AZE | RUS | ENG |

Gözəllik və sədaqət rəmzi

Gözəllik və sədaqət rəmzi
8 mart günü qadınlar hədiyyə gözləyir, kişilər isə bir az fərqli düşünürlər

Bu gün qadınların seçildiyi, əzizləndiyi, ən gözəl günlərdən biridir. 8 mart bütün dünyada əks cinsin öz sevdiyi, ona doğma, əziz olan qadınını təbrik etdiyi təqvimdir. Amma 7 martdan 9 marta atlayanlar, hətta təqvimdə 7,5 martı qeyd edənlər, "rayon”a gedənlər, "nənəm rəhmətə gedib” deyənlər də az deyil. Hətta azca irəli gedib "harda qaldı bərabərlik” davası edənləri də unutmuruq. Təbii ki, bunlar bir zarafatdır. Əks cinsin hər biri qadınların onların dünyasını işıqlandırdığını, evlərində harmoniya komfort yaratdığını, ən vacibi isə onların sevdiyi insanı qayğı və diqqətlə əhatə etdiklərini etiraf edirlər.
Bəs görək müsahiblərimiz nə düşünür? Onlar qadınları necə təbrik edirlər?
Beynəlxalq dərəcəli mühəndis Seymur İlyasovdeyir ki, qadına bir gün yox, hər gün dəyər vermək lazımdır: "8 Mart-Beynəlxalq qadınlar günü bizə qadınlara dəyər verməyi xatırladan bir bayramdır. Əslində ailədə və cəmiyyətdə qadına təkcə bir gün yox, çalışıb həmişə dəyər vermək lazımdır. Müasir dünyada qadınları və onların uğurlarını iş dünyasının bütün sahələrində görmək mümkündür. Məsələn, builki Forbes jurnalının açıqlamasına əsasən, dünyanın ən varlı 100 nəfərin içində kifayət qədər qadın var. Bu isə artıq, qadınların cəmiyyətdə nüfuzunun getdikcə artdığını göstərir”.
Həmsöhbətimiz deyir ki, son vaxtlar qadınlar texnoloji hədiyyələrə daha çox meyil edirlər: "Qadınların xoşladığı klassik hədiyyələr gül-çiçək, kosmetika vasitələri və s. idi. Müşahidələrə əsasən, getdikcə hədiyyələrin çeşidi daha fərqli istiqamətdə dəyişir. Məsələn, artıq, qadınlar daha çox texnoloji hədiyyələr (telefon, planşet və.s.) və səyahət kimi fərqlilikləri üstün tuturlar”.
Operator Aynur Yusifovabu gün qadınların yalnız xoş sözlərlə deyil, kiçik sürprizlərlə də təbrik edilməsinin tərəfdarıdır: "Bir neçə il öncə düşünürdüm ki, sadəcə xoş sözlə təbrik etsələr, bunun özü çox böyük hədiyyədir. Amma zamanla düşüncəm dəyişdi. Özəl günlər o zaman gözəl olur ki, qarşındakı insana onun həqiqətən dəyərli olduğunu hiss etdirirsən. Ona görə insanları nə dediyindən çox sənin üçün nə etdiyinə fikir verməyə başladım. Xoş sözləri ifadə edəcək kiçik sürprizlər olanda bu daha gözəl və yaddaqalan olur. Vacib deyil ki, hansısa bahalı daş-qaş, brend hədiyyələr verilsin. İnsan istədiyi zaman qəlbindən gələnləri xırda hədiyyələrə çevirə bilir. Məsələn, bu sevgiylə hazırlanmış bir səhər yeməyi ola bilər. Bir az romantika qatmaq üçün ürəklərlə bəzədilmiş şirniyyatlar əlavə oluna bilər. Yanında ətirli bir çiçək bəs edər. Ümumiyyətlə, qadınları xoşbəxt etmək çox asandır. Sadəcə, doğru simə toxunmağı bacarmaq lazımdı”. Jurnalist Rövşən Abdürrəhmanlı qadını sədaqət rəmzi adlandırır: "Qadınlar gözəlliyin və sədaqətin rəmzidir. Azərbaycan qadını isə həm də öz zəkası, dəyanəti, ocağına və torpağına hədsiz məhəbbəti ilə seçilir. Onlar daxili aləminin zənginliyini layiqincə qoruyub saxlayan, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə də cəmiyyətimizin dayağı olub. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, mahir siyasi xadimlər bəxş edib. Azərbaycan qadınları, əzizdir. Hamısını təbrik edirəm”. Beynəlxalq ekspert Şəms Mustafayeva bu gün hədiyyə gözləmir. Hətta hədiyyə alanda utandığını etiraf edir: "8 martda hədiyyə gözləmirəm. Hətta qadın olduğum üçün hədiyyə alanda utanıram. 8 mart qadın hüquqları haqqında hərəkatı qeyd edən bir tarixdir. İstərdim bu gün də qadınların inkişafı və haqları, onların üzləşdiyi problemlər və çətinliklər barədə danışılsın. Qadınlara öz həyatı haqqında qərar vermək imkanı tanınsın və məişət zorakılığından qorunması qeyd olunsun”.
 
Marketinq mütəxəssisi Masər Həsənovtəkcə 8 martda yox, digər günlərdə də ona doğma olan qadınlara hədiyyə aldığını deyir: "Bizim ailədə əlamətdar günlər çoxdur. Hər birində də ayrılıqda hədiyyə alıram. Məsələn, son bir ildə mənim üçün əlamətdar, həyatımın növbəti xoşbəxt addımlarından olan 6, 12 və 26 tarixlərini hər ay qeyd edirik. Bu, bir qismidir. Hədiyyələri artıq almışam. İlk hədiyyəm kiçik olacaq və biz filmə gedəcəyik. Sonra davamı gələcək. Sürprizləri çox sevdiyim üçün hər bayram məndən sürpriz gözləyirlər”.
 
"Amore Travel Baku”nun direktoru Aynur Hüseynovadeyir ki, bu gün bəylər xanımlara mütləq və mütləq hədiyyə almalıdırlar: "8 mart biz xanımların bayramıdır. Ona görə, düşünürəm ki, bəylər həmin gün bizə ən azı diqqət göstərməlidirlər. Və həmin gün xanımlara mütləq və mütləq hədiyyə almalıdırlar. Bu da diqqətin bir formasıdır. Mən yaddaqalan hədiyyələri sevirəm. Məsələn, aksesuar ola bilər. İstifadə etdikcə istər-istəməz daim həmin adam xatırlanır. Mənə yaxın olan bəylər hər zaman diqqət göstərirlər, şikayətim yoxdur, sağ olsunlar”.
Şair  Aqşin Yeniseyin həyatı təmtəraqdan uzaqdır. Onlar üçün xüsusi gün yoxdur: "Bizim ev həyatımız, demək olar ki, təmtəraqdan uzaqdır. Özümüzə lazım olan günü özümüz yarada bilirik deyə, xüsusi yaradılmış günlərə bizdə o qədər də əhəmiyyət verən yoxdur. Yəni "xüsusi gün” deyə, heç bir sosial öhdəlik daşımırıq. Məsələn, keçən ilki 8 martı necə keçirdiyimiz mənim yadıma gəlmir, çox güman ki, 9 mart kimi bir şey olub. Adi günləri maraqlı edə bilmək üçün çalışırıq. Məncə, qadınlar bunu bacaran kişiləri "8 mart” kişilərindən daha çox sevirlər”.
 
Mətbuat.az saytının baş redaktoru Tural İsmayılovisə 8 martı qeyr-iş günü olduğu üçün ikiqat sevir: "8 Mart qadınlar üçün önəmlidir, biz kişilər üçün isə dəyərli qadın tanışlarımız olduğu üçün gözəl gündür.
Həm də qeyri-iş günüdür deyə 8 martı ikiqat sevirəm. Mən adətən gül alıram, amma çox istərdim ki, qadınlar 8 martı hədiyyəyə görə sevməsinlər”.
Ən fərqli 8 mart fikirlərini isə Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov səsləndirdi. Deyir ki, bu gün təqvimdən silinməlidir: "Mənə görə, 8 mart kişilərin "ölən” günüdür və bu gün ləğv olunmalıdır. Çünki qadınlar günü həddindən artıq geniş anlayışdır və bir kişinin həyatında xeyli qadınlar var ki, onları - həm onların, həm də özünün razı qalacağı tərzdə təbrik etmək praktik olaraq mümkün deyil. Kişinin anası, bacısı, həyat yoldaşı, sevgilisi, qızı, iş yoldaşları, uşağının müəlliməsi var – yəni, o qədər çox qadın var ki, bunları hər iki tərəfin razı qalacağı şəkildə təbrik etmək mümkün deyil. Ona görə də mən 8 mart günü özümü elə aparmağa üstünlük verirəm ki, sanki heç nə olmayıb. Sanki mənim bu gün nə günü olduğundan xəbərim yoxdur. Özümü o yerə qoymuram. Mənəvi terror günündən başını sağ çıxarmaq üçün optimal davranış budur. Kişi ancaq bir qadına ürəyi istədiyi kimi hədiyyə almaq imkanına malikdir. Ən yaxşısı, özünü o yerə qoymamaqdır ki, yəni biz bilmirik ki, nə baş verib görəsən, bu nə gündür? Yaxşı olar ki, bu məsələni ictimai müzakirəyə çıxaraq. Ümumilikdə, qadınlar günü ləğv olunsun və ixtisaslaşmış günlər tətbiq olunsun. Analar günü, bacılar günü, sevgililər günü, qızlar günü, həyat yoldaşı günü. Kişi də bilsin ki, bir qadına hədiyə edəcək, amma 8 marta baxanda yüngül olacaq”. Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311