Halal turizm modeli – bu sahənin inkişafında yeni addım
Ölkəmizdə multikultural dəyərləri
özündə ehtiva edən halal turizm modeli yaradılması turizmin inkişafında yeni
səhifə açmağa hesablanıb. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı
turistlərin gəldiyi nəzərə alınaraq, eləcə də may ayında "Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları əvvəli halal turizmlə bağlı beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi istiqamətində atılan bu addımla yeni modelin tətbiqinə
imkanlar açılıb.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini
icra edən Namiq Tağıyev mətbuata açılamasında bildirib
ki, "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar”
standartı halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən
mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana
tipli obyektlər üçün "Halal idarəetmə sistemi”ni əhatə edir. Standartlarda
müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun
olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün
tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda
alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında
hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir.
Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir.
Ölkəmizə daha çox İran və ərəb
ölkələrindən turistlərin gəldiyini nəzərə alsaq, halal turizm modelinin
yaradılması qaçılmazdır. Ekspertlər də turizmin bu növünün yaradılmasını
təqdirəlayiq hesab edirlər.
25
faiz artım
Bizdə halal turizm məsələsinin ilyarımdır ki,
gündəmdə olduğunu bildirən Turizm və
Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov bununla bağlı müəyyən
təkliflərin də yarandığını deyir. Belə ki, standartların hazırlanması bu
istiqamətdə atılan mühüm addımdır: "Bu cür innovativ yanaşmalar turizm sektorunda
həmişə mövcudddur və bu gün də çox aktualdır. Bu baxımdan, halal turizm
modelinin yaranması zərurətdir. Xüsusilə Azərbaycanın turizm bazarına İslam
ölkələrindən, ərəb ölkələrindən və İrandan çoxlu sayda turistlərin daxil
olduğunu, İslam Oyunları ərəfəsində olduğumuzu, ölkəmizdə "İslam Həmrəyliyi İli”nin
qeyd olunduğunu nəzərə alsaq, bu, zamanında atılan bir addımdır. Azərbaycanda
böyük bir turizm potensialı var, həm yerli əhali, həm də xaricdən gələn
qonaqlar ölkəmizin dini abidələrini – həm İslamaqədərki, həm də İslam dövrünü
özündə əks etdirən abidələri ziyarət edir, öz inanclarını ifadə edirlər. Bu
mənada, halal turizm məhsullarının yaradılması çox aktualdır. Bu gün dünyada
turizm seqmentində çox vacib rolu halal turizm konsepsiyasından faydalanan turistlər
tutur. Azərbaycan da turizm məhsullarını maksimum dərəcədə çeşidləndirməyə
çalışır. Həm məzmun, həm də formaca müxtəlif çeşidli – əhaliyə, yaşa, fərdlərə
xitab etməklə rəngarəng bir forma yaratmaq üçün halal turizm modeli bizim üçün
maraqlıdır. Sevinirəm ki, müvafiq dövlət orqanları da bu işə öz dəstəklərini
verirlər”.
E.Alanov hesab edir ki, otellərin hamısında olmasa
da, restoranların bir qismində turizm məhsulları öz konsepsiyasına görə çeşidlənə
bilər: "Biz ənənəvi müsəlman ölkəsiyik. Bu, bizim üçün maraqlı bir xətdir.
Xüsusən o mənada ki, Şərq ölkələrindən – İslam dinli əhalinin çox yaşadığı
yerlərdən turist cəlb edən bir ölkə kimi bu model vacibdir”. E.Aslanov halal
turizm modelinin yaradılması ilə ölkəmizə turist axınının kütləviləşəcəyi
fikrini tam təsdiq etməsə də, ölkəmizin turizm məkanı kimi cəlbediciliyinin
ildən-ilə artdığını istisna etmir: «İldən-ilə ölkəmizə daha çox turist gəlməyə
başlayır. Biz bunu son 2-3 ilin statistikasında görürük. Keçən ilin birinci
rübü ilə bu ilin birinci rübünü müqayisə edəndə, 25 faiz artım böyük bir nailiyyətdir.
Ərəb ölkələrindən, İrandan - bizim ənənəvi turist cəlb edə biləcəyimiz ölkələrdən
olan turistlər Azərbaycanın müasir, tolerant bir İslam ölkəsi olduğunu görməklə
bərabər, həmçinin öz yaşam tərzləri qismində halal yaşam konsepsiyasına
əsaslanırlar. Biz istəməzdik ki, halal turizm məhsullarına həvəs göstərən
turistlər ölkəmizə gəlməsinlər. Ona görə də bu turist qrupuna da xitab etmək və
onları məmnun etmək üçün bu konteksdən yanaşmaq çox vacibdir. Hazırda əsas
turist ölkələri – Qərb ölkələri, qonşu Türkiyə kimi ölkələr halal turizm
məhsullarını sürətlə genişləndirməyə çalışırlar ki, Ərəb yarımadasından,
Afrikanın şimalından, Uzaq Şərqi Asiyanın müsəlman ölkələrindən turist cəlb edə
bilsinlər. Yəni bazar bu istiqamətdə genişləndiyindən, həmin ölkələr bu addımı
atırlar”.
Hər zövqə uyğun
marşrut
AzərbaycanTurizm Assosiasiyasısədrinin müşaviriMüzəffər Ağakərimov halal turizm
modelinin yaradılmasının İslam Oyunlarında iştirak edəcək qonaqlar üçün müsbət
şərait yaradacağı fikrindədir. Bununla bərabər, bu addım gələcəkdə İslam
ölkələrindən Azərbaycana gələcək turistlərin sayının artırılmasına səbəb ola
bilər. Ekspert bildirir ki, halal turizm üçün İslam qaydaları ilə restoranlarda
qida təqdim olunması, mehmanxanalarda namaz otağı və İslam qaydalarına uyğun
digər şəraitin yaradılması mühüm amildir. Bu baxımdan, Standartlaşdırma İnstitutu,
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası bu sahədə də mühüm
işlər görüb: "Ekspertlər də halal standartların İslam ölkələrindən gələn
turistlərə təqdim olunması üçün bütün şəraitin yaradılmasına təminat verir. Bu
model, heç şübhəsiz, İslam ölkələrindən gələn turistlərin sayının artımında
müsbət rol oynaya bilər. Biz modeli təkmilləşdirmək üçün dünya ölkələrinin
təcrübəsindən istifadə etməliyik. Həm də öz təkliflərimizi və layihələrimizi
verməliyik. Azərbaycan tolerant ölkə olmaqla bərabər, həmçinin müsəlman
ölkəsidir. İslam Həmrəyliyi Oyunları da bu modelin yaradılmasına təkan verib.
Bu baxımdan, belə bir modelin yaradılması ümumilikdə turizmin inkişafı üçün
müsbət haldır”.
Ekspertin fikrincə, ölkəmizdə keçirilən şoppinq
festivalı kimi tədbirlər də turizmin inkişafı istiqamətində atılan mühüm
addımdır: "Turizmin inkişafı üçün hansı addım xeyirdirsə və kütləvi turizm üçün
şərait yaradırsa, həmin layihələrin dəstəklənməsi müsbət haldır. Halal turizm
modeli də turizmin bir növüdür ki, müəyyən ölkələri cəlb edə bilər. Yüksək
səviyyəli peşəkarlar hansı ölkədən turistlər qəbul edilirsə, o ölkənin
əhalisinin istək və arzularını, niyyətlərini nəzərə alaraq ona uyğun marşrutlar
təklif etməlidirlər. Hər bir ölkədən gələn turistlər eyni səviyyəli olmur.
Məsələn, Pribaltika ölkələrindən gələn turistlər bizim mədəniyyətimizə və
tariximizə daha çox önəm verir və ekskursiyalarda iştirak edirlər. Digər
ölkələrdən gələn qonaqlar milli mətbəximizə və koloritimizə, adət-ənənələrimizə,
sənət nümunələrimizə daha çox diqqət yetirirlər. Onlar ölkəmizdən gedəndə
sənətkarlarımızın hazırladığı suvenirləri almağa üstünlük verirlər. Ona görə
turistləri daha çox cəlb etmək üçün hər bir ölkənin mentalitetini və
psixologiyasını nəzərə alıb onlar üçün marşrutlar və proqramlar təşkil etmək
lazımdır. Turizm şirkətləri bu məqamlara diqqət verib qastronomik, şərab
turizmi, çimərlik turizmi və s. üzrə proqramlar təşkil etməlidirlər”.
M.Ağakərimovun fikrincə, halal standartların tətbiqi
həm İslam Həmrəyliyi Oyunları zamanı özünü göstərəcək, həm də ölkəmizə digər ölkələrdən
gəlmək istəyən turistlərin maraqlarını təmin edəcək: "O cümlədən ölkəmizə ilk
dəfə gələn turistlər hər bir turistin zövqünə uyğun turizm növünün təşkil
olunduğunu görəcəklər. Biz həm Qərb, həm də Şərqdən gələn insanların arzularına
uyğun marşrutlar təklif etmək iqtidarındayıq”.
Ekspertlər, həmçinin bildirirlər ki, halal turizmin
yaradılması ümumi turizm sektorunda irəliyə atılmış addım olsa da, xidmət
sferasının təkmilləşməsi də qarşıda duran prioritetlərdəndir. O mənada ki,
xidmət mədəniyyəti də inkişafa dəstək olmalıdır.
Təranə Məhərrəmova