Gözlənilməz görüş
1982-ci
ilin payızında Boading şəhərindən Gaomi şəhərinə gəlirdim ki, ailəmizə baş çəkim.
Elektrik qatarı gecikmişdi, ona görə də Gaomi stansiyasına çatanda artıq axşam
saat 10-un yarısı idi. Stansiyadan bizim kəndə gün ərzində yalnız bir avtobus
marşrutu gedirdi, gərək ya səhər saat 6-dək stansiyada gözləyəydim, ya da şəhərdə
ev tutub gecəni orda keçirəydim. Çox da qaranlıq deyildi, qərara aldım ki, gecəni
şəhərdə keçirməkdənsə evimizə piyada gedim. Belə etsəydim həm valideynlərimi
daha tez görəcəkdim, həm də təmiz hava udacaqdım.
Çox da ağır
yüküm yox idi, balaca bir çamadanım vardı. Bu da sürətlə getməyimə imkan
verirdi. Qatar relslərinin arası ilə bir az gedəndən sonra asfalt yola çıxdım.
Amma mən asfalt yolla getmədim, çünki bu yol bir az qabaqda sağa burulurdu və
çox uzaq idi. Evimizə tez çatmaq üçün kol-kos basmış torpaq yolla getməyi üstün
tutdum. Əslind,ə nə vaxt idi ki, bu yoldan istifadə edən yox idi, son illər ərzində
yolun neçə yerrində qazıntı işləri aparılmışdı. Bu səbəbdən insanlar bu yoldan
çox nadir hallarda istifadə edirdilər. Yolu tikan, kol-kos basmışdı, yalnız
kiçik bir çığır tapdalanmışdı. Mən həmin cığırla getdim.
Yolun hər
iki tərəfi əkin sahələri idi, qarğıdalı, lobya, taxıl, şirin kartof əkilmiş sahələr.
Ayın işığı qarğıdalı yarpaqlarına düşür, yarpaqlar zəif gümüşü işıq zolağı kimi
görünürdü. Nəinki külək, heç zəif meh də yox idi. Əkin sahələrində bir yarpaq
da tərpənmirdi. Yanlız cırcıramaların səsi eşidilirdi. Onların səsi aylı gecəni
daha da yalqız göstərirdi. İrəli getdikcə əkin sahələri də çoxlırdı. Qatar
stansiyasından bizim kəndə 13 mildən çox idi. Arabir cırcıramalardan başqa səs
də eşidirdim. Deyəsən, hansısa quş idi.
Qəflətən
hiss etdim ki, qorxudan bədənim buz kimi tərlə örtülüb. Öz ayaq səslərim özümə
qorxunc gəlirdi. Mənə elə gəlirdi addım atanda ayaq səslərim əks-səda verir.
Gecə vaxtı bu yolla tək-tənha gəldiyimə it kimi peşman idim. Mənə elə gəlirdi
ki, əkin sahələrində saysız-hesabsız sir gizlənib, mən addım atdıqca minlərlə
göz mənə zilənir. Bir yandan da, nədənsə mənə elə gəlirdi ki, arxamca kimsə gəlir.
Birdən-birə
ay batdı, ətrafa zil qaranlıq çökdü. Özümdən asılı olmadan addımlarımı yeyinlətdim,
ancaq nə qədər sürətlə gedirdimsə elə bilirdim arxamca gələn də sürətini
artırır. Nəhayət, özümü ələ alıb arxaya baxdım. Arxamca heç kim gəlmirdi.
Evimizə tərəf
getməkdə davam edirdim. Yol gedə-gedə ürəyimdə özümü danlayırdım: "Bura bax, nədən
qorxursan? Sən Xalq Azadlıq Ordusunun zabiti deyilsənmi? Yaxşı, bir de görüm
kommunist partiyasının üzvü deyilsən? Sən marksizim-leninzmdən dərs demirsən? Hələ
bir yandan sən özünü materialist hesab edirsən. Əsl materialist isə heç nədən
qorxmalı deyil. Kommunist ölümdən qorxmur. Yaxşı, elə isə bəs nədən qorxursan??
Ruhlardan qorxursan? Yox! Burda vəhşi heyvanlar var? Yox! Yox! Bəs onda nədən
qorxursan?”.
Öz-özümü sakitləşdirmək
üçün belə desəm də qorxudan dişlərim şaqqıldayırdı. Bu vaxtacan ruhlarla bağlı
oxuduğum nağıllar bir-bir yadıma düşürdü. Nağılların birində kişi yol gedir, ondan
qabaqda gedən bir nəfəri görür. Bir də başını qaldıranda görür ki, iki ayaq
öz-özünə gedir, bədəni yoxdur.
Yaxud başqa
bir ruh nağılında kişi gecə yol gedərkən kimsə gülə-gülə onun üstünə qaçır,
kişi diqqətlə baxanda ona gülən adamın üzü olmayan ruh olduğunu görür. Bu ruhun
üzü yalnız qırmızı ağızdan ibarət idi. Başqa bir nağılda kişi gecə yol gedir,
bir də görür ki, ağ saqqalı olan bir qoca yerdə oturub ot yeyir.
Birtəhər
özümü ələ alıb bərkdən oxumağa başladım: İrəli! İrəli! İrəli!
Yoluma
davam etdim, təbii olarq heç bir hadisə baş vermədi. Kəndimizə çatanda dan yeri
sökülürdü. Səma aydın idi, ağ, qara buludlarla örtülmüşdü, yalnız Şərq tərəfdə
qızartı vardı. Geri dönüb gəldiyim yola baxdım, əkin sahələri həmişə gördüyüm əkin
sahəsi idi. Yol da həmin yol, qeyri-adi heç nə gözə dəymirdi. Boş yerə
qorxduğum üçün özüm axmaq kimi hiss etdim.
Kəndimə girəndə
yaxınlıqdakı ağacların altından bir qoca kişi mənə tərəf gəlməyə başladı. Gözlərimi
qıyıb kşiyə diqqətlə baxdım. Qonşumuz Zhao kişi idi, çox səliqəli geyinmişdi. Mənə
çatmağa beş-altı addım qalmış o dayandı.
– Mister Zhao,
deyəsən, bu səhər çox erkən durmusunuz, – ona dedim.
– Hə, bu
gün tez durdum ki, şəhərə gedim, – Zhao dedi. – Bilirdim ki, sən gələcəksən,
dayanıb səni gözləyirdim.
Onunla bir
az söhbət etdim, ona filtrli siqaret verdim. O, siqaretini yandırıb dedi:
– Cavan
oğlan, mən sənin atana beş yuan borcluyam. Amma təəssüf ki, öz pulumu xərcləyə
bilmirəm. Götür bu qəlyanı, atana ver borcumun əvəzinə.
– Mister
Zhao, niyə belə edirsiniz?
– Yaxşısı
budur get evinizə. Atanla anan bayaqdan oturub sənin yolunu gözləyirlər.
Qəlyan əqiqdən
hazırlanmışdı, onu əlimə alanda buz kimi soyuq idi. Mən mister Zhao ilə
sağollaşıb kəndimizə girdim.
Atamla anam
gecə vaxtı piyada yol gəldiyim üçün məni danladılar, mənə müxtəlif suallar
verdilər. Dedilər ki, gərək belə etməyəydim, gecə vaxtı bir şey olsaydı heç kim
köməyimə gələ bilməzdi. Onların sözünü dinləyib güldüm:
– İnanın, mən
çox istəyərdim ki, ruhlarla rastlaşım, amma heyf ki, ruhlar məndən qorxub
qaçdılar.
Anam mənə
acıqlandı:
– Sən hələ
cavansan, belə sözlər demə!
Atam
siqaret çəkməyə başlayanda cibimi eşələdim və əqiq qəlyanı çıxardıb ona verdim.
– Ata, kəndin
girəcəyində mister Zhaoya rast gəldim. O, mənə dedi ki, sənə beş yuan borcu var
xahiş etdi ki, borcunun əvəzində bu qəlyanı sənə verim.
– Nə? Nə
dedin? Deyirsən bu qəlyanı sənə kim verdi?– atam təəccüblə soruşdu.
– Qonşumuz
mister Zhao. O, qoca kişi
– Oğlum,
deyəsən ,gözlərin çox pis görür, – atam dedi.
–Yox, niyə
ki, onunla bir az söhbət etdik, sonra mən ona siqaret verdim, o da mənə bu qəlyanı
verdi. Bax, bu da onun verdiyi qəlyan!
Sözümü
bitrib qəlyanı atama uzatdım. Atam duruxdu, qəlyanı əlinə almağa tərəddüd etdi.
Anam söhbətimizə
müdaxilə etdi:
– Oğlum,
qoca Zhao srağagün dünyasın dəyişdb. Srağagün səhər.
Belə məlum
olurdu ki, mənim gördüyüm ruh imiş. Mən ruhu görəndə qorxmamışdım, çünki o ruh
nağıllarnakı kimi qorxulu deyildi. O, mənimlə çox səmimi danışdı. Yazıq qoca borcunu
ödəmədən istəməyib. Doğrudan da, ruhlar insanlara xəsarət yetirmir. Ruhlardansa
insanlardan qorxmaq lazımdır.
İngilis
dilindən tərcümə edən: Sevil Gültən