• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

Haaqa sammiti ölkəmiz üçün uğurlu oldu

28.03.14 09:12 1708
Haaqa sammiti ölkəmiz üçün uğurlu oldu
Xəbər verdiyimiz kimi, mart ayının 24-ü və 25-i Niderlandın Haaqa şəhərində nüvə təhlükəsizliyi sammiti baş tutub. 50-dən çox ölkə nümayəndələrinin iştirak etdiyi sayca üçüncü sammitin ikinci günündə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Ölkə başçısının bu çıxışı region ölkələrinin təhlükəsizliyi baxımından çox yüksək qiymətləndirilir.
Politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində hazırda dünyanın təhlükəsizlik sistemində nüvə təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıyan məsələ olduğunu dedi: “Bir məqamı qeyd etmək istəyirəm. Azərbaycanı Haaqada keçirilən nüvə sammitinə dəvət etmək üçün Niderlandın xarici işlər naziri şəxsən Bakıya gəldi və prezidentə dəvətnaməni özü təqdim etdi. Ermənistan çox döşünə döyür. Amma sizə deyim ki, oraya Niderland Xarici İşlər Nazirliyinin sıravi bir əməkdaşı yollanmışdı. Məncə, belə yanaşma diqqət yetirilməsi vacib olan məsələdir. Digər tərəfdən, Azərbaycan dünyanın təhlükəsizliyində yaxından iştirak edən bir dövlətdir. Ölkəmiz bu gün sanki təhlükəsizlik istehsalçısıdır. Öz təhlükəsizliyimizi təmin etmişik. İndi isə regionun və regionətrafı dövlətlərin təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edirik. Azərbaycan ümumi təhlükəsizliklə yanaşı, enerji təhlükəsizliyinin də təminində mühüm rol oynayır. Biz hər kəsə göstəririk ki, ölkəmiz mühüm tərəfdaşdır”.
Ölkə başçısının ABŞ prezidenti Barak Obama ilə görüşməsinə də diqqət çəkən politoloq bütün atılan addımların ölkəmiz üçün maksimum şəkildə uğurlu olmasına hesablandığını bildirdi: “Bütün baş tutan görüşlər vacib əhəmiyyət daşıyır. Tək Obama ilə deyil, digər nüfuzlu şəxslərlə edilən söhbətlərin də hər birinin öz faydası olacaq. Azərbaycan ciddi siyasi dövlət və önəmli tərəfdaş kimi qəbul olunur. Ölkəmiz üçün təhlükəsizlik məsələləri ön plandadır. Prezident də konkret nümunə göstərərək Ermənistandakı atom elektrik stansiyasının köhnəldiyini, həm Ermənistan, həm də region dövlətləri üçün təhlükə yaratdığını vurğuladı. Həqiqətən də, Ermənistan kasıb dövlətdir, 40 il qabaq tikilən stansiyanı təmir edə bilmir. Orada yüksək ixtisaslı mütəxəssislər də qalmayıb. Hamısı ora-bura qaçıb. Böyük əksəriyyəti İranın “Buşer” AES-ində işləməyə gedib. Ermənistan seysmik zonada yerləşən stansiyanı təcili aradan götürməlidir”.
M.Əhmədoğlu qeyd etdi ki, ölkə başçısının çıxışı Ermənistan prezidentinin daha bir qüsurunu üzə çıxarıb: “Bir daha bəlli oldu ki, Sarkisyan normal söz başa düşmək qabiliyyətində deyil. Prezidentimiz Metsamor AES barədə məsələni başqa rakursda qoymuşdu, o isə başqa istiqamətdə cavab verdi. Həm də bəlli oldu ki, Ermənistan prezidentinin heç öz adamlarının əhval-ruhiyyəsindən xəbəri yoxdur. Çünki nüvə tullantılarına görə Sünik vilayətinin əhalisi etiraz edir. Yəni, onlar bizim ölkə başçısının mövqeyinə daha yaxındırlar, nəinki öz prezidentlərinin”.
Politoloq Elman Nəsirov da nüvə sammiti haqda yüksək fikirdə olduğunu söylədi: “Elə problemlər var ki, o, bütün dünyanı əhatə edir və təhlükəsizlik baxımından hava-su kimi vacibdir. Bu dəfəki sammitdə nüvə təhlükəsizliyi, xüsusilə də, nüvə terrorizmi ilə bağlı məsələlər və bu sahədə milli və beynəlxalq əməkdaşlıq məsələləri gündəmdə oldu. Azərbaycan dövlət başçısı cənab İlham Əliyev də sammitdə iştirak edirdi və sammit çərçivəsində onun əhəmiyyətli çıxışı oldu. Prezident Azərbaycanın beynəlxalq terrorizmə qarşı, eyni zamanda nüvə terrorçuluğuna qarşı mübarizə sferasında atdığı addımlardan danışdı. O, konkret faktlar və arqumentlərlə dövlətimizin bu istiqamətdə sistemli bir fəaliyyət ortaya qoyduğunu dünya ölkələrinin nəzərinə çatdırdı. Qeyd etdi ki, dövlətimiz gördüyü işlərin hesabatını BMT-yə təqdim edib və bu hesabat yüksək dəyərləndirilib. Həmçinin bildirdi ki, Azərbaycan nüvə təhlükəsizliyi sahəsində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Amma Ermənistanın işğalı altında olan ərazilər nəzarətdən kənarda qalır. Buna görə də həmin ərazilər ciddi təhdid zonaları hesab olunur. Metsamor AES nəinki Ermənistan, bütün region üçün çox ciddi təhlükə mənbəyinə çevrilib. Çünki tektonik, seysmik zonada yerləşir. Zəlzələ baş verərsə və bu obyektdə partlayış olarsa, bütün region böyük fəlakətlə üz-üzə qalacaq”.
Politoloq hesab edir ki, prezident çıxışı zamanı bir məqamı diqqətə çatdırması ilə də yadda qalıb: “O, 2 il müddətində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğumuzu və iki dəfə də bu quruma sədrlik etdiyimizi xatırlatdı. Birinci sədrliyimiz dövründə bütün dünya üçün ciddi təhlükə mənbəyi olan beynəlxalq terrorizm məsələsini gündəmə gətirdik. Həmin iclası cənab prezident özü apardı və nüvə terrorizmi ilə bağlı məsələləri diqqət mərkəzində saxladı. Yəni, Azərbaycan dövləti beynəlxalq terrorizmi, onun ayrı-ayrı formalarını, həmçinin nüvə terrorizmi ilə bağlı məsələləri çox gözəl bilir. Çünki Ermənistanın dövlət siyasəti beynəlxalq terrorizmə söykənir və onlar nüvə terrorizmi məsələsini reallaşdırırlar. Prezident məsələnin bütün reallıqlarını yüksək tribunadan beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı”.
Müsahibimiz vurğuladı ki, dövlət başçısı təkcə sammitin gündəliyində dayanan məsələlərlə kifayətlənmədi və sammit çərçivəsində bir sıra digər görüşlər də həyata keçirdi: “Britaniyanın baş naziri, Türkiyə prezidenti, Qazaxıstan prezidenti və digər rəhbər şəxslərlə görüşlər baş tutdu. Düşünürəm ki, Birləşmiş Ştatlar prezidenti ilə görüş xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, ABŞ bizim strateji tərəfdaşımızdır. Bu dövlətlə həm siyasi, həm də təhlükəsizlik məsələlərində dialoq aparırıq. Enerji təhlükəsizliyi sahəsində bizim ciddi əlaqələrimiz var. Beynəlxalq terrorizmə qarşı mübarizə sferasında birgə fəaliyyət göstəririk. Qeyd edim ki, Azərbaycanın hərbi kontingenti bu gün də Əfqanıstanda xidmət göstərir və bir neçə funksiyanı yerinə yetirməkdədir. Bu baxımdan, hesab edirəm ki, bu görüş Bakı-Vaşinqton münasibətlərinin daha da inkişafı məqsədinə xidmət göstərir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər