• cümə, 19 Aprel, 22:30
  • Baku Bakı 24°C

Göz yaşları olmayan oğlan - Portret

10.09.16 12:59 2816
Göz yaşları olmayan oğlan - Portret
Avqustun 5-dən 21-dək idman həvəskarlarının ürəyi Rioda döyündü. Hamı ekran qarşısında ölkəmizə ilk medalın hansı idman növündən gələcəyini, hansı idmançının qazandıracağını səbirsizliklə gözləyirdi. Cüdo yarışlarında mükafatçıların adı medal gözlədiyimiz güləş və boks kimi idman növlərindən öncə müəyyənləşdiyindən, ölkəmizin idman həvəskarları bu yarışlara köklənmişdilər. Ancaq cüdo yarışlarına köklənmənin tək səbəbi bu idman növü üzrə yarışların digərlərindən bir qədər erkən başlaması deyildi. Cüdo həm də, Rioda medal gözlədiyimiz idman növlərindən biri idi.

Ənənə Barselonadan başlamışdı

Axı ölkəmiz ilk olimpiya qızılını məhz cüdoda qazanıb. İlk dəfə Azərbaycan bayrağı olimpiya oyunlarında məhz cüdo yarışlarında dalğalanıb. 1992-ci ildə Barselonada cüdoçumuz Nazim Hüseynovun qələbəsi sayəsində Azərbaycanın himni ilk dəfə olimpiya oyunlarında səsləndirilib. Düzür, o vaxt Nazim olimpiya oyunlarında Azərbaycan yox, MDB adından çıxış edirdi. Ancaq Beynəlxalq Olimpiya Komitəsinin qəbul etdiyi qərara əsasən, yarışda MDB adından çıxış edən idmançılar qalib gəldiyi zaman doğma vətəninin bayrağı dalğalandırılıb, dövlət himni səsləndirilməli idi. Bu cəhətdən cüdoçumuz Nazim Hüseynov olimpiya oyunlarında himnimizi səsləndirib, bayrağımızı yüksəldən ilk idmançı kimi Azərbaycan tarixinə düşdü.
Barselona Olimpiadasından sonra müstəqil ölkə kimi olimpiya oyunlarına qatılan Azərbaycan bir çox medal qazansa da, Pekin Olimpiadasına kimi idmanın cüdo növündə medala həsrət qalmışdı. Ancaq 2008-ci ildə Pekində Elnur Məmmədli səhnəyə çıxdı və ölkəmizə qızıl medal qazandırdı. Rio Olimpiadasında da azərbaycanlı idman həvəskarlarının əsas medal gözləntisi güləş, boksla yanaşı, həm də cüdodan idi. Bu il Kazanda keçirilən Avropa çempionatında ölkəmizə qızıl medal qazandıran Rüstəm Orucov bu idman növündə əsas medal ümidlərimizdən sayılırdı.

Rusiyada doğulub, Bakıda püxtələşən azərbaycanlı

Rüstəm Orucov 1991-ci il, oktyabr ayının 4-də Rusiyanın İrkutsk vilayətində dünyaya göz açıb. Yox, Rüstəm millimizdəki legionerlərdən deyil. O, azərbaycanlı ailəsində dünyaya gəlib. Onun idmana olan marağını görən valideynləri Rüstəmi 8 yaşında yerli cüdo klublarından birinə yazdırırlar. 15 yaşı olarkən isə Rüstəm ailəsiylə birlikdə Bakıya köçür. Rüstəm Bakıya gəldikdən sonra da bu idman növündə karyerasını davam etdirir. O, Bakıdakı "Atilla" idman klubuna yazılır. Burda Rüstəmin ilk məşqçisi Fərhad Məmmədov olur. Rüstəm sonradan mətbuata açıqlamasında cüdoçu kimi inkişafında Fərhad Məmmədovla yanaşı, Əli Dərvişovun da xüsusi rolu olduğunu qeyd edib. Ölkədaxili yarışlarda uğurlu çıxışıyla diqqət çəkən idmançı, tezliklə beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyə başlayır.
Uğurlu yola Sloveniyada çıxdı
Rüstəm Azərbaycan yığmasının heyətində ilk uğurunu 2011-ci ildə qazanır. O, cəmi 20 yaşında, Sloveniyanın Selye şəhərində təşkil edilən Avropa kubokunda 66 kq çəki dərəcəsində gümüş medala sahib çıxır. Elə həmin ildə Bakıda keçirilən dünya kubokunda isə bürünc medal qazanır. Ancaq Bakıdakı yarışda 66 yox, 73 kq çəki dərəcəsində yarışır. İdmançı 73 kq-da yarışmağın onun üçün daha rahat olduğunu deyir. Ümumiyyətlə, Selyedə qazanılan "gümüş", Rüstəmin 66 kq çəki dərəcəsində qazandığı yeganə medaldır.
2012-ci ildə Rüstəmi yeni sınaqlar gözləyirdi. Həmin il Bakıda keçirilən qran-prini qızıl medalla başa vuran Rüstəm, bununla da London Olimpiadasına vəsiqə qazandı. Ancaq Olimpiada gənc Rüstəm üçün uğurlu alınmadı. 73 kq çəki dərəcəsində yarışması onun üzərinə ikiqat məsuliyyət qoyurdu. Belə ki, 4 il öncə - Pekin Olimpiadasında cüdoçumuz Elnur Məmmədli məhz bu çəki dərəcəsində qızıl medala yiyələnmişdi. Ancaq Rüstəm Elnurun davamçısı ola bilmədi. Baxmayaraq ki, o, Olimpiadaya yaxşı başlamışdı. İlk mərhələdə CAR təmsilçisi Qideon van Zili mübarizədən kənarlaşdıran Rüstəm, 1/4 finalda rusiyalı Mansur İsayevə uduzaraq, Londonu medalsız tərk etdi. Ancaq Londondakı Olimpiadada çox gənc olan Rüstəmin bu uğursuzluğunu təcrübəsizliklə əlaqələndirmək olar. Belə ki, olimpiya oyunlarından sonrakı yarışlarda medalları sıralayan Rüstəm, Londondakı uğursuzluğun yalnız təcrübəsizlikdən qaynaqlandığını sübut etdi. Londondakı uğursuzluqdan sonrakı 4 il ərzində Rüstəm qran-pri yarışlarında 10-dan çox medal qazandı ki, bunlardan da 5-nin əyarı qızıl idi.

16 il gözlədiyi medala Kazanda qovuşdu

Ötən il Bakıda təşkil edilmiş ilk Avropa oyunlarında isə Rüstəm gözlənilmədən uğursuz çıxış etdi. Təmsilçimiz yarışın 1/16 final mərhələsində çex Yezek Yaromirə uduzaraq, evdə keçirilən yarışı medalsız başa vurdu.
Bu il isə Rüstəm qazandığı uğurla bütün Azərbaycanı sevindirdi. O, Kazanda təşkil edilən, Rio Olimpiadasına lisenziya xarakterli Avropa çempionatının qızıl medalına sahib çıxaraq, 5 illik həsrətə son qoydu. Cüdo millimiz sonuncu dəfə 5 il öncə, Elnur Məmmədlinin timsalında nüfuzlu cüdo yarışlarında "qızıl"a sevinmişdi. Çempionluğun ardından Rüstəm "bu medalı 16 il idi gözləyirdim" dedi.

Rioda medal qazandı, Rusiyada da sevindilər

Riodakı Olimpiadadan öncə Rüstəm 73 kq çəki dərəcəsində gənc, təcrübəsiz cüdoçu yox, qatıldığı yarışların əsas favoriti sayılırdı. Onun öz çəki dərəcəsində dünya reytinqində ikinci olması, medal ümidlərimizi bir az da artırırdı.
Orucov Rioda mübarizəyə 1/16 final mərhələsindən start verdi. Təmsilçimizin ilk rəqibi qazaxıstanlı Didar Həmzə oldu. Onun ilk görüşü uğurlu alındı. Həmyerlimiz qazaxıstanlı rəqibini ipponla məğlub etdi. Rüstəm 1/8 finalda avstraliyalı Jak Benstedi də ipponla mübarizədən kənarlaşdırdı. 1/4 finalda macarıstanlı Miklos Unqvarini vaza-ari xalı ilə məğlub edən Orucov yarımfinala vəsiqə qazandı. Yarımfinalda isə israilli Saqi Muki ilə mübarizə aparan təmsilçimiz yuko xalıyla qalib gələrək, finala vəsiqə əldə etdi.
Həlledici görüşdə həmyerlimizin rəqibi 73 kq çəkidə əsas favoritlərdən olan Yaponiya təmsilçisi Ono Şohei oldu. Təmsilçimiz yapon rəqibiylə qarşılaşmada pis təsir bağışlamasa da, görüşün əvvəllərində xal hesabında geri düşdüyündən, irəli atılmağa məcbur oldu. Onun hücuma atılmasından istifadə edən təcrübəli rəqib təmsilçimizi məğlub etməyi bacardı.
Finaldakı məğlubiyyət hər nə qədər üzücü olsa da, Olimpiada kimi nüfuzlu yarışda qazanılmış "gümüş”ün də xüsusi yeri var. Həm də, Rüstəm Orucov Rioda ölkəmizə ilk medal sevincini bəxş etdi.
Həlledici görüşdən sonra Rüstəmin ilk təəssüratları belə oldu:
"Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Mənə dəstək olan hamıya təşəkkür edirəm. Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi. Olimpiadaya hazırlaşarkən yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün görüşdə üstünlüyə sahib oldu”.
Rüstəmin Olimpiadanı medalla başa vurması təkcə ölkəmizdə yox, onun doğulub boya-başa çatdığı, cüdoda ilk addımlarını atdığı İrkutsk vilayətinin Ust-İlimsk şəhərində də xüsusi qeyd edildi. Belə ki, yerli televiziyanın "Xəbərlər” proqramında həmyerlimizlə bağlı xüsusi süjet hazırlanıb. Həmin proqramda qonaq olan Rüstəmin ilk məşqçisi Aleksandr Koroteyev həmyerlimizlə bağlı xatirələrini danışıb. O, Rüstəmlə bağlı xatirələrini danışarkən, onun uşaq vaxtı da heç nədən qorxmadığını, mübariz keyfiyyətləriylə seçildiyini qeyd edib: "Bu uşaq fəallığı ilə seçilirdi. Heç nədən qorxmurdu, ağlamırdı. Demək olar, onun göz yaşları yox idi. Mübariz keyfiyyətləriylə seçilir, həmişə döyüşə can atırdı. Məşqlərdə də çox çalışqan idi. Bütün yarışları ilk pillələrdə başa vururdu. Onun Olimpiadada gümüş medal qazanmasına çox sevinirəm”.
Məhz ilk məşqçisinin vurğuladığı fəallığı, qorxmazlığı Rüstəmə olimpiya "gümüş”ünü qazandırdı. Ancaq o, bu çalışqanlığı, mübarizliyilə daha çox uğurlar əldə edəcək. Kim bilir, bəlkə də, Tokioda Riodakı "gümüş”ün əyarı "qızıl”a çevriləcək...

banner

Oxşar Xəbərlər