• çərşənbə axşamı, 19 mart, 14:45
  • Baku Bakı 8°C

GÖZLƏNİLMƏZ YAZIÇI

29.11.18 11:39 15960
GÖZLƏNİLMƏZ YAZIÇI
Aləm Kəngərli gözlənilməz yazıçı, düşündürücü qələm sahibi, dəyərli dost və yaxşı insandır. Aləmin hekayələrində güclü "haqqımüdafiə” sistemi var. Bu da A.Kəngərlinin daxili aləmindən xəbər verir.
"Naməlum adam” kitabında Aləm bəyin povest və hekayələri çap olunub. Bu günün ictimai, siyasi, psixoloji vəziyyəti ilə səsləşən hekayələr bir-birindən öz gözəlliyi ilə fərqlənir. Müəllifin vətən, torpaq, millət sevgisindən qaynaqlanır ki, kitabın ilk hekayəsi onun "Vətən” hekayəsidir. Hekayədə ədəbi dil qaydaları, üsulları ilə açıq-aşkar şəkildə oxucuya çatdırılmış xeyli həyat həqiqətləri var. Kişi çarəsizliyi, torpaq həsrəti, övlad və vətən sevgisi arasında vurnuxmalar, qərarsızlıqlar, milli mentalitet və dəyərlər fərqliliyinin dəhşətləri içində yaşamaq faciəsi kimi epizodlar yazıçının ustalığından xəbər verir. Hekayədə Səfər kişi min bir əziyyətlərlə öz doğma vətəninə qayıdır. Obrazın daxili aləminə varmağı bacaran Aləm Kəngərli vətən sevgisini Səfər kişinin doğma torpağına atdığı ilk addımlarda verə bilib. Elə vağzaldaca Səfərin çiyninə tanış əlin qonması hadisəsi ilə müəllif vətənin müqəddəsliyini, o müqəddəsliyin aliliyini və paklığını göstərib. Həm də elə göstərib ki, bir oxucu kimi şəxsən mənə elə gəldi ki, Səfərin çiyninə qonan tanış əl vətənin öz əlidir.
"Ehsan” hekayəsi kitabdakı ən maraqlı hekayədir. Həyatın hər üzünə güzgü tutan bu hekayə Göyüş kişinin timsalında köhnə, mərd kişilərin obrazını birə-bir nisbətdə canlandırmaqdadır. Mais kişinin uzun müddət xəstə yatağından sonrakı ölümü və yas mərasimində baş verən hadisələr göstərir ki, Aləm Kəngərli həyat yaranandan bəri şərlə xeyrin necə mübarizədə olduğunu və bu çəkişmələrin iç həqiqətlərini bir yazıçı, qələm adamı kimi asanlıqla görə, dərk edə və qələmə ala bilir. Müəllif bu hekayədə həmçinin insanın ölümündən sonra bu dünyadakı izlərinə, nişanələrinə, qazandığı hörmət və ya nifrətinə qələmi ilə işıq tutur. "Ehsan” hekayəsində Göyüş kişinin iti həyatın və bəlkə də, insanların başqa üzüdür. Aləm Kəngərli bu it obrazının alt qatında qabarıq şəkildə və ustalıqla sübut edib ki, həqiqətən də, ot kökü üstündə bitər. Digər tərəfdən hekayədə Göyüş kişinin iti öz anasına çəkməmişdi, oxşarlığı az idi, anası kimi cəld, sədaqətli və qorxmaz deyildi. Eyni zamanda hekayədə paralel göstərilmiş və çox incə, həm də çox dərin məntiqi əlaqəsi olan hadisələr cərəyan edir. Məsələn, Mais kişinin pis insan olması, oğlu Dilavərin də ona çəkməsi it obrazı ilə müqayisədə oxucunu kifayət qədər dərin düşüncələrə qərq edir. Mais kişinin ehsanının sonda itə qismət olması isə (həm də kökü üstə bitməmiş, anasına çəkməmiş itə) isə ibrətamizdir.
Dünya ədəbiyyatında elə yazıçılar var ki, bir hekayə və ya bir romanla ədəbiyyatda qalıblar. O hekayə və ya romandan sonra nə qədər yazsalar və yazmasalar da vəziyyət dəyişməyəcək. Düşünürəm ki, Aləm Kəngərli "Ehsan” hekayəsindən sonra ayağını ayağının üzərinə aşırıb yazıçı kimi öz həyatını yaşaya bilər. Mən bir yazıçı kimi çox az yazılara paxıllıq etmişəm. "Ehsan” hekayəsi ən çox paxıllıq etdiyim əsərlərdəndir. "Kaş onu mən yazaydım” deyəcəyim qədər möhtəşəmdir.
"Naməlum adam” kitabı ilə Aləm Kəngərli ədəbi hadisə yaratdı. Bu hadisə öz qoynuna elə hekayələr alıb ki, o hekayələrlə insanlıq həqiqətlərinin və dünyanın sonunacan getmək mümkündür. Buna "Atasının balası”, "Kisəçi”, "Ağsaqqal”, "İki qonşu” hekayələrini misal çəkmək olar. Bu hekayələrdə müəllif ədəbi-bədii silahını eyni nöqtəyə tuşlayıb. Hər bir yazıçı öz əsəri ilə danışır. Əsər yazıçının içinə tutulmuş güzgüdür. Bütün hekayələr və povest Kəngərlinin daxilən necə bir yazıçı, insan, vətəndaş olduğunu, xalqına, millətinə, torpağına münasibətini, cəmiyyətdə baş verən haqsızlıqlara etirazını, yazıçı və vətəndaş mövqeyini birmənalı olaraq açıq-aşkar göstərir. Yuxarıda adını qeyd etdiyimiz dörd hekayədə isə bu və ya digər məsələlər daha qabarıq verilmişdir. Məsələn, müəllif milli-mənəvi dəyərlərimizə qarşı çıxan, xalqı, milləti ələ salmağa çalışan qara fikirli insanların iç üzünü göstərib. Yazıçının uğuru da odur ki, dünya hadisələrinə düzgün və dolğun yanaşmağı, onu həssaslıqla qələmə almağı bacarsın. Bu səbəbdən Aləm Kəngərlinin dili fərqli, özünəməxsusdur.
A.Kəngərli həyatdan süzülüb gələn yazıçıdır. Onun yaratdığı obrazlar bizim ətrafımızda yaşayan, hər gün üz-üzə gəldiyimiz real insan obrazlarıdır. "Naməlum adam” kitabı Aləm Kəngərlinin yaşantılarıdır. Bir növ müəllif operator rolunu oynayır. Əgər burada kamera hadisəni olduğu kimi göstərirsə, məsələnin görünməyən tərəfini vermirsə, Aləm Kəngərli hekayələrində həm məsələnin real mahiyyətini, həm görünməyən tərəflərini, həm də bütün müsbət və mənfi cəhətlərini işıqlandırır.
"Darıxan ürəklər” hekayəsi A.Kəngərlinin maraqla oxunan əsərlərindəndir. Hekayə müəllifin ədəbi düşüncələrinin həqiqətə bükülmüş şəkildə təqdimatıdır. Lakin müəllif haqsızlıqlara müdaxilə, etiraz edə bilmir. Buna baxmayaraq, özünü haqqın yanında görür və haqqın kimliyini dərk edir. Daxili aləmində çarəsizliyə və haqsızlığa üsyan bütün dillərə tərcümə olunmuş şəkildədir. Ümumiyyətlə, Aləm Kəngərlinin nəsri öz yazıçı daxilindən süzülüb gələn eyniistiqamətli ədalət hissidir. O yazıçı ki, onun bütün ömrü vurhavurda, qovhaqovda keçib, əllərindən həyat və ədəbiyyat zəhməti, qabarı əskik olmayıb.
Aləm Kəngərlinin "Naməlum adam” adlı kitabında yer alan "Naməlum adam” povestini oxuyanda oxucu tamamən başqa bir aləmə düşür. Əsər çox sadə dildə yazılıb. Bu gün hər hansı bir alim, yazıçı, mühəndis, heykəltəraş və ya ömründə heç bir kitab oxumayan adam belə bu povestə nəzər salsa, həm həzm edər, həm ləzzət alar, həm də özü üçün müəyyən nəticələr çıxarar. Müəllif bu kitabda cəmiyyətimizdə gözə görünməyən ən xırda haqsızlıqlara qədər bütün həqiqətlərin mesajını verə bilib. Məsələn, Simuzərin bütün işçilərdən çox maaş alması buna sübut ola bilər. Çünki Simuzər Dilbərə daha yaxın, sirdaş kimi idi.
Povestin əvvəlində "gündüzün aydınlığı qaranlığa qovuşub əridikcə” ifadəsini verməklə müəllif yaxşı mənada oxucunu heyrətləndirir və bir neçə həmlə ilə onu mətnə tabe etməyi bacarır.
Məlumdur ki, bu gün dünya ədəbiyyatında detektiv əsərlər ciddi ədəbi nümunə sayılmır. "Naməlum adam” povesti detektiv əsərə yaxın olsa da, tam o deyil. Oxucunu çəkən başqa bədii qatqılar da var. Məsələn, əsərdə bədiilik çox yüksəkdir, bədii dildə ötürülmüş məna yükü, tənqid, istehza, rişxənd və məsləhətlər deməyə əsas verir ki, bu povest ciddi ədəbi nümunədir. Əgər daxili qatlara varsaq həm də qeyd etmək olar ki, əsərdə həyata söykənmiş fantastik nüanslar da az deyil. Bununla da müəllif öz yazıçı təfəkkürünün aliliyini göstərməyi bacarıb.
Povestin bəlkə də, on qat canlandığı hissə alma ağacına söykənən saqqallı adamın peyda olması ilə başlayır. Mənə elə gəlir ki, bu əsərin ən böyük uğuru ümumilikdə götürəndə danışıq dili ilə bədii dilin orta hissəsində hansısa bir tərzdə yazılmasıdır. O tərz ki, bugünkü oxucu o qayəni, üslubu başa düşür, qavrayır və sevir. Yəni povest oxucu dilində yazılıb. Bir yazıçının oxucunu bu qədər dəqiq hiss etməsi, həqiqətən də, alqışlanacaq hadisədir.
Dilbərin saqqallı adamla görüşlərindən sonra keçirdiyi narahatlıq hisslərini Aləm Kəngərli tam şəkildə verə bilib. Yazıçı öz əsərində eyni zamanda həm cinayətkar, həm də xeyirxah ola bilirsə, yəni Dilbər xanımla bərabər, yaşlı mühafizəçini öldürən yalançı "hamilə qadın” obrazını da yaradırsa, bu, yazıçının ustalığında xəbər verir.
Bu povest araşdırmaçıya, tənqidçiyə, təhlilçiyə, oxucuya danışmaq üçün çox mətləblər, ipucları, mövzular verir. Məsələn, Aydın müəllimin ölüm sirri oxucunu xeyli fikirləşməyə vadar edir. Oxucu başqa düşüncələrə qərq olduğu halda Aləm Müəllif şəkil tablosunun muzeydən oğurlanmasını göstərməklə həyatın təsadüflüyünü, balaca bir uşaq tərəfindən oğurlanmasını qeyd etməklə isə həyatın vasitəçilik üzərində qurulması fəlsəfəsini açıq-aşkar göstərib. Parkın ortasında qəpik-quruşa satılan, sonra insanların ölümünə səbəb olan qiymətli tablonun povestdəki mənası həyatımızın dərin qatlarında bizi düşündürən və incidən həyat həqiqətidir.
"Naməlum adam” povestində Amil müəllim qeyrətli övlad, vicdanlı məmur, vətənpərvər rəhbər obrazı kimi oxucunun diqqətini öz üzərinə çəkir. Bütün hekayələrdə, povestlərdə, romanlarda bir xilaskara ehtiyac var. Bu günün dünya oxucusunun isə ən azı bədii əsərlərdə xilaskara ehtiyac duyması danılmazdır. Bu və digər üstünlüyünə görə deyə bilərik ki, əsərin zənginliyi, məna yükü, bədii dili sonacan qorunub-saxlanılıb və bu gün yazılan bədii əsərlər arasında kəskin seçiləndir. Bütün bunlar isə Aləm Kəngərlinin usta bir yazıçı olmasından, oxucunun dilini bilməsindən, ədəbiyyatın tələblərindən xəbərdar olmasından və öz qələminə inanıb, güvənməsindən, eyni zamanda da gözlənilməz olmasından xəbər verir.


Elşad Barat

banner

Oxşar Xəbərlər