• cümə axşamı, 28 mart, 17:21
  • Baku Bakı 16°C

Göz yorğunluğunu aradan qaldıran təbii üsullar

11.10.18 15:45 471
Göz yorğunluğunu aradan qaldıran təbii üsullar
"Gözlər qəlbin aynasıdır” bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.
AZƏRTAC-a bu barədə həkim-fitoterapevt Ulduz Hüseynova məlumat verib.
Həkim göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışıb: "Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır.
Aptek çobanyastığı və gülümbahar çiçəkləri qarışığından 3 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmdə qalandan sonra həmin dəmləmə ilə gözlərə islatma qoyulur və ya yuyulur.
Bir qədər təmiz bal isti suda həll edilib gözə damızdırılır.
Cəfəri yarpaqları horra şəklinə salınaraq tənzifin içərisinə yığılır və 15-20 dəqiqə gözlərin üzərinə islatma qoyulur. Proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq olar.
Gözlərin üzərinə təzə kəsilmiş xiyar və ya kartof dilimləri qoymaqla da yaxşı nəticə əldə etmək mümkündür. Həmçinin göz qapaqları üzərinə xiyar şirəsində isladılmış pambıq tamponlar da qoymaq olar. Eyni zamanda, sürtgəcdən keçirilərək tənzifin arasına qoyulmuş kartofla da göz qapaqlarına edilən islatma göz üçün xeyirlidir.
Pambıq tampon təzə dəmlənmiş qara çayda isladılır və hər gün axşam yatmazdan əvvəl gözlərin üzərinə qoyulur.
Su ilə durulaşdırılmış aloe şirəsi gözlərə damızdırılır.
Bundan əlavə, daxilə qəbul olunan bəzi bitkilərlə də göz sağlamlığını qorumaq mümkündür. Misal üçün, hər gün səhər acqarına yarım stəkan təzə çəkilmiş kök şirəsi içdikdə görmə qabiliyyəti yaxşılaşır. Belə ki, məlum olduğu kimi kök göz üçün faydalı A vitamini ilə zəngindir.
Qaragilə meyvələrini yemək də görmə qabiliyyətini yaxşılaşdırmaq üçün ideal vasitələrdən biridir.
banner

Oxşar Xəbərlər