• çərşənbə axşamı, 19 mart, 06:58
  • Baku Bakı 8°C

Halal mülkiyyətinə həsrət qalanlar - Fotolar

02.07.19 17:39 18231
Halal mülkiyyətinə həsrət qalanlar - Fotolar
Qaçqın və məcburi köçkün problemi bu gün müasir dünyanı narahat edən əsas məsələlərdən biridir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı məlumata görə, son 20 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 70,8 milyon nəfərə çatıb. Cəmi bir il ərzində dünya üzrə qaçqınların sayı 2,3 milyon nəfər artıb. Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti, Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal etməsi səbəbindən Azərbaycanda da 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var. Həmin məcburi köçkünlərin mənzil probleminin həlli məqsədilə indiyə qədər Azərbaycanın müxtəlif bölgələrində 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, həmçinin paytaxt Bakı və ətraf ərazilərdə yeni yaşayış binaları inşa edilib, 250 mindən artıq köçkün yeni mənzillə təmin olunub. Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər bu məsələ ilə bağlı 60-a yaxın fərman və sərəncam imzalanıb.


Bütün bunlara rəğmən, hələ də mənzillə təmin olunmayan məcburi köçkün ailələri var. Təbii ki, onların hamısı bir sıra fundamental hüquqlardan, o cümlədən mülkiyyət hüququndan məhrum olublar. Yəni, vaxtilə yaşadıqları torpaq, ərazi, ev işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt olunub. Qaçqın və məcburi köçkünə çevrilən həmin azərbaycanlılar Azərbaycanın 62 şəhər və rayonunda məskunlaşıblar.
Təəssüflə qeyd edilməlidir ki, bəzi hallarda bu məskunlaşma bir azərbaycanlı tərəfindən digər azərbaycanlının mülkiyyət hüququnun pozulması ilə müşayiət olunub. Keçmiş hərbçi, ehtiyatda olan kapitan Rafail Abdulla oğlu Abdullayevdə belə hüquq pozuntusu ilə üzləşən vətəndaşlarımızdan biridir. O, Bakı şəhəri Xətai rayonu Naximov küçəsi ev 6B mənzil 25 ünvanında daimi qeydiyyatdadır. Sözügedən ünvandakı mənzilin qanuni sahibi – mülkiyyətçisidir. Lakin indiyə qədər mülkiyyətində olan mənzilə köçə, oranın əsl sahibi ola bilmir. Bunun da başlıca səbəbi həmin mənzilin Laçından olan məcburi köçkün Yəhya Əmralıyevin ailəsi tərəfindən zəbt edilməsi, indiyə qədər də boşaldılmamasıdır.

R.Abdullayev bununla bağlı qəzetimizə müraciətində bildirib ki, o, 1981-ci ildən Bakı şəhərində yaşayıb, kommunal təsərrüfat birliyində əmək fəaliyyəti ilə məşğul olub. 1983-1985-ci illərdə əvvəlcə Ukraynada, ardınca Çexoslavakiyada həqiqi hərbi xidmətdə olub. 1985-1989-cu illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində fiziki tərbiyə - bədən tərbiyəsi müəllimi ixtisası üzrə ali təhsil alıb. 1989-1992-ci illərdə 14 nömrəli Texniki Peşə Məktəbində ixtisası üzrə müəllim işləyib. R.Abdullayev 1992-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna leytenant rütbəsində hərbi rəhbər təyin olunub. Qısa müddət sonra ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvanski adına hərbi məktəbdə taqım komandiri təyin olunub.

Müsahibimiz Naxçıvanski adına hərbi məktəbdə xidmətə cəlb olunduğu tarixdən etibarən Müdafiə Nazirliyində mənzil növbəsinə dayanıb və 1994-cü ilin oktyabr ayında ona Bakı şəhəri Xətai rayonu Naximov küçəsi ev 6B mənzil 25-in orderi təqdim olunub. İkiotaqlı mənzil almasının sevincini yaşayan R.Abdullayev qanuni mülkiyyətinə baş çəkən zaman evin məcburi köçkün ailəsi tərəfindən zəbt olunduğunu görüb. O, bununla əlaqədar Hərbi Prokurorluğa rəsmi müraciət edib. Prokurorluq evin boşaldılmasına dair qərar çıxarıb və hərbi qulluqçunun mülkiyyət hüququnun təmin edilməsi üçün qərarı Xətai Rayon Məhkəməsinə göndərib. Lakin sözügedən qərar icra olunmayıb.
Nəticədə hərbi qulluqçu, ehtiyatda olan kapitanın mülkiyyət hüququ pozulub və o, 4 nəfərlik ailəsi ilə birlikdə indiyə qədər kirayələrdə yaşamağa məhkum edilib. Ötən illər ərzində Laçından olan məcburi köçkün Yahya Əmralıyev vəfat edib, onun övladlarının hər biri həddi-buluğa çataraq ayrılıb, özlərinə ayrı-ayrı ünvanlarda ev alıb, mənzil sahibi olublar. R.Abdullayevə məxsus Xətai rayonu Naximov küçəsi ev 6B mənzil 25-də hal-hazırda Laçından olan məcburi köçkün Y.Əmralıyevin həyat yoldaşı və boşanmış qızı yaşayır. Həmin şəxslər mənzilin hüquqi sahibinə açıq-aşkar bildiriblər ki, Laçın rayonu işğaldan azad edilməyincə yaşadıqları mənzili tərk etməyəcəklər.


Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqları işğala məruz qaldığı bir zamanda R.Abdullayev yüzlərlə gəncin peşəkar hərbçi kimi yetişməsinə töhfə verib. O, 1992-2004-ci illər ərzində zabit rütbəsində qüsursuz xidmət edib. Buna görə R.Abdullayev Müdafiə Nazirliyi tərəfindən "Qüsursuz xidmətə görə” III dərəcəli medalına, Silahlı Qüvvələrin 10 və 90 illiyi medallarına, çoxsaylı fəxri fərmanlara layiq görülüb. Belə bir nümunəvi həyat yaşamış, enerjisini, bilik və bacarığını peşəkar hərbçilərin hazırlanmasına həsr etmiş, son nəticədə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xidmət etmiş hərbçinin – ehtiyatda olan kapitanın mülkiyyət hüququ indiyə qədər təmin edilməyib. Belə bir situasiyada haqlı suallar yaranır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkünə çevrilən və bundan irəli gələrək ayrı-ayrı vətəndaşların qanuni mülkiyyətini – mənzilini zəbt edən məcburi köçkünlər həmin yaşayış sahəsini nə zaman tərk edəcəklər? R.Abdullayevin mülkiyyət hüququ nə zaman təmin olunacaq?


Bu suallara cavab tapmaq üçün ilk növbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevsorğumuza cavab olaraq, təmsil olunduğu qurumun rəhbərinin bir neçə gün bundan öncə mediaya verdiyi müsahibəni xatırlatdı. Bildirdi ki, mülkiyyət hüququ pozulan, ona aid mənzildə məcburi köçkün məskunlaşan vətəndaş ilk növbədə ərizə ilə komitəyə müraciət etməlidir. Həmin ərizə əsasında dövlət qurumunda müvafiq sənədləşmə, qeydiyyat işləri aparılacaq. Komitə sədrinin müsahibəsində səsləndirdiyi fikirlərə istinad edən İ.Mirzəyev onu da vurğuladı ki, bu məsələ ilə bağlı indiyə qədər araşdırma aparılıb və say təxminən bəllidir, hətta bu barədə məhkəmə qərarları da var. Onun sözlərinə görə, başqasının mənzilində məskunlaşmış məcburi köçkünlərlə bağlı gələcəkdə konkret işlər görüləcək, onlar da gələcəkdə yeni mənzillərə köçürüləcəklər.

Dövlət Komitəsinin açıqlamasından da bəlli olur ki, başqasının evini zəbt edən məcburi köçkünlərin alternativ yaşayış yeri ilə təmin olunması, zəbt olunan mənzillərin boşaldılması, R.Abdullayev kimi mülkiyyət hüququ pozulan vətəndaşların hüquqlarının qorunması istiqamətində konkret nə vaxt addımlar atılacağı bilinmir. Bu səbəbdən mövzu barədə tanınmış vəkillərin də mövqeyini öyrənmək qərarına gəldik. Onlara belə bir sualla müraciət etdik: Mülkiyyət hüququ pozulmuş R.Abdullayev və onun kimi digər vətəndaşlarımız hazırkı durumda nə etməli, hansı hüquqi addımlar atmalıdırlar?

Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Akif Əlizadə sorğumuza cavab olaraq bildirdi ki, bir çox ölkələrdə bu cür problemlər var və onun nə zaman həllini tapacağı qeyri-müəyyəndir. Vəkil dedi ki, Avropa Məhkəməsinin qərarları əsasında az da olsa bəzi mənzil mülkiyyətçiləri əmlaklarına sahib ola biliblər: "Hesab edirəm ki, bu iş hökumət səviyyəsində və təxirə salınmadan həll edilməli, illərlə öz mənzillərində yaşaya bilməyən vətəndaşların mülkiyyət hüquqları bərpa edilməlidir. Çünki 30 il az vaxt deyil. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi sadə vətəndaşların üzərinə qoyulmamalıdır. Rafail Abdullayev və onun kimi vətəndaşların vəziyyətinə gəlincə, həmin vətəndaşlar əvvəlcə mənzilin yerləşdiyi rayon məhkəməsində mənzildən çıxarılma tələbi ilə bağlı iddia qaldırmalıdırlar. Bu iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minəndən sonra onun icrasına nail olunmalı, əgər icra mümkün olmadıqda, tez bir vaxtda Avropa Məhkəməsinə müraciət edərək məhkəmə qərarının icra edilməməsindən şikayət etməlidirlər. Ağdamdan olan bir nəfər məcburi köçkünün zəbt etdiyi mənzili 3 il bundan öncə Avropa Məhkəməsinin qərarı ilə boşaltdırmışıq. Hazırda da mənim icraatımda iki belə iş var və qərar icra edilmir. Mənim icraatımda olan belə işlə bağlı mülkiyyətçilər son 2 ildə 5 dəfə "Qaçqınkom"a şikayət göndəriblər ki, kömək edin mənzilimi boşaltsınlar. Təəssüf ki, Dövlət Komitəsi heç bir məktuba reaksiya verməyib”.

Hüquqşünas Sahib Məmmədov da qəzetimizə açıqlamasında bildirdi ki, 90-cı illərin əvvəllərində bəzi məcburi köçkünlər tərəfindən başqasının mənzilinin zəbt edilməsi halları olub və belə hallarda mənzili zəbt olunan, mülkiyyət hüququ pozulan vətəndaş ilk növbədə həmin mənzili öz adına özəlləşdirməlidir: "Beləliklə, həmin vətəndaş faktiki olaraq mənzilin tam hüquqlu sahibinə çevrilir. Rafail Abdulla oğlu Abdullayev də order əsasında qeyd olunan mənzilin sahibidir. Lakin o, sözügedən mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmayıb. Vətəndaş ilk növbədə bu qeydiyyatın həyata keçirilməsinə çalışmalıdır. Yəni, order əsasında ona verilmiş mənzili öz adına özəlləşdirməlidir. Reyestr Xidməti hər hansı halı, tutalım ki, mənzili zəbt etmiş məcburi köçkünün Xidmət əməkdaşları tərəfindən mənzilə baxış keçirməsinə icazə verməməsini əsas gətirib özəlləşdirmə prosesini həyata keçirməkdən imtina edə bilməz. Reyestr Xidməti mütləq əmlakı reyestrə daxil etməlidir. Əgər bu baş verməyibsə, imtina məktubu əsasında bununla əlaqədar da məhkəməyə müraciət edilməli, Reyestr Xidmətini Məhkəməyə verməlidir. Mənzil Reyestr Xidmətində Rafail Abdullayevin adına qeydiyyata alındıqdan sonra vətəndaş təkrar məhkəməyə müraciət edərək, sözügedən mənzilin boşaldılmasına dair qərar çıxarılmasına nail olmalıdır. Əgər vətəndaş birinci məhkəmə instansiyasında, ardınca Apellyasiya, Ali, Konstitusiya Məhkəmələrində mülkiyyət hüququnu təmin edə bilmirsə, o zaman Avropa İnsan Hüquqları Məhkəməsinə qədər mübarizəsini davam etdirməlidir”.

S.Məmmədov onu da əlavə etdi ki, mənzilin boşaldılmasına dair Məhkəmənin qüvvəyə minmiş qərarı olduqda,dərhal Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi həmin məhkəmə qərarını icra etməli, mənzilin boşaldılmasını təmin etməlidir. Hüquqşünasın fikrincə, əks halda bu, ölkə Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə zidd olacaq: "Çünki, mülkiyyət hüququ toxunulmazdır, qanunvericilikdə nəzərdə tutulmuş zəruri hal istisna olmaqla, heç bir halda bu hüququn məhdudlaşdırılmasına yol verilmir. Kimlərinsə, o cümlədən qaçqın və ya məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili tutması qanunvericilikdə nəzərdə tutulmuş zəruri hal deyil. Dövlət qaçqın və məcburi köçkünün mənzil problemini həll etmək öhdəliyini heç bir halda hansısa vətəndaşın, mülkiyyətçinin hesabına yerinə yetirməli deyil. Dövlət – indiki halda dövləti təmsil edən müvafiq rəsmi qurum ya zəbt olunmuş mənzili onun əsl sahibindən real bazar qiymətinə almalı və orada məskunlaşana bağışlamalı, ya da mülkiyyətçiyə yeni mənzil verməli, yaxud məcburi köçkün ailəsinə sözügedən mənzildən çıxarıb başqa yerdə yerləşdirməli idi. Bunun alternativi yoxdur”.

Rufik İSMAYILOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim olunur

banner

Oxşar Xəbərlər