AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gözlənilən böyük intibah

Gözlənilən böyük intibah

Cəmiyyət
24 Oktyabr 2020, 16:13 633
 
Ruh yenilənəcək, insanların yaddaşı təzələnəcək
                                         
Cəbhədən xoş xəbərlər gəlir. Mənfur ermənilərin işğal etdiyi Azərbaycan torpaqları 27 illik həsrətdən sonra öz sahibinə qovuşur. Azad edilən yurd yerlərimizdə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusu rəşadətli döyüşləri ilə hərb tariximizin yeni səhifələrini yazır. Əsgərlərimizin, zabitlərimizin şücaəti ölkəmizin qəhrəmanlıq səhifəsinə çevrilir. Rəşadət dolu bu səhifələri əbədiləşdirmək, tarixin yaddaşına yazmaq isə həmçinin ədəbiyyatçıların, ssenaristlərin, tarixçilərin, musiqiçilərin, rəssamların üzərinə düşür.
 

 
"Bu, boynumuzun haqqıdır”
 
Yazıçı Elçin Hüseynbəyli də hesab edir ki, Vətən müharibəsindən sonra ədəbiyyatın üzərinə böyük vəzifə düşür: "Torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycanda böyük bir intibah gözlənilir. Bu həm iqtisadi sıçrayışdır, həm də məşğulluqdur. Hesab edirəm ki, incəsənətin bütün sahələrində intibah baş verəcək. Daha maraqlı, daha ciddi ədəbiyyat nümunələrimiz yaranacaq. İndiyə kimi məğlubiyyət acısı dadmış yazıçı kimi qalibiyyət uğrunda əsərlər yazırdıqsa, indi qələbə sevinci dadan yazıçı kimi əsərlər yazmalıyıq. Bu, boynumuzun haqqıdır”. Yazıçı hesab edir ki, bu, incəsənətin başqa sahələrində də olmalıdır: "Çünki ruh yenilənəcək, insanların yaddaşı təzələnəcək. İndiyə kimi qəlbiqırıq, boynubükük idik. Ürəyimizdə torpaq nisgili vardı. Əlimiz çox işə yatmırdı. İndi ordumuzun şücaəti, Ali Baş Komandanın iradəsi, ədalətli dövlətlərin, qardaş Türkiyənin dəstəyi ilə qalibiyyət qazanırıq. Xalqımızın birliyi hamıya ruh verir, bizi qələbəyə ruhlandırır. İnşallah, qələbə zəfərini də görəcək və qeyd edəcəyik. Hesab edirəm ki, bu zəfərlərə həsr olunun əsərlər çox yaranacaq. Həm ədəbiyyatda, həm də incəsənətin digər sahələrində Vətən müharibəsinin rəşadət dolu səhifələrini görəcəyik. Bu əsərlərdə zəfərlərimiz əksini tapacaq”.
 

 
"İndi qəhrəmanlar var”
 
Tənqidçi Vaqif Yusifli bu baxımdan ədəbiyyatın qarşıda böyük vəzifəsinin olduğunu bildirir: "İkinci Dünya müharibəsi illərində Səməd Vurğunun
 
"Bilsin Ana torpaq, eşitsin Vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən…” misraları Azərbaycan əsgərlərinə böyük ruh verdi, hərbçilərimizi qəhrəmanlığa səslədi. Müharibənin davam etdiyi illər ərzində Azərbaycan ədəbiyyatı bu çağırışa sadiq qaldı. Bir-birindən maraqlı, müharibənin fəlakətini dolğunluqla əks etdirən əsərlər yarandı. Filmlər çəkildi, musiqilər yazıldı”. Tənqidçinin fikrincə, hazırda müharibənin davam etdiyi vaxtda əsər yazmaq çətindir. Belə ki, ordumuzun qələbəsi başa çatandan, əsgərlərimiz qəti həmlələr edəndən, hamımızın içində böyük sevinc rəmzi çağlayandan sonra yeni əsərlər yazmaq olar: "Elə bilirəm ki, bu əsərlər mütləq yazılacaq. İkinci Dünya müharibəsinin 3-cü, 4-cü illərində əsərlər yazılırdı. Maraqlı publisistik əsərlər, poeziya nümunələri vardı. Bizim Vətən Müharibəsi haqqında yazmağa isə artıq indidən başlamaq lazımdır”. V.Yusifli hesab edir ki, şair  Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” deyə vaxtilə yazdığı misralar hazırkı vaxtda öz təcəssümünü tapır: "Mən hesab edirəm ki, biz Vətən müharibəsində qalib gələcəyik. İçimdəki bütün duyğular ehtizaza gələrək məni buna inandırıb. Ona görə, indidən əsərlər yazmağa başlamaq lazımdır. Azərbaycan əsgərinin, zabitinin, generalının portretlərini yaratmaq lazımdır. Bu iş, həmçinin incəsənətin bütün sahələrində həyata keçirilməlidir. İndi bəzi musiqilər yazılır, mahnılar bəstələnir. Biz bu nümunələrə rast gəlirik. Kino üçün də ssenarilər yazılmalıdır. Biz, vaxt vardı qəhrəman axtarışına çıxırdıq. İndi qəhrəman var. İgid oğullarımız döyüşlərdə qəhrəmanlıq göstərir, adlarını Azərbaycanın döyüş tarixinə yazırlar. Bu qəhrəmanları kinoya, ədəbiyyata, rəssamlığa, poeziyaya, musiqiyə gətirməliyik. Bu, bədii bir tarix olacaq. Müharibə qurtaracaq, torpaqlar alınacaq. Bədii tarix olmalıdır ki, biz bunları gələcək nəsillərə saxlayaq”. Tənqidçi hesab edir ki, bu tarixin yazılması gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi, Vətənini sevməsi, onu qoruması, öz keçmişini yaxşı bilməsi üçün əhəmiyyətlidir: "Bizim nəslin vəzifəsi ordumuzun şücaətini olduğu kimi böyüyən nəslə çatdırmaq, onları bilgiləndirməkdir”.
 

 
"Qəhrəmanlarımızı tanıtmalıyıq”
 
Hərbi jurnalist, nasir Şəmistan Nəzirli Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi dövrlə bağlı xeyli sənədlər toplayıb: "1992-ci ildən bəri mövzu toplamışam. Əsgərlər, zabitlər, generallarımız haqqında ətraflı məlumatlar yığılıb. Müstəqillik dövrümüzdə Azərbaycanın ermənilərə qarşı apardığı mübarizədə hərbçilərimizin qəhrəmanlıqları haqqında xeyli sənəd əldə etmişəm. Hazırda Azərbaycanla Ermənistan arasında müharibə davam edir. Şanlı ordumuz işğalda olan torpaqlarımızı geri alır. Qəhrəman əsgərlərimiz azad etdiyimiz torpaqlara qələbə bayrağı sancırlar. Bu, Azərbaycanın şanlı tarixidir. Bur tarix haqqında əsərlər yazılacaq, bu dövrün təqdimatı fərqli olacaq”. Yazıçı hesab edir ki, gələcək nəsillərin Azərbaycanın bu şanlı səhifəsi haqqında xəbər tutması, ölkəmizlə bağlı həqiqətləri bilməsi üçün bu, çox mühüm işdir. "Rejissorlar faktlar əsasında filmlər çəkməli, milli kinomuz da hərb tariximizə öz töhfəsini verməlidir. İnşallah, tezliklə qələbə olacaq. Mən buna inanıram. Bu dövr unudulmamalıdır. Bu tarixin yazılması lazımdır ki, gələcək nəsil torpaqlarımız uğrunda necə ağır döyüşlər getdiyini bilsin”. Ş.Nəzirli  Vətən Müharibəsinin ayrı-ayrı qəhrəmanlarından bəhs edəcəyini qeyd edir: "İşğaldan azad olunan Cəbrayıl şəhərinə bayrağı eloğlum Kərim Vəliyev sancdı. Anası Səməd Vurğunun nəslindəndir. Hərbi Akademiyanı bitirib. Peşəkar hərbçidir. Elə qəhrəman oğullarımız haqqında yazmaq, filmlər çəkmək lazımdır. Çünki onlar xalqa, Vətənə canları və qanları ilə xidmət edirlər. Biz qəhrəmanlarımızı tanıtmalıyıq”.
 

 
Sənədli filmin salnaməsi
 
Rejissor Tahir Əliyev bildirir ki, bir ay bundan əvvələ qədər müharibə mövzusunda ədəbiyyatda, kinoda sonu qalibiyyət olan mövzularımız yox idi: "Çünki bizim qalibiyyətimiz yox idi. Bizim 20 faiz torpaqlarımızı işğal etmişdilər. İndiyə kimi çəkilən filmlərə baxanda sonunda qalibiyyət görünmürdü. Bu baxımdan filmlər yarımçıq idi. Bunun da səbəbi qalibiyyətimizin olmamasıdır. Bu, təkcə kinoda belə deyil, ədəbiyyatda da, teatrda da, musiqidə də, rəssamlıqda da belədir”. Rejissor hazırkı Vətən Müharibəsində Azərbaycanın qalib gələcəyinə inanır: "Mən inanıram ki, biz qalib gələcəyik. Qalibiyyətdən sonra isə incəsənətin bütün sahələrinin üzərinə böyük güc düşəcək. İnanıram ki, Azərbaycan kinosu üçün çox maraqlı məlumatlar çıxacaq. Ədəbiyyatçılarımız dünya çapında  diqqət çəkə biləcək əsərlər ortaya qoyacaqlar. Bu qalibiyyətin bir dalğası olacaq. İkinci Dünya müharibəsi illərində SSRİ alman faşizmi üzərində qalib gələndən sonra sovet ekranının ən gözəl filmləri yarandı. Əgər SSRİ qalib gəlməsəydi, "Onlar vətən uğrunda döyüşürdülər”, "Burda üfüqlər sakitdir”, "Zabitlər”, "Qələbə” kimi filmlər yarana bilərdimi? Ona görə, Qarabağ mövzusundakı filmlərimiz də zəif alınırdı - çünki finalda qalibiyyət yox idi”. T.Əliyev hesab edir ki, Qarabağı azad edəndən sonra sənədli filmin də salnaməsi yaranacaq. "Dağlıq Qarabağ və ona bitişik ərazilərdə gedən quruculuq işləri yeni doğulan uşağın inkişafı kimi diqqət çəkəcək. Onlar Azərbaycan sənədli filminin salnaməsi olacaq. Sovet dövründə "Sovet jurnalı” deyilən bir televeriliş vardı. "Sovet Azərbaycanı” jurnalında pambıqçılıq, tikinti işləri ilə bağlı televerilişlər çəkirdilər. İndi də bu salnaməni yaratmaq lazımdır. Bu baxımdan sənədli kinonun da üzərinə böyük yük düşəcək”. 
 
 

Müqəddəs mövzu
 
Rejissor Rövşən İsax Vətən Müharibəsindəki qürur doğuran xəbərlər, gözlədiyimiz qələbə ilə bağlı  bütünlükdə incəsənət sahəsinin görəcəyi çox işlərin olduğunu bildirir: "Biz qalib tarixi yaşayırıq. Ola bilərmi ki, o, kinoda öz əksini tapmasın? Bu mövzunun özü gözəldir. Rejissorlarımız ona necə yanaşacaqlar - bu, sual altındadır”. Rejissor bu mövzunun özəl sektora həvalə olunmasının tərəfdarı deyil: "Mən arzulayardım ki, özəl sektora bu haqda film çəkməyə icazə verilməsin. Mövzunu dövlətimiz öz nəzarətində saxlasın. Çünki bu, müqəddəs mövzudur. Hər kəs bu mövzuda istədiyini çəkmək istəsə, qələbəmizin dəyərini aşağı salmış olarıq”.
 
Təranə Məhərrəmova