• cümə, 19 Aprel, 15:34
  • Baku Bakı 25°C

Hadruta köçmək istəyən kənd - MÜSAHİBƏ

20.02.21 09:00 1885
Hadruta köçmək istəyən kənd - MÜSAHİBƏ
Sahib Musayev: "Dövlətin Qarabağdakı məskunlaşdırma siyasətinə dəstəyimizi bu cür ifadə edirik”
İkinci Qarabağ Müharibəsi zəfərlə başa çatdıqdan bir müddət sonra elektron kütləvi informasiya vasitələrində sürətlə tirajlanan bir müraciət diqqət çəkdi. Göyçə mahalı, Basarkeçər rayonunun Nərimanlı kəndinin 600 sakini adından Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanlanan müraciətdə nərimanlıların Xocavənd rayonunun Hadrut qəsəbəsində məskunlaşmaq istəyi əksini tapmışdı. Sözügedən hadisə televiziya kanallarının da marağına səbəb olduğundan, bu barədə bir neçə dəfə süjet efirə getdi. Soraqlaşıb həmin müraciətin həmmüəlliflərindən birini, Nərimanlı kənd sakinlərinin irəli sürdüyü təşəbbüsün təşkilati məsələlərini öz üzərinə götürən Sahib Musayevi tapdıq. Onunla Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evində həmsöhbət olduq, "Kaspi” qəzeti üçün müsahibə aldıq.
- Öncə Nərimanlı kəndi barədə oxucularımıza qısa məlumat verməyinizi istərdik. Necə bir yer idi Nərimanlı, nəyi ilə məşhur idi?
- Nərimanlı kəndi Göyçə mahalının Göyçə gölündən Şərq hissəsindəki düzənliyin mərkəzində yerləşir. Bu yaşayış məntəqəsinin qədim adlarından birinin Ortakənd olması da, yəqin ki, məhz bununla əlaqədardır.Bildiyim qədərilə Göyçə mahalı və Göyçə gölünün adı yazılı mənbələrdə 1600 il əvvəl Dədə Qorqud dastanında çəkilir. Tarixi abidələr, qədim qəbiristanlıqlar, qəbirüstü abidələr baxımından isə Göyçənin tarixi daha qədimlərə gedir. Göyçə gölü hövzəsində Ağmanqan dağlarında məlum olan, ən azından 8 yerdə Oğuz Qəbirləri deyilən qəbirlər var idi. Həmin qəbirlərdəki insan qalıqları bu insanların təxminən 3 metr boya sahib olduğunu təsdiqləyirdi. Şəxsən mənim gördüyüm dörd kəndin - Daşkənd, Nərimanlı, Zod və Böyük Məzrə kəndlərinin demək olar ki, tam mərkəzlərində xaçpərəst qəbiristanlıqlar var idi. Bu qəbiristanlıqların ətrafında, yəni bir neçə addımlıqda yaşayış evləri var idi. Bu kəndlərin hamısında ən qədim dövrdən yalnız Türklər - azərbaycanlılar yaşayırdı. Nərimanlının, eləcə də digər kəndlərin adəti üzrə kənddən 2-3 kilometr aralıda isə müsəlman qəbiristanlıqları vardı. Nərimanlının müsəlman qəbiristanlığındakı bir abidənin üzərindəki yazıları çətinliklə də olsa oxumaq mümkün olmuşdu. Həmin yazıya görə sözügedən abidə 1001-ci ilə aid idi. Qafqaza İslamın 9-cu əsrdə gəldiyini və 1960-cı ilə qədər həmin qəbir daşlarına toxunulmadığını nəzərə alsaq, kəndimizin mərkəzindəki xaçpərəst qəbristanlığının qətiyyən başqa bir xalqa aid olmadığını, yalnız biz türklərə aid olduğunu qətiyyətlə söyləyə bilərik. 11 əsr keçməsinə və həmin dövrdə İslam dininə inam gətirənlərin bu qəbirlərə qətiyyən toxunmadığına, həmçinin ətrafdakı 3-5 kilometr məsafədə düzənlik, yaşayış üçün münbit şərait olmasına baxmayaraq insanlarımızın bu qəbiristanlığın ətrafında məskunlaşması faktı da həmin qəbirlərin bizim əcdadlarımıza – xristian türklərə aid olduğunu nümayiş etdirir. Bundan başqa Nərimanlı kəndi ərazisində İslam abidələrinə oxşamayan, Ocaq Təpə kimi od ilə əlaqədar yerlərin olması da həm Göyçənin, həm də Nərimanlı kəndinin qədim tarixə malik olduğunun sübutudur. Nərimanlı kəndinin müxtəlif dövrlərdə müxtəlif adlar daşıması da onun qədimliyinin sübutudur.Kəndin Nərimanlıdan əvvəlki adı Hüseynquluağalı olub. Sovet hakimiyyəti illərində görkəmli ziyalımız Nəriman Nərimanovun şərəfinə Nərimanlı adlandırılıb. 1842-ci il, 1873 və 1886-cı il statistikalarında da Nərimanlının adı Hüseynquluağalı kimi qeyd olunur. 1842-ci il statistikasında kəndimizdə cəmi 26 ev göstərilib. 1873-cü ildə 65, 1886-cı ildə 101 ev olaraq qeydiyyatdan keçib. 1905-1907-ci illərin erməni vandalizmi Nərimanlıdan yan keçməyib. 1898-ci ildə kənddə 880-dən artıq əhali olduğu halda 1907-ci ildə 770 nəfərə yaxın əhali qalıb. 100-dən çox kənd sakini erməni qırğınlarının qurbanı olmuş, yaxud məcburiyyət qarşısında qalıb köç etmişdi. Hüseynquluağalı kəndinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olub. Bizim kəndimizin sakinləri savada, elmə daha çox meyl ediblər. O dövrün imkanları daxilində dini təhsil alanlar da olub. XIX əsrdə bizim kənddə, əsasən 11 böyük tayfa yaşayıb. Baleylilər, Kərimlilər, Qazaxlar, Hacalılar daha böyük tayfalar olub. Alaxançallı və Qaraxançallı tayfaları da bizim kənddə yaşayıb. Təəssüf ki, bu iki tayfadan indi sağ qalan yoxdur. 1873-cü il məlumatında kəndimizdə iki məscid olması göstərilib. Dini mərkəzləri ziyarət edən onlarca insanlarımız olub. Onlar dini inanclı olsalar da, elmə böyük maraq göstəriblər. Misal üçün, Kərbəlayi Qara öz evində məktəb açıb. Hacı Almərdan öz evində açdığı məktəbdə dərs demək üçün Xoy şəhərindən Axund gətirib. Kərbəlayi Mehdi, Molla Abbas və digər tanınmış dini inanclı şəxslər də maariflənməyə böyük maraq göstəriblər. Qaraların Salahı sovet dövründə öz evində 4 sinifli məktəb açıb. Talıb Musayevin Basarkeçər rayonunda katib işlədiyi dövrdə bu məktəb əvvəlcə 7 illik, ardınca səkkiz illik kimi fəaliyyət göstərib. Daha sonra isə kəndimizdə onillik məktəb yaranıb. Məhz Talıb Musayevin təşəbbüsü ilə Qazax gimnaziyasında, İrəvan şəhərində və başqa yerlərdən təhsil almış, biliyinə və savadına görə tanınmış müəllimlər Nərimanlı məktəbində işə dəvət edilib. Bu da, kökündə savada meyllilik olan kəndin inkişafında, Səfiyar Musayev, Qurban Bayramov, Tofiq Hacıyev, Vidadi Musayev və onlarla elm xadimlərinin yetişməsində mühüm rol oynayıb. Hazırda da Nərimanlı adının təsiri özünü göstərir. AMEA-nın müxbir üzvü Nuru Bayramov, həmçinin ondan artıq elmlər doktoru, yüzə qədər digər alimlərin yetişməsi buna əyani misaldır. Nərimanlı kəndində anadan olmuş, yaxud Nərimanlı kökənli, ümumilikdə 300-dən artıq həkim hazırda Azərbaycanın müxtəlif səhiyyə müəssisələrində çalışır. Birinci Qarabağ müharibəsində Nərimanlı kəndi 18 şəhid verib. Onlardan biri – Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəmanımızın atası Cəmil Abdullayev ömrünü pedaqoji fəaliyyətə həsr etmiş qocaman müəllim kimi də daim kənd sakinlərimiz arasında hörmətlə anılır. O, hazırda təqaüdçüdür. Vətən Müharibəsində isə Nərimanlı kökənli 70-ə yaxın şəxs Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşüb, torpaqlarımızın azad olunması prosesində iştirak edib. Onlardan kapitan Hikmət Hacıyev, əsgərlər İlkin Əsgərov və Bayram Məmmədov şəhidlik zirvəsinə ucalıb. Nərimanlıdan olan şəhid və qazilərimiz Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallarla təltif olunublar.
- Hüseynquluağalının Nərimanlı ilə əvəz olunması nə ilə əlaqədardır?
- Kəndimizin Nərimanlı adı almasının özünəməxsus tarixi var. 1918-1921-ci illərdə tarixi Azərbaycan torpaqlarının əksəriyyətində olduğu kimi Göyçə mahalında da ermənilər müsəlman türklərə - azərbaycanlılara qarşı qətliamlar həyata keçiriblər. Kənd sakinləri öz dədə-baba yurdlarını tərk edib qaçqına çevriliblər. Qaçqınlıq dövründə çox əziyyətlər çəkmiş, Şəkinin Qayabaşı kəndinə sığınmış Hüseynqulu ağalılar 1921-ci ilin əvvəllərində Nəriman Nərimanovun Gəncədə olduğunu biliblər. Kənd sakinlərindən Qlava Balı, Molla Əli, Molla Nəcəf, Kərbəlayi Musa oğlu Qəhrəman və digərlərindən ibarət heyət o zaman Şərqin Lenini adlandırılan Nəriman Nərimanovun görüşünə gediblər. Görkəmli Azərbaycan ziyalısı, ictimai-siyasi xadim Nərimanovdan kömək istəyiblər ki, Hüseynqulu ağalılar öz torpaqlarına qaytarılsın. Nərimanov öz köməyini əsirgəməyib və 1921-ci ilin yayında kənd sakinləri öz torpaqlarına, doğma kəndlərinə qayıda biliblər. Təəssüf ki, o illərin qaçqınlıq həyatı, xəstəlik və çatışmazlıqlar kənd sakinlərindən bir çoxunun həyatına son qoyub. Nərimanovun ölümündən az sonra sovet ittifaqı rəhbərliyi onu xalq düşməni elan etdi. 1927-ci ildən başlayaraq bəylik, ağalığa qarşı mübarizə aparıldığından Hüseynquluağalı kəndinin adının dəyişdirilməsi məsələsi ortalığa atıldı. O vaxtlar gənc aktivist - komsomolçu olan Talıb Musayev öz həmkəndliləri ilə məsləhətləşərək, onlara arxalanaraq görkəmli ziyalımız Nəriman Nərimanovun şərəfinə kəndimizin Nərimanlı adlanması təklifini irəli sürüb. Onun bu təşəbbüsü dəstəklənib və beləliklə, Hüseynquluağalı Nərimanlı adı ilə əvəzlənib. 1932-ci ildə kənddə qurulan kolxoz da Nərimanovun xatirəsinə hörmət əlaməti olaraq onun adı ilə rəsmiləşdirilib. 1934-35-ci illərdə ermənilər kəndin və kolxozun adını dəyişmək üçün müxtəlif cəhdlər ediblər. Lakin kənd camaatının birliyi, Nərimanovun şəxsiyyətinə olan hörməti daşnakların bu cəhdlərinin qarşısını birdəfəlik alıb. Təəssüflər olsun ki, 1988-ci ilin deportasiyasını yaşadıq və bundan sonra ermənilər Nərimanlının adını dəyişib Şatvan qoydular. İndi oranı erməniləşdirmək üçün bütün vasitələrə əl atırlar. Ancaq nə etsələr də o torpaqlar bizimdir və nə vaxtsa biz yenidən o torpaqlara qayıdacağıq, oralara sahiblənəcəyik,necə ki, Qarabağa qayıtdıq. Qarabağın üzünü görməyən nəsillər 44 gün ərzində düşmənin belini qırıb işğal altındakı torpaqları necə azad ediblərsə, bizdən sonrakı nəsillər də Nərimanlını və digər torpaqlarımızı o cür azad edəcək, tarixi ədaləti bərpa edəcəklər. Əminəm ki, bunun üçün də nə vaxtsa tarixi, siyasi şərait yetişəcək.
- Nərimanlı sakinlərinin Hadrut qəsəbəsinə köçmək istəyi nədən qaynaqlanır? Bu təşəbbüsün məqsədi nədir?
- Rus-erməni işğalı nəticəsində, biz Göyçə camaatı 33 ildir ki, öz tarixi torpaqlarımızdan didərgin düşmüşük, qaçqına çevrilmişik. Nərimanlı sakinləri nəinki Azərbaycanın bütün regionlarına, hətta xarici dövlətlərə də səpələnib. Atalarımız deyərdi ki, el köçər, adəti köçməz. Nə qədər uzun müddət keçsə də, nə qədər el-obamızdan ayrı düşsək də, biz Göyçə camaatı, o cümlədən nərimanlılar bir-biri ilə əlaqələrini kəsməyib. Məskunlaşdığımız bölgələr arasındakı məsafələrdən asılı olmayaraq, xeyir və şərimizdə bir yerdə olmağa çalışmışıq. Hətta bu əsrin yeni bəlası pandemiya da bizləri ayıra bilməyib. Virtual məkanda cəmləşib bir-birimizlə əlaqələri qorumuşuq. Bir-birimizdən hal-əhval tutub, dara düşənimizə yardım əlimizi uzatmışıq. Ali Baş Komandanımız İlham Əliyevin və Ordumuzun qalibiyyəti sayəsində aran Qarabağ tamamilə, dağ Qarabağın müəyyən hissəsi erməni faşistlərindən təmizlənib. Qalan hissələrdəki ermənilər zamanla Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizin qanunları çərçivəsində bizimlə birlikdə sülh şəraitində yaşamaq istəyəcəklərsə, burada hər hansı problem yaşanmayacaq. Yox, əgər onlar köhnə ab-havada qalacaqlarsa, Qarabağın həmin ərazilərinin də daşnak tör-töküntülərindən təmizlənəcəyi gün mütləq gələcək. Erməni qətliamını, deportasiyanı öz həyatlarında dəfələrlə yaşamış nərimanlılar bu kimi məsələlərdə daim Azərbaycan dövlətinin yanında olub, ulu öndər Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı Prezident İlham Əliyevə dəstəklərini nümayiş etdiriblər. Dövlətin Qarabağdakı məskunlaşdırma siyasətinə də dəstəyimizi özümüzəməxsus şəkildə ifadə edirik. Demək olar, kütləvi informasiya vasitələrində dağ Qarabağın məskunlaşdırılması barədə ilk çıxış edənlərdən, ilk təşəbbüs göstərənlərdən biri olmuşuq. Bütöv bir kəndin bir yaşayış məntəqəsinə köçməsi ideyasında isə sözsüz, birinci olmuşuq. Azərbaycanın Qərbindən – indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından deportasiya olunan azərbaycanlılar, o cümlədən nərimanlılar yalnız öz vəsaiti, bacarığı, zəhməti hesabına ötən illər boyu özləri üçün hər cür şəraiti yaradıblar. Hazırda heç kimin yaşayış problemi yoxdur. Amma Nərimanlı kəndi birinci və ikinci Qarabağ savaşında 21 övladını şəhid verib. Biz onların, ümumən şəhidlərimizin qanı ilə suvarılmış torpaqlara yenidən mənfur qonşularımızın göz dikməsinə yol verə bilməzdik. Öz rahatlığımızı pozub Qarabağa köçmək ideyasının əsası məhz burdan qaynaqlanır. Biz oraya özümüzə bağ evi əldə etmək niyyəti ilə deyil, məskunlaşmaq, möhkəmlənmək, demoqrafik vəziyyətin xeyrimizə dəyişməsinə töhfəmizi vermək, gələcəkdə nankor qonşularımızın yeni iddialara qapılmasını birdəfəlik əngəlləmək üçün getmək istəyirik. Onu da əlavə edim ki, 1988-ci ildə bizim kənddə 600-dən artıq təsərrüfat var idi. Hazırda hamısını bir yerə toplasaq, 1500-dən artıq ailədir. Azad edilmiş dağ Qarabağda bizim Nərimanlı kəndinin kompakt yaşaya biləcəyi başqa böyük məntəqə yoxdur. Bir qədər əvvəl söylədiyim kimi, bizim məqsədimiz həm Qarabağ torpağını tezliklə məskunlaşdırmaq, həm də Nərimanlı kəndi olaraq kompakt yaşaya bilmək, adət-ənənələrimizi qorumaq, gələcək nəsillərimizin yadlaşmasının qarşısını almaqdır. Dərdi çəkən bilər. Biz bir-birimizdən ayrılıqda çox dərd çəkmişik, indi bir olmaq, kompakt yaşamaq istəyirik.
- Hazırda neçə ailə Hadruta köçmək istəyini ifadə edib? Bununla bağlı prosedur necədir? Hansı qaydada müraciət edirlər və o müraciətləri kim, hara yönləndirir?
- Dekabrın ilk günlərindən yaranmış bu ideya dostlarımızla müzakirə ediləndən sonra Hadruta köçmək, oranı məskunlaşdırmaq planı ətrafında möhkəmləndi. Həmkəndlilərimizlə müzakirələr zamanı adıçəkilən Suqovuşan məntəqəsi miqyasına görə bizə əl verməz. Çünki Suqovuşanda Nərimanlının heç üç və ya dörddə birini məskunlaşdırmaq mümkün deyil. Hadrutun miqyası daha böyük olduğundan, onun üzərində dayandıq və hadisələr göstərdi ki, seçimimiz düzgündür. Hazırda Hadruta köçmək, Nərimanlı sakinləri olaraq kompakt olaraq yaşamaq istəyini 950 ailə ifadə edib. Bununla bağlı hər bir ailə başçısının ərizəsi var. Ərizələrdə ailə tərkibi, Hadruta köçmək niyyəti açıq şəkildə göstərilib. Hər bir ərizəçinin və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri də ərizələrə əlavə olunub. Bu ərizələr əsasında Prezident Administrasiyasına, şəxsən Prezident İlham Əliyevə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yazılı müraciət olunub. Ölkənin ali rəhbərliyi bu müraciətimizə müsbət cavab verəcəyi təqdirdə, yaxın zamanlarda bir qrup heyətlə Hadruta getmək, şəraitlə əyani tanış olmaq, necə yerləşmək və hansı strukturları yarada bilmək üçün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə və Daxili İşlər Naziri Vilayət Eyvazov da müraciət etmişik. Nəticə necə olacaqsa, dövlətimiz hansı qərarı verəcəksə, ona uyğun da hərəkət edəcəyik.
- 30 ildən artıq vaxt ərzində Nərimanlıdan olan qaçqın ailələri Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb, yerli şəraitə uyğunlaşıb, müəyyən həyat tərzi qurublar. Hər birinin orada işi-gücü, qayğısı, planları var. Sizcə, onlar bütün bunlardan imtina edib Hadruta köçməkdə nə dərəcədə səmimidirlər?
- Hər bir xalqın, hər bir bölgənin öz spesifik xüsusiyyətləri, ümumi adət-ənənələrimizdə müəyyən qədər fərqli özəlliyi malik adət-ənənəsi, yaşam tərzi var. Azərbaycanın müxtəlif bölgələrinə, xarici dövlətlərə səpələnsək də, əlaqələrimiz kəsilməyib. Orası düzdür ki, hazırda yaşadığımız yerlərdə hər kəs müəyyən bir işlə məşğuldur. Ancaq nəzərə alaq ki, məskunlaşmaq istədiyimiz Hadrut qəsəbəsində hər bir mümkün olan iş bizim üçün yararlıdır - həm kənd təsərrüfatı sahəsində, həm kiçik miqyaslı sənaye sahələrində. Sənaye obyektlərinin yaradılmasını, kənd təsərrüfatının hər bir sahəsinin inkişaf etdirilməsini, əlbəttə, dövlətimizin də yaxından köməyi ilə bacaracağımıza, müasir yaşayış məskəni salacağımıza inanıram. Yeni yerdə işsizlik problemi, demək olar ki, yaşanmayacaq. Əvvəlki iş yerlərindən imtina etmiş həmkəndlilərimiz heç də narazı qalmayacaqlar. Digər tərəfdən, düşünürəm ki, yenilik, birliyimizi bərpa etmək üçün müəyyən nüanslardan keçə də bilərik. Bu kampaniyaya qoşulanların böyük əksəriyyətinin səmimi olduğuna şübhəm yoxdur.
- Sizcə, Nərimanlıdan olanlar Hadrutda nə ilə məşğul olacaqlar? Bu barədə onların fikri nədən ibarətdir? Sizinlə bu barədə danışıblarmı?
- Hadrut dağ Qarabağda iri yaşayış məntəqələrindən biri olub. Burada, bildiyimə görə, dörd orta məktəb, xəstəxana var. Nəzərə alsaq ki, 600 təsərrüfatlı Nərimanlıda bir məktəbdə 200-dən yuxarı müəllim kollektivi çalışırdı, deməli, Hadrutda daha çox müəllim kontingentinə tələb olacaq. Nərimanlıdan olan 600-ə yaxın müəllim ordusu bu kontingenti təmin edə biləcək. Nərimanlının hazırda 300-dən artıq tibbi personalı var ki, bu da yeni yerdə xəstəxana heyətini təmin etməyə kifayətdir. Sahibkarlarımız da kifayət qədərdir. Hətta turizm sektorunun inkişafı üçün də müəyyən planlarımız var. Kənd təsərrüfatının əkinçilik sahəsi ilə, o cümlədən kartof, çuğundur, qarğıdalı, yem bitkiləri, digər bostan və tərəvəz məhsulları yetişdirmək, həmçinin bağçılıq, arıçılıqla məşğul olmaq üçün təcrübəmiz var.
- Dövlət tərəfindən Hadrut deyil, başqa bir ərazi, misal üçün Xankəndi və Xocalıda məskunlaşdırılma təklif edilərsə, nərimanlılar bunu qəbul edəcəklərmi?
- Əlbəttə ki, nəyi nə vaxt və necə etməyi dövlət başçısı İlham Əliyev hamıdan yaxşı bilir. Bizlər dövlətimizin yanında olduğumuzu, dövlətçiliyimiz üçün olan və ola biləcək hər hansı təhlükəni dəf etmək naminə bu addımı atır və reallaşması üçün də arzularımızı bildiririk. Dövlət başçısı məsləhət bilərsə, Xocalı şəhərini böyük fəxrlə qəbul edərik. Yaxud, Xankəndidə məskunlaşma daha məqbul sayılarsa, bunu da qəbul edərik. Biz Göyçə camaatı daim dövlətimizin və dövlətçiliyimizin yanında olmuşuq, varıq və olacağıq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər