• cümə axşamı, 25 aprel, 04:39
  • Baku Bakı 19°C

GÖZƏLLİYİ ŞƏRTLƏNDİRƏN ÖZƏLLİK

15.01.19 09:23 1705
GÖZƏLLİYİ ŞƏRTLƏNDİRƏN ÖZƏLLİK
Müasir poeziyamızı öz şeirləri ilə zənginləşdirən, bəlkə də ən doğrusu, bu mənəvi xəzinənin incilərini artıran şairlərin, ya bəlkə də nəsə yazanların sayını necə dəqiqləşdirmək olar? Bütün imza sahibləri də Yazıçılar Birliyinin üzvü deyildir ki... Hələ sandıq ədəbiyyatını demirəm. Bir bayatı ilə ədəbiyyatda, yaddaşlarda qalmaq da mümkündür, silsilə şeirlərlə unudulmaq da, diqqət cəlb etməmək də . Şeirin gözəlliyi onun özəlliyində, mükəmməl olmasında, saf, təmiz duyğular ifadə etməsində, qəlbə yol açmasındadır. Elə bu fikirlərin nəticəsidir, hər şairin də təqdimində onun yaradıcılığını açıqlayan ifadələr işlədilir: vətəndaş şair, məhəbbət şairi, satirik şair, nəğməkar şair, təbiət şairi... Etirazım yox, amma mənim üçün bir epitet də var doğma şair! Əlbəttə, bu qohumluq əlaqələri ilə bağlı deyildir. Əgər onun misraları dilimdən düşmürsə, yaşadığım və üzləşdiyim müxtəlif ovqatların, ağrıların mənəvi çıxış yolunu o misraları xatırlamaqla təsəlli tapıramsa, daha doğmalıq necə olur? Ulu Nizamidən, Füzulidən üzü bəri ürəyimdə mürgüləyən, mənimlə yol gedən, tez-tez qəlbimi isidən, gözlərimdən yanağıma yuvarlanan inciləri qurudan, səsimi titrədən, bəzən də məni ötənlərə aparan misraların qüdrətini tez-tez duyuram. Bu mənada sevdiyim, şeirləri ilə xiffətimi ovutduğum doğma şairlər var ki, onları minnətdarlıqla yad etməyi həmişə özümə borc bilirəm. Maraqlıdır ki, belə şairləri yadıma salan, məni mütəmadi olaraq məhz o müəllifin poeziyasına çəkən də elə öz şeirləri olur. Bu məqamın yaranması da qeyri-adi baş verir.
Xeyli müddətdir ki, anamı xəyalımdan çıxara bilmirəm. Dolmuş gözlərimi, dağılan ürəyimi o misraların ahəngində oxşayıram:
Sellər ilə süpürləşən,
Çətin günlərdə kürləşən,
Göyçək əli kömürləşən,
Birçəyi qarlaşan anam...
Bu şerin müəlifi unudulmaz şairimiz Məstan Günərdir. Onun yaradıcılığına hansı yöndən yanaşsaq poetik sözün böyük qüdrətini dərhal hiss edərik. Xəlil Rza Ulutürkə məxsus fikirdir ki, Məstanın yaradıcılığında milli ruhun dərin qatları var. Xüsusi ilə də klassik şerimizin ənənəsi çox güclüdür. Amma mən bu qeydlərimdə Məstan Günərin ana və Vətən mövzusunda yazdığı şeirlərindən söz açmaq istəyirəm. Bunun da bir özəl səbəbi var. Elə ki payız fəsli gəlir, qışın soyuğu məni dondurur anamın isti nəfəsini duymaq, "can” kəlməsini eşitmək, o bəxtəvər günlərimə qayıtmaq, birdə illərlə həsrət qaldığım doğma yurduma dönmək istəyirəm. Bax bu əl yetməz arzularımın ağrıları məni bu mövzuda yazılmış şeirlərlə baş-başa qoyur. Unuduram özümü. Məstan Günər deyərdi: " Analar ağıllı, analar dərin...” O insan da xoşbəxtdir ki, bu ucalıqdan kifayət qədər dərs ala bilsin. Ana yeganə varlıqdır ki, insan yaşından, başından asılı olmayaraq ona həmişə möhtacdır. Müəllifin "Anama” adlı şerindəki düşüncələri ürəyimi sızlatdı. Həqiqətən də biz hələ beşikdə ikən məhz anamızın gözlərində göyləri tapardıq. Günəş bəbəyimizdə gül toxuyardı. Xoşbəxtliyə bax:
Mənim ilk günəşim doğdu səninlə,
Beşik kənarından qalxıb güləndə.
Yerə dəyməmişdi ayağım hələ,
Beşikdən tanıdım cahanı səndə...
Şeirlərinin birində qəribə bir sualı var: "Hansı məhəbbətdir ki qədərindədir...” Cavab açıqlanmır, amma poetik nisgillərinin doğurduğu misralar görün nə söyləyir.
İnana bilmirəm yanımda yoxsan,
Axırda yad olan ilkim, əzəlim.
Sənin saçlarına əl uzadıram,
Sənin yoxluğuna toxunur əlim.
Əslində bu bir məhəbbət şeridir. Yanar ürəyimə su kimi çəkdim. Bütün bədii sualların ünvanında Ana obrazını gördüm. Bizim ilk və son məhəbbətimiz olan, aqillər demişkən dünyanın ən təhlükəsiz qadını sayılan Ana! İtirilən bütün məhəbbətlərin əvəzini tapmaq mümkündür. Anadan başqa. Bəlkə də şair ona görə nalə çəkir: "heyif ki, gec başa saldılar məni...” Bu səbəbdən də, Məstan Gunər bu müqəddəs varlığı düşünəndə həmişə "Bağışla məni, bağışla anam” deyib. Gecələr gözlərindən çəkilən yuxular da bayatıya, qoşmaya çevrilib:
Əylə gələn bir qatarı,
Çapsın yuxumda çarxları.
Şəhərə köçməyən qarı-
Elinə bağlaşan anam.
Dünyanın bütün pisliklərindən uzaqda dayanan ana, hətta yuxularını da qarışdıranda ağlına qara fikir gətirməyib, Allaha sığınıb, Tanrıdan ümidini üzməyib:
Fikirli yatsa gecələr -
Yuxusunu qatsa əgər,
Gördüyünü səhər-səhər
Sulara danışan anam.
Şairin "Bəs anam hanı” adlı şerindəki həsrətin doğurduğu sualın cavabını vermək o qədər ağır və çətindir ki... Çoxumuz bu dərdi inanmaya-inanmaya yaşamışıq. Gözümüz yolda, qulağımız səsdə qalsa da taleyin zərbəsi imkan verməyəcək ki, anamızın səsi gəlsin, gül üzünü bir də görə bilək. Ən ağırı da doğulduğun yurda gedəsən, amma ananı tapmayasan:
Tovuzda obaşdan dayanır qatar,
Düşürəm, əlimdə yol çamadanı.
Elə bil qarşıma çıxıb qovaqlar,
Şehli qələmələr, bəs anam hanı?
Bu həmin cığırlar, yoxuşdakı dağdağan, ceviz ağacları, kövşənli çöllər, dumanlı təpələr... Nə varsa yerindədir, görünməyən, həniri gəlməyən bircə anadır. Ana hey!.. Vaxtı ilə balasının gəlişini bilən kimi qarşısına ayaqyalın qaçan ana! Cismi torpağın qoynunda, özü ürəyimizdə olan anamız!
Elə bilirəm ki, bu sözləri deməsəm, şairin ruhu məni bağışlamaz. Məstan Günər təbiət aşiqi olub. Onun şeirlərində Azərbaycan təbiətinin bütün gözəllikləri bütün əl-əlvanlığı ilə sayrışır. Kürün yaxınlığında Şabadın adlı bir meşə var. Təkcə bu zümrüd aləmə 10-a yaxın şeir yazıb. Məni heyrətə gətirən onun duyğularıdır. Müəllif tarixin dərin qatlarına elə poetik səyahət edib ki, bu ayrı-ayrı şeirlər sanki bir poemanın müəyyən hissələridir. Çox mətləblərdən söz açan bu şeirlər ötən əsrin 70-ci illərində yazılıb. Bir nümunə gətirməklə Məstan Günərin necə cəsarətli qələm sahibi olduğunu bildirmək istəyirəm:
Fatehlər! Qəbirlər almadı bizi,
Məni layla çalıb dirildi anam.
Gün o gün olsun ki, göynətsin sizi -
Mən deyim: mən bütöv Azərbaycanam!
Məstan Günərin lirik şeirləri də çox siqlətli, məzmunlu və ürəyə yatandır. Onun porziyasında Molla Pənah Vaqifin ruhu duyulur. Gözəllərə ünvanladığı poetik nümunələrdə saf, təmiz eşqin tərənnümü, cavabsiz məhəbbətin gileyləri, bəzən də aşiqin atmacaları diqqət çəkir. Bütün olanların isə bir cavabı var:
Əlləri lalədən badəli qızlar,
Məstanam, xətərli, xətalı qızlar.
Dünyaya gəlişi sədalı qızlar,
Sizləri yetirən Vətənə heyrət.
Məstan Günər uzun illər Bakıda yaşasa da, müxtəlif məsul vəzifələrdə çalışsa da ömrünün son illərini doğma Əsrik Cırdaxan (Tovuz rayonu) kəndində başa vurdu. "Burda anama daha yaxınam, ondan uzaq salarlar məni” deyirdi. Bir də söyləyirdi ki, "zirvədə ölüm”. Elə bu niyyətlə də "yığıb son gücünü, üzü dağlara” bir əbədi köç elədi. "Dərdimin dünya gəmisi” adlı şerindəki vidasına isə laqeyd qalmaq mümkün deyil, əslində bu şerində şairin mənəvi dünyası apaydındır:
Səhər-səhər salam verib
Sünbüllərin kədərinə,
Yayılırdım külək kimi
Bizim Tovuz çöllərinə.
Qəmlərinə boğulmadım,
Bəlkə bir də doğulmadım.
Yoldaş olub quşlarına,
Qondum uca dağlarına.
Gözəlliyi, əbədiliyi şərtləndirən özəllik bax budur. Çünki "bir kirpik çalınınca da yaşamağa dəyər
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər