Hamı ilə həmfikir olub, yeni söz demək mümkün deyil
– "Oxu kitablarında vətənpərvərlik dərsləri” yazınızda
qeyd edirsiniz ki, uşaq sual verirsə, demək, oxuduğunun doğruluğuna şübhə ilə
yanaşır. Şübhə həqiqəti tapmaq üçün vasitə deyilmi, sual verməyən uşaq həqiqəti
necə tapa bilər?
– Nəyəsə
şübhə ilə yanaşıb həqiqətin izinə düşmək məlum və məşhur bir məsələdir. Hüseyn
Cavid də "Şübhədir həqiqətin anası” söyləyir. Uşaq dərsdə sadəcə olaraq,
öyrənmək üçün sual verir, uşağın hansısa bir həqiqət dalınca düşmək iddiası
olmur. Böyüklərə gəlincə, qeyd etməliyik ki, hər hansı alim araşdırdığı
mövzuya, daha doğrusu, o mövzu ilə bağlı əvvəllər deyilmiş fikirlərə şübhə ilə yanaşmasa, elmdə yeni söz deyə
bilməz. Və yaxud hər hansı yazıçı tapdanmış yolla gedib fərqli bədii əsər
yarada bilməz. Hamı ilə həmfikir olub, yeni söz demək, əlbəttə, mümkün deyil.
– Ədəbi prosesi nə dərəcədə izləyə bilirsiniz və bu
prosesdə görünən mənzərə barədə qənaətiniz necədir?
– Ədəbi
prosesi mütəmadi izləyə bilməsəm də, oradakı ümumi ab-havadan xəbərim var.
Müasir ədəbiyyatda xoşuma gələn cəhətlərdən biri forma-üslub axtarışlarının
geniş vüsət almasıdır. Bu gün şeir, nəsr və dramaturgiyada forma-üslub
axtarışları aydın sezilir. Kamal Abdullanın yaradıcılığı buna bariz nümunədir.
Postmodern biçimdə qələmə alınmış "Yarımçıq əlyazma”da və yaxud "Casus”da məlum
obrazlar oxucuya yeni mahiyyətdə təqdim olunur. Yazıçı "Dədə Qorqud”
dastanındakı epizodik Boğazca Fatma obrazı üstündə maraqlı bir süjet qurur. "Heç
nəyə birtərəfli yanaşmaq, heç kimi bütləşdirmək olmaz” mesajını oxucuya
novatorcasına çatdıra bilir. Düşünürəm ki, klassik mədəni irsə ayıq gözlə
baxmaq çağdaş ədəbiyyatın ən işıqlı tərəflərindən biridir.
– "Müasir Azərbaycan nəsrində psixologizm” kitabınızda
hadisələrin insanda yaratdığı duyğu və düşüncələrin nəsr üçün xüsusi təsvir
predmeti olmasından bəhs edirsiniz...
– Bəli,
qəhrəmanın duyğu və düşüncələrinin xüsusi əksetdirmə predmetinə çevrilməsi
psixoloji nəsr üçün aparıcı cəhətdir. Psixoloji nəsr qeyri-psixoloji nəsrdən,
qəhrəmanın könül dünyasına güzgü tutması ilə fərqlənir, hadisələr bizə bu
güzgüdən təqdim olunur. Dünyaya, ətrafda baş verənlərə məhz bu güzgüdən
baxırıq. Bu fərqi daha aydın başa düşmək üçün eyni müəllifin ayrı-ayrı
əsərlərinə nəzər yetirmək kifayətdir. Məsələn, Anarın "Dantenin yubileyi”
povesti ilə "Macal” povestini müqayisə eləsək, əlbəttə, daha çox "Macal”dakı
hadisələrin psixoloji yöndə təqdim edildiyi məlum olar. Burada söhbət üslub
fərqindən gedir. "Dantenin yubileyi”ndə Kəbirlinskinin daxili düşüncələri
müəllifə o qədər də maraqlı deyil. Yazıçını maraqlandıran Kəbirlinskinin kimlə
nə danışdığı, hara getdiyi, nə ilə məşğul olduğu məqamlardır. Mirzə Cəlil də öz
oxucusuna Novruzəlini, Usta Zeynalı bu cür tanıdır. Yəni Novruzəli, Usta Zeynal
və Kəbirlinski nümunələrində qəhrəmanın kənardan görünən hərəkət və davranışını
təsvir etmək obraz yaratmağın mühüm bir forması kimi özünü göstərir. "Macal”
povestində isə forma dəyişir. Bu əsər başdan-başa Fuadın düşüncələri əsasında
qurulub. Fuad iş-gücə başı qarışan, baş qaşımağa macal tapmayan bir adamdır.
Əsərin adı da burdan qaynaqlanır. Akvariumdakı balıqlara yem verməyə, öz
ata-anasına baş çəkməyə Fuadın vaxtı-macalı yoxdur. Baş qəhrəmanın ən böyük
arzusu "özü ilə görüşə” bilməsidir. "Qayğı”lar məngənəsində qalan bu adamın
daxilində ikiləşmə baş verir, içində baş qaldıran iki səs onu müşayiət etməyə
başlayır. Bu səslərdən biri Fuadın öz səsi, digəri isə onun ünsiyyətdə olduğu
adamların səsidir. Fuad özünə ətrafdakı adamların gözü ilə baxır və hadisələr
bizə onun daxili monoloqları vasitəsilə təqdim olunur. Daxili monoloq povestdə
təhkiyənin əsas strukturuna çevrilir.
–"Hüseyn Cavid
və mifoloji düşüncə” yazınızı oxuyarkən adamda belə bir fikir əmələ gəlir: ən
uğurlu əsərlər mifologiyaya, folklora,
yəni dolayısı ilə keçmişə bağlı olanlardır. Dünya ədəbiyyatında da
belədir. Hər seçilən əsərin mütləq qədim mətnlərlə bir bağlılığı olur. Sizcə,
niyə belədir?
– Hər seçilən müasir bədii əsərin qədim
mətnlərlə bağlı olmasının əsl səbəbini bilmək istəyiriksə, indi ilə keçmiş,
çağdaş insanla qədim insan arasındakı fərqlərin şərti və nisbi mahiyyət
daşımasını yaddan çıxarmayaq gərək. Bu gün, hansı ölkədə yaranmasından asılı
olmayaraq, dünya ədəbiyyatı vahid ədəbi proses kimi meydana çıxırsa, qədim
dövrlərdə də mifologiya ayrı-ayrı xalqlarda məhz vahid dünyagörüş sistemi kimi
meydana çıxıb. Təsadüfi deyil ki, folklorşünaslıqdakı müxtəlif məktəbləri bir
sual daha çox düşündürüb: dünyanın ayrı-ayrı ölkələrində, bir-birindən çox-çox uzaq məsafələrdə yaşayan
xalqların folklorundakı süjetlər, qəhrəmanlar niyə bu qədər oxşardır, bu,
təxəyyül yaxınlığı nədən irəli gəlir? Cavablar müxtəlif olub. Məsələn, mifoloji
məktəb bu oxşarlığı xalqların qohumluğu ilə, miqrasiya məktəbi tarixdə baş
verən müxtəlif yürüşlərlə əlaqələndirib. Nəhayət, antropoloji məktəbin
nümayəndələri göstəriblər ki, heç bir qohumluq və mədəni əlaqələri olmayan,
bir-birini tanımayan xalqların da folklorundakı oxşarlıq insan psixikasının oxşarlığı
ilə bağlıdır. İnsanın mifoloji düşüncəsi onun harada, hansı ölkədə yaşamasından
asılı olmayaraq çox oxşardır. Yəni Afrikada da, Azərbaycanda da insan insandır,
ətrafda baş verən hadisələr insanlarda oxşar təəssürat doğurur. O ki qaldı yazılı
ədəbiyyata, şübhəsiz ki, yazıçılar üçün mif çox cəlbedici bir aləmdir.
Yazıçıların araya-ərsəyə gətirdikləri mətnlər mifoloji çalarlarla zəngindir.
Romantizm cərəyanının nümayəndələri bu baxımdan xüsusilə seçilirlər. Mistik
obrazlara – mələk, iblis, skelet obrazlarına romantiklərin yaradıcılığında
tez-tez rast gəlirik. Romantik sənətkar bu mistik obrazlar vasitəsilə
qəhrəmanın daxilindəki ziddiyyətləri daha qabarıq, daha dolğun ifadə edə bilir.
Hüseyn Cavid yaradıcılığında belə nümunələr çoxdur. Mifdən, mifoloji düşüncə
tərzindən ustalıqla istifadə çağdaş ədəbiyyata da xüsusi təravət və
özünəməxsusluq gətirir. Yusif Səmədoğlunun "Qətl günü” romanı, Mövlud
Süleymanlının "Şeytan” povesti bu qəbildəndir.
–Yazılarınızın birində qeyd edibsiniz ki, uşaq vaxtı
ananız sizə nağıllar danışarmış. Ədəbi və elmi fəaliyyətinizi folklor
istiqamətində davam etdirməyinizdə bu faktın təsiri varmı?
–Heç şübhəsiz, var. Uşaq vaxtı anamdan
eşitdiyim nağıllar, yəqin ki, mənə öz təsirini göstərib. Amma bu təsiri yalnız
nağıl məsələsi ilə məhdudlaşdırmaq istəməzdim. İstər nağıl danışanda, istərsə
də adi söhbət eləyəndə, anam, eləcə də atam, əmim, əmcanım (yəni əmim arvadı)
və başqaları canlı bir "dil”lə danışardılar. O "dil”in nə qədər canlı,
şəhd-şirəli olmasını adam sonralar – quru kitab dili ilə hər gün
əlləşib-vuruşmağa başlayanda başa düşür. Bilirsiniz ki, bədii ədəbiyyatda,
xüsusən təhkiyə üstündə qurulan nəsr əsərlərində təsvirə çətin gələn
məqamlardan biri qəhrəmanın psixoloji vəziyyətidir. Bu saat sizinlə
danışa-danışa canlı danışıq dilində psixoloji vəziyyəti ifadə edən maraqlı
deyimin işlənmə məqamını yadıma salıram: Anam xəstələnib. Əmcanım onun halını
xəbər alır. Anam belə deyir: «Səhərə kimi göydən asılı qalmışam». Anam bununla
ağrıdan səhərəcən yata bilməməyini bildirmək istəyir. Canlı dilə başqa misal.
Anamdan əmim oğlunun kənddə nə iş gördüyünü soruşuram. Anam deyir: «Nə iş
görəcək?! Uzun gedib, gödək gəlir. Küçələrin əyrisini düzəldir”. Anam bununla
əmim oğlunun kənddə boş-bekar gəzib-dolanmasını bildirmək istəyir. Canlı
danışıq dilinin bir gözəlliyi də arxaik qatları özündə qoruyub saxlamasıdır.
Anamdan eşitdiyim iki ifadəni misal çəkmək istəyirəm: "Dilimə Tanrı qutu
dəyməyib. Bir tikə yemək ye, ürəyində qut olsun”. Bu cümlələrdəki «qut» sözü
yazılı abidələrimizdə, o cümlədən «Dədə Qorqud» dastanında gördüyümüz bir
sözdür. Belə misallarla zəngin olan xalq danışıq dili tək mənə yox, sözlə
az-çox bağlı olan hər bir kəsə öz təsirini göstərir.
– Muxtar müəllim, Folklor İnstitutunun
direktoru kimi deyə bilərsinizmi, hal-hazırda folklorun həll edilməyə daha çox
ehtiyacı olan, problemli sahəsi hansıdır? Yəni təhlilə açıq olan hansı mövzu
daha çox işlənməlidir?
– Folklor
çox geniş anlayışdır. O həm sözdür, həm hərəkətdir, həm də maddi material.
Şifahi ənənə üzərində formalaşan mədəniyyətə aid nə varsa, folklordur. Çox
təəssüf ki, bizdə folkloru ancaq şifahi xalq ədəbiyyatı kimi qəbul edənlər daha
çoxdur. Bir misal çəkim: tələbə vaxtı "Şifahi xalq ədəbiyyatı” adlı bir
kitabdan imtahan vermişdik. Universiteti bitirdik və o fənni bizə tədris edən
müəllim həmin kitabı "Azərbaycan folkloru” adı ilə təkrar nəşr etdirdi. Kitabın
adı dəyişdi, amma içi dəyişmədi. Nə üçün? Əsas səbəb müəllimimizin folkloru
yalnız şifahi xalq ədəbiyyatı hesab etməsi idi. Müəllimimiz nəzərə almırdı ki, şifahi
xalq ədəbiyyatı folklorun əsas sahələrindən biridir. Xalq ədəbiyyatı ilə
yanaşı, xalq rəqsləri, xalq musiqisi, xalq təbabəti, xalçaçılıq, toxuculuq,
xalq mətbəxi, xalq memarlığı və s. kimi sahələri də əhatə edən folklorda şifahi
şəkildə yaranma və şifahi şəkildə nəsildən-nəslə ötürülmə bütün bu sahələr üçün
ortaq cəhətdir. Folklorun əsl mahiyyətini bu cəhəti nəzərə almaqla doğru-düzgün
başa düşmək olar. Söhbəti konkret olaraq xalq ədəbiyyatının üstünə gətirsək,
qeyd etməliyik ki, bu ədəbiyyat şifahi ifa prosesi ilə qırılmaz surətdə
bağlıdır. Hər hansı nağıl, dastan, bayatı… ifa olunduğu proseslə bir yerdə
folklor hadisəsidir. İfa prosesindən ayrı götürülmüş nağıl, dastan və bayatı mətni folklor haqda
tam təsəvvür yarada bilmir. Vaxtilə Aşıqlar Qurultayında professor Bülbül
folklorşünaslara irad tuturdu ki, «Koroğlu» dastanlarındakı şeirlər aşıq
havaları nəzərə alınmadan nəşr edilir. İrad haqlı iraddır. Doğrudan da, hər
hansı bir dastan çap olunarkən onun musiqi konteksti xüsusi olaraq nəzərə
alınmalı, dastanı aşığın necə söylədiyi, hansı şeiri hansı hava üstündə ifa
etdiyi ortaya qoyulmalıdır. İfa konteksti xüsusi nəzərə alınmalı olan
janrlardan biri bayatılardır. Bayatıların toy və yas mərasimlərində, "Halay”, "Gülümey”
və "Haxışta” oyunlarında, tənbur məclislərində oxunması bəllidirsə, deməli,
həmin janrı adları çəkilən ifa kontekstlərində qeydə almaq və məhz o şəkildə də
araşdırmaq lazımdır. Bu gün Azərbaycan folklorşünaslığında bu yöndə toplama,
tərtib və araşdırma işlərinin aparılmasına böyük ehtiyac var.
– "Komik
Qəhrəman. Molla Nəsrəddin” məqalənizdə sıravi adamların həyatını əks etdirən
lövhələrin komik əsərlərdə aparıcı yer tutduğunu qeyd edirsiniz. Məsələn,
göstərirsiniz ki, Nizami Gəncəvi "Xəmsə”sində çoban, əkinçi və kərpickəsəni
belə, uca bir mərtəbəyə qaldırıldığı halda, Mirzə Cəlilin əsərlərində
kəndlinin, bənnanın "göylərlə işi yoxdur”. Nə üçün Cəlil Məmmədquluzadə o qədər
əzəmətli obrazlardan sonra Novruzəliyə müraciət etdi?
–Ona görə ki, Cəlil Məmmədquluzadə bir realist
sənətkar kimi ədəbiyyata öz mövzusu, öz qəhrəmanları və öz üslubu ilə gəlmək
istəyirdi və gəldi. Əli Nazimin sözləri ilə desək, Cəlil Məmmədquluzadə
ədəbiyyatın müqəddəs məbədinə Məhəmmədhəsən əminin eşşəyi ilə daxil oldu. Bu
obrazlı cümlənin arxasında çox böyük elmi həqiqət dayanır. Əli Nazim demək
istəyir ki, Xosrov, Bəhram, Şirin kimi qəhrəmanlar artıq Mirzə Cəlili
maraqlandırmır, onun əsas hədəfi Novruzəli, usta Zeynal kimi adidən də adi
insanlardır. Böyük sənətkar "Molla Nəsrəddin”
jurnalının ilk nömrəsində əbəs yerə demir: "Sizi deyib gəlmişəm, ey
mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi
xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa,
it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ
vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq
vermirlər”. Məzəli bir dillə qələmə aldığı bu adamlarda Mirzə Cəlili ağrıdan
cəhət onların qəflət yuxusunda olub zamanla ayaqlaşa bilməməyi, ruhani cildinə
girmiş Şeyx Nəsrullah kimi bir lotunun əlində oyuncağa çevrilməsidir.
–Şeyx Nəsrullaha
"mənfi əvəzedici” deyə bilərikmi?
–Şeyx Nəsrullah mənfi
əvəzedici deyil. Mənfi əvəzedici də folklorda müsbət əvəzedici kimi əkizlər
mifi ilə bağlı bir obrazdır. Şeyx Nəsrullahı «Ölülər» tragikomediyasındakı
faciəvi İsgəndər obrazı ilə paralel götürüb onları birlikdə mifoloji qardaş
baxımından təhlil etmək çətindir. Söhbətimiz aydın istiqamətdə getsin deyə
mənfi əvəzedici saydığımız obrazın bir-iki səciyyəvi cizgisini yada salsaq,
qeyd etməliyik ki, mifoloji təsəvvürə görə, əkizlər arasında rəğbət və məhəbbət
olduğu kimi, rəqabət və ədavət də ola bilər. Bir-birinə rəqib olan əkizlər
ayrı-ayrılıqda xeyrin və şərin təmsilçisinə çevrilirlər. Bu arxaik təsəvvürün
folklorumuzda elementlərini axtarıb tapmaq elə də çətin deyil. Məsələn, belə
elementlər «Dədə Qorqud» dastanında Basat – Təpəgöz, Beyrək – Yalançı oğlu
Yalancıq münasibətləri çərçivəsində qabarıq ifadəsini tapır. Təpəgözü Basatla
birlikdə iki süd qardaşı kimi böyütməkdə Alp Aruzun niyyəti aslan südü ilə
bəslənən Basatın gücünü (o cümlədən Oğuz elinin qüdrətini) birə-beş
artırmaqdır. Bildiyimiz kimi, Alp Aruzun bu niyyəti baş tutmur. Hərəkətləri Alp
Aruzun niyyəti ilə qətiyyən bir araya sığmayan Təpəgöz, nəticədə Basatın həqiqi
yox, yalançı qardaşı timsalında qarşımıza çıxır. Ona görə yox ki, Təpəgözlə
Basatın ata-anası ayrıdır. Ən çox ona görə ki, Təpəgözlə Basatın bir obraz
olaraq mifoloji semantikası başqa-başqadır. Basat xeyri təmsil etdiyi halda,
Təpəgöz şəri təmsil edir. Şər təmsilçisi xeyir təmsilçisinin həqiqi yox,
yalançı qardaşı ola bilər. Başqa sözlə desək, Təpəgöz Basatın müsbət yox, mənfi
əvəzedicisi ola bilər. Bu sözləri Yalançı oğlu Yalancıq barədə də demək
mümkündür. Yalançı oğlu Yalancıq dastanda Bamsı Beyrəyin yaxın yoldaşlarından,
arxadaşlarından biridir. O dərəcədə yaxın ki, Beyrək öz nişanlısı Banıçiçəyin
toxuduğu köynəyi ona (Yalançı oğlu Yalancığa) bağışlayır. Belə bir münasibətin
müqabilində Yalançı oğlu Yalancıq Beyrəyə sadiq olmalı, Beyrəyə münasibətdə
Qazan, Uruz, Qaragünə, Qarabadaq tutan mövqeyi tutmalıdır. Amma Yalançı oğlu
Yalancıq tamamilə əks mövqe tutur. Bütün igidlər Beyrəyin yoxa çıxmasından
narahat olduğu, üzüntü keçirdiyi və onun tapılmasına çalışdığı halda, Yalançı
oğlu Yalancıq fürsətdən istifadə edib Beyrəyin nişanlısı ilə evlənmək fikrinə
düşür. Nəticədə Yalançı oğlu Yalancıq yalançı adaxlı timsalında ortaya çıxıb
həqiqi adaxlı olan Beyrəklə paralellik yaradır. Mənfi əvəzedicilərin, yəni
xatırlatdığımız misallarda yalançı qardaş və yalançı adaxlının mifoloji
funksiyası öz məğlubiyyəti ilə baş qəhrəmana güc-qüvvət vermək, onun
güc-qüvvətini birə-beş artırmaqdır.
Mənfi
əvəzedicinin – yalançı qəhrəmanın qısaca olaraq sadaladığım bütün bu cəhətləri
içərisində Şeyx Nəsrullaha şəksiz-şübhəsiz aid edilən cəhət onun (Şeyx
Nəsrullahın) qorxunc qara qüvvə daşıyıcısı olmasıdır. Təpəgöz və Yalançı oğlu
Yalancıqdan bu qara qüvvənin başlıca fərqi sonda məğlubiyyətə uğramamağında,
ətrafdakı adamları zəlil vəziyyətə salıb Kefli İsgəndərin təsir imkanlarını
heçə endirməsindədir. Finalda Şeyxin iç üzünün açılması və İsgəndərin bu
fürsətdən istifadə edib "diri ölülər”i acı qınaq hədəfinə çevirməsi nikbinlik
üçün heç bir əsas vermir. İnanmaq olmur ki, Şeyx Nəsrullah fırıldaqçı kimi
aradan çıxandan sonra Kefli İsgəndər özündə güc-qüvvət tapıb cəhalət və
rəzalətə rəşadətlə sinə gərə biləcək. Deməli, Kefli İsgəndər nə Basatdır, nə
Beyrək. Kefli İsgəndər İsfahan şeyxlərinin at oynatdığı Hacı Həsənlər, Kərbəlayı
Fatmalar mühitində məğlub bir qəhrəmandır. Məğlub qəhrəmanın müsbət və ya mənfi
əvəzedicisinin olması mif modelinə uyğun gəlmir.
– Bir neçə kitabınızda o dünya ilə bağlı fikirlərə
rast gəlmək olur. Bu mövzu diqqətimizi niyə belə çox cəlb edir? Bu mövzunun
Mirzə Cəlildəki ölülər mövzusu ilə nə dərəcədə əlaqəsi var?
– O dünya ilə bağlı fikirlər
folklordan gəlir. Sirli-sehrli aləm və güc-qüdrət mənbəyi kimi nişan verilən o
dünyadan folklorda xüsusi olaraq bəhs edilir. Mirzə Cəlildəki ölülər mövzusu
xalq gülüşündəki ölülər mövzusu ilə daha çox səsləşir. Folklor üçün səciyyəvi
olan bir ənənədən – ölümü və ölünü həyatverici gülüş mənbəyinə çevirmək
ənənəsindən Mirzə Cəlil məharətlə istifadə edir. "Ölülər” tragikomediyasında
Mirzə Cəlil üç cür ölü obrazı yaradır: qəbiristanlıqda yatan ölülər, İsfahan şeyxlərinin
əlində oyuncağa dönən "diri ölülər» və ayıq-sayıq bir ziyalı olduğu halda, ölü
qiyafəsinə girmək məcburiyyətində qalan Kefli İsgəndər. Əsərdə xüsusi
xatırladılan ölü obrazı yalnız Hacı Həsənlərin çirkin əməllərini (məsələn, ölən
adamların var-dövlətini ələ keçirib onların ailəsini ac-yalavac qoymaqlarını)
açıb göstərməyə xidmət etmir, həm də başqa bədii funksiyalar daşıyır. Həmin
funksiyalardan biri Hacı Həsənlərin özünüdərk hissindən uzaq olmasını, məhz bu
səbəbdən «ölülər» adı almasını göstərməkdirsə, digər bir funksiya İsgəndərin
ölü adam vəziyyətinə düşməsini göstərməkdir. Ağıllı olmağın, özünü və dünyanı
dərk etməyin müsibətini yaşayan, ağrısını çəkən İsgəndərdə idrak ölülüyü
axtarmaq məntiqsizlik olardı. Hərəkətsizlik, fəaliyyətsizlik məsələsinə
gəldikdə isə İsgəndərin hünərvərliyindən danışmaq da çətindir. Obyektiv və
subyektiv səbəblər üzündən əməli fəaliyyəti son dərəcədə məhdudlaşan, azyaşlı
bacısının namusunun tapdanmasına belə kəskin etiraz edə bilməyən İsgəndərin özü
də müəyyən mənada ölüdür, Lev Tolstoyun Protasovu kimi canlı meyitdir. Ölüyə
bənzərliyini İsgəndərin özü də etiraf edir. Şeyx Nəsrullahın ölü diriltmək
məsələsi ortaya çıxanda İsgəndər atasına deyir: «Dadaş… qonaqdan təvəqqe elə
ki, əvvəl qabaqca məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm»…
– Ölülər və dəlilərə köklənmiş nəsrə, dramaturgiyaya
xüsusi diqqət yetirirsiniz. Belə çıxır ki, Mirzə Cəlilin, Elçinin, Vaqif
Səmədoğlunun dəliləri Füzulinin dəlisindən daha «ağıllı»dır?
– Mirzə
Cəlilin, eləcə də Elçinin, Vaqif Səmədoğlunun dəli obrazlarını qətiyyən
Füzulinin dəli obrazına qarşı qoymaq olmaz. Axtarsan «Dədə Qorqud»dan,
Nizamidən, Füzulidən tutmuş Mirzə Cəlilə və çağdaş yazıçılarımıza qədər bütün
ədəbiyyatımız boyunca qarşılaşdığımız dəli obrazlarının hamısı hansısa baxımdan
bir-birinə bağlıdır. Ən tipik bağlılıq nöqtələrindən biri mövcud davranış
normalarından kənara çıxmaqdır. Dəli Domrul da, Məcnun da, Dəli Abbas da,
Elçinin və Vaqif Səmədoğlunun dəli obrazları da, hər şeydən qabaq, başqalarının
atmadığı addımı atması ilə maraq doğurur. Qəhrəmanın «anormal» hərəkətlərinin
təsviri cəmiyyət haqda normal və ciddi söz deməyin əlverişli vasitəsi kimi
ortaya çıxır.
– «Dədə Qorqud» dastanındakı Dəli Domrul obrazı ilə
klassik şeirimizdəki Məcnun obrazının adını bir yerdə çəkdiniz və bizdə belə
bir sual yarandı: romantik ədəbiyyatdakı mübaliğə şifahi xalq ədəbiyyatındakı
mübaliğədən nə ilə fərqlənir?
– Ən
başlıca fərq üslubdadır. Yazılı ədəbiyyatda mübaliğəli şəkildə qələmə alınan
qəhrəmanlardan hər biri yazıçının fərdi üslubunun mühüm göstəricisidir. Şifahi
xalq ədəbiyyatında isə fərdi üslubdan yox, ümumi folklor üslubundan, hər janra
aid ənənəvi formullar, klişelər, təsvir və təqdimetmə üsullarından danışmaq
olar.
– Yazılarınızın birində qeyd edibsiniz ki, ədəbiyyat
sahəsini seçməyinizdə böyük qardaşınız Akif İmanlı və onun dostu İsa
Həbibbəylinin xüsusi rolu olub. Necə düşünürsünüz, ədəbiyyat sizi seçib, ya siz
ədəbiyyatı?
–
Ədəbiyyatın məni seçməsindən danışmaq çox yekə səslənər, mübaliğəli olardı.
Yəqin ki, mənim ədəbiyyatı seçməyimdən danışmaq daha münasibdir. Görünür,
ürəkdə şeirə-sənətə az-çox həvəs varmış, bu həvəsin artıb arzu-istəyə
çevrilməsinə böyük qardaşım Akif İmanlı və onun dostu İsa Həbibbəyli əsaslı
təsir göstərib. Bu gün tanınmış akademik olan İsa Həbibbəyli, filologiya üzrə
elmlər doktoru olan Akif İmanlı o vaxt (1960-cı illərdə) tələbə idilər,
Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat
fakültəsində oxuyurdular. Qardaşım Akif İsa müəllimlə hərdən onların kəndinə
gedərdi, İsa müəllim də qardaşım Akiflə hərdən bizim kəndə gələrdi. İki tələbə
yoldaşı dildən-ədəbiyyatdan danışardı, mən də bir qıraqda durub hədsiz maraqla
onlara qulaq asardım. «Muğan poemasından İsa müəllimin necə həvəslə danışmağı
və böyük bir parçanı necə şövqlə əzbər deməyi indi də gözümün qabağındadır:
Boz dağların arasından axan Kür
«Yandım» deyən səhraları dolaşır.
Onun qəlbi qəlbim kimi döyünür,
Dağlar yarıb öz eşqinə yol açır…
Səhv
eləmirəmsə, o vaxt mən 6-cı sinifdə oxuyurdum. İsa müəllimin təsirilə «Muğam»
poemasını kənd kitabxanasından alıb oxudum və ilk dəfə İsa müəllimdən eşitdiyim
«Kür» adlı parçanı bütünlüklə əzbərlədim. Və bu parça 1972-ci ildə universitetdə
ədəbiyyatdan qəbul imtahanı verəndə mənim dadıma çatdı. İmtahan götürən müəllim
(rəhmətlik Yolçu Piriyev) Süleyman Rəhimovun romanlarından sual verib məni
əməlli-başlı çətinə saldı. İmtahana pis
hazırlaşmadığıma müəllimi tam inandırmaq üçün əlavə suallar verilməsini
xahiş etdim. Yolçu müəllim əlavə sual-cavabdan sonra: "Səməd Vurğundan şeir
deyə bilərsənmi?” dedi. Dərhal
«Muğan»dan "Kür” adlı parçanı əzbər dedim və yüksək qiymət məsələsi öz müsbət
həllini beləcə tapdı.
– Kamran Əliyev 60 illik yubileyinizə yazdığı təbrik
məqaləsində qeyd edir ki, Muxtar şair ola bilərdi, amma olmadı. Necə
bilirsiniz, «Əyilib bulaqdan ulduz içəndə» kimi misranın müəllifi şair ömrünü
yaşamağı bacarmadı, yoxsa bunu istəmədi?
–
Akademiyamızın müxbir üzvü, əməkdar elm xadimi, mənim qırx beş illik dostum
Kamran Əliyevin xatırlatdığı o misra universitetin birinci kursunda oxuyanda
yazdığım "Bir gecənin romantikası” adlı şeirdəndir. Həmin misranın yer aldığı
bənd belədir:
Bir gecəm qalıbdır illər köçündə –
Ulduz hıçqırtılı səması vardı.
Əyilib bulaqdan uluduz içəndə
Qəlbimin göylərlə təması vardı…
Bir
məclisdə bu şeiri oxumağım, Xəlil Rzanın bu şeiri necə hərarətlə qarşılayıb
tərifləməyi yaxşı yadımdadır: «Mən harda oluramsa, orda gündəliyim üçün qeydlər
aparıram. Bu məclisdə o qeydlərdən biri belə oldu: "Bu gecə Muxtar bəy bizim
hamımızı ötüb keçdi». Xəlil Rza şeirdəki ulduz içib göylərlə təmasda olmaq
məsələsi üzərində xüsusi dayandı, Nəsimini, Füzulini yada saldı. Müxtəlif ədəbi
dərnəklərdə şeirlərimin bu cür bəyənilməsindən, şeirlərimi müxtəlif məclislərdə
tələbə yoldaşlarımın əzbər deməsindən də xeyli misallar çəkə bilərəm. Amma belə
misallar heç də mənim şair olmağımdan xəbər vermir. Ondan xəbər verir ki, əksər
ədəbiyyatçılar kimi, mən də cavan vaxtlarımda ara-sıra şeir yazmışam…
Söhbətləşdi:
Fərid Hüseyn, Aysu Kərimova