• cümə, 19 Aprel, 09:01
  • Baku Bakı 13°C

“Hamımız bu işdə dövlətimizin yanında olmalıyıq”

14.05.15 07:35 1736
“Hamımız bu işdə dövlətimizin yanında olmalıyıq”
Sənətçilərimiz Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmiz üçün çox faydalı tarixi hadisə kimi qiymətləndirirlər
Artıq “Bakı-2015” Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Bu mötəbər tədbirdə sıravi vətəndaşlarla bərabər, şou əhli, incəsənət nümayəndələrimiz də iştirak edəcəklər. Mədəniyyət xadimləri “Kaspi”-yə açıqlamalarında Avropa Oyunlarında bir vətəndaş olaraq iştirak etməyi özlərinə borc bildiklərini söylədilər.
Oyunların başlamasını səbirsizliklə gözləyirik
Xalq artisti Mənsum İbrahimov bizimlə söhbətində ölkəmizdə Avropa Oyunlarının keçirilməsini yüksək dəyərləndirdiyini bildirdi: “Bu oyunlar vasitəsilə Azərbaycan tarix yazmağa hazırlaşır. Oyunların başlamasını səbirsizliklə gözləyirik. Həmin gün ölkəmizə minlərlə turist axın edəcək. Bu da Azərbaycanda turizmin inkişafına bir növ kömək olacaq. Bu, bizə imkan yaradacaq ki, mədəniyyətimizi, folklorumuzu, qonaqpərvərliyimizi dünyaya nümayiş etdirək. Azərbaycan böyük bir gücə, qüvvəyə malikdir ki, belə böyük bir tədbirə ev sahibliyi edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Azərbaycanımızın tanınması, inkişafı, səsinin eşidilməsi üçün Avropa Oyunlarının burada keçirilməsinə ehtiyac var idi. Xalqımız sözün əsl mənasında tarixi günlərin astanasındadır. Bu, ölkəmiz üçün çox əhəmiyyətli bir yarışmadır”.
M.İbrahimov oyunlar ərəfəsində müxtəlif tədbirlərin keçiriləcəyini, o cümlədən iyunun 18-də Heydər Əliyev Sarayında “Muğam axşamı” adlı konsert proqramı təşkil olunacağını də qeyd etdi. Onun sözlərinə görə, orada tələbələri ilə çıxış edəcək.
Sevimli idman növünə gəlincə isə, xalq artisti futbolu daha çox sevdiyini deyir: “Buna baxmayaraq, ölkəmizdə keçirilən bütün yarışları izləyəcəm. İstəyim odur ki, idmançılarımız hər sahədə birinci olsunlar, bayrağımız yüksəklərdə dalğalansın”.
Dövlətimizin yanında olmalıyıq
Əməkdar artist Aybəniz Haşımova Avropa Oyunlarını Azərbaycanın dünyaya tanıtımı, təbliğatı hesab edir: “Avropa Oyunlarının vətənimizdə keçirilməsi bizim üçün qürurverici bir hissdir. İnsan baxdıqca fəxr edir, ürəyi açılır. Doğrudur, bəzən çətin məqamlara da rast gəlirik. Evə qonaq gələndə hamı həyəcan keçirir ki, qonaq ondan narazı getməsin. Biz də ev sahibiyik. Belə mötəbər tədbirə ev sahibliyi edirik. Bu çətinliklərə sinə gərmək lazımdır. Gələn qonaqların yanında ölkəmizi yüksək mədəniyyətlə təqdim etməli və onları məmnun halda yola salmalıyıq. Hamımız bu işdə dövlətimizin yanında olmalıyıq. Mən də öz payıma düşəni edəcəm. Avropa Oyunlarında bir sənətçi kimi iştirak edəcəm. İnanıram ki, hər kəs bu işdə öz dəstəyini əsirgəməyəcək. Bu işdə dövlətimizə uğurlar arzulayırıq. Ümid edirəm ki, qazanılan medalların əksəriyyəti bizim olacaq. Ölkəmizin idmançılarından böyük uğurlar gözləyirik. Avropa Oyunları mənim ölkəmin bayramıdır. Bu bayramda iştirak etmək hər birimizin borcudur”.
Avropa Oyunlarını bayram kimi qeyd edəcəyik
Xalq artisti Səməd Səmədov Avropa Oyunlarına ailəlikcə hazırlaşdıqlarını deyir: “Bizim idmançılarımız da yüksək səviyyədə hazırlıq görürlər. Avropa Oyunlarını bayram kimi qeyd edəcəyik. Azərbaycan idmançılarından böyük hünər gözləyirik. Bildiyimiz kimi, idmançılarımız dünyada tanınırlar. Onlar öz sözlərini kifayət qədər deyiblər. Bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Mən bir sənətçi kimi deyil, bir ailə başçısı kimi nəvələrimi də götürüb Avropa Oyunlarını izləməyə gedəcəm. Nəvələrim artıq indidən bayraq alıblar. Evdə Avropa Oyunlarına hazırlıq gedir. O ki qaldı sevdiyim idman növünə, bir çox idman növünə böyük marağım var. Onlardan güləş, boks, voleybol, futbol oyunlarına xüsusi maraq göstərirəm”.
Biz dünyada bir çox ilklərə imza atmışıq
Xalq artisti Nisə Qasımova Avropa Oyunlarının keçirilməsini toy-bayram kimi qeyd edəcəyini bildirdi: “Allah nəsib etsə, mən də Avropa Oyunlarında iştirak edəcəm. Özünü öndə görən, lider görən sənət adamları bu mötəbər tədbirə böyük diqqətlə yanaşmalıdırlar. Biz dünyada bir çox ilklərə imza atmışıq. Mən də Avropa Oyunlarında bir idmançı kimi iştirak etmək istəyərdim. Oğlan olsaydım karate, sərbəst güləş, cüdo kimi yarışlarda iştirak edərdim. Ancaq qadın olduğum üçün həlim idman növlərini sevirəm. İfaçıların qəlbi kövrək olduğu üçün onlar həlim idman növlərinə üstünlük verirlər. Üzgüçülük, akrobatika, həndbolu izləməyi sevirəm”.
N.Qasımova Oyunların vətənimizdə keçirilməsinə narazılıq edən bəzi insanlara öz etirazını da gizlətmədi: “Avropa Oyunlarının ölkəmizə lazım olmadığını deyən insanları şiddətli şəkildə qınayıram. Onlar dərk etmədən, qeyri-şüurlu surətdə belə fikirlər səsləndirirlər. Ancaq Avropa Oyunları başqa ölkədə keçirilsəydi, biz bir millət olaraq qısqanclıq hissi keçirərdik. Heyfsilənərdik ki, bu Oyunlar nə üçün bizdə keçirilmədi. Bu dəfə bizim ölkəmizə qismət olubsa, nə üçün ona laqeyd yanaşmalıyıq? Biz hansı zəmanədə yaşayırıq? Bu yanaşma ilə hansı tərəqqidən, sivil dünyadan danışa bilərik? Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə sadəcə olaraq sevinmək lazımdır. Başa düşürəm, bəzi insanlar tıxacların olmasına, yolların bağlanmasına, paytaxtda yaranacaq sıxlığa görə narahatdırlar. Amma bu, neçə ildə bir dəfə olan şeydir. Bir ay çətinlik yaşasanız, nə olar ki? Düşünməliyik ki, necə qonaqpərvər olmalıyıq, turistləri necə yola salmalıyıq. Fikirləşməliyik ki, hansı şəkildə xaricilərə xalqımızın milli dəyərlərini, mədəniyyətini göstərək. Ancaq oturub deyirik ki, bu bizə lazımdırmı? Avropa Oyunları Azərbaycana lazımdır”.
Azərbaycan bu tədbiri keçirməklə çox şeylər qazanır
Əməkdar artist, ulduz səfir Tünzalə Ağayeva Avropa Oyunlarının ölkəmiz üçün tarixi əhəmiyyətindən danışdı: “Bu Oyunların ölkəmizdə keçirilməsini böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirmək olar. Eyni zamanda, ölkəmizin imicinə çox müsbət təsir edən bir hadisədir. Azərbaycan gənc bir ölkədir, amma buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada dayana bilirik. Artıq Azərbaycan dünyanın siyasi gücü olan dövlətləri ilə eyni səviyyədə sözünü deyə bilir. Etiraf edək ki, idman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət festivalı deməkdir. Bu mənada, Azərbaycan belə bir möhtəşəm tədbiri keçirməklə çox şeylər qazanır. Beynəlxalq aləmə nüfuzlu bir dövlət olaraq imza atır. Eyni zamanda qapılarını dünya xalqlarının üzünə açır, barış-dostluq nümayiş etdirir. Bütün ölkələrə çağırış edir ki, bəli, biz bütün xalqlarla görüşə bilirik, əl-ələ tuta bilirik, dostluq etməyi bacarırıq”.
Xalq artisti Flora Kərimova da “Bakı 2015” İlk Avropa Oyunlarının Bakıda keçirilməsini müsbət hal kimi dəyərləndirdi: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi müsbət bir haldır. Azərbaycanın adının dünyada səslənməsi, gələcəkdə daha böyük mövqelərdə dayanmağımız üçün, mən düşünürəm ki, Avropa Oyunları mütləq lazım idi”.
Avropa Oyunlarını tamaşaçı kimi izləmək borcumuzdur
Müğənni Vasif Məhərrəmli də Avropa Oyunlarının keçirilməsini yaxşı qarşılayır: “Avropa Oyunları Azərbaycanın dünyada tanıtımı üçün çox vacibdir. Azərbaycanın bir daha dünyaya tanınmasında “Eurovision” yarışmasından sonra Avropa Oyunlarının çox böyük rolu olacaq. İdmançılarımızdan mən də hamı kimi qələbə gözləyirəm. Amma deyə bilmərəm ki, mütləq qələbə qazanacaqlar. Heç bir idmançı da əvvəlcədən deyə bilməz ki, mən yüz faiz qələbə qazanacam. Mən özüm də əvvəllər 10 il güləşlə məşğul olmuşam. Güləşlə yanaşı, futbolla da məşğul olmuşam. Təbii ki, biz ancaq idmançılarımızdan qələbə gözləyirik və qələbəni də Allah nəsib etsin. Bütün idmançılarımıza uğurlar arzu edirəm və Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə sevinirəm. Allah Prezidentimizdən razı olsun ki, Avropa Oyunlarının Azərbaycana gəlməsində müstəsna xidməti oldu və biz bir daha dünyaya tanınacağıq. Çalışdığım qədər yarışmaya gedəcəm. Yarışmanın açılış günü Bakıda olmayacam deyə, gedə bilmirəm, amma gələndən sonra bütün oyunlara gedəcəm. Avropa Oyunlarına tamaşaçı kimi getmək borcumuzdur və hər birimiz getməliyik. Hər insan bir idman növünə getsə, zallarda yer qalmayacaq”.
Bəs siz Azərbaycan üçün nə etmisiniz?
“Bakı-2015” Avropa Oyunları ilə bağlı klip çəkdirən müğənni Röya onu tənqid edənlərə sərt ismarıc göndərib. İfaçı sosial şəbəkədə insanları Azərbaycana dəstək olmağa çağırıb: “Ağılsız, yalnız pulu düşünən və özünü azərbaycanlı adlandıranlara səslənirəm. Azərbaycan gələcəyi üçün Birinci Avropa Oyunlarını keçirir. Bəs siz Azərbaycan üçün nə etmisiniz? Hər kəs oyunlara gücü çatan kimi dəstək olur. Bunu başa düşmək üçün gərək adam olasan. Sözlərimi pis başa düşməyin, böyük-böyük danışdımsa, üzr istəyirəm. Bəziləri deyir ki, Avropa Oyunları nəyimizə lazımdır? Bu sözləri eşidəndə dəli oluram. Hər idmançıya dəstək lazımdır, onları ruhdan salmayın”.
Harada mübarizə, rəqabət, sağlamlıq varsa, ordayam
Tanınmış ifaçı Elnarə Xəlilova “Kaspi”-yə açıqlamasında Avropa Oyunlarının keçirilməsinə münasibətinin birmənalı olaraq müsbət olduğunu qeyd etdi: “Avropa Oyunları ölkəmizin dünya arenasına çıxmağı baxımından əhəmiyyətlidir, hətta deyərdim ki, labüddür. Bu oyunlar vasitəsilə dünya arenasında ən yaxşı tərəflərimiz tanınacaq”.
Azyaşlı uşaqlarına baxdığı üçün mötəbər tədbirdə iştirak edə bilməyəcəyini söyləyən ifaçı oyunları televiziya vasitəsilə izləyəcək: “İdmanı sevirəm. Harada mübarizə, rəqabət, sağlamlıq varsa, mən ordayam. İdmanın bütün növlərinə, idmançılara böyük hörmətim var. Ölkəmizin idmançıları ilə fəxr edirəm. Bir, ölkə prezidenti hər hansı ölkəyə səfər edəndə ölkənin bayrağı qaldırılır. Bir də idmançı qalib gələndə”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər