AZE | RUS | ENG |

Hamımız bir qədər Hamletik...

Hamımız bir qədər Hamletik...
Beynəlxalq Teatr Konfransından fikir mozaikası

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı artıq başa çatmaq üzrədir. Proqramda digər məsələlərlə yanaşı, iki ildən bir müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın təşkili də nəzərdə tutulmuşdur. Proqram üzrə bu il sonuncu – V Bakı Beynəlxalq Teatr Konfransı 5-6 noyabr tarixlərində keçirildi. "XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən iki günlük konfransda 40-dan artıq ölkənin 120-dən artıq teatr mütəxəssisi iştirak edib. "Kaspi” qəzetinin "Teatr” əlavəsi olaraq, konfransda müasir teatrın problemlərinə həsr olunmuş çıxışlardan maraqlı fikirləri toplayıb oxuculara təqdim edirik.
 
Monika Bahonero Diaz (Meksika): "Hamımız bir qədər Hamletik, hamımız növbəti addım üçün qərar verməyə, kim olduğumuzu izah etməyə imkan verən düzgün hərəkətlər etməyə çalışan, iztirab çəkən qadın və kişilərik... Biz dildən-dilə ötürülmüş, heç yerə qeyd edilməmiş və Meksikada müxtəlif icmaların mənsubiyyət və varlığının əsasında duran hekayələri insanlara çatdırmağa çalışırıq”.
 
Leyla Səlimova (Rusiya): "Dövrün finalının bədbin, kədərli mənzərələri bu dünyada şəxsiyyətin yer üzərində qara istehza axınları ilə, sözün əsl mənasında, səhnədən qoparılır. ...Postmodern teatr yığılmış bilikləri sintez etməyə, onunla həqiqəti yoxlamağa və bundan yeni estetik-əxlaqi dayaq nöqtələri tapmağa çalışaraq fəlsəfi irslə oynayır. Bir tərəfdən müasir insana "gərəksiz şeylərlə dolmuş” şüurunu ilkin qədim yunan ideyası ilə sıfırlamaq, bir növ təmizləmək, digər tərəfdən mürəkkəb fəlsəfi kateqoriyalarla oyun”.
 
Mişel Vais (Kanada): "...aktyorlar aid olmadıqları qruplara və ya statuslara aid edilən personajları canlandıra biləcəklərmi? Səhnədə Anna Frank obrazını canlandıran aktrisanın yəhudi olması mütləqdirmi? Mafiya mövzusunda yalnız italyanlar danışa bilərmi? Bu suallar həqiqətən də absurd səslənir, lakin teatrın həyatında milli azlıqların nümayəndələrini iştirakı çox ciddi məsələdir. Bu, real həyatda olduğu kimi, Kvebek vilayətinin teatr həyatında da müxtəlifliyin artmasına çağırışdır”.
 
Aydın Talıbzadə (Azərbaycan): "Fiziksəl teatr, performativ təcrübələr teatr sənətinin əlindən çox ali və ən təsirli bir nəsnəni – fikir vibrasiyasını alır, tamaşanı qəşəng görüntülər bolluğuna çıxardır, düşüncəni isə söndürür. Söz teatrdan dışlandıqca, anlaşma və həyəcanlanma azalır. Çünki insan hər şeydən çox sözə reaksiya verir, sözdən təsirlənir, öz içini sözlə qurur, başqasını sözlə öyrənir, varlığı sözdə dərk edir”.
...müasir seyrçi tamaşada, konsertdə, kinoteatrda, qalereyada mütəmadi öz mobil telefonu ilə nəsə və ya kimisə çəkir və ya selfi eləyir. Bu da onu göstərir ki, müasir insan hər şeydə və hər yerdə müəllifliyə iddialıdır, telefon batareyası kimi şişmiş eqo sahibidir. Bu da bəşəriyyəti sonucda gətirib yoluxucu selfisidxəstəliyinə çıxarır. Selfisid xəstəliyinə tutulmuş adam isə artıq başqasını oxumaq, başqasına baxmaq, başqasını dinləmək iqtidarında olmur: onu yalnız özü, öz "mən”i, öz fərdi proyeksiyası, öz təsəvvüründə modelləşdirdiyi varlıq düşündürür. Beləliklə, A.Eynşteynə aid edilən bir fikrin doğruluğu tam isbatlanır. Həmin fikir belə səslənir: "Mən qorxuram elə bir gün mütləq gəlsin ki, texnologiyalar sadə insan ünsiyyətini üstələsin. Onda dünya idiotlar nəsli ilə qarşı-qarşıya qalacaq.
 
Leyla Oçiauri (Gürcüstan): Müasir insanı narahat edən və həyəcanlandıran nədir, onun əsas acısı nədir və o bu gün və gələcək haqqında nə düşünür - əvvəllər düşündüklərini və əvvəllər düşündüyü kimimi? O nə görür və gələcəkdə nə görmək istəyir? Müharibələrdən, şiddət və milli-dini dözümsüzlükdən keçməyə müyəssər olan nəsil. Həyat prosesləri və siyasi proseslər gənc, sevgisizlik əhatəsində dünyaya gələn və tənhalığa məhkum olan şəxsiyyətin formalaşmasına necə təsir edir? Fiziki və mənəvi cəhətdən kənarlaşmaya necə təsir edir? Onlar öz həyatlarını və öz qəlblərini xilas etmək və mümkündürsə, başqalarını xilas etmək üçün nə edə bilərlər?
 
Anna Kurinnaya (Ukrayna): "Müasir teatr fəal şəkildə yeni forma və ideyalar axtarışındadır. Bu gün teatr tamaşası mükəmməl kommunikasiya vasitəsidir. Özündə həm teatr sənətini, həm də musiqi, xoreoqrafiya sənətini, vizual kinematoqraf və xoreoqrafiya sənətlərini özündə birləşdirən çoxfiunksiyalı tamaşadır... Amma məhz dram ideyası teatr tamaşasının məna qazanmasına imkan verir”
Fikrimizcə, bu gün teatr ideya böhranı yaşayır. Məhz dramaturgiya anlayışı kimi "ideya” böhranı.
 
Pravin Bhole (Hindistan): "Klassik hind teatrının tarixi e.ə. V əsrə uzanır, lakin şimal-şərq və şimal-qərbdən hücumlar, habelə siyasi müvazinətlik teatrın eramızın X əsrinə qədər irəli getməsinə imkan verməyib. Müasir hind teatrı XIX əsrin II yarısında Hindistanın Britaniya əsarətində olduğu dövrdə daha çox Qərb mədəniyyətinin təsirilə formalaşıb”.
 
İlham Rəhimli (Azərbaycan): "Təəssüf ki, biz əksər vaxtlarda "teatrlar insanların mənəvi-əxlaqi tərbiyəsində çox mühüm rol oynayır” söyləyərək özümüzü tez-tez aldadırıq. Hətta aldatdıqlarımıza, əsası olmayan uydurma təriflərə özümüz də inanırıq və "zorla”, inadla başqalarını da buna təhrik edirik” Əslində isə, əsas qayəsi bu funksiyanı yerinə yetirmək olan teatr XXI əsrdə özünün müqəddəs vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Bunun ən başlıca səbəbi, məncə, ondadır ki, bəşəriyyətin ülvi insani duyğuılara münasibəti dəyişib və qan tökmək, əxlaqsızlığı dolayı yolla təbliğ etmək xərçənginin virusu səhnə sənətinə də keçib.
 
Qalina Verbitskaya (Rusiya): "Maraqlıdır ki, absurd dramaturgiyasında "əbədi tanrı məna, insan isə mahiyyətcə bu mənanı izah etmək cəhdidir” və bu, təkcə S.Bekket dramaturgiyasına aid deyil, keçid dövründə insanı mənəvi cəhətdən özünü identifikasiya məsələsinin məhz tanrının axtarışı ilə həll olunduğu bir vaxtda bu dərəcədə aktual axtarışın motivinə də aiddir. Amma bu gün bu axtarışı çətinləşdirən bir məqam var, XIX-XX əsrlərin qovşağında "Tanrı ölübsə” (M.Meterlinqin "Korlar” pyesi), tipoloji cəhətdən bənzər olan XX əsrin sonları XXI əsrin ilk onilliklərinin qovşağında "Tanrını öldürüblər” (İ.Vırıpayevin "İyun” pyesi, L.Triyerin "Doqvil”, "Antixrist” filmləri)”.
 
Fəridə Cəlilova (Azərbaycan):  İndiki məqamda teatrsevərlərin yaşantılarını ifadə edə bləcək qədər vasitələrə sahib olan yazıçılar və rejissorlar keçmişdən qalma müxtəlif ovqat-üslub kombinasiyasi oyununun köməkliyi ilə teatra marağı saxlamaqdadırlar. Ancaq artıq bu gün ən qabaqcıl teatr xadimləri hazırki dövrə işarə edəcək hadisələri danışmaqdan, sosial ədalətsizliyin tənqidi ilə yekunlaşacaq "bədii istintaqlar” aparmaqdan bezib dərk olunmamış qədim keçmişə üz tuturlar. Yan Fabrın iyirmi dörd saatlıq "Olimp dağı” performansı qan hərisliyini, zorakılığa meyli insan xislətinin ayrılmaz parçası kimi ibtidai insanlara xas şəkildə "moizə”, yaxud "nəsihət” intonasiyası olmadan nümayiş etdirir. Teatr böyüklər üçün oyundur. Əgər teatr indi yolayrıcındadırsa, "işıq gələn” tərəfdə divlərin məskunlaşdığı miflər qərarlaşıb. Oyuna yenidən başlamaq olar: onlardan bir daha qaçmaq üçün qarşımızda uzun minilliklər var. Ancaq bu dəfə mifə qayıdış ictimailəşmiş fərdi qeyri-şüurinin məhsulu kimi gerçəkləşməlidir.
 
Olqa Buravlyova (Belarus): "Meyerhold üslubu düşünmə üsulu ilə əlaqələndirir və struktur prinsipini irəli sürürdü. Bu gün bu, artıq nəzəri anlayış deyil, tarixi faktdır: dil planlarının müqayisəsinə çağıran dəyişikliyi istənilən üslub "qəribəliklərinin” təbii texnikasıdır. Buna görə biz deyə bilərik ki, üslub təkcə dil ilə deyil, həm də konstruksiya tipi ilə, yəni tamaşanın forması, onun vasitəsilə isə həm də onun məzmunu, mənası ilə bağlıdır”.
 
Elçin Cəfərov (Azərbaycan): "XXI  əsrin teatrı müasir qala bilmək üçün teatr olmaqdan imtina etdi. Qeyri-teatra çevrildi. XXI əsrin teatr fəlsəfəsinin vektoru məhz teatrdan qeyri-teatra doğru hərəkətlə təyin oluna bilər...
Mənə görə, bir konfransın ki adında, "XXI əsr”, "teatr” və "fəlsəfə” sözləri keçir, o konfransda mütləq və mühəqqəq Vaqif İbrahimoğlu haqqında söz açılmalıdır. Doğrudur, Vaqif İbrahimoğlu ömrünün cəmi 10 il yarımını XXI əsrdə yaşayıb, amma bu müddət kifayət edib ki, bu böyük  sənətkar XXI əsr Azərbaycan teatrına öz damğasını vursun.
Azərbaycan teatrının dünya məkanına çıxarılası nailiyyətləri o qədər çox olmasa da, hər halda var və heç şəksiz, bunlardan biri, bəlkə də birincisi, "YUĞ” teatrının yaradıcısı V.İbrahimoğlunun konseptual rejissurası və bu rejissuranın metodoloji əsası olan "Psixosof” teatr poetikasıdır.
 
Faramarz Qolamyan (İran): "Zorakılıq, müharibə və ədalətsiliyin hökm sürdüyü, uşaq oyunlarının belə döyüş səhnələri ilə dolduğu, zorakılığın filmlərdə nümayiş etdirildiyi bu dövrdə teatr uşaqlar üçün yeganə çıxış yoludur – axı, bizim gələcəyimiz onların əlindədir”.
 
Məryəm Əlizadə (Azərbaycan): "Metafora şamı yandıran kibrit kimi bir şeydir, o, düşüncəni oyadır və onu məna genişliyinə dəvət edir. Odur ki, harada metafora varsa, oradan fəlsəfəyə bir yol açılır. Çünki metafora düşüncənin oyunudur. Oyun həyat metaforasıdır. Oyunda həyat həyatın içində modelləşdirilir, amma bununla belə oyun heç vaxt həyatın özü olmur. Biz heç vaxt oyuna həyat demirik, düşüncə gerçəklilə metafora vasitəsilə oyun qurur, daha doğrusu, qavrayış gerçəkliyi metafora vasitəsilə "həzm edib” özü üçün anlaşıqlı vəziyyətə gətirir”.
 
Mahnaz Esmailli (İtaliya): "Müasir teatr insan təkamülünün xaosu dövründə dünyaya gəlmişdir. Teatr tarixi haqqında tədqiqatların əksəriyyətində müəlliflər vacib başlanğıc dövrü kimi XX əsrin əvvəllərinə nəzər salır, daha sonra XXI əsrin materiallarına keçirlər. Əsas dəyişikliklər bu dövrdə baş vermişdir. Sənaye inqilabı, kütləvi informasiya vasitələrindən istifadə (xüsusilə də kino və televiziya), cəmiyyətdə yeni sosial siniflərin yaranması, elm və texnologiyanın incəsənətə inteqrasiyası XXI əsrdə baş vermiş böyük dəyişiklikləri xarakterizə edən əsas xüsusiyyətlərdir”.
 
Vidadi Qafarov (Azərbaycan): "Dünya teatr tarixi göstərir ki, milli teatr anlayışı diffuz səciyyə daşıyır. Məsələn, teatrşünaslıq çevrəsində heç kəs, böyük mənada, Yunanıstan milli teatr, yaxud İtaliya, İngiltərə, Fransa, Almaniya və s. milli teatrı kəlməsini işlətmir. çünki bu ölkələrin teatrlarını bir-birindən ciddi şəkildə fərqləndirən heç bir milli keyfiyyət yoxdur. Peşəkarteatr yaranışından özünü dünyəvi, bəşəri dəyərlərə söykənən təzahür kimi görükdürür. Hətta dini teatrda, dini tamaşalarda belə, istər Şərqdə olsun, istər Qərbdə, məxsusi milli əlamətlərə rast gəlmirik”.
 
Beləliklə, V Bakı Beynəlxalq Teatr Konfransı başa çatdı. Yerli və əcnəbi teatr xadimləri konfransdan yeni ideyalarla, yeni dostluq əlaqələri və yeni xatirələrlə, bir də növbəti beynəlxalq tədbirlərdə görüşmək ümidi ilə ayrıldı. Biz də ümid edirik ki, konfransda səslənən maraqlı fikirlər yalnız Musiqili Teatrın zalında və konfrans materiallarının dərs olunduğu topluda qalmaz, yeni yaradıcılıq üfiqlərinə çıxar, böyük teatr layihələrinə çevrilər.
 
Qeyd: Fotolar Nigar Pirimovaya məxsusdur
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176