• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Hamı düşündüyünü birbaşa dediyi üçün kökdən düşən janr

25.02.19 11:40 2719
Hamı düşündüyünü birbaşa dediyi üçün kökdən düşən janr
Epik növün ən qədim janrlarından biri - təmsil həcmcə kiçik olsa da, dərin məna ifadə etməsi ilə fərqlənib. İnsanlara xas nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirən təmsilin tənqidi və satirik məzmunda olması, əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıması bu janrın aktuallığını artırıb.
Xatırladaq ki, hələ qədimyunanədəbiyyatında mövcud olan təmsil17-18-ci əsrlərdə yüksək inkişaf səviyyəsinə çatıb. Qədim RomadaFadr (I əsr), Qədim Yunanıstanda Ezop(VI-V əsrdə) nəsrlə yazdığı təmsilləri ilə məşhur idi.HindistandaIII əsrə aid təmsillər toplusu "Pançatantra” məlumdur. Yeni eranın ən məşhur təmsil yazanlarından birifransızşairi Jan Lafonten(XVII əsr) olub.
Rusiyada təmsilin inkişafıXVIII əsrinsonu,XIXəsrin əvvəllərinə aiddir. Həmin dövrün ən məşhur təmsilçiləri A.P.Sumarokov, İ.İ.Xemnitser, A.E.İzmaylov, İ.İ.Dmitriyevdir.Rusiyaədəbiyyatında təmsil janrının kulminasiyasıİ.A.Krılovunyaradıcılığı hesab olunur. Onun əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə olunub.
Təəssüf ki, Azərbaycan ədəbiyyatında ilk nümunələrinə Nizami Gəncəvinin "Sirlər xəzinəsi” poemasında rast gəlinən, sonradan A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərin müraciət etdiyi janra bu gün diqqət azalıb. "Müzakirə”mizə qoşulan ədəbiyyat adamlarının təmsilin çağdaş durumu ilə bağlı maraqlı fikirləri var.

Aktuallıq qazana bilər
Professor Bədirxan Əhmədovun fikrincə, hər bir janr zamanından asılı olaraq bəzən önə çıxır, bəzən isə geri çəkilir. Bir çox janr və formalar isə öz ömrünü başa vurub sıradan çıxır: "Bu gün şairlərimizin müraciət etmədiyi təmsil satiraya daxildir. Satira isə bütün tarix boyu ədəbiyyatda gah irəli çıxmış, gah da geri çəkilmişdir. Bu, satiranın əsas xüsusiyyətlərindən biridir. Onun təzahürü daha çox cəmiyyətdə baş verən hadisələrdən, ictimai-siyasi proseslərdən asılı olur. Aristofandan başlayan satira müxtəlif formalarda (satirik şeir, komediya, sarkazm, pamflet, felyeton, parodiya və s.) təzahür edir. Bunlardan biri də təmsildir. Nə zaman ki, satira cəmiyyətdə önə çıxır, o zaman təmsil də boy göstərir. Qədim Romada Fadr (I əsr), Yunanıstanda Ezop (e.ə. VI-V əsr) nəsrlə yazdıqları təmsillərlə formanı inkişaf etdiriblər. Rus ədəbiyyatında Sumarakovla başlayan təmsil Xemnitser, İzmaylovla davam etmiş, nəhayət Krılovla ən yüksək zirvəsinə çatmışdır”.
Ədəbiyyatşünas alimin fikrincə, Azərbaycan ədəbiyyatında da təmsil Xaqani, Nizami, Bakıxanov, Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhətlə yeni mərhələsini yaşayıb. Belə ki, Azərbaycan ədəbiyyatında təmsil ən çox XIX əsrin sonu XX əsrin əvvəllərində yazılıb: "Diqqət edilərsə, bu dövr realizm dövrüdür, lakin sosrealizm dövründə təmsil geri çəkilir. Bir də 60-cı illərdə yenidən görünməyə başlayır. Məhz bu dövrdə sosrealizm kontekstində satiraya yaşıl işıq yandırılır. Rus ədəbiyyatında Sergey Mixalkov bu formanın ən tanınmış nümayəndəsi idi. Azərbaycan ədəbiyyatında isə H.Ziya təmsil janrını inkişaf etdirənlərdən olur. İ.Tapdıq, Mərkəz Qacar, Mikayıl Məxfi, Z.Xəlil, T.Mahmud, T.Elçin, İ.Etibar və başqaları son illərə qədər bu formada yazıb yaratmışlar”. Təmsilin bu gün nə üçün yazılmamasına gəlincə, B.Əhmədov bildirdi ki, burada məsələ bir qədər fərqlidir: "Yəni son illərdə satira, komizm geri çəkilmişdir. Baxmayaraq ki, son dövrlərə qədər bəzi təmsillər yazılırdı, sadəcə olaraq, təmsil janrını önə çıxaran şairlər yoxdur. Düşünürəm ki, təmsil ədəbi janr kimi heç zaman əhəmiyyətini itirməyəcək. İndiki dövr satira dövrü deyil, ancaq istənilən vaxt satira və təmsil aktuallıq qazana bilər. Necə ki, Sabirdən sonra satirik şeirin bir daha zamanı gəlməyəcəyini düşünürdük. Ancaq Baba Pünhanla satirik şeir özünün yeni mərhələsini yaşadı. Təmsilin oxucusunu itirməsi ilə də razılaşmaq olmaz. Yaxşı bir təmsil yazan ortaya çıxarsa, bu forma yenidən böyük oxucu kütləsi toplaya bilər. Təmsil bir forma kimi yığcam olur, az sözlə bir çox mətləbləri ifadə etmək mümkün olur. Hətta hər hansı bir məqalədə, irihəcmli bədii əsərdə deyilə bilməyən ictimai-siyasi prosesləri belə, təmsildə ifadə etmək olar. Bu cəhətdən demək olmaz ki, təmsil bir forma kimi əhəmiyyətini itirib. Bir istedadlı şairin gəlişilə bu forma yenidən aktuallıq qazana bilər”.
B.Əhmədovun fikrincə, çox zaman oxucuya nəyi təqdim edirsən, onu da qəbul edir: "İnanıram ki, yeni bədii təsvir və ifadə vasitələri, poetik zənginliklə, günümüzdə baş verən hadisələri ezop dili, təmsil formasında ifadə, dərhal geniş oxucu kütləsi toplaya bilər”.

Uşaqlar üçün maraq kəsb edəcək səviyyə
"Təmsil janrının bu gün yoxa çıxmasından danışmaq haqsızlıq olardı” deyən tənqidçi Elnarə Akimova hesab edir ki, sadəcə əvvəlki dövrə nisbətən janra maraq azalıb: "Məsələn, əvvəllər Hikmət Ziya, Xanımana Əlibəylinin yaradıcılığında təmsillərlə çıxış etmək sistemli xarakter daşıyırdı. Buna görə, bu istiqamətdə yazan imzalar kimi tanınır, etiraf edilirdilər. Bu gün də təmsillərə rast gəlinir: bir qədər əvvəl Mərkəz Qacarın maraqlı təmsillərinioxumuşdum, hazırda Rafiq Yusifoğlunun, Zahid Xəlilin, Sevinc Nuruqızının, İnqilab İsaqın, Qəşəm İsabəylinin və başqalarının yaradıcılığında janrın işləkliyini görmək olur. Amma niyə əvvəlki dövrlərə nisbətən maraq azalıb? Çünki təmsil janrı özündə satira və tənqidi pafosu ehtiva edir. Müəllifin demək istədikləri ezop dili, simvollar vasitəsilə bitki, heyvanlar üzərinə köçürülür. Bu gün, bu baxımdan, azad düşüncənin önə keçdiyi zaman kəsimidir. Hamıistədiyini birbaşa yazır və deyir.Yazıçının sətiraltı nəyəsə eyham vurmasına ehtiyac qalmır. Odur ki, çağdaş dövrümüzdə təmsil janrı ancaq uşaqlar üçün maraq kəsb edəcək səviyyəyə keçib”.
Tənqidçinin fikrincə, əslində, təmsili bütün dövrlərdəuşaqlar üçün daha lazımlı bilmişik: "Bu, bəlkə də janrın təbiətindəki tərbiyəedicilik, əxlaqi dəyərlər formalaşdırmaq funksiyasından irəli gəlib. İstisna kimi, yəni həm böyüklər, həm də kiçiklərə uyğunluq baxımından, Elçinin son dövr nağıllar adı altında təqdim etdiyi hekayələri nümunə gətirə bilərəm. Həmin mətnlərdə predmet, təsvir ünvanı nəbatat, heyvanat aləmi - ağac, kol, quş və s. olsa da, təhkiyənin arxasında həyatın özü, duyğular aləmi, insan görünür. Yazıçı günü-gündən ucuzlaşan, dəyərini itirən bu dünyada sevgi mövzusunu daha fərqli düşüncə sferasında təqdim edir, insana dair ali hisslər ağaclar, quşlar üzərinə köçürülməklə, orijinal bədii interpretasiyada təqdim olunur”.

Zaman üçün xarakterik deyil
Yazıçı Şərif Ağayarın fikrincə, hər dövrün xarakterindən irəli gələn janrlar formalaşır. Bu gün təmsil zaman üçün xarakterik deyil: "O cür satirik dillə üstüörtülü nəsihətlər vermək oxucuya maraqlı gəlmir. Hətta bir az sadəlövhlük kimi görünür. Düşünürəm ki, təmsil zamanını keçirib. Lakin nə vaxtsa yeni alleqorik fəndlər meydana gələ və təmsilvari əsərlər yarana bilər. Misal üçün, Corc Oruelin "Heyvanıstan” romanı, yaxud bizim Tofiq Tağızadənin "Köpək” filmi kimi. Sənətin dəyişməyən yeganə qaydası sənətkarlıqdır. Zamanın tələblərinə uyğun sənətkarlıq varsa, köhnə heç nə yoxdur”.

Görünür sosial sifariş yoxdur
Yazıçı Orxan Fikrətoğlu hesab edir ki, şairlərin bu janrda yazması üçün istedadları çatmır: "Mən jurnalistikadan dərs deyəndə karikaturanın artıq Azərbaycan mediasından çıxmasına çox təəssüfləndiyimi bildirirdim. O cümlədən, təmsil janrının ədəbiyyatdan uzaq düşməsinə də eynilə təəssüflənirəm. Krılovdan üzü bəri Seyid Əzim Şirvani, Qasım bəy Zakirin gözəl təmsilləri var. Təmsil Azərbaycan düşüncəsində oturuşmuş bir janr idi. O cümlədən, Hikmət Ziya, Fikrət Sadıq gözəl təmsillər yazıb. Təəssüf ki, artıq bu janrda yazılmır». Yazıçı hesab edir ki, oxucu zövqü və ədəbi fazası, intellekti o qədər daralıb ki, onlara təqdim olunan ancaq tərcümədir: "İndi dəyəri olmayan ədəbiyyat zövqsüzlüyü elə formalaşdırıb ki, bəlkə də heç oxucuya təmsil artıq maraqlı deyil. Yəni sifariş də yoxdur. Təbii ki, ədəbiyyat sifarişli olmamalıdır. Amma sosial sifariş olmadan heç nə gündəmə gəlmir. Krılov rus gerçəkliyində təmsili model olaraq ortaya qoyanda cəmiyyət tərəfindən sosial sifariş var idi. Görünür, bu gün sosial sifariº yoxdur. Çünki artıq ədəbiyyat o qədər alleqarik reallıqdadır ki, istedadsız insanlar yazıçı kimi qəbul olunur. İstedadlı yazıçılar ümumiyyətlə, anlaşılmır və ədəbiyyatçı sayılmır. Meyarlar itdiyi üçün təmsil də gündəmdə deyil”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər