı yerində. Dedim mənə dərman lazımdır. Dedi, ay qız, dərmanı neyləyirsən, dur gəl İstanbula, gəzək dolaşaq, unudaq ağrılarımızı... Bir neçə gündən sonra zəng vurdu ki, gəlmişəm, Bakıdayam, dərmanın da anamgilə vermişəm, yolun o tərəfə düşsə, götürərsən. Sonra dedi ki, Ərtoğrulun 100 illik yubileyinə tədbirlər planı hazırlayıram, görüşək, məsləhətləşək. Razılaşdıq.. Ancaq...
...Anası onu məktəbə, Bakıya, işə, ər evinə yola salanda arxasınca su atıb xeyir-dua vermişdi həmişə. Lakin bu dəfə Ana övladının son səfərindən xəbərsiz onun yolunu, telefon zəngini gözləyir. Bacıları analarına ilk dəfə yalan söyləyiblər. Sevda müalicə üçün Almaniyaya gedib, tezliklə dönəcək – deyiblər.
Zeynəb ana, ömrünün ixtiyar çağını yaşayan ana düz 40 gündür sevimli Sevdasının yolunu, zəngini gözləyir, qızları gələcək deyiblər axı...

Telli Pənahqızı



banner

Oxşar Xəbərlər