AZE | RUS | ENG |


Hamiləlikdə qan təzyiqinin artması

Hamiləlikdə qan təzyiqinin artması
Ana olmağa hazırlaşan qadınlar narahat olmaqda haqlıdırlar

Uzman doktor Yalçın Velibey,
Kardiologiya uzmanı
 

Hamiləlik zamanı qan təzyiqinin yüksəlməsi qadınları hər zaman narahat edir. Hamilə qadınlar narahat olmaqda haqlıdırlar. Çünki hamilə bir qadında yüksək qan təzyiqi plasentanın vaxtından öncə ayrılmasına, ananın beyin insultu keçirməsinə, böyrək çatışmazlığına, ananın damarlarında trombun əmələ gəlməsinə, ana bətnində uşağın ölümünə, uşağın vaxtından öncə doğulmasına və zəif inkişaf etməsinə səbəb ola bilir. 
 
Bütün hamilələrin 15 faizində hipertoniya mövcuddur. Hamilə bir qadında iki fərqli vaxtda oturmuş vəziyyətdə  ölçülən yuxarı qan təzyiqi  ≥ 140 və  ya aşağı qan təziqi  ≥  90 isə, bu, hipertoniyadır. Əgər yuxarı qan təzyiqi  ≥   160 və  ya aşağı qan təzyiqi  ≥  110 isə, bu, ağır hipertoniyadır.  Əgər hamilə bir qadında yuxarı qan təzyiqi 170-in və ya aşağı qan təzyiqi 110-un üstündədirsə, o hamilə qadın xəstəxanaya yatırılaraq müalicə edilməlidir.
 
Hamilələrdə hipertoniya adətən bir neçə formada ola bilər.  Mən bunları sizə müxtəlif zamanlarda ginekoloqun məsləhətinə əsasən müayinə etdiyim həqiqi xəstələrin (adlar şərtidir) nümunəsində anladacam.
 
Birinci xəstəmiz
 
Hipertoniya xəstəliyi olan və buna görə də dərman müalicəsi alan 36 yaşlı Aytən xanım poliklinikada müayinə zamanı hamiləlik planladığını və hipertoniyası olduğu üçün nələrə diqqət etməsinin lazım olduğunu soruşdu.
 
Aytən xanımın timsalında hipertoniyası olan bir qadının hamilə qalması və ya qalmaq  istəməsi.  Yəni qadında hipertoniya xəstəliyi hamiləlikdən əvvəl var. Və bu qadın hamilə qalmaq istəyir və ya hamilədir. Burda önəmli  olan bir  şey var. O da qadının içdiyi təzyiq düşürücü dərmanlardır. Çünki bu dərmanların çoxu ana bətnindəki uşağa zərərli olduğu üçün hamiləlikdə içilməməlidir. Ona görə də təzyiq düşürücü  dərman içən hipertoniyalı qadınlar hamiləlik  planlaşdırırlarsa, mütləq həkimləri ilə görüşməlidirlər. Aytən xanımın içdiyi dərman uşağa zərər verə bildiyi üçün onun içdiyi dərman başqa dərmanla dəyişdirildi. Və ayrıca Aytən xanıma hamiləlik müddəti boyunca qan təzyiqini mütəmadi ölçməsi və ayrıca ginekoloqu ilə də görüşməsi məsləhət görüldü. Aytən xanımda hipertoniya olduğu  üçün hipertoniya xəstəliyi uşaq  doğulandan  sonra da davam  edəcək və ona  görə  də  hipertoniya müalicəsinə  doğuşdan sonra da davam  edilməlidir.
 
İkinci xəstəmiz
 
Başqa bir poliklinika müayinəsi zamanı poliklinikaya müraciət edən 26 yaşlı Sevda xanım 28 həftəlik hamilə olduğunu və son vaxtlarda yuxarı təzyiqinin 145-155, aşağı qan təzyiqinin isə 95-105 arasında dəyişdiyini söylədi. Sevda xanım daha öncə belə bir problemlə  qarşılaşmadığını,  hamilə qalmazdan əvvəlki zamanlarda arada bir ölçdürdüyü qan təzyiqinin normal  olduğunu  da  söylədi. Sevda xanımın ginekoloqu onu müayinə etmiş, lazımi analizləri aparmış, müalicəyə başlamış və ona qan  təzyiqinin artmasından  başqa heç bir probleminin olmadığını da söyləmişdi. Sevda xanımda  hipertoniya da olduğu  üçün  onun ginekoloqu  bizim də fikrimizi almaq  üçün məsləhətləşmək əqsədi ilə onu Kardioloji  poliklinikaya yönləndirmişdi. Lazımi məsləhətlərimizi alan və mütəmadi olaraq ginekoloqunun müayinəsində olan Sevda xanımın hamiləliyinin sonuna qədər hipertoniyadan başqa heç bir problem  ortaya  çıxmır və onun doğuşu problemsiz olur.
 
Üçüncü  xəstəmiz
 
Bir başqa müayinə günüm. Poliklinikaya müraciət edən 28 yaşlı Fəridə xanım 30 həftəlik hamilə olduğunu və son vaxtlarda yuxarı qan təzyiqinin 150-155, aşağı qan təzyiqinin isə 90-100 arasında dəyişdiyini söylədi.  Fəridə  xanım da daha öncə belə bir problemlə qarşılaşmadığını, hamilə qalmazdan əvvəlki zamanlarda arada bir ölçdürdüyü qan təzyiqinin normal  olduğunu  da  söylədi. Əslində Fəridə xanımı ilk öncə öz ginekoloqu müayinə edib və ona preeklampsiya diaqnozu  qoyub. Həkimi ona lazım olan müalicəni başlayıb və preeklampsiya ağır formada  olmadığı  üçün təkrar müayinə üçün çağırıb. Fəridə xanımda hipertoniya da olduğu üçün  Fəridə xanımın ginekoloqu bizim də fikrimizi almaq  üçün məsləhətləşmək məqsədi ilə onu Kardioloji  poliklinikaya yönləndirmişdi. 

Sevda və Fəridə xanımın timsalındakı kimi hipertoniya hamiləlik hipertoniyasıdır. Hamiləlik hipertoniyasının belə bir xüsusiyyəti var. Qadında hamilə qalmazdan öncə hipertoniya xəstəliyi  yoxdur, yəni bir qadının qan təzyiqi hamiləlikdən öncə hər zaman normal olur. Qan təzyiqi normal olan bu qadınlar  hamilə qaldıqdan  sonra hamiləliklərinin 20-ci həftəsindən sonra onların qan  təzyiqləri artır (Sevda və Fəridə xanımda olduğu kimi) və uşaq doğulduqdan sonra da hipertoniya ən çox 12 həftə boyunca davam edir. Qan təzyiqi adətən 42 gün içində tamamən  normallaşır. Yəni hamiləlik hipertoniyası müvəqqəti bir hipertoniyadır. Hamiləlik hipertoniyası zamanı hamilə qadında hamiləliyinin sonuna qədər hipertoniyadan başqa heç bir problem  ortaya  çıxmaya bilər (Sevda  xanımda  olduğu  kimi). Bu hal (sadəcə, hipertoniya) hamilə qalan kök qadınlarda və çox döllü  hamilələrdə  daha sıx  ortaya  çıxır.

Ancaq  bəzi hamilələrdə hipertoniya ortaya çıxdıqdan  sonra  hər  şey  bununla  bitmir.  Əgər 20-ci həftədən sonra  ortaya çıxan hipertoniyayla bərabər qadının sidiyində yüksək miqdarda (gündə ≥ 0.3 qram) zülal da varsa (Fəridə xanımda  olduğu  kimi), buna preeklampsiya deyilir. Yəni preeklampsiya 20-ci həftədən  sonra  ortaya  çıxan hipertoniya  və sidiklə yüksək miqdarda  zülal atılmasıdır. Ancaq bəzən hamilə qadında sidikdə zülal atılımı hamiləliyin ilk  zamanlarında artmaz, bunun  yerinə hipertoniya ilə bərabər ciddi beyin və görmə  problemləri, qaraciyərin funksiyasında pozulma, hematoloji problemlər  və s. də ortaya çıxar. Bu  hal  da  preeklampsiya  olaraq  qəbul  edilir. Preeklampsiya hamiləliyə məxsus bir sindromdur. Bütün  dünyadakı  hamilələrin 2-8  faizində görülür və adətən çox vaxt 32-ci həftədən sonra ortaya çıxar. Preeklampsiya adətən qadınların birinci hamiləliklərində, daha öncə bir neçə dəfə uşaq doğmuş qadınlarda və şəkərli diabeti olan hamilələrdə daha sıx ortaya çıxır. Preeklampsiyaya diqqət yetirmək çox önəmlidir, çünki bu, uşağın zəif inkişaf etməsinə, uşağın vaxtından əvvəl doğulmasına və ya aşağı çəkidə doğulmasına səbəb ola bilər. Uşaqların 1500 qramdan aşağı çəki ilə doğulmasının  25 faizinin  səbəbi məhz preeklampsiyadır. Fəridə xanımın əksinə olaraq bəzi hamilələrdə preeklampsiya yüngül formada yox, çox ağır şəkildə  olur. 

Bəs Sevda və Fəridə xanımın sonrakı hamiləliklərində də hamiləlik hipertoniyası ortaya çıxarmı? Və ya bir daha hamilə qalmaq istəməzlərsə, həyatlarının sonrakı illərində nə vaxtsa hipertoniya xəstəliyi ortaya çıxa bilərmi ? 

Sevda və Fəridə xanımın hamiləlikləri zamanı hipertoniya ortaya çıxdı. Uşaqları doğulduqdan sonra qan təzyiqləri tamamən normallaşdı. Ancaq həm Sevda, həm də Fəridə xanım bunu bilməlidirlər ki, yenə hamilə qalarlarsa, sonrakı hamiləliklərində də belə bir risk var. Yəni digər hamiləliklərində də, preeklampsiya olsun və ya olmasın, hamiləlik hipertoniyası  ortaya çıxa bilər. Ancaq bu  risk Sevda  xanımda daha çoxdur.  Xüsusilə də ilk hamiləliklərində qan təzyiqinin artması (və ya preeklampsiyanın ortaya çıxması) nə qədər erkən zamanlarda ortaya çıxıbsa, eyni vəziyyətin sonrakı hamiləliklərində təkrarlanma  riski  daha da artar. Amma, təbii ki, bu, onların bir daha hamilə qalması üçün əngəl deyil. 
 
Bəs hər hansı bir tədbir görməlidirlərmi?
 
Bəzi tədbirlər görülərsə, qadınların sonrakı hamiləliklərində xüsusilə də preeklampsiyanın ortaya çıxma  riskinin azaldığı müəyyən  edilib. A, C vitamini və balıq  yağı həbi içməyin bir sonrakı hamiləlik zamanı preeklampsiyanın ortaya  çıxma  riskini  azaltmadığı  müəyyən  edildi. Ancaq sonrakı hamiləliyində preeklampsiyanın ortaya  çıxma riski  yuxarı  olan qadınlara  riski  azaltmaq  məqsədi ilə hamiləliklərinin 12-ci həftəsinin  sonundan  etibarən  aşağı dozada aspirin içmələri  məsləhət görülür. Eyni ilə sonrakı hamiləliklərində preeklampsiyanın ortaya  çıxma riski  yuxarı  olan qadınlara  və ya qidasında kalsium azlığı olanlara gündə 1 qram kalsium içmək məsləhət görülür. 
Ama bir şey də var. Sevda və Fəridə xanımın həyatının sonrakı illərində hipertoniya xəstəliyinin ortaya çıxma ehtimalı var, ona görə də sağlam həyat tərzi sürməlidirlər. 
 
Dördüncü xəstəmiz
 
Bir başqa xəstəmiz olan Nigar xanımın 38 yaşı var. Hamiləlikdən əvvəl hipertoniya xəstəliyi olan Nigar xanım hamilə qaldıqdan sonra qan təzyiqinin hamiləliyinin 28-ci həftəsindən sonra çox yüksəlməsi səbəbiylə onu  müayinə edən ginekoloq bizim de fikrimizi almaq  üçün onu da Kardioloji poliklinikaya yönləndirmişdi. Nigar xanım onu  da  qeyd  etdi  ki, ginekoloqu  ona  sidiyində  atılan zülalın çox artdığını və preeklampsiyanın da ortaya  çıxdığını  deyib. Həkimi ona lazım olan müalicəni başlayıb və təkrar müayinə üçün çağırıb.
Nigar xanımın timsalında daha öncədən bilinən hipertoniyası olan qadınların hamiləlik zamanı hamiləliyin 20-ci həftəsindən sonra qan təzyiqlərinin daha da artması və sidiyində yüksək miqdarda (gündə  ≥  0.3 qram) zülalın atılması (yəni preeklampsiyanın da ortaya çıxması).  Buna "əvvəlcədən olan hipertoniya ilə örtülən proteinuriyalı hamiləlik hipertoniyası” deyilir. Əslində hipertoniyası olan və hamilə  qalmaq  istəyən Aytən xanım hamilə  qaldıqdan  sonra  diqqətli  olmalıdır,  çünki onda da Nigar xanımdakı kimi bir vəziyyətin ortaya çıxma riskinin olduğunu bilməsi vacibdir.
 
Beşinci xəstəmiz
 
33 yaşlı Aynur xanım 32 həftəlik hamilədir və onda ilk dəfə hipertoniyanın olduğu  müəyyən edilib. Aynur xanım hamilə qalmazdan əvvəlki zamanlarda da qan təzyiqini heç ölçdürmədiyini  söylədi. 

Aytən xanımın hipertoniya xəstəliyi var və hamilə qalmağı planlaşdırır. Sevda və Fəridə xanımın isə hamiləliklərinden əvvəllər normal olan qan təzyiqi hamiləlik zamanı yüksəlir. Hipertoniya xəstəliyi olan Nigar xanımın isə qan təzyiqi hamiləliyinin ilk zamanlarında nəzarətdə ikən hamiləliyinin 28-ci həftəsindən sonra daha da yüksəlir və ginekoloqunun müayinəsi sonrası onda preeklampsiyanın da ortaya çıxdığı  müəyyən  edilir. Yəni  bu  dörd xəstəmizin ya hamilə  qalmadan öncə  bilinən  hipertoniya  xəstəliyi  var,  ya da hamiləlikdən əvvəl  arada  bir  ölçdükləri zaman normal olan qan  təzyiqləri hamiləlik   zamanı  yüksəlir. Ancaq  Aynur xanımda  vəziyyət bir qədər fərqlidir. Çünki onun hamiləlikdən əvvəl qan  təzyiqinin  yuxarı  olub- olmadığı  məlum deyil. Çünki o, hamilə qalmadan öncə qan təzyiqini heç vaxt ölçtürməyib.  Ola bilsin ki, onun hamiləlikdən  əvvəl də qan  təzyiqi  yuxarı  olub, ancaq bunu  bilmir. Çünki hipertoniyalı insanların  bir  qismi əslində onlarda  hipertoniyanın  olduğunu  bilmirlər və gec öyrənirlər. Və ya ola bilsin ki, onun hamiləlikdən əvvəl qan təzyiqi  normal  olsun və əgər belə isə indiki vəziyyəti hamiləlik  hipertoniyasıdır. Aynur xanımın timsalında 20-ci həftədən sonra ilk dəfə yüksək qan təzyiqinin müəyyən  edilməsinə "sinifləndirilməmiş hipertoniya” deyilir. Belə olduğu halda Aynur  xanımda hamiləlik  zamanı  aşkarlanan  yüksək qan təzyiqinin  hamiləlik  hipertoniyası,  yoxsa daha  öncədən  var  olan  hipertoniya ilə əlaqəli  olduğunu  dəqiq  söyləmək  üçün onun  qan  təzyiqi doğuşdan sonra 12 həftə incələnməlidir. Yuxarıda da qeyd  etdiyim kimi uşaq doğulduqdan sonra hamiləlik hipertoniyası ən çox 12 həftə boyunca davam edir.
 
Son söz
 
Hamilə bir qadında hipertoniya (xüsusilə  də  preeklampsiya) önəmli  bir  tibbi vəziyyət olub hamilələrin həkimləri tərəfindən izlənilməlidir. Gələcəkdə uşaq  sahibi olmaq istəyən xanımlar   hamilə  qalmadan öncə 18 yaşından sonra hər üç ildən bir qan təzyiqlərini ölçdürməlidirlər. Ancaq kök insanlar və yuxarı qan təzyiqi 130-140 və ya aşağı qan təzyiqi 85-90 arasında olan hər bir insan artıq 18 yaşından etibarən ildə bir dəfə qan təzyiqini ölçdürməlidir. Təzyiq düşürücü dərman içən hipertoniyalı qadınlar hamilə qalmağı planlaşdırırlarsa, mütləq öncədən həkimləri ilə görüşməlidirlər. Çünki bu dərmanların çoxu ana bətnindəki uşağa zərərli olduğu üçün hamiləlik zamanı içilməməlidir və buna görə də lazım gələrsə, dərmanlar hamiləlikdən öncə  dəyişdirilməlidir. Hamilə qaldıqdan  sonra hamiləlik hipertoniyası və ya preekleampsiya ortaya çıxa biləcəyi üçün xüsusilə də hamiləliyin 20-ci  həftəsindən  sonra diqqətli olmaq lazımdır. Çünki belə  bir  vəziyyət  hamilə  qalmağı  planlaşdıran və tamamən  sağlam  olan  hər bir xanımda  ortaya  çıxa  bilər.  Hamilə bir  qadında hipertoniya hansı formada  ortaya çıxırsa çıxsın, hamilələrə  yeməklərindəki  duzun azaldılmasını məsləhət görmürük. Kök qadınların  hamilə  qalmadan öncə arıqlaması məsləhətlidir, ancaq hamiləlik  zamanı arıqlamaları  məsləhətli  deyil.
 

 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7085
GBP 1 İngilis funt sterlinqi 2.1781
TRY 1 Türk lirəsi 0.4676
KWD 1 Küveyt dinarı 5.5883
SEK 1 İsveç kronu 0.1894
EUR 1 Avro 1.8242
CHF 1 İsveçrə frankı 1.7036
USD 1 ABŞ dolları 1.7022