• cümə axşamı, 28 mart, 13:44
  • Baku Bakı 16°C

Göz çıxaran eynəklər Araşdırma

06.07.13 10:46 5853
Göz çıxaran eynəklər Araşdırma
Yayda ultrabənövşəyi şüaların miqdarı qışa nisbətdə üç dəfə artıq olduğu üçün dərini və gözləri gündən qorunmaq vacibdir. Son illər ozon təbəqəsindəki nazikləşmə sözügedən şüaların insan orqanizminə pis təsirini daha da artırır. Mütəxəssislərin dediyinə görə, gözün günəş şüaları ilə birbaşa kontaktda olması katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur. Bu da o deməkdir ki, yayda gün altına eynəksiz çıxmaq məsləhət deyil. Amma baxır necə eynək. Söhbətləşdiyimiz mütəxəssislər eynək alarkən aldanmamaq üçün nələrə diqqət yetirmək lazım olması ilə yanaşı, metro stansiyalarının yaxınlığında, keçidlərdə satılan 5-10 manatlıq eynəklərin yaratdığı fəsadlardan da danışdılar. Amma əvvəlcə 7 manatlıq eynəyin “altını” çəkən müsahibimiz istehlakçı Təranənin danışdıqlarına nəzər salaq.
“Başım gicəlləndi, az qaldım yıxılam”
“Optik mağazaların birindən endirimlə 63 manata gün eynəyi aldım. Bu eynəkdə özümü çox rahat hiss edirdim. Aldığım eynəyi itirdiyimə görə yenidən baha qiymətə eynək almaq imkanım olmadığından 28 May metro stansiyasının yaxınlığındakı metro keçidindən 7 manata eynək aldım. Almamışdan əvvəl taxdım, gözümə yaxşı otururdu, sifət quruluşuma yaraşırdı, görməmdə də heç bir problem yox idi”
Müsahibimiz Təranə 7 manatlıq eynəyi sabahısı gün taxıb işə getdiyini deyir: “Eynəyi taxdım və yola düşdüm. Başım gicəllənməyə başladı. Dedim, indi yıxılacağam. Amma başa düşmədim ki, eynəyə görədir. Fikirləşdim ki, yəqin qanım aşağı düşüb. Eynəyi ikinci dəfə taxanda başımın yenə gicəllənməsindən başa düşdüm ki, səbəbkar 7 manatlıq eynəyim imiş”.
5-6 manatlıq eynəklər katarakta yaradır
Oftalmoloq Rəhman Allahverdiyev bizimlə söhbətində ilk növbədə istehlakçılara optik mağazalardan gün eynəyi almağı məsləhət gördü: “Şüşə eynəklər daha məqsədəuyğundur. Plastmas eynəklər isə ziyandır. Metro keçidlərində ucuz qiymətə satılan eynəklər günəş şüalarının qarşısını almır, əksinə gözün bu şüaları daha çox qəbul etməsinə səbəb olur. Keyfiyyətsiz eynəklər həmçinin torlu qişaya zədələyici təsir göstərir. Hətta uzun müddət bu cür eynəkdən istifadə gözdə kataraktanın yaranmasına gətirib çıxarır. Keyfiyyətsiz eynəklər gözdə xəstəliklərin yaranma prosesini daha da sürətləndirir”.
Orta səviyyəli eynəyin yalnız şüşəsi 15 manata başa gəlir
AVİS Tibbi Marketlər Şəbəkəsinin optika bölməsinin müdiri Rəşad Əliyevin sözlərinə görə, metro keçidlərində satılan gün eynəklərinin xam maddəsi, nədən hazırlandığı bəlli deyil: “Bu cür eynəkləri gözdə 1-2 dəqiqədən artıq saxlayanda adamın gözündə yorğunluq, ağırlıq yaranır, göz ağrıyır. Bu cür eynəklər gözü şüalardan qorumur, əksinə, şüaları daha çox qəbul etməsinə səbəb olur. Orta səviyyəli şüşənin hazırlanması, yəni maya dəyəri 14-15 manata başa gəlir. Eynəyin digər hissələrini də bura əlavə etdikdə, maya dəyəri 40-60 avro arasında dəyişir. Amma 5-6 manatlıq eynəyin şüşəsinin nədən hazırlanması bəlli deyil, klyonkadan, qablardan və s. xammaldan hazırlandığından bu cür eynəklərin xeyirdən çox ziyanı var”.
Müştərilərin çox vaxt şüşə eynəklərə üstünlük verdiyini deyən R.Əliyev bildirdi ki, orqanik şüşəli eynəklər də keyfiyyətlidir: “Optik mağazalarda satışda olan eynəklərin 90 faizi orqanik olur, yalnız bəzi markaların istehsalı olan eynəklərin cəmi 10 faiz şüşə olur”.
Tünd şüşələr ziyandır
Müsahibimiz bildirdi ki, çimərlikdə, adi günlərdə, sükan arxasında ayrı-ayrı formalı və şüşəli eynəklər taxılmalıdır: “Məsələn, sürücülər üçün eynəyin palaroid olması önəmlidir. Palaroid eynəklər bir neçə saat ərzində yolda sükan arxasında olan adamın gözlərini yormur, yolu daha aydın görməsinə səbəb olur. Buna görə də sürücülər üçün paloroid şüşələr məsləhətdir”.
Alıcıların adətən daha tünd şüşəli eynəklərə üstünlük verməsinə gəlincə, R.Əliyev dedi ki, normalda şüşənin tündlüyü 60-70 faiz olmalıdır: “Daha tünd şüşəli gözlüklər gözə zərərlidir. Hətta bir az çox taxanda göz dibinin suyunu quruda bilər”.
Nəyə fikir verməli?
Oftalmoloq Nübar Bəhramova isə qəzetimizə açıqlamasında bildirdi ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq məsləhətdir: “Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin də saxta olduğuna əmin ola bilərsiniz. Metro keçidlərindən eynək alarkən bəzən çərçivələri də əyri olur. Eynək alarkən şüşəsində cızıq olub olmamasına fikir verin. Əgər cızıq varsa, almamaq məsləhətdir. Çəhrayı və narıncı rəngdə şüşəsi olan eynəklər almaq məsləhət deyil. Mavi rəngli şüşəsi olan eynəklər isə gözün günəş şüalarını daha çox qəbul etməsinə səbəb olur”.
Korluq yarada bilər
Oftalmoloqun sözlərinə görə, keyfiyyətli gün eynəyindən istifadə gözümüzdə günəşin yaratdığı zərərli şüalar nəticəsində erkən yaşlarda ortaya çıxa biləcək kataraktın yaranma riskini azaldır: “Qlobal istiləşmə səbəbindən günəşli günlərin sayı və zərərli şüalar getdikcə artmaqdadır. Gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində “sarı nöqtə” xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilər. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan narahat olma, göz qapaqlarını açmada çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də gün eynəyindən istifadə vacibdir”.
N.Bəhramova istehlakçıların bəzən bahalı eynəklərə qaçmasının da düzgün olmadığını bildirdi: “Bəzən istehlakçılar hesab edirlər ki, bahadırsa, demək keyfiyyətlidir. Amma bəzi mağazalar bundan istifadə edərək elə metro keçidlərindən eynək alaraq mağazalarında baha qiymətə alıcılara satırlar. Buna görə də bahalığa deyil, keyfiyyətə fikir verin. Bunun üçün də eynək alarkən satıcıdan onun sertifikatını tələb edin”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər