• cümə, 19 Aprel, 11:25
  • Baku Bakı 13°C

“Hamiləlik hər hansı bir xəstəlik dövrü demək deyil” – Müsahibə

25.04.15 07:55 7757
“Hamiləlik hər hansı bir xəstəlik dövrü demək deyil” – Müsahibə
Son vaxtlar qadınların doğuş zamanı ölməsi ilə bağlı xəbərlər gündəmin əsas mövzularından birinə çevrilib. Ginekoloq həkimlərin savadsızlığı və məsuliyyətsizliyi ucbatından dünyasını dəyişən qadınlarla bağlı yayılan xəbərlər xanımlarımızı həkim seçərkən diqqətli olmağa vadar edir. Bunun üçün də onlar tanınmış, daha çox təcrübəsi olan həkimlərə müraciət etməyə səy göstərirlər.
Bu gün sizə təqdim edəcəyimiz ginekoloq, öz sahəsinin mütəxəssisi və qadınların daha çox güvənərək müraciət etdiyi həkim, işinin peşəkarı olan Hakan Tanrıverdidir. O, 1985-ci ildə Türkiyənin Hacettepe Universitetinin tibb fakültəsini bitirib. 1991-ci ildə qadın xəstəlikləri və doğum üzrə ixtisaslaşmaq üçün Türkiyənin ən böyük ginekoloji mərkəzi olan İstanbuldakı Bakırköy Doğum Evində kursu başa vurub. Bundan sonra Şərq bölgəsində, Tekirdağda dövlət xəstəxanasında 25 il işləyib. Hazırda isə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərir. Qeyd edək ki, müsahibimiz Türkiyədə uzun müddət dövlət xəstəxanası ilə bərabər, özəl xəstəxanada da çalışıb.
- Hakan bəy, necə oldu ki, Azərbaycanda işləmək qərarına gəldiniz?

- Üç il bundan öncə təqaüdə ayrıldım. Bodruma gedib “Acıbadəm” xəstəxanasında işləmək qərarına gəldim. Orada bəzi dostlarım məni Azərbaycanda işləməyə dəvət etdilər. Mən onlarla 6 aylıq müqavilə imzaladım. Buraya gələrkən həyat yoldaşım Oya Ergünlə məsləhətləşdim. Oya xanım opera ifaçısıdır. O, musiqi vurğunu, sənət adamıdır. Bildiyiniz qədəri ilə, həm də bir Rəşid Behbudov heyranıdır. Oya Azərbaycan musiqisinin operasını sevdiyi üçün mənimlə çox məmnuniyyətlə Azərbaycana gəldi. Burada işlədiyim 6 ay müddətində mən də Azərbaycanı çox sevdim. Burada çox yaxşı dostlarla, insanlarla tanış olduq. Burada çalışdıqdan 6 ay sonra “Acıbadəm” xəstəxanasına xəbər göndərdim ki, geri dönməyəcəm. Artıq 3 il yarımdır ki, Azərbaycandayıq. Hazırda MTN-in Hərbi Hospitalında çalışıram və bura ilə bağlı çox gözəl layihələrimiz var. Burada Azərbaycanın ən gözəl uşaq və doğum klinikasını yaratmaq üzrə söhbətlər gedir. Onlar bu işdə mənimlə bərabər addımlamaq istədilər. Qismət olarsa, o layihələri birlikdə həyata keçirəcəyik. Bir neçə ay içərisində Azərbaycan çox gözəl doğuş və uşaq klinikasına qovuşacaq. Bu işdə mənim də bir az payım olacaq.
- Azərbaycan qadınları ən çox sizə hansı xəstəliklərlə müraciət edirlər?

- Mən qadın xəstəlikləri və doğuş sahəsi üzrə mütəxəssisəm. Buraya hamiləlik və qadınların ginekoloji problemləri, uşaqlıq yolu ilə bağlı qadın xəstəlikləri, doğuş, qadın orqanları ilə bağlı bütün əməliyyatlar daxildir. Ancaq ən çox mənə sonsuzluqdan əziyyət çəkən qadınlar müraciət edir. Hər zaman dürüst olduğumuz, lazımsız işlərlə məşğul olmadığımız üçün Allahın da köməkliyi ilə həmin qadınlara yardım etməyə çalışırıq. Mənə müraciət edən xəstələrin yarıdan çoxu sonsuzluqdan əziyyət çəkir.
- Hazırda Azərbaycanda tez-tez doğuş zamanı qadınların ölüm xəbərini eşidirik. Sizin də bu mövzu ilə bağlı fikirləriniz bizim üçün önəmlidir.

- Ölüm Allahın əmridir. Bəzən olur ki, əməliyyat zamanı həkimlərin öz ailələrindən, doğmalarından olan insanlar belə, dünyasını dəyişirlər. Hesab edirəm ki, analardan çox uşaq ölümləri halları artıb. Ancaq ananın ölməsi daha çox səs salır və söz-söhbətə səbəb olur. Doğuş zamanı travma alan, doğulduqdan sonra dünyasını dəyişən uşaqlar daha çoxdur. Bu, normal bir şey deyil. İşveçdə də doğum zamanı ölən analar, doğuşdan sonra dünyasını dəyişən uşaqlar var. Dünyanın inkişaf etmiş ən böyük xəstəxanalarında belə, bu tip hallara rast gəlmək olar. Bəzən olur ki, həkim əlindən gələni etsə də, ananı xilas edə bilmir. Hətta onun əməliyyat etdiyi insan öz valideynləri olsa belə…
Əgər ananın ölümü həkimin xətasına görə baş verirsə, təbii ki, bu, bağışlanılmazdır. Amma bütün ölümlər həkim xətasına görə deyil. Danılmaz faktdır ki, əməliyyat zamanı həkimlər xəta edə bilirlər. Bir işin təhsilini almadan o işə girişirsinizsə, o zaman risk daha da artır. Əgər siz bilmədiyiniz işə girişirsinizsə, təbii ki, ölüm halları çoxalacaq. Azərbaycanda tibb sahəsi çox inkişaf edib. Eləcə də ölkəyə xaricdən həkimlər dəvət olunur. Onların şəhadətnamələri, sənədləri yoxlanılır. Azərbaycanın gənc həkimləri xaricdə biliklərini çoxaldıb vətənlərinə geri dönərək öyrəndiklərini tətbiq edirlər. Bu kimi hallar göstərir ki, bir neçə ildən sonra Azərbaycanda doğuş zamanı ölən qadınların da sayı azalacaq. Azərbaycan tibbi gənclərin sayəsində yüksələcək. Mən buna çox inanıram və qürurla o anın gələcəyini gözləyirəm.
- Burada gənc həkimlərə dərs verirsinizmi?

- Universitetdə və yaxud hər hansı bir kafedrada tələbə həkimlərə dərs vermirəm. Ancaq özümün ayrıca tələbələrim var ki, onlarla təcrübəmi paylaşıram. Mən öyrətməyi sevirəm. Hazırda həkim olan, biliklərini artırmaq istəyən tələbələrə də əməliyyat zamanı kömək edirəm.
- Belə bir təklif gəlsə, qəbul edərsinizmi?

- Bildiyim qədər, Tibb Universitetində kifayət qədər ixtisaslı ginekoloqlar var. Ancaq məndən belə bir şey istəsələr, əlimdən gələni əsirgəmərəm və bununla fəxr edərəm. Biz türk soylu xalqlar bir-birimizə kömək etməliyik. Bildiklərimizi bir-birimizlə paylaşmalıyıq.
- Deyirlər, qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməyin zərərləri olur. Təbii doğuş ana üçün daha çox faydalıdır. Bununla bağlı siz nələr düşünürsünüz?

- Qeysəriyyənin də öz göstərişləri var. Əgər siz tibbi göstərişlərə uyğun hərəkət edirsinizsə, bu, daha rahatdır. Onun qanunlarına uymursunuzsa, o zaman qeysəriyyə əməliyyatı olunmağın mənası yoxdur. Doğulacaq uşaq və ana ilə bağlı hər hansı bir problem varsa, o zaman qadınların əməliyyatla uşaq dünyaya gətirməyi daha doğrudur. Mənə müraciət edən qadınlar “qeysəriyyə, yoxsa təbii doğuş” sualını etdikdə, məsləhət verirəm ki, əgər heç bir probleminiz yoxdursa, təbii doğuş daha yaxşıdır. Əslində bunları müqayisə etmək doğru deyil. Əgər qeysəriyyə təcrübəli həkim tərəfindən edilirsə, dərmanlar, anesteziya, alətlər, aparatlar, hər şey qaydalara uyğundursa, əməliyyatla dünyaya uşaq gətirən qadınlar heç bir ziyan görməzlər. Bu, özünüzü hansı həkimə əmanət etməyinizlə bağlıdır. Qeysəriyyə ancaq normal doğa bilməyən qadınlara tətbiq olunmalıdır. Son dönəmlər bütün dünyada qadınlar öz istəkləri və arzuları ilə qeysəriyyəyə gedirlər. Əvvəllər qadınlar bu sahədə söz demək hüququna malik deyildilər. İndi onlar öz bədənləri haqqında qərarları özləri verirlər. Deyirlər ki, bədənin sahibi mənəm, mən də əməliyyatla uşaq dünyaya gətirmək istəyirəm. Əslində, belə deyənlərə də hörmət etmək lazımdır. Belə olan halda mən qadınları adi doğuşa yönləndirməyə çalışıram. Əgər görsəm ki, xəstəni yola gətirə bilmirəm, o zaman məcbur etmirəm.
- Həkimlər hamilə qadınlara çoxsaylı dərmanlar yazırlar. Hamilə qadınların bu qədər dərman preparatları qəbul etmələri normal haldırmı?

- Təkcə hamilələrə deyil, heç kimə artıq dərman xeyir gətirmir. Hamiləlik hər hansı bir xəstəlik dövrü demək deyil. Heç nə etməsən belə, təbii, vitaminli qidalarla hamiləliyi başa qədər apara bilərsiniz. Mən artıq dərman qəbul etməyin əleyhinəyəm. Mənə müraciət edən qadınlar inadla söyləyirlər ki, bizə nə üçün çoxlu dərman yazmırsan?
- Hamilə qadınlar qidalanmada nəyə daha çox üstünlük versinlər?

- Təkcə hamilə qadınlar deyil, normal insanlar da çalışsınlar ki, süni qidalardan uzaq dursunlar. Vitaminlərlə yetişdirilmiş tərəvəz və meyvələrdən az istifadə etsinlər. Mümkün olduğu qədər təbii qidalar qəbul etsinlər, daha çox tərəvəz və meyvələr yesinlər. Bir də çoxlu su içsinlər. Xüsusilə də hamilə qadınlar gündə 2 litrdən az su içməməlidirlər.
- Şərq qadınları bir qədər utancaq olur. Onlar bir çox hallarda kişi ginekoloqlara müraciət etmirlər. Heç sizi gördükdə, təəccüblənən olubmu ki, qadınları kişi həkim müayinə edir?

- Bəzən belə hallar olur. Müraciət edən xanımların özləri deyil, həyat yoldaşları ginekoloqun kişi olduğunu götdükdə təəccüblənirlər. İndiyə kimi heç bir pasiyentimlə kişi olduğum üçün problem yaşamamışam. Həkimin cinsiyyəti olmur. Amma ümumiyyətlə, bütün dünyada, xüsusilə də Şərq ölkələrində kişi həkimlərə az müraciət olunur.
- Son olaraq daha çox müraciət olunan ginekoloq kimi söyləyə bilərsinizmi ki, Azərbaycan xanımlarının sağlamlıq vəziyyəti necədir?

- Azərbaycan xalqı irqən çox sağlam və möhkəmdir. Qafqaz xalqlarının sağlamlıq durumu yüksək səviyyədədir. Amma son illər artan radiasiyalar, 3 və 4 D-lər, gübrələrdən izafi dərəcədə istifadə, eyni zamanda, qidaları saxlamaqdan ötrü min çeşiddə, lüzumsuz bakteriyalar olmazsa, qafqazlılar dünyanın ən sağlam insanları ola bilərlər. Məncə, Azərbaycan xanımları çox sağlamdırlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər