• cümə, 26 Aprel, 13:37
  • Baku Bakı 23°C

Hadisə ortada: bəs səbəblər və günahkarlar?

02.10.18 19:09 1012
Hadisə ortada: bəs səbəblər və günahkarlar?
Oktyabrın 1-də avtobusla qatarın toqquşması olayı gündəmi zəbt edib. Son iki gündür hər kəs bu hadisədən danışır. Amma konkret olaraq hadisənin hansı səbəbdən baş verdiyini, hansı qurumun bu məsələdə məsuliyyət daşıdığını deyən yoxdur. Təbii ki, bu hadisədə ilk olaraq Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi, "Azərbaycan Dəmir Yolları” QSC yada düşür. Lakin məsələni bir az araşdırdıqda, hadisədə başqa qurumların da payı olduğu açıq şəkildə görünür.
Maraqlısı da budur ki, bütün qurumlar qəti şəkildə özündə günah görmədən qarşı tərəfi təqsirkar sayır. Hər kəs kiçik bir açıqlama verərək məsələnin üstündən keçir. Amma gəlin unutmayaq ki, hadisə nəticəsində 2 nəfər ölüb, 41 nəfər isə xəsarət alıb. Və bu, ilk deyil. Əgər xatırlayırsınızsa, təxminən 1 il əvvəl də Lökbatan qəsəbəsi ətrafında avtobusla qatar toqquşmuşdu. Görünür, həmin hadisədən heç bir dərs götürməmişik ki, eyni hadisə yenidən baş verdi. Görəsən daha neçə can qurban verilməlidir ki, məsələ ilə bağlı ciddi tədbirlər alınsın. Hadisə ilə əlaqədar araşdırma edib məsələnin nə yerdə qalldığını, qəzanın törədilməsində günahkarın kim olduğunu öyrənməyə çalışdıq.

Aidiyyatı qurumlar hadisə ilə bağlı nə deyir?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qəzadan sonra tibbi müayinədən keçirilən sürücü Elxan Şirəliyevin narkotik istifadəçisi olduğunu və əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşadığını bildirib. Əlavə edib ki, hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bu zaman sual yaranır: axı nə üçün əvvəl məhkumluq həyatı yaşamış narkotik istifadəçisi sürücü işləyir?
Məsələ ilə bağlı açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sürücülərin işə qəbulu təmsil etdiyi qurum tərəfindən həyata keçirilmir. M.Ağayev, həmçinin qeyd edib ki, bu kimi halların qarşısının alınması üçün vahid sürücü bazasının hazırlanması və peşəkar sürücülərlə bağlı məlumatların toplanması davam edir.
Təəssüf ki, Mais Ağayev bizim sualımıza axtardığımız cavabı vermədi. Yəni "işə götürməyə biz baxmırıq” deyərək, məsələni bağladı. Amma BNA-nın Nizamnaməsinin vəzifələri bölməsinin 3.1.22-1. bəndində qeyd edilir ki, agentlik ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətləri yerinə yetirən sürücülərin qeydiyyatını aparır və müvafiq sürücü məlumat bazasını yaradır. Maraqlıdır, bu sürücü haqqında bazada məlumat necə imiş? Ümumiyyətlə, agentlik özəl avtobus şirkətlərinin onlara təqdim etdiyi sürücünü özlü də araşdırırmı? Və ya sürücü haqqında onlara verilən məlumatın doğruluğunu yoxlayırmı? Çox təəssüf, bu suallarımız cavabsız olaraq qaldı.

Hadisədə adı çəkilən digər bir qurum isəAzərbaycan Dəmir Yolları QSC idi. Qurumun sözçüsü Sevinc Qədirova bildirib ki, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda, qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşma baş verib”.
Sevinc xanım da hadisədə sürücünü günahkar göstərərək məsələdə təmsil etdiyi qurumun heç bir günahı olmadığını deyib. Amma sosial şəbəkələrdə hadisə anına aid yayılan videoda şlaqbaumların olmadığı görünür. Və bununla bağlı yenidən Sevinc xanıma müraciət etdikdə, qeyd edib ki, yayılan görüntülər barədə rəhbərliyə məlumat verib: "Biz də məsələni araşdırırıq. Ərazidəki kamera görüntülərini Daxili İşlər Nazirliyindən əldə etməyə çalışırıq. Görüntülər əldə ediləndən sonra şlaqbaumun olub-olmadığı daha dəqiq bəlli olacaq. Yalnız bundan sonra məlumat verə bilərik”.

Sürücülərin tibbi müayinəsinə kim nəzarət edir?

İndi gələk, sürücü ilə bağlı olan məqamlara. Qeyd edilir ki, sürücü narkotik istifadə edən və məhkumluğu olan biri olub. Bildiyimiz kimi, hətta qanunda qeyd edilir ki, ictimai nəqliyyatda çalışan bütün sürücülər sükan arxasına keçməzdən əvvəl tibbi yoxlanışdan keçməlidirlər. Bəs bu prosesə kim nəzarət edir, bu müayinə necə baş tutur? Suallarımıza cavab almaq üçün Səhiyyə Nazirliyinə müraciət etdik.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov dedi ki, hazırda sürücülərin tibbi müayinəsinin nazirliklə heç bir əlaqəsi yoxdur: "Hər bir şirkət sərbəst şəkildə istədiyi tibbi müəssisə ilə müqavilə bağlayır. Həmin şirkətlər də daha çox özəl klinikaları seçirlər. Sürücülərin hər gün müayinədən keçib-keçmədiyini deyə bilmərəm. Sadəcə bildirim ki, nazirlik bu işə nəzarət etmir”.
Beləcə, məsələ bu qurumdan da yan keçdi.
Hadisə ilə bağlı digər məqamları aydınlaşdırmaq üçün ekspertlərin münasibətini öyrəndik.

"BakuBus”un bazası genişləndirilməlidir

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, işə götürülərkən bütün sürücülər araşdırılmalıdır: "Məncə, bu təkcə həmin sürücünün yox, o yoldan keçən bütün sürücülərin problemidir. Bəlkə də onlar hər dəfə yolu elə keçirlər, sadəcə hadisə bu gün baş verib. Dəmir yolunun olduğu yerdə nəzarət güclü olmalıdır. Maraqlıdır, nəyə görə həmin sürücü bu vaxta qədər cərimə olunmayıb? Dəmir yolunu belə keçməyin cərimə balı var. Bir sürücü il ərzində 5 dəfə elə edə bilər, 6-cı dəfə sürücülük vəsiqəsini yerə qoyub getməlidir. Bundan başqa, dəmir yolu olan bir ərazidə təhlükəsizlik sistemi yüksək səviyyədə təşkil edilməlidir”.
Ümumiyyətlə ictimai nəqliyyat sistemində problemlər olduğunu deyən ekspert bildirir ki, "BakuBus”un bazası genişləndirilməli, köhnə, keçmişdən qalan prinsiplə işləyən avtobuslar sıradan çıxarılmalıdır: "Avtobus sürücüsü işi o qədər çətin işdir ki, "BakuBus”u və 1-2 dənə də daşıyıcı şirkəti çıxmaqla, heç kəs avtobus sürücüsü olmaq istəmir. Elə ona görə də bu dəqiqə Azərbaycanda avtobus sürücüsü çatışmır. Çünki o iş sadəcə əzabdır, işgəncədir. Nə düz-əməlli istirahət, nə də iş rejimi var. Sahibkar da pul qazanmaq istəyir. Daşıyıcı şirkətlərin rəhbərləri məsələyə laqeyd yanaşır, hər yoldan keçəni işə götürür. Ona görə də bu sistemi kökündən dəyişmək lazımdır. Tezliklə "BakıBus”un bazası genişləndirilməli, sürücü bazası yaradılmalıdır. Daha sonra qanunsuz yollarla işləyən belə daşıyıcılar və sürücülər kənarlaşdırılmalıdır”.

Şlaqbaum standartlara uyğun deyildi

Ərşad bəy şlaqbaumdan da danışdı: "Qatar hələ uzaq məsafədə olanda, şlaqbaum bağlanmalıdır. Sizə bir şey deyim, əldə olunan fotolarda dəmir yolu keçidi ilə bağlı iki ciddi qüsur görmüşəm. Qüsurlardan biri şlaqbaumun standartlara uyğun olmamağıdır. Əslində qanunda çox sadə yazılıb ki, şlaqbaum qırmızı-ağ növbəli rənglərdən ibarət olmalıdır. Qırmızı gecə vaxtı işığı yaxşı qaytarır. Həmçinin şlaqbaumun ortasında da qırmızı dairə olmalıdır. Amma orda gördüyümüz şlaqbaum sarı rəngli bir taxtadır. İkinci ən böyük problem odur ki, dəmir yolu keçidinin ərazisində şlaqbaumdan əlavə bir tikili var. Həmin tikili orada niyə olmalıdır? Axı o tikili qatarın gəldiyi istiqamətdə görüntünü məhdudlaşdırır. Bax bu məsələləri də araşdırmaq lazımdır”.

Özbaşınalıq, məsuliyyətsizlik davam edir

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edir ki, sosial şəbəkələrdə yayılan video kadrlardan çox şey məlum olur: "Həmin ərazidə dəmir yolu xətti olmasına baxmayaraq, nəzarət mexanizmi çox zəifdir. Çünki avtobusla yanaşı digər maşınlar da dəmir yoluna yaxınlaşdıqları halda, öz sürətləri ilə yola davam edirlər. Təxminən belə bir təəssürat yaranır ki, avtobus olmasaydı, digər avtomobillər qatarla toqquşacaqdı və nəticədə zəncirvarı qəza baş verəcəkdi. Dəmir yolunun şəhərin, qəsəbənin içindən keçməsi təhlükəlidir. Məncə, artıq bu yolların yığışdırılması vaxtı çatıb. Təsəvvür edirsinizmi, əgər avtobus tam relslərin üzərində olarkən qatarla toqquşsaydı, nələr baş verə bilərdi?! Bu zaman orada sağ adam qalmazdı”.
Ekspert deyir ki, hazırda fəaliyyət göstərən özəl avtobus şirkətlərinin işinə ciddi nəzarət həyata keçirilmədir: "Əgər bu kimi hadisələr baş verən zaman şirkət rəhbərlərindən kimisə həbs etsələr, digərlərinə də dərs olar. Hazırda heç bir şirkət rəhbərinə söz demək olmur. Hamısı kimlərinsə qohumudur. Görünür ki, bu sahədə boşluqlar çoxdur. BNA fəaliyyətə odlu-alovlu başladı. Amma təəssüf ki, hələ də daşıyıcı şirkətlərlə, sürücü kontingenti ilə iş istənilən səviyyədə qurulmayıb. Bu sahədə özbaşınalıq, məsuliyyətsizlik davam edir. Hər gün sürücülər sükan arxasına keçməzdən əvvəl tibbi müayinədən keçməlidirlər. Amma təəssüf ki, bu proses də lazımi səviyyədə getmir. Düşünürəm ki, artıq bu sahədə ciddi nəzarət formalaşmalıdır”.
Məsələnin digər bir tərəfi isə avtobusda ölən və yaralananlarla bağlıdır.

Xəsarətin dərəcəsindən asılı olaraq sığorta ödənişi

Sığorta üzrə ekspert İlkin İbrahimovqeyd edir ki, həmin avtobusda xəsarət alanlara dəymiş zərər ödənməlidir: "İcbari sığorta haqqında qanuna görə, ölkəmizdə nəqliyyat vasitələrinin icbari sığortası bütün maşınların sığortalanmasını məcburi edir. Hətta artıq sığorta etməyənlər DYP-nin radarları ilə avtomatik müəyyən edilərək maşın sahiblərinə cərimələr tətbiq olunur. Yəni həmin sığortanın mahiyyəti o deməkdir ki, sığorta olunan avtomobildən qarşı maşına (əmlaka) dəymiş ziyan üzrə 5000 AZN , sağlamlığa dəymiş ziyana görə isə 1 hadisə üzrə 50000 manat məbləğində sığorta ödənişi olunur. Bu tələb icbari sığortalar haqqında qanunla tənzimlənir. Baş vermiş qəza ilə bağlı məbləğ əgər göstəriləndən artıqdırsa, bu zaman qalan məbləğə görə avtomobil sahibi məsuliyyət daşıyır. Sağlamlığa dəymiş ziyana isə xüsusi diqqət yetirilib. Zərər vuran avtomobilin icbari sığortası olmasa belə, sağlamlığa dəymiş zərər yenə də ödənir. Bu ödənişi İcbari Sığorta Bürosu həyata keçirir. Konkret olaraq 160 saylı marşrutla bağlı onu demək olar ki, əgər günah marşrut sürücüsündə olsa, marşrut sürücüsündən başqa avtomobildəki şəxslərə, xəsarətin dərəcəsindən asılı olaraq ümumilikdə 50000 manatı keçməməklə sığorta ödənişi düşəcək. Xəsarətin dərəcəsindən asılı olaraq sığorta ödənişləri aşağıdakı qaydada olacaq. Ölüm halına görə - 5000 manat, yüngül xəsarət - 750 manat, az ağır -1000 manat, ağır - 1500 manat. Ağır xəsarət sonradan əlilliyə çevrilərsə, yenidən 1500 manat sığorta ödənişi veriləcək. Qeyd edim ki, xəsarətin dərəcəsi məhkəmə tibbi ekspertizasının verdiyi rəy əsasında müəyyən edilir”.

Günel Azadə

banner

Oxşar Xəbərlər