• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

“Hakimiyyətə gəlmək” xülyası baş tutmayan qrupdan revanşist cəhdi

02.02.17 09:30 1177
“Hakimiyyətə gəlmək” xülyası baş tutmayan qrupdan revanşist cəhdi
XX əsrin sonunda müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycan xalqı azadlığa qovuşduğu ilk illərdə çətin sınaqlarla üz-üzə qalıb. Belə ki, Ermənistanda azərbaycanlılar sıxışdırılaraq Azərbaycana deportasiya olunub, Dağlıq Qarabağda erməni separatizmi baş qaldırıb, torpaqlarımız işğal edilib, Xocalı soyqırımı və sair bu kimi hadisələr törədilib.
Azərbaycanda müharibə şəraitinin hökm sürdüyü həmin illərdə vahid mövqe ətrafında birləşmək, yumruğa dönərək əsl hədəfə sarsıdıcı zərbə vurmaq əvəzinə, siyasi hakimiyyətin zor gücünə devrilməsi, AXC-Müsavat cütlüyünün rəhbər vəzifələri ələ keçirməsi ölkədəki vəziyyəti daha da gərginləşdirib. Cəbhə xəttindəki savaş unudularaq vəzifə kürsüsü uğrunda mübarizə daha böyük vüsət alıb. Bunun nəticəsində ölkədə vətəndaş müharibəsi baş qaldırıb, rayonlarımız bir-birinin ardınca Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, hərbi çevriliş yolu ilə hakimiyyəti zəbt edən prezident Əbülfəz Elçibəy çarəsizlikdən öz postunu tərk edib, Kələkiyə qaçıb. Beləliklə də Azərbaycan müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşib.
Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməsi ölkəni gözləyən bütün fəalkətlərin qarşısını alıb. Bununla da AXC-Müsavat cütlüyü erası başa çatıb, öz şəxsi maraqlarını dövlət və milli maraqlardan üstün tutan qrupbazların əməllərinə son qoyulub. Xalqın etimadını, inamını itirən həmin səriştəsiz siyasətçilər sonrakı illərdə özlərini yenidən siyasi arenaya gətirmək istəsələr də, bu, alınmayıb. Onlar 20 ildən artıq bir müddətdə ölkədə keçirilən bütün seçkilər öncəsi zühur edib şirin dillərini işə salıb, xalqa yağlı vədlər verib, mitinqlərdə, meydanlarda pafoslu çıxışlar etsələr də, Azərbaycan vətəndaşları onların növbəti yalanlarının qurbanı olmaqdan imtina ediblər. Seçicilər hər seçkidə öz iradəsini ifadə edərək, Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini nümayiş etdiriblər. Bununla da Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində ölkəni fəalkətə sürükləyən dəstəyə - radikal müxalifət təmsilçilərinə öz yerlərini göstərib.
Amma buna baxmayaraq, radikal müxalifət liderləri, xüsusən də AXCP sədri Əli Kərimli, Müsavatın sabiq və indiki başqanları İsa Qəmbər, Arif Hacılı baş verənlərdən düzgün nəticə çıxarmayıblar. "Hakimiyyətə gəlmək” xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu adamlar reallıqlara deyil, "bəlkə də qaytardılar” prinsipinə söykənərək, hər fürsətdən yararlanmağa, özlərini gündəmə gətirməyə çalışır, bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. Onlar tərəfindən növbəti belə bir cəhd yanvarın 31-də - Məhəmməd Əmin Rəsulzadənin anım mərasimində edilib. Bakının Novxanı kəndində bir araya gələn köhnə dostlar əllərinə düşən fürsətdən yararlanaraq, siyasi hakimiyyətin, ölkə başçısı İlham Əliyevin, ümummilli lider Heydər Əliyevin ünvanına əsassız fikirlər səsləndirib, ictimai rəyi çaşdırmağa çalışıblar.
Ona görə də özlərini "süddən çıxmış ağ qaşıq” hesab edənlərin keçmişinə qısa nəzər salmaqla, kimin kim olduğunu bir daha xatırlatmaq istərdik. Əvvəla qeyd edək ki, formal olaraq Müsavat Partiyasının başqanlığından gedən, "Milli Strateji Düşüncə Mərkəzi” adlı qondarma qurum yaradan İsa Qəmbər, eləcə də onun "strateji düşüncəsi” insanları aldatmaqdan, yalanlar uydurmaqdan başqa bir şey hasil edə bilmir. Siyasi iddiaları iflasa uğramış bu şəxs özünü Azərbaycan Xalq Cümhuriyyətinin və onun banilərindən biri M.Ə.Rəsulzadənin müdafiəçisi və təəssübkeşi kimi qələmə verməyə cəhd göstərir. Özü də onları kimdən "müdafiə edir”? Hakimiyyətdən, Prezidentdən. AXC-nin yarandığı günü - 28 Mayı ən yüksək dövlət bayramı səviyyəsinə qaldıran, AXC-yə abidə ucaldan, Şərqdə ilk demokratik respublika yaradan insanların xatirəsini uca tutan, onların yubileylərinin qeyd olunması barədə fərmanlar imzalayan, kitablar buraxdıran və digər tədbirlər görən Prezidentdən. Əslində isə AXC və M.Ə.Rəsulzadəni onların tarixdəki rolunu təhrif edən, demokratiya və azadlıq ideyalarını gözdən salan İsa Qəmbər və silahdaşları kimi qaragüruhçulardan, yalançılardan qorumaq lazımdır.
Özünü Rəsulzadə-Elçibəy yolunun davamçısı adlandıran bu adamın vaxtilə Müsavata necə yiyələndiyini də hamı yaxşı xatırlayır. Əbülfəz Elçibəyin arxasında siyasi oyunlar quran İsa Qəmbər əvvəlcə Şimali Azərbaycan Demokrat Partiyası yaradaraq gələcəkdə hakimiyyəti tam ələ keçirməyi planlaşdırırdı. Lakin sonra inzibati resurslardan istifadə etməklə 1992-ci ilin noyabrında "Müsavat Partiyasının III Bərpa Qurultayı” adlı tamaşa düzənlədi, özünü partiyanın "5-ci başqan”ı seçdirdi. Bununla da tarixi bir partiyanı iflasa uğratdı, M.Ə.Rəsulzadənin ruhuna xəyanət etdi. Bu gün İsa Qəmbər kiminsə tarixdə şərəfli yer tutub-tutmamasına qərar verməyə çalışır. Lakin bir şey məlumdur ki, 20 Yanvar faciəsi günü qorxusundan arvad-uşağını atıb Yusif Səmədoğlunun evində gizlənməsi, hakimiyyətdə olduğu bir il ərzində törətdiyi qanunsuzluqlar, Surət Hüseynovun qabağından hürküb qaçması, 2003-cü ilin 16 oktyabrında tərəfdarlarını meydanda tək qoyub xəlvətcə gizlənməsi, qorxusundan evdən bayıra çıxmaması və sair "igidlikləri” onu Azərbaycan tarixində ən qorxaq siyasətçi adına layiq görməyə kifayətdir.
Onu da əlavə edək ki, İsa Qəmbərin hakimiyyətdə olduğu 1992-1993-cü illər itirilmiş illər hesab olunur. Kiçik elmi işçinin parlament sədri kimi yüksək vəzifəyə təyin olunması o vaxtkı hakimiyyətin səriştəsizliyi idi. Təbii ki, İsa Qəmbər də bu yüksək postun əhəmiyyətini dərk edə bilməzdi, çünki qeyri-peşəkar idi. AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövründə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunmasına şərait yaradığına görə İ.Qəmbər də məsuliyyət daşıyır. Həmin vaxt onun prezident Ə.Elçibəylə siyasi intriqalar aparması, hakimiyyətdaxili qruplaşmalar yaratması ermənilərin mənafeyinə xidmət etdi və torpaqlarımız düşmən tərəfindən işğal olundu. Bu gün demokratiyadan dəm vuran İ.Qəmbər hakimiyyətdə olduğu dövrdə siyasi müxalifətə kəskin təzyiq göstərirdi. Onun parlamentin sədri olarkən müxalifətdən olan deputatların çıxışlarını kəsmək cəhdlərini də heç kim unutmayıb. Bütün bu kimi faktlara görə, Azərbaycan xalqı hazırda demokratiya libasına bürünən "demokratları”, o cümlədən Müsavat adı ilə siyasi alver edəni İ.Qəmbəri, həmçinin Ə.Kərimli və başqalarını tarixin arxivinə göndərdi.
İsa Qəmbər 2013-cü ildə Müsavat Partiyasının başqanlığından getsə də, hələ də özünü partiya lideri kimi aparmağa cəhd edir. Nə elmdə, nə də siyasətdə uğur qazanmamış İsa Qəmbər buna görə də hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək, mətbuata çıxmaq üçün cəhdlər edir. Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür. Lakin İ.Qəmbərin və digər liderciklərin bu çırpıntıları artıq onların yaxınları və azsaylı tərəfdaşları tərəfindən də məyusluqla qarşılanır, ikrah doğurur. Hətta müxalif gənclər də belələrinə inanmır, onları qocalmış, gerizəkalı, veteran-uğursuz müxalifətçi hesab edirlər.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər