• cümə, 19 Aprel, 19:13
  • Baku Bakı 24°C

Gözdən əlil olanlar üçün “Mauqli”

01.11.13 11:10 5386
Gözdən əlil olanlar üçün “Mauqli”
Azərbaycanda gözdən əlil insanlarla bağlı daha bir xeyriyyə məqsədli layihə həyata keçirilib. Belə ki, görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi audio kitab buraxılıb. Layihə görmə qabiliyyəti zəif olan azyaşlılar və yeniyetmələr üçün nəzərdə tutulub.
“Mauquli” adlı audio kitab “Şəhərimin tarixi” facebook ictimai birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib. Kitab məşhur ingilis yazıçısı Redyard Kiplinqin “Mauqli” əsərinin audio versiyasıdır. Layihənin prodüseri Surxay Əsgərov “Kaspi”yə bildirdi ki, onlara qədər də bu sahəyə müraciət edən şəxslər olub, lakin bu məsələ ilə bağlı tam şəkildə layihə təqdim edən olmayıb: “Bir qədər axtarış apardım, çünki mənim üçün bu sahə ilə bağlı kimin hansı işlər görməsi çox maraqlı idi. Amma tapdıqlarım Rusiya analoqları oldu. Həmin şəxslərin təcrübəsindən bəhrələnmək məqsədi ilə onlarla əlaqə saxladıq. Çünki bizim üçün bu ilk dəfə idi. Redyard Kiplinqin “Mauqli” əsərinin audio versiyası görmə qabiliyyəti məhdud olan uşaqlar üçün nəzərdə tutulan məktəblərə paylanılacaq. Təsəvvür edin ki, bu kitab vasitəsilə gözdən əlil olan uşaqlar oturub kitab oxuya biləcəklər. Bu çox gözəl hissdir. Nzərinizə onu da çatdırım ki, bu layihə pul gətirən layihə olmadığı üçün sponsor tapmaqda çətinlik çəkdik. Bunun üçün bizə dəstək olan “Fineko” analitik informasiya agentliyinə təşəkkürümüzü bildiririk” .
Audio kitabdakı hadisələri aktyor Kamran Yunis səsləndirir. Audio kitabın əsasən görmə qabiliyyəti məhdud olan uşaqlar üçün nəzərdə tutulmasına baxmayaraq, sağlam şəxslərin də bu kitabı dinləməsinə heç bir məhdudiyyətin olmadığını deyən aktyor Kamran Yunis Azərbaycan uşaqları üçün bu audio kitabın böyük bir sovqat olduğunu bildirdi: “Audio kitabın ərsəyə gəlməsi üçün 5 ay lazım olub”.
Niyə məhz “Mauqli” əsərinə müraciət olunub, sualını isə layihənin prodüseri Surxay Əsgərov belə cavablandırdı: “Ona görə ki, bu kitabla tanış olan şəxslərə adi bir uşağın cəngəllikdə düşdüyü çox çətin vəziyyət yaxşı tanışdır. Mauqli tək qalır və əlil insanların özləri də təkdirlər. Biz də istəyirik ki, kimsəsi olmayan uşaqlar bu kitabı dinləyərkən, haradasa ola bilər ki, Mauqlinin müəllimlərindən nəsə bir şey öyrənsinlər”.
Qeyd edək ki, Redyard Kiplinqin “Mauqli” əsərinin audio versiyasının ümumi xronometrajı 8 saatdır. Bura “Mauqlinin qardaşları”, “Kaanın ovu”, “Pələng, pələng!”, “Cəngəlliyə qorxu necə gəldi” və digər fəsillər daxildir. “Mauqli” əsərinin tərcüməsi isə xalq yazıçısı İlyas Əfəndiyevin qardaşı Mustafa Əfəndiyevə məxsusdur. Audio kitab satış üçün nəzərdə tutulmayıb. Layihə iştirakçıları ilə söhbətimiz zamanı aydın oldu ki, onlar bu kitabla kifayətlənmək fikrində deyillər. Gələcəkdə digər müəlliflərin də maraqlı əsərlərinə müraciət edərək, yeni audio kitablar hazırlamaq və dünya işığından məhrum insanları sevindirmək arzusundadırlar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər