• şənbə, 20 Aprel, 06:35
  • Baku Bakı 14°C

“Hakimiyyətlə dava etdikləri yerdə dövlətə vurduqları ziyanı düşünmürlər”

11.07.14 09:50 1417
“Hakimiyyətlə dava etdikləri yerdə dövlətə vurduqları ziyanı düşünmürlər”
Sabirabada baş verən məlum “saqqal hadisəsi” ekstremal şəraitdə medianın necə davranmalı olması mövzusunda bir mesaj idi. Bəzi media quruluşları bu xəbəri tələm-tələsik yaymaqla operativlik nümayiş etdirdiklərini düşünsələr də, sonradan səhvlərini anlamağa başladılar. Amma “Azadlıq” qəzeti kimi bəzi media qurumları hələ də bu məsələnin nə qədər həssas olduğunu qulaqardına vuraraq baş vermiş olaydan hətta siyasi məqsədlər üçün istifadə etməyə davam edirlər. Bununla da onlar sistemli şəkildə dini radikalizmin təbliğini aparır, mətbuatın maarifləndirmə funksiyasını bir kənara qoyaraq açıq şəkildə siyasi ədavəti, dini radikalizmi qızışdırır, dövlət maraqlarını arxa plana keçirib insanları qıcıqlandıracaq yazılar dərc edir, antiAzərbaycan maraqlara xidmət edirlər.
Media qurumlarının bu cür davranışına münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hal-hazırda dünyada münaqişələrin, insidentlərin, siyasi toqquşmaların ən gərgin anlarının yaşandığını xatırladaraq, bu vəziyyətin Azərbaycanın yerləşdiyi regionda da müşayiət olunduğunu vurğulayıb. Media ekspertinin fikrincə, indiki halda bütün vətəndaşların, eləcə də media işçilərinin vəzifəsi və borcu budur ki, həssas məqamlarda ehtiyatlı, dözümlü davransınlar: “Azərbaycan baş verən hadisələrin qaynar nöqtəsində, mərkəzində olmasına baxmayaraq, ölkədə sabitlik, stabillik təmin olunub, dövlətimizin müstəqilliyi, əhalinin firavanlığı qorunub saxlanılıb. Region miqyasında ölkələrə nəzər salsaq görərik ki, çox az ölkələr buna nail olub. Ona görə də nəinki media işçilərinin, eləcə də bütün vətəndaşların vəzifəsi və borcudur ki, həssas məqamlarda ehtiyatlı, dözümlü davranaq. Hadisələrə idrakla yanaşmağı bacarmalıyıq ki, yaranmış bu çaxnaşmaların tərkibindən sağlam və bütöv formada, ziyansız çıxa bilək. Onsuz da Azərbaycan özündən asılı olmayan səbəblər üzündən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub. Əgər bunun üzərinə başqa münaqişələr də gəlsə, ölkəmiz üçün ciddi problemlər yarana bilər”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bəzi media qurumlarının sərgilədiyi mövqeyin nə dövlətçilik maraqlarını düşünən insanların əxlaqına, nə də jurnalistikanın prinsiplərinə uyğun gəlmədiyini söyləyib. Baş redaktorun fikrincə, Azərbaycanda elə media qurumları var ki, onlar üçün mətbuatın təməl prinsipləri, milli-mənəvi dəyərlər, əxlaq, cəmiyyətin maraqları önəm kəsb eləmir: “Belə media qurumları konkret şəxsin, yaxud şəxslərin siyasi maraqlarından çıxış edərək ölkədə və dünyada baş verən hadisələrə qiymət verirlər. İstər Sabirabadda baş verən olayı, istərsə də bundan öncə bu və ya digər şəkildə ölkəmizdə dini təfriqə salmaq istəyən qüvvələrin səsləndirdiyi fikirləri həmin mətbuat orqanları Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verməyə çalışırlar. Bu ətrafda müxtəlif formada yazılar yazılır. Şübhəsiz ki, ilk öncə bu, “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinin pozulması, aparılan təbliğat isə ümumiyyətlə qanunvericiliyin pozulmasıdır. Lakin bunu edən insanlara qarşı hər hansı inzibati tədbir görüləndə o zaman həmin insanlar baş verənləri mətbuata, söz azadlığına basqı kimi qiymətləndirirlər. “Azadlıq” qəzetinin arxasında dayanan, himayə eləyən qüvvə heç zaman Azərbaycan dövlətinə, xalqına bağlı olmayıb. Həmin qüvvə dəfələrlə müxtəlif müstəvidə hadisələrə yanaşıb və qəzetin səhifələrində də özünü büruzə verib. Bir müddət öncə İrana münasibətdə səsləndirdiyi fikirlər, İranın mövcud dini-ideoloji sisteminin təqdir edilməsi, yaxud öz maraqlarına uyğun gəldiyi şəkildə Türkiyədəki dini proseslərin dəstəklənməsi, maraqlara uyğun gəlməyəndə isə onun tamamilə əleyhinə çıxışlar etməsi bizə məlumdur. Kobud səslənsə də bu, nə sağlam vətəndaş münasibətindən, nə də normal media təmsilçisi münasibətindən xəbər vermir. Məncə bu, simasızlığın bir nümunəsidir. Təəssüflər olsun ki, bu insanlar üçün dəyər anlayışı yoxdur”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Qərb mətbuatından, o cümlədən ABŞ və Avropa mediasında bu kimi məsələlərə yanaşmada Azərbaycandakı kimi bərbad mənzərənin müşahidə edilmədiyini bildirib. Qeyd edib ki, ABŞ və onunla NATO-da bir ittifaqda olan ölkələrin aparıcı mediası istər İraqa hücum zamanı, istərsə də Liviyaya hücum zamanı yalnız dövlətin yürütdüyü xəttin, siyasətin arxasınca gediblər. A.Həsrətin sözlərinə görə, Qərb mətbuatı özünü müstəqil, azad elan etməsinə rəğmən, heç vaxt bağlı olduqları dövlətin siyasi xəttinə zidd addım atmayıblar. İraqda “İŞİD” adı altında fəaliyyət göstərən terrorçu təşkilatla bağlı xəbərlərin Azərbaycanda tirajlanmasına toxunan ekspert bildirib ki, bu, kifayət qədər ciddi, narahatlıq doğuran məsələdir: “Mən dəfələrlə, istər din, istərsə də Azərbaycan və Ermənistan arasındakı münasibətlər üzərindən sensasiya xətrinə xəbərlərin yayılması yönündə öz həmkarlarıma iradlarımı bildirmişəm. Yəni, bu, yalnız İslam dini, dini terrorizmlə əlaqəli deyil. Təəssüf ki, adıçəkilən və çəkilməyən media qurumları həm də Ermənistan təbliğat maşınının xəbərlərini də ağına-bozuna baxmadan, nöqtə-vergülünə toxunmadan, real həqiqət kimi gen-bol yayırlar. Bu da ondan irəli gəlir ki, həmin media qurumlarında çalışan adamlar Azərbaycan hakimiyyəti ilə dava etdikləri yerdə Azərbaycan dövlətinə vurduqları ziyanı düşünmürlər. Bəlkə də düşünürlər, lakin dava-dalaş onların gözünü o qədər örtüb ki, Azərbaycan dövlətinə zərər gələcəyini bilə-bilə hərəkətlərini davam etdirirlər. Belələri düşməndən daha çox Azərbaycana zərər vurmaqla məşğuldurlar”.
Sabirabadda dini inanclı birisinin zorən saqqalının qırxılması olayından söhbət açan A.Həsrət deyib ki, bu olayın da böyük ajiotaja səbəb olması bir qədər əvvəl qeyd olunan məqamlardan qaynaqlanır: “Görünür bəzi adamlar Azərbaycanda ortalığın qarışmasının tərəfdarıdırlar. Bunun üçün də əllərindəki imkandan, mediadan istifadə edirlər. Fikrimcə, Azərbaycan dövləti bu cür adamları, media qurumlarını təqib etməli, onların fəaliyyətini yaxından izləməlidirlər. Onların nə məqsədlə kimlərə xidmət etdiyi ortaya çıxarılmalıdır. Azərbaycanı Liviyanın, İraqın, Suriyanın, Əfqanıstanın gününə salmaq istəyən qüvvələr var. Həmin qüvvələr əsasən din üzərindən hərəkət edir, məzhəb, təriqət davası salmaq istəyirlər. Bizim bəzi qafası boş jurnalist həmkarlarımız da həmin qüvvələrin əlində alətə çevrilirlər. Mən onlara səslənərək deyirəm ki, başqalarının əlində alət olub Azərbaycanı İraqın gününə salmağa çalışmasınlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər