Göz çıxaran qohum evliliyi...
"Son illər qohum evlilikləri nəticəsində gözdən əlillik artır. Bu gün
Azərbaycanda 40 minə yaxın gözdən əlil var”. APA-nın xəbərinə görə, bunu
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev
deyib.
O bildirib ki, gözdən əlillərdən 8 minə yaxını uşaqdır: "Bir çox
ölkələrlə müqayisədə bu göstərici aşağıdır, lakin bununla kifayətlənməyib,
mütəmadi tədbirlər görmək lazımdır. Gözdən əlilliyin əsas səbəblərindən biri
qohum evliliyidir. Qohum evlilikləri 90-95 faiz hallarda əlilliklə nəticələnir.
Bunun nəticəsində son illər Azərbaycanda da gözdən əlillik ildən-ilə artır. Son
illər bütün dünya ölkələrində ekoloji tarazlığın pozulması, atmosferin
çirklənməsi, insanların həyat tərzi onların sinir sisteminə təsir edir və
nəticədə görmə problemləri yaranır. Ümumilikdə bu gün dünyada 500 milyondan çox
insan görmə xəstəliklərindən əziyyət çəkir”.
Biz də gözdən əlilliyi yaradan səbəbləri və bunun müalicəsinin olub
olmadığını öyrənməyə çalışdıq.
Həkim oftolmaloq Günay Əliyeva bildirir ki, bu bütün dünyanın problemidir: "Məndə
konkret statistik göstəricilər yoxdur. Amma onu deyə bilərəm ki, bu xəstəliklə
bağlı müraciət edənlərin sayı çoxdur. Və əvvəlki illərə nisbətən bu xəstəliyin
yaşı cavanlaşıb. Görmə itiliyinin azalması, dərəcələrindən asılı olaraq görmə
qabiliyyətinin aşağı düşməsi gözdən əlilliyə aiddir. Ümumi götürdükdə isə,
gözdən əlilliyin əmələ gəlməsinə səbəb göz xəstəlikləridir. Hazırda ən çox rast
gəlinən şəkər xəstəliyi, yəni diabetik retinopatiya nəticəsində yaranan gözdən
əlillikdir. Şəkər xəstələrinin vaxtlı-vaxtından oftolmaloq müayinəsindən
keçməməsi, lazımı müalicəni qəbul etməməsi və ümumiyyətlə bədənlərində şəkərin
nəzarətsiz olması göz damarlarında partlamaya, qansızmaya səbəb olur ki, bu da
gözdən əlilliyə gətirib çıxarır. Bu tək bizim ölkədə deyil, bütün dünyanın ciddi
problemidir. Bunun digər bir səbəbi isə, profilaktik olaraq müayinələrin həyata
keçirilməməsi, insanların ancaq xəstələnəndə həkimə müraciət etmələridir”.
Müsahibimizdən
gözdən əlilliyin bir müalicəsi olub-olmadığını soruşduq: "Bu, əlliliyin yaranma
səbəbinə baxır. Məsələn, insan katarakta, yəni mirvari suyuna görə görmə
qabiliyyətini itiribsə, biz onu müalicə edə bilirik. Yox əgər göz dibində
geriyə qaytarılması mümkün olmayan dəyişikliklər baş veribsə, təəssüf ki, bunun
tam müalicəsi yoxdur. Yəni gözdəki problemi ən son həddə gətirib çıxarmadan
həkim müayinəsinə getmək lazımdır. Bu, baş verə biləcək problemin qarşısını
almağa kömək edir”.
Həkim
gözdən əlilliyin yaranmasında qohum evliliklərinin də rolunun böyük olduğunu
deyir: "Qohum evlilikləri nəticəsində baş verən anadangəlmə torlu qişa, buynuz
qişa xəstəlikləri, katarakta irisi keçən xəstəliklərdir. Hətta valideynlərdən
birinin belə nəslində bu problem olubsa, yeni doğulan uşaqda bu xəstəliklərin
olma riski böyükdür. Ona görə də qohum evliliyindən yaranan bu kimi xəstəliklər
nəticəsində insan ya görmə qabiliyyətini tamamilə itirir, ya da çox aşağı
səviyyədə görə bilir. Müxtəlif xromosom xəstəlikləri var ki, onlar genetik
olaraq keçirlər. Və bunların gözə də təsiri olur. Bunların qarşısını almaq üçün
insanlar arasında maarifləndirmə işi aparılmalıdır”.
Oftolmaloq
cərrah Qəmər Əliyeva deyir ki,
gözdən əlilliyin bir neçə səbəbi ola bilər: "Gözdən əlillik böyük bir
problemdir. Bunun bir sıra səbəblərdən yaranması mümkündür. Travmadan sonra
yarana, hər hansı bir xəstəliklə bağlı və anadangəlmə ola bilər. Qohum evliliyi
sadəcə həmin səbəblərdən biridir. Amma Azərbaycanda qohum evliliyindən əmələ
gələn xəstəliklər digər ölkələrə nisbətən daha çoxdur. Statistikaya görə, ana
tərəfdən olan qohum evliliklərində, yəni xala qızı və xala oğlu, dayı qızı və
dayı oğlu nikahlarında bu cür məqamlara
daha çox rast gəlirik. Qohum evlilikləri regionlarda üstünlük təşkil edir. Ona
görə də, hazırda qohum evliliklərindən yaranan xəstəliklər bölgələrdə daha çox yayılıb”.
Müsahibimiz son dövrlər göz zəifləməsindən şikayət
edən insanların sayının artdığını deyir: "Bunun iki səbəbi var. Əvvəllər
insanlar profilaktik olaraq göz müayinəsinə getmirdilər. Ona görə də, hər hansı
bir göz xəstəliyini və ya zəifləməsini insan bilmədən keçirirdi. Və
statistikaya əsaslanan bir rəqəm olmurdu. Amma son illərdə daha sıx yoxlanışlar
olduğu və valideynlər uşaqlarına daha diqqətli yanaşdıqları üçün göz zəifləməsi
ilə müraciət edənlər çoxluq təşkil edir. Görmə zəifliyi ancaq kompüterə və
telefona, televizora baxmaqla əlaqəli deyil. Oturaq həyat keçirən, oksigendən
uzaq olan insanlarda da bu problem yaranır. Mütləqdir ki, insan gündə heç
olmasa bir saat açıq havada olsun. Məsləhət görərdim ki, dəniz məhsulları,
ümumiyyətlə A vitamin tərkibli qidaları çox qəbul etsinlər. Və yaxşı olardı ki,
yaşından asılı olmayaraq, hər kəs gün eynəyindən daha çox istifadə etsin”.
Günel Azadə