AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Göyçək Fatimənin qəşəng də səsi varmış... - foto

Göyçək Fatimənin qəşəng də səsi varmış... - foto

Mədəniyyət
11 Aprel 2013, 09:35 3194
Misir Mədəniyyət Mərkəzinin təşkili əsnasında 19-26 aprel tarixlərində Qahirədə “Milli Folklor və Zərb alətləri” adlı Beynəlxalq Festival keçiriləcək. Ölkəmizi festivalda təmsil edəcək rəqqaslarımız - Fatimə Fətəliyeva ilə İlham Kərimli səhnəyə milli geyimdə çıxaraq, milli rəqslərimizi nümayiş etdirəcəklər.

Festivala hazırlığı davam etdirdiklərini söyləyən rəqqasə Fatimə (Göyçək Fatimə-müəllif) səfər öncəsi “Kaspi”yə danışdı.

Onlardan heç nə ummuram


- Festivalda Azərbaycanı hansı rəqslə təmsil edəcəksiniz?

- Hər il keçirilən bu festivalda 23 ölkənin öz milli folklorunu nümayiş etdirəcəyi nəzərdə tutulur. Həmin festivalda mən İlham Kərimli ilə birgə iştirak edəcəyəm. Orada biz milli rəqslərimizi ifa edəcəyik. Repertuarımda yeni bir Misir rəqsim var ki, onu da festivalda təqdim edəcəyimi düşünürəm. İ.Kərimli ilə duet şəklində yeni bir rəqs də hazırlamışıq. Milli rəqslərimizdən isə solo şəklində “Uzundərə”ni ifa edəcəyəm.

- “Təbəssüm” rəqs qrupu ilə yeni bir layihə üzərində çalışırsınız. Layihə, deyəsən uzunömürlülər sırasına daxil olub?

- Bir neçə il bundan əvvəl “Təbəssüm” rəqs qrupunun rəhbəri Əminə Musayeva ilə tədbirlərin birində görüşmüşdük. O, mənə təklif etdi ki, “Təbəssüm” rəqs qrupu ilə böyük bir konsert hazırlayaq. Belə bir konsert proqramını həyata keçirmək bizə Novruz bayramı ərəfəsində qismət oldu ki, mən ansambl üçün rəqs hazırladım. Bundan sonra da o ansambl ilə yeni mahnılar hazırlamağı düşünürəm. Mənə hər dəfə sual verirlər ki, siz həmin qrupdan maddi cəhətdən nə umursunuz? Hər zaman demişəm və yenə də deyirəm ki, onlardan heç nə ummuram. Mən sənətimi sevirəm, istedadlı uşaqlara da qəlbimdə böyük yer var. Üstəlik, bu il “Təbəssüm” rəqs qrupu ilə böyük bir konsert hazırlamağı planlaşdırıram.

- Rəqslərinizi təkmilləşdirmək üçün mütəxəssislərdən dərslər alırsınızmı?

- Əlbəttə. Mən daima öz üzərində işləyən bir rəqqasəyəm. Hər zaman yeniliklər axtarışındayam. Bir yerdə dayanmağı sevmirəm. Neçə illərdir ki, Fərhad Vəliyevdən xoreoqrafiya dərsləri alıram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra F.Vəliyevlə həftədə iki dəfə görüşürəm. Yeni rəqslər üzərində işləyirik. Festivaldan döndükdən sonra görüşlərimiz və dərslərimiz davam edəcək.
Məni narahat edən əsas məsələlərdən biri isə odur ki, Azərbaycanın qədim, gözəl rəqsləri gedərək unudulmağa başlayır. Unudulmağa doğru gedən rəqslərin üzərində yenidən işləməyi planlaşdırıram. Bunlara “Ənzəli”, “Turacı”, “Uzundərə”, “Tərəkəmə” və bu kimi Azərbaycanın qədim, gözəl rəqsləri daxildir. Düşünürəm ki, əgər sənətdə varamsa, bizim qədim Azərbaycan rəqsləri həmişə yaşamalıdır. Milli musiqilərimizi yaşatmağı özümə borc bilirəm.

Efirdə oxumuram

- Dünya xalqlarının rəqslərinə nə zaman müraciət edəcəksiniz?

- Mənim özbək rəqslərim, fars rəqsim var ki, hamı tərəfindən sevilir. İndi isə rus rəqsini hazırlamağı çox istəyirəm. İndiki zamanda Azərbaycan xalqının nəbzinə uyğun şux mahnılara üstünlük verməyə çalışıram. Həm də mənim rəqs texnikam güclüdür, cəld hərəkətlər etməyə potensialım var, ona görə də şux mahnılara daha çox önəm verirəm. Ümumiyyətlə, dünya xalqlarından daha çox hind rəqsləri ifa etməyə üstünlük verməyə çalışıram və bu da məndə yaxşı alınır.

- Rəqqasələrin əksəriyyəti sonradan müğənniliklə məşğul olur. Siz necə, özünüzü bu sahədə sınamısınızmı?

- Mən artıq çoxdandır ki, oxuyuram. Ancaq oxuyan rəqqasələrdən fərqim ondadır ki, efirdə oxumuram. Tez-tez iştirak etdiyim xınayaxdı mərasimlərində həm oynayıb, həm də oxuyuram. Amma bu o demək deyil ki, mən müğənniyəm. Xınayaxdılarda oxuduğuma görə efirlərə çıxıb, mahnı yazdırıb ifaçılıq etmirəm. Efirdə heç vaxt müğənnilik etmərəm. Rəqqasəliklə müğənniliyi qarışdırmaq istəmirəm. Rəqqasəlikdən əlavə, “Xınayaxdı mərasimləri serveri”-nin rəhbəriyəm. Xınayaxdı mərasimlərinə həm rəqqasə, həm də mərasiminin aparıcısı kimi dəvət olunuram. Xınayaxdılarda bütün adət-ənənələrimizi yaşadıram. Mənim də qəşəng səsim var, həm yaxşı oxuyuram, həm də oynayıram. Mən rəqqasə kimi doğulmuşam.

- Gələcəkdə sənətinizi tərk edib, xınayaxdı mərasimləri ilə məşğul olmağı düşünürsünüzmü?

- Əvvəl-axır mən səhnəni tərk etməliyəm. Yəni ömrümün sonuna kimi rəqqasəliklə məşğul olmayacağam. Səhnə böyükdür və hər zaman da cavanlara səhnədə yer açmaq lazımdır. Yaşımın üstünə yaş gəldikcə, özüm bu sənətdən ayrılacağam. Amma səhnədən getsəm də, mənim yerim hər zaman görünəcək. Çünki yeni tələbələr yetişdirəcəyəm, böyük bir xoreoqraf məktəbi açacağam. Rəqslərimi onlara öyrədəcəyəm.

Seriallar mənlik deyil

- Deyirlər ki, xınayaxdı mərasimlərini Fatimə ələ keçirib... Bu fikirlərə necə baxırsınız?

- Əslində bu, həqiqətdir. Bilirəm ki, məni çox insanların gözü götürmür. Qəzetiniz vasitəsilə o insanlara demək istəyirəm ki, ruzini verən göydəki Tanrıdır. Allahımdan çox razıyam ki, bu ruzini mənə verib. Qoy bu ruzini həmin o insanlara da versin ki, onların gözü heç vaxt başqalarında olmasın. Ümumiyyətlə, Tanrı hər kəsə ürəyinə görə verir.

- Bəs filmlərdə aktrisa kimi özünüzü sınamaq istərdinizmi?

- Bir sıra filmlərdə rol almışam. Əslində filmlərdə çəkilmək çox çətin bir işdir. Bu peşə sizə adi görünməsin. Filmə çəkilmək insandan səbr tələb edir. Seriallara və filmlərə çəkilmək üçün gərək mən işlərimdən uzaqlaşım ki, orada rol alım. Mənim işlərimlə də serial və kino heç zaman bir gələ bilməz. Seriallarda çəkilmək üçün mənə bir neçə təklif gəlib. Amma istəməzdim ki, böyük bir komandanı məyus edim. İşdir, birdən razılıq versəm və söz verdiyim zamanda çəkiliş meydanında olmasam, həmin çəkiliş komandasını da pis vəziyyətdə qoymuş olaram. Seriallar və filmlərə çəkilmək mənlik deyil.

- Səhnə geyimlərinizi necə əldə edirsiniz?

- Milli və əcnəbi geyimləri öz dərzilərimə hazırlatdırıram. Belə ki, Sürəyya və Aybəniz xanımla çalışıram. Mənim dizaynerlərim tanınmış olmasalar da, çox gözəl əl qabiliyyətləri var. Populyar modelyerlərlə işləmirəm. Libaslarım göz qabağındadır. Hamısı bir-birindən gözəldir, bunun üçün xüsusi modelyerlərə müraciət etmirəm.

- Ötən il maşınınızın yanmağı hadisəsi bir müddət gündəmdə oldu. Bunu nə ilə əlaqələndirirsiniz?

- Həmin gün İncəsənət Universitetində çəkilişə tələsirdim, müəllimim məni dəvət etmişdi. Telefonumu da unutmuşdum, evdə qalmışdı, amma qayıtmadım ki, düşər-düşməzi ola bilər. Maşın yolda gedə-gedə alışmağa başladı. Mənə görə, bu, ancaq göz və nəzərdən ola bilər. Həmin gün toya, şou-proqrama tələsmirdim, Allaha şükürlər edirəm ki, hansısa yaxşılığıma görə mənim həyatımı qurtardı. Təki, yanan maşın olsun, əsas odur ki, sağ-salamat qurtardım. Bu, artıq çoxdan olub, indi hər şey yolundadır.

Xəyalə Rəisfoto">