Göz Bankı gözə nur verə bilər?
Azərbaycanda
gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsi üçün Göz
Bankının yaradılması zəruri hesab edilir. Respublika Diaqnostika Mərkəzinin baş
oftalmoloqu Xəlil Hüseynov Trend-ə bildirib ki, hazırda Azərbaycanda qarşıya
qoyulan əsas hədəflərdən biri gözün buynuz qişasının transplantasiyasının
həyata keçirilməsidir. Gözün buynuz qişasının transplantasiyası sahəsində
boşluq olduğunu hesab edən baş oftalmoloq qeyd edib ki, 2003-cü ildən 2011-ci
ilə qədər ölkədə bu əməliyyatlar keçirilib. Ancaq 2011-ci ildə qanunvericiliyə
dəyişikliklər edildikdən sonra transplantasiya məqsədi ilə Azərbaycana
gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilmədi: "Azərbaycanda
buynuz qişasının transplantasiyasının aparılmasına icazə verilsə də, Göz Bankı
yoxdur. Ona görə də biz Azərbaycanda Göz Bankının açılacağını gözləyirik. Bu,
spesipik bir bankdır. Orada göz xüsusi olaraq, transplantalogiya üçün
hazırlanır".
X.Hüseynovun sözlərinə
görə, Azərbaycanda dünyasını dəyişən insanlardan orqan götürülməsi təcrübəsi
olmasa da, İslam Respublikası olan İranda bu təcrübə artıq çoxdan tətbiq
edilir. Baş oftalmoloq hesab edir ki, Azərbaycanda da dünyasını dəyişən
insanların yaxınları ölmüş şəxsin orqanlarından transplantalogiya məqsədilə
istifadə etməyə icazə versələr, donorun tapılması problemi həll olunar.
X.Hüseynov
bildirib ki, əvvəllər bütün buynuz qişası digər insana köçürüldüyü halda, artıq
indi bir buynuz qişa 2 nəfər üçün istifadə edilə bilər: "Əgər biz hər
buynuz qişanı 2 nəfərin arasında bölüşdürə bilsək, bu, çox önəmli məsələ olar.
Çünki buynuz qişanı tapmaq asan deyil".
Gözün buynuz qişasının
transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğunu
deyən həkim bildirib ki, azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması
üçün ya İrana, ya da Türkiyəyə gedirlər. Lakin həmin xəstələr Azərbaycana
qayıtdıqdan sonra onların müəyyən problemləri yarandıqda həmin həkimlərin
nəzarəti altında ola bilmirlər.
Azərbaycanda
gözdən şikayət edən xəstələr arasında daha çox "qara su" və
"mirvari suyu" xəstəliklərinə, uşaqlar arasında isə çəpgözlük
hallarına rast gəlindiyini açıqlayan X.Hüseynov qeyd edib ki, insanlar uzun
müddət kitab oxuduqda, televizora, telefona baxdıqda gözlərdə qırpmalar azalır,
buxarlanma zəifləyir və nəticədə gözdə quruluq yaranır. Bu isə gözün sağlamlıq
durumunun pisləşməsinə gətirib çıxarır: "Göz xəstəliklərindən azad olmaq
istəyən insanlar vaxtaşırı olaraq gözlərini müayinə etdirməlidirlər. Ehtiyac
duyulan əməliyyat da vaxtında aparılmalıdır, çünki əks halda, fəsadlar daha da
ciddiləşir. Bunları nəzərə alaraq, xəstələr üçün xüsusi kampaniya keçiririk.
Biz eynəkdən azad olmaq istəyən insanlar üçün əməliyyatları martın sonuna kimi
50 faiz endirimlə edəcəyik".
Hazırda
ölkəmizdə bu problemdən əziyyət çəkən kifayət qədər insan var. Bir çoxları isə
məcburiyyət qarşısında qalıb əməliyyat
üçün xarici ölkələrə üz tutmalı olurlar. Bunun da kifayət qədər maddi vəsait
tələb etdiyi heç kimə sirr deyil. Bəs görəsən ölkəmizdə belə bir bankın yaradılması nə dərəcədə
realdır? Hazırda bu sahədə vəziyyət nə yerdədir, hansı boşluqlar və
perspektivlər var? Mövzu ilə bağlı suallarımızı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müvaini Musa Quliyevə ünvanladıq.
Millət vəkilinin sözlərinə görə, indi göz bankının
yaradılması bir o qədər də real deyil: "Ol bilsin ki, gələcəkdə belə bir
bankın yaradılması mümkün olsun. İlk növbədə
göz bankının yaradılması üçün meyitdən orqan götürülməsi işi təşkil
olunmalıdır. Heç şübhəsiz ki, ya həmin insan sağlığında, ya da onun qohumları
şəxs dünyasını dəyişəndən sonra yazılı şəkildə buna razılıq verməlidir. Hesab
edirəm ki, bunun üçün müvafiq qurum yaradılmalıdır. Götürülən buynuz qişanın
saxlanılması ilə bağlı iş aparılmalıdır. Bütövlükdə isə hesab edirəm ki,
meyitdən orqanın götürülməsi işi təşkil olunandan sonra bu işi də təşkil etmək olar. Amma ayrıca göz
bankının yaradılmasını real hesab etmirəm”. Bu sahədəki çatışmazlıqlardan bəhs edən millət
vəkili bildirdi ki, əslində ciddi boşluqlar
yoxdur: "Milli Məclisdə komitənin iclasında artıq bu məsələ müzakirə olunub. İlk olaraq buynuz
qişaya ehtiyacı olan insanların görmə problemini həll etmək üçün yaxın
ölkələrdən buynuz qişanın gətirilməsi
işini təşkil etmək olar. Bunun üçün yaxın zamanda işçi qrupunun yaradılması
nəzərdə tutulur. Həmin işçi qrupu hüquqi prosedurların həyata keçirilməsi ilə
məşğul olacaq. Qanunvericilikdə bu sahədə müvafiq dəyişikliklər aparılmalıdır.
Problem öyrənildikdən sonra qərar qəbul olunacaq. Yaxın vaxtlarda yəqin ki, bu
barədə ətraflı məlumat veriləcək”.
Musa Quliyev bildirdi ki, bunun üçün iş sistemli şəkildə təşkil edilməlidir:
"Bu əməliyyat yalnız o halda həyata
keçirilə bilər. Digər ölkələrdən buynuz qişanı alıb gətirmək mümkündür. Amma
bütövlükdə orqan köçürülməsi işi ölkəmizdə tətbiq olunmadığına görə, buynuz qişanın
götürülməsi və bankının yaradılması bir o qədər də inandırıcı görünmür. Amma
hüquqi cəhətdən bu sahədə heç bir problem yoxdur. Qanun buna icazə verir. Sadəcə, işin təşkilati mexanizmləri
hazırlanmalıdır. Bunun üçün həmçinin, klinikalar müəyyənləşdirilməlidir. Kimlər
bunu edə bilər, yaxud buynuz qişa kimlərdən götürülə bilər. Daha sonra buynuz
qişa harada və hansı şəraitdə saxlanılacaq kimi məsələlər həllini tapmalıdır. Həmçinin,
bu sahədə lazım olan texnoloji avadanlıqlar da mühüm əhəmiyyət kəsb edir. Ona
görə də işin təşkilati tərəfi həll olunmalıdır. Hazırda Səhiyyə Nazirliyində və
Nazirlər Kabinetində bu sahədə çalışmalar gedir”.
Millət vəkili
əməliyyat sonrası hansısa fəsadların olub-olmayacağı haqda da bəhs etdi:
" İstənilən əməliyyatdan sonra ağırlaşma ola bilər. Lakin bütövlükdə 90 faiz xəstələrdə bu əməliyyatdan sonra görmə problemi demək olar ki, tam aradan
qaldırılır. Bu kimi əməliyyatlar dünyanın bir çox yerində həyata keçirilir. Əməliyyatdan
sonra xəstələrin görmə problemi öz həllini tapır”.
Şəbnəm
Mehdizadə