• şənbə, 20 Aprel, 13:39
  • Baku Bakı 23°C

Hadrutdan dünyaya verilən mesaj - FOTOLAR

19.03.21 15:15 1565
Hadrutdan dünyaya verilən mesaj - FOTOLAR
Və ya tarixi ədalətin bərqərar olması
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində düşmənin belini qırdı, onun minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasını məhv etdi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi və bir çox yaşayış məntəqələri döyüşlər nəticəsində Ermənistan işğalından azad oldu. Ordumuz qarşısında duruş gətirə bilməyən, döyüş mövqelərini, yaralı və ölü əsgərlərini, köməksiz mülki şəxslərini atıb qaçan ermənilər ağ bayraq qaldırdılar. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin iştirakı ilə 10 noyabr 2020-ci ildə atəşkəs haqqında üçtərəfli saziş – Birgə Bəyannamə imzalandı. Bu, Ermənistanın məğlubiyyətinin, Azərbaycanın diktə etdiyi şərtlərin rəsmi İrəvan tərəfindən təsdiqinin sübutu oldu. Təslimçilik aktına qol çəkən Ermənistan bir müddət sonra Laçın, Kəlbəcər və Ağdamdan öz qoşunlarını da geri çəkdi. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır icra edilməyən qətnamələrini Ordusunun gücünə təmin etdi. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu, zəfər şanlı tariximizə qızıl hərflərlə yazıldı. Hazırda isə qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir.

Böyük quruculuq işlərinə start verilib
Məhz bu məqsədlə dövlət başçımız müharibədən sonra azad olunmuş ərazilərə davamlı səfərlər edir, şəraitlə yerində tanış olur, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın martın 15-də Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfəri böyük əhəmiyyət daşıyır. Öncə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak edən dövlət başçısı bildirib ki, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinə başlanılıb. O, Füzulidən Şuşaya Zəfər yolu çəkildiyini, Bərdə-Ağdam yolunun çəkilişinin yaxın gələcəkdə icra ediləcəyini, Horadizdən Zəngilana qədər yol çəkiləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Daha sonra Hadruta gələn Prezident İlham Əliyev ötən il oktyabrın 9-da düşməndən azad edilən bu qəsəbədə dövlət bayrağımızı qaldırıb. Prezident vurğulayıb ki, 44 günlük müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad olunub. Onun sözlərinə görə, Azərbaycan Ordusu 7 rayonu, Şuşa şəhərini, Suqovuşan, Talış qəsəbələrini də işğalçılardan təmizləyərək tarixi ədaləti bərpa edib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən, tarixi nailiyyətlərə imza atıb. Ali Baş Komandan deyib ki, Silahlı Qüvvələrimiz Azərbaycan xalqının yeni tarixini - şanlı qəhrəmanlıq tarixini yazıb və azad edilmiş torpaqlarda hazırda quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir.
Tarixi irsimizi silməyə çalışıblar
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə ölkə rəhbərinin səfəri, oradan verdiyi mesajları "Kaspi” qəzetinə şərh edərkən söyləyib ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi, artıq ənənə halını alıb. Millət vəkili qeyd edib ki, ölkə başçısının bu səfərləri erməni vandallarının illərdir daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat qaytarılacağından, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərin abadlaşacağından xəbər verir. Onun sözlərinə görə, qarşıdakı yaxın zamanda tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda aparılacaq quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlayacaq, Prezident İlham Əliyevin vurğuladığı kimi "Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq: "Martın 15-də dövlət başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə düşmən tapdağından azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük coşqu, fəxr və qürur hissi ilə qarşılanıb. Kənd və şəhərlərimizin, 30 il davam edən işğal dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilməsi, təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu dağıntılar Birinci Qarabağ müharibəsi dövründə baş verməyib, ermənilər illər ərzində məqsədli şəkildə tarixi irsimizi silməyə çalışıblar. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı mədəni, tarixi, dini irsimizi dağıdıb, məhv etmək istəyən düşmənin vandal siyasətinin mahiyyətini dünyaya nümayiş etdirir, qətiyyətlə mövqeyini bildirir”.

Milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimiz
Millət vəkili deyib ki, 2016-cı ilin Aprel qələbəsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlayan "Böyük Qayıdış” proqramının artıq növbəti mərhələsini həyata keçirilir: "İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Ölkə başçısının Qarabağa səfəri zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlinin qoyulması bir daha göstərir ki, qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Təməlini Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolu müasir standartlara uyğun 4 hərəkət zolağı, avtomobil körpüləri ilə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi tezliklə icra ediləcək. Horadizdən Zəngilana yol çəkiləcək. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını, Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə qədəm qoymasından xəbər verir. "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində ölkə Prezidentinin bəyan etdiyi bu sözlər artıq reallığa çevrilir. Vətən müharibəsindən, Azərbaycanın haqq savaşından dörd ay keçməsinə baxmayaraq, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızda böyük quruculuq işləri başlanılıb. Artıq, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlarımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır”.

Xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbi
Deputat Məlahət İbrahimqızı bizimlə söhbətində bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri erməni təcavüzkarlarına və onları dəstəkləyən qüvvələrə "Dəmir yumruq” mesajıdır. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusu Ali Baş Komandan İlham Əliyevin "irəli” əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərib: "Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və Ali Baş Komandan arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Prezidentimiz, Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına, o cümlədən Hadrut qəsəbəsi və Şuşa şəhərinə səfər ediblər. Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmış oldu. Qələbədən sonra bölgələrə növbəti səfərini edən Müzəffər Ali Baş Komandan torpaq çərşənbəsini Azərbaycanın ayrılmaz hissəsi, mədəniyyəti beşiyi olan Şuşada qeyd etməklə öz xalqını bir daha sevindirmiş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən, böyük cəsarət və qətiyyət göstərərək Füzuli və Xocavənd rayonlarına səfər etdi və öz zəfər sevincini xalqla bölüşdü. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident, xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir”.

Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq
Millət vəkili vurğulayıb ki, bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümüdür: "Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Döyüşlər zamanı mülki əhaliyə atəş açmayan Azərbaycan Silahlı Qüvvələri məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Torpaqlarımızı işğaldan azad etməklə, nəinki ərazi bütövlüyümüzü təmin edirik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz qalan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış oluruq. Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması isə onu göstərir ki, Ermənistanın siyasəti vandalizmin təzahürüdür. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır. Müharibə şəraitində belə, sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq. Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında olan torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Prezident İlham Əliyev bu səfəri ilə ötən 30 il ərzində ərazi bütövlüyü uğrunda həyatından və canından keçmiş şəhidlərimizin də, Pənahəli xanın da, Hüseynqulu xanın da, İbrahim xanın da, Molla Pənah Vaqif, Xurşidbanu Nətavan, Üzeyir Hacıbəyli və digərlərinin ruhunu şad etdi”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər