Hakimiyyətə qarşı nifrət, yoxsulluq, miqrasiya, bədbinlik, gələcəyə inamsızlıq
Hər bir ölkə haqqında dolğun, səhih məlumat əldə etmək istəyirsənsə,
sözsüz ki, ilk növbədə onun mətbuatına nəzər salmalısan. Məhz "dördüncü
hakimiyyət” hesab edilən mətbuat vasitəsilə ölkədə nələrin baş verdiyi, hansı
proseslərin yaşandığı barədə obyektiv məlumat almaq mümkündür. Bədnam
qonşularımızın mediası bu sırada ən yüksək pillədə durur. İşğalçı ölkənin aparıcı
mətbu orqanlarına nəzər saldıqda durumun necə də rəzil olduğunu, sabaha inamsızlığı, insanların öz
hakimiyyətlərinə necə nifrət bəslədiklərini sezmək mümkündür. Məsələn, bu
ölkənin tanınmış "Qraparak” qəzeti baş xəbərində həftə sonu keçirilən etiraz
aksiyasından bəhs edib. Məqalədə qeyd edilir ki, "Ermənistan naminə cəbhə”
təşəbbüs qrupu tərəfindən keçirilən aksiyanın əsas hədəfi Serj Sarkisyanın baş
nazir seçilməsinə imkan verməmək olub. Qəzetə açıqlamasında hərəkatın
funksionerlərindən olan Stepan Danielyan bildirir ki, "son 30 ildə biz
ayrı-ayrı şəxslərə ünvanlanan müxtəlif aksiyalar görmüşük. Bu insanlar dəyişib,
lakin vəziyyət daha da ağırlaşıb. Əgər Serj Sarkisyanın yerinə kimsə ayrı adam
baş nazir olacaqsa, müəyyən vaxtdan sonra mitinqlər bu şəxsə qarşı yönələcək.
Bu səbəbdən də məqsəd şəxs yox, konkret hal olmalıdır. Tələbi də irəli sürərkən
növbəti addımı müəyyən etmək gərəkdir: Əgər biz hakimiyyətə gəlsək nə edəcəyik?
Bizim nəyi ölkənin əsas məsələsi saymalıyıq? Əgər məqsəd müəyyən olunmasa, onda
birləşmədən söhbət gedə bilməz”, - deyə Danielyan qəzetə bildirib. "Qrapak”
qəzetində dərc olunan başqa bir məqalədə ölkənin strateji müəssisələrindən
birinin satılmasından, nəticədə insanların iş yerlərini itirmələrindən bəhs
edilib.
Başqa bir nəşr "Jamanak” isə Azərbaycan ordusunun başladığı
irimiqyaslı təlimlərdən doğan narahatçılığı ifadə edib: "Müharibə qaçılmazdır.
Azərbaycanın bu təlimləri keçirməkdə məqsədi dağıdıcı, destruktiv rejimi
təşvişə salmaqdır”.
"Aravot” isə ölkənin iqtisadi durumunun necə də ağır olmasından,
əhalinin vəziyyətinin günbəgün ağırlaşmasından, işsizlik və miqrasiyadan yazır.
"Aykakan jamanak” qəzeti isə yazır ki, hakim partiya yaxın
iclaslarından birində "Əriklər ölkəsi” fraksiyasından qisasını alacaq. Söhbət 1
mart qurbanlarının xatirəsinə abidənin ucaldılması barədə təklifdən gedir.
Hakim partiya bu təşəbbüsə qarşı çıxır.
"Past” qəzeti isə hakimiyyət daxilindəki intriqalardan bəhs edib.
Qəzet yazır ki, aprelin 9-dan - yeni prezidentin andiçmə mərasimindən sonra
indiki prezident Serj Sarkisyan ölkənin müdafiə naziri ola bilər. Düzdür, hakim
Respublika Partiyasının bütün üzvləri, müxalifət təmsilçiləri, politoloqlar
100% əmindirlər ki, Serj Sarkisyan ölkənin baş naziri olacaq. Ancaq nəşr öz
mənbələrinə istinadən bildirir ki, bu məsələ hələ qəti həll olunmayıb: "Bizim
mənbələrimizə əsasən, məsələ tam həll edilməyib. Mənbə iddia edir ki, ən yuxarı
səviyyələrdə Serj Sarkisyanın müdafiə naziri təyin olunması variantı nəzərdən
keçirilir”.
"Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək
mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı
korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir”. Bu
fikirlər isə Ermənistanın "ArmenianReport” saytının ölkənin müdafiə naziri
Vigen Sarkisyanın orduda islahatların aparılması ilə bağlı söylədikləri
əsasında yaydığı məqalədə əksini tapıb. Ermənistanın müdafiə naziri qeyd edib
ki, silahlı qüvvələrin modernləşməsi və islahatlar proqramı çərçivəsində
ordu-xalq anlayışı tətbiq olunmalıdır. Sayt isə nazirin fikrini şərh edərək
bildirib ki, bu gün Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır.
Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu
ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf
şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük
vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti
göz qabağındadır. Yazıda qeyd olunur ki, Ermənistan ordusundakı korrupsiya və
özbaşınalıq nazirin dediyi "islahatlar” fonunda yüksək templə artır.
İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu istiqamətdə
Ermənistan parlamentində heç bir təklif səsləndirilməyib. Orduda problemlər
gündən-günə artır. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi
əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər
komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə
üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün
edir. Müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi "xalq-ordu” ifadəsi isə
yalnız qulağa xoş gələn bir arzudur.
"Qolos Armenii” isə ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə
düşdüyü ağır durumdan bəhs edib. Bu dəfə həyəcan siqnalını zərgərliklə məşğul
olan insanlar qaldırır. Gömrük rüsumlarının qaldırılması onların onsuz da ağır
olan durumunu daha da ağırlaşdırıb.
Başqa bir media orqanı isə Ermənistanın MDB-nin ən yoxsul ölkələri
sırasında ilk üçlüyə daxil edib. "Milli Statistika Xidmətinin yaydığı məlumatda
göstərilib ki, Ermənistan 30 faizlik yoxsulluq göstəricilərinə görə üçüncü
yerdə qərarlaşıb. Azərbaycan isə yoxsulluq göstəriciləri ən aşağı həddə olan
ölkədir. Bu ölkədə yoxsulluq dərəcəsi 5 faizdir”.
Bundan əlavə, erməni mətbuatında başqa xalqlara, xüsusən də
Azərbaycana və ruslara qarşı nifrət dolu silsilə yazılara da rast gəlmək
mümkündür.
Azər