• cümə, 19 Aprel, 14:12
  • Baku Bakı 25°C

Hakimiyyətə qarşı nifrət, yoxsulluq, miqrasiya, bədbinlik, gələcəyə inamsızlıq

14.03.18 16:43 714
Hakimiyyətə qarşı nifrət, yoxsulluq, miqrasiya, bədbinlik, gələcəyə inamsızlıq
Hər bir ölkə haqqında dolğun, səhih məlumat əldə etmək istəyirsənsə, sözsüz ki, ilk növbədə onun mətbuatına nəzər salmalısan. Məhz "dördüncü hakimiyyət” hesab edilən mətbuat vasitəsilə ölkədə nələrin baş verdiyi, hansı proseslərin yaşandığı barədə obyektiv məlumat almaq mümkündür. Bədnam qonşularımızın mediası bu sırada ən yüksək pillədə durur. İşğalçı ölkənin aparıcı mətbu orqanlarına nəzər saldıqda durumun necə də rəzil olduğunu, sabaha inamsızlığı, insanların öz hakimiyyətlərinə necə nifrət bəslədiklərini sezmək mümkündür. Məsələn, bu ölkənin tanınmış "Qraparak” qəzeti baş xəbərində həftə sonu keçirilən etiraz aksiyasından bəhs edib. Məqalədə qeyd edilir ki, "Ermənistan naminə cəbhə” təşəbbüs qrupu tərəfindən keçirilən aksiyanın əsas hədəfi Serj Sarkisyanın baş nazir seçilməsinə imkan verməmək olub. Qəzetə açıqlamasında hərəkatın funksionerlərindən olan Stepan Danielyan bildirir ki, "son 30 ildə biz ayrı-ayrı şəxslərə ünvanlanan müxtəlif aksiyalar görmüşük. Bu insanlar dəyişib, lakin vəziyyət daha da ağırlaşıb. Əgər Serj Sarkisyanın yerinə kimsə ayrı adam baş nazir olacaqsa, müəyyən vaxtdan sonra mitinqlər bu şəxsə qarşı yönələcək. Bu səbəbdən də məqsəd şəxs yox, konkret hal olmalıdır. Tələbi də irəli sürərkən növbəti addımı müəyyən etmək gərəkdir: Əgər biz hakimiyyətə gəlsək nə edəcəyik? Bizim nəyi ölkənin əsas məsələsi saymalıyıq? Əgər məqsəd müəyyən olunmasa, onda birləşmədən söhbət gedə bilməz”, - deyə Danielyan qəzetə bildirib. "Qrapak” qəzetində dərc olunan başqa bir məqalədə ölkənin strateji müəssisələrindən birinin satılmasından, nəticədə insanların iş yerlərini itirmələrindən bəhs edilib.
Başqa bir nəşr "Jamanak” isə Azərbaycan ordusunun başladığı irimiqyaslı təlimlərdən doğan narahatçılığı ifadə edib: "Müharibə qaçılmazdır. Azərbaycanın bu təlimləri keçirməkdə məqsədi dağıdıcı, destruktiv rejimi təşvişə salmaqdır”.
"Aravot” isə ölkənin iqtisadi durumunun necə də ağır olmasından, əhalinin vəziyyətinin günbəgün ağırlaşmasından, işsizlik və miqrasiyadan yazır.
"Aykakan jamanak” qəzeti isə yazır ki, hakim partiya yaxın iclaslarından birində "Əriklər ölkəsi” fraksiyasından qisasını alacaq. Söhbət 1 mart qurbanlarının xatirəsinə abidənin ucaldılması barədə təklifdən gedir. Hakim partiya bu təşəbbüsə qarşı çıxır.
"Past” qəzeti isə hakimiyyət daxilindəki intriqalardan bəhs edib. Qəzet yazır ki, aprelin 9-dan - yeni prezidentin andiçmə mərasimindən sonra indiki prezident Serj Sarkisyan ölkənin müdafiə naziri ola bilər. Düzdür, hakim Respublika Partiyasının bütün üzvləri, müxalifət təmsilçiləri, politoloqlar 100% əmindirlər ki, Serj Sarkisyan ölkənin baş naziri olacaq. Ancaq nəşr öz mənbələrinə istinadən bildirir ki, bu məsələ hələ qəti həll olunmayıb: "Bizim mənbələrimizə əsasən, məsələ tam həll edilməyib. Mənbə iddia edir ki, ən yuxarı səviyyələrdə Serj Sarkisyanın müdafiə naziri təyin olunması variantı nəzərdən keçirilir”.
"Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir”. Bu fikirlər isə Ermənistanın "ArmenianReport” saytının ölkənin müdafiə naziri Vigen Sarkisyanın orduda islahatların aparılması ilə bağlı söylədikləri əsasında yaydığı məqalədə əksini tapıb. Ermənistanın müdafiə naziri qeyd edib ki, silahlı qüvvələrin modernləşməsi və islahatlar proqramı çərçivəsində ordu-xalq anlayışı tətbiq olunmalıdır. Sayt isə nazirin fikrini şərh edərək bildirib ki, bu gün Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır. Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır. Yazıda qeyd olunur ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq nazirin dediyi "islahatlar” fonunda yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu istiqamətdə Ermənistan parlamentində heç bir təklif səsləndirilməyib. Orduda problemlər gündən-günə artır. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi "xalq-ordu” ifadəsi isə yalnız qulağa xoş gələn bir arzudur.
"Qolos Armenii” isə ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə düşdüyü ağır durumdan bəhs edib. Bu dəfə həyəcan siqnalını zərgərliklə məşğul olan insanlar qaldırır. Gömrük rüsumlarının qaldırılması onların onsuz da ağır olan durumunu daha da ağırlaşdırıb.
Başqa bir media orqanı isə Ermənistanın MDB-nin ən yoxsul ölkələri sırasında ilk üçlüyə daxil edib. "Milli Statistika Xidmətinin yaydığı məlumatda göstərilib ki, Ermənistan 30 faizlik yoxsulluq göstəricilərinə görə üçüncü yerdə qərarlaşıb. Azərbaycan isə yoxsulluq göstəriciləri ən aşağı həddə olan ölkədir. Bu ölkədə yoxsulluq dərəcəsi 5 faizdir”.
Bundan əlavə, erməni mətbuatında başqa xalqlara, xüsusən də Azərbaycana və ruslara qarşı nifrət dolu silsilə yazılara da rast gəlmək mümkündür.
Azər
banner

Oxşar Xəbərlər