AZE | RUS | ENG |

Kürün suyu necə təmizlənir?

Kürün suyu necə təmizlənir?
Media nümayəndələri sutəmizləyici qurğular kompleksində olublar

İyulun 10-da "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən media nümayəndələrinin Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür sutəmizləyici qurğular kompleksinə səfəri təşkil olundu. İnfotur çərçivəsində jurnalistlər kompleksin ərazisi, burada istismar olunan qurğu və avadanlıqların iş prinsipi ilə yaxından tanış oldular.
"Azərsu” ASC sədrinin müşaviri, vaxtilə Kür su təmizləyici qurğular kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən əməkdar mühəndis Telman Ağayev suallarımızı cavablandıraraq bu qurğuların yaranma prosesindən danışdı. Qeyd etdi ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə "Şollar”, İkinci Bakı Su Kəməri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunub: "Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən, əhalinin içməli su təminatında ciddi çətinliklər yaranırdı. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi çətin görünürdü. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına 1968-ci ildə başlanıldı. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirildi. Ulu öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları "Ümumxalq tikintisi”nə cəlb edildi. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırıldı”.
T.Ağayev bildirdi ki, layihənin birinci növbəsi çərçivəsində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilib. Kür su kəməri kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb. Ötən əsrin 80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilib. 
1998-2005-ci illərdə "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.
Qurğuların yaranma prosesi ilə bağlı məlumatdan sonra iş prinsipi ilə yaxından tanış olduq. Yaşayış mənzillərinə verilən suların Kür çayından götürülmə və təmizlənməyə ötürülməsi  prosesini izlədik. Kür çayından nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.


Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov bizimlə söhbətində bildirdi ki, Kür su təchizat kollektivi rayonların içməli su təchizatını ödəyir: "Kür çayı dəyişkən rejimli çaydır. Kürün bulanıqlılıq dərəcəsi yaz-payız mövsümlərində qalxır. İndi rayonlarımızda yağıntılar olub. Hazırda litrdə 5  min milli qram  litr bulanıqlıq dərəcəsi var.  Ona görə də bizim müəssisə 3 pilləli durultma sistemi ilə işləyir. Çalışırıq ki, əhaliyə ötürülən sular daha keyfiyyətli olsun. "Azərsu”yun mərkəzi laboratoriyası hər həftə sonu ay ərzində 4-5 dəfə laboratoriya analizləri aparır”.
 
E.Həsənov Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcminin xeyli artırıldığını da əlavə etdi: "Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaq”. 
Media nümayəndələrinə "Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi barədə də məlumat verildi. Bildirildi ki, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq keçirilən layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.
 
 Xəyalə Rəis



 
 
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968