• cümə axşamı, 25 aprel, 03:33
  • Baku Bakı 19°C

Göyçayın narı gözəl... - Fotolar

04.11.17 19:00 6216
Göyçayın narı gözəl... - Fotolar
Göyçayda əsil bayram havasıdır. Artıq 12-ci ildir ənənəvi olaraq keçirilən Nar Bayramına təbiət də sanki öz xeyir-duasını verib. Hava günəşli, isti və sakitdir. İki gün davam edəcək Festival rayonun sükutunu demək olar ki, tamam pozub. Adi vaxtlarda başı iş-gücə, gündəlik qayğılara qarışan insanların üzündə qeyri-adi sevinc hiss olunur. Hamı elliklə Nar Bayramına qoşulub. Qocalar, gənclər, uşaqların üzündə qəribə bir fərəh duyulur. Küçələr boyu səslənən musiqilər, milli geyimdə rəqs edən oğlan və qızlar, oxunan şən mahnılar bayrama xüsusi rövnəq verir. Folklor nümunələrimizə, adət-ənənələrimizə yaxından bələd olmaq istəyənlər təndirdə bişən çörəyin ətrini duya, qədim samovardan armudu stəkana süzülən pürrəngi çayın dadını, dədə-baba üsulu ilə hazırlanan çeşidli nar məhsulları, fəsəli, şəkərbura, lavaş, qutab və s. bişintilərdən dada bilərlər. Bayram həm də kökümüzə, milli adət -ənənəmizə, folklorumuza qayıdışdır.

Nar Bayramıni sevinclə qeyd etməyə səbəb həm də festivalın YUNESKO-nun beynəlxalq bayramlar siyahısında yer almasıdır. Artıq Göyçayda keçirilən Nar Bayramı beynəlxalq status daşımaqla festivalın əhəmiyyətliliyini daha da artırır.
Bayrama gəl, bayrama…

Göyçayın mərkəzi meydanı bayramsayağı bəzədilib. "Nar mobile”-in təşkilatçılığı və dəstəyi ilə festivala qatılan media işçiləri də sakinlərin sevincini bölüşür. Göyçayın camaatı ilə söhbət edir, vitrinləri bəzəyən şirkətlərin yerli malları ilə tanış olur, min bir dərdin dərmanı olan nar, onun sağlamlığa və iqtisadiyyatımıza verdiyi faydaları da öyrənirik. "Narın meyvəsi və qabığı əksər xəstəliklərin dərmanıdır”- deyə rayon Bitki Mühafizə İdarəsinin rəisi Nazim Əhmədov danışır: "Narin qabığından alınan rəngdən sənayedə boyanmada istifadə olunur. Narin tumundan müxtəlif yağlar alınır. Meyvənin çiçəyi və yarpaqları dəmləmə kimi faydalıdır. Həmçinin nardan doşab, nar şərabı, şirə, nardança, mürəbbə və s. məhsullar hazırlanır”. Aqronomun dediyinə görə, son vaxtlar rayonda fermerlərin bu sahəyə maraq artıb. Belə ki, hazırda 3 min hektar sahədə yetişdirilirsə, gələcəkdə bu sahələrin genişlənəcəyi və 5 min hektarı əhatə edəcəyinə ümid var”. N.Əhmədov rayonda həmçinin narın saxlama məntəqələrinin olduğunu da bildirdi: ”Oktyabr ayından yığılmağa başlanan nar may ayına qədər bu məntəqələrdə saxlanır”. "Aznar SC” isə xarici ölkələrlə bağladığı müqavilə əsaslnda narın ixracını həyata keçirir. Nəticədə Göyçay narı ABŞ və Avropa ölkələrinə göndərilir. N.Əhmədov festivalın əhəmiyyətini də qeyd edir: "Nar bayramı narın vətəninin Azərbayvan olduğunu sübut edir. Həmçinin xarici bazarlara çıxış üçün imkanlar yaradır”.

Göçayın nar təsərrüfatları bölgədə insanların əsas dolanışıq yeridir. Fermerlər nar və ondan hazırlanan digər məhsullarla ölkə bazarlarını təmin edirlər. Yolboyu sıralanan vitrinlərdə yerli nar məhsulları torpağımızın təkcə bərəkətindən xəbər vermir, həmçinin ölkədə sahibkarlığa yaradılan şəraitdən söz açır. Artıq fermerlər məhsullarını maneəsiz yetişdirə, bazara çıxara, alıcı tapa bilirlər. Elə bu kimi bayramların keçiriliməsinə səbəb də kənd təsərrüfatının bütün sahələr üzrə inkişafda olmasıdır. Bayramlar isə insanlaın torpağa bağlılığına, özlərini təsərrüfatlarının sahibi kimi hiss etmələrinə, nəhayət min bir zəhmətlə əldə etdikləri məhsulu nümayiş etdirməyə və real alıcı axtarmağa stimul verir.
Ölkəyə turist axını

Festivala qatılan millət vəkilləri, xarici ölkələrin ölkəmizdəki səfirləri, nazirliklərin nümayəndələri və digər qonaqlar bayramın bölgə üçün nə qədər əhəmiyyətli olduğuna yüksək dəyərləndirirlər. Üstəlik xarici ölkələrdən gələn turistlərı də rast gəlmək olur. Ərəb və iranlı turistlər üçün isə bayram çoxdan gözlənilən gün təsiri bağışlayır. Söhbətləşdiyim Muhammed adlı misirli səfərini məhz festival ərəfəsinə saldığını deyir: "Ailəmlə Azərbaycana səfər etmək istərkən Göyçayda Nar Bayramının keçiriləcəyini öyrəndik və məhz bu tarixdə səyahət etməyi düşündük. Hər şey çox gözəldir. Qeyd edim ki, burada yediyimiz narın dadını heç bir yerdə hiss etməmişik”.

Festivalda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin yerli filialları da təmsil olunur. "Optimal-elektroniks” şirkətinin satış-sərgi yarmarkasında məişət texnikası avadanlığı sərgilənib. Şirkətin marketinq üzrə direktor müavini İsrafil Əliyev və mağazanın satış təmsilçisi Yeganə Cəbrayılova təşkilatçılığın yüksək səviyyədə olduğunu deyirlər: "Şirkətimiz festivala qatılan insanlara xüsusi endirimlər və kredit şərtləri təklif edir. Biz bukletlər təqdim edirik və sonradan alıcılar mağazaya yaxınlaşırlar. Bu tip festivallar həm xalqda ruh yüksəkliyi yaradır, həm də ölkəyə turist axının güclənməsinə səbəb olur”.

Festivalda nar ekstraktlı Buta məhsullarla təmsil olunan "Gazelli Group LTD” şirkətinin təmsilçisi Yelena Sidorenko bayramın əhəmiyyətini vurğulayır: "Şirkət bayram günlərində müəyyən endirimlər təklif edir. Mallara xüsusi maraq var. Təkcə yerli sakinlər deyil, ətraf rayonlardan gələn, o cümlədən turistlər də maraqlanırlar. Festival yerli məhsulların nümayişi üçün geniş imkanlar açır”.

Eləcə də "Azərsun”, "Azərçay”, "Ordubad quru meyvələri” və başqa şirkətlərin nümayəndələri malların nümayişi, alıcı toplaması baxımından festivalın əhəmiyyətini yüksək qiymətləndirdilər.

Üzərində nar şəkillərinin əks olunduğu rəsm əsərləri ilə festivala töhvəsini verən rayon sakini Asiman Əhmədov bayramın əhəmiyyətinə turizmin inkişafı baxımından yanaşır: "Nə vaxtsa ölkəmizdə turizm inkişaf etməli idi. Ölkəmizə təkcə ərəb ölkələrindən, İrandan, Türkiyədən və ya Rusiyadan deyil, həmçinin Avropa ölkələrindən turistlərin gəlməsi, ölkəmizin tanınması üçün bu cür bayramlara ehtiyac var. Bu, yerli istehsalçılara mallarını nümayiş etdirməyə stimul verir. Rəssam festivalların insanların sosial əlaqəsini genişləndirdiyini xüsusi qeyd edir: "İndi hamının başı kompyuterə, mobil telefonlara qarışıb. Amma bu cür festivallarda insanlar bir-birinə yaxınlaşır, ünsiyyət qurur. Hamı bir-birinin işi ilə tanış olur. Bu, bizə mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamaq üçün vacibdir”. Rəssam festivalıların gələcəkdə regionlarda turizmin inkişafına təkan verəcəyinə ümidini gizlətmir: "Əminəm ki, bu tip festivalların sayı çoxaldıqca, ölkənin iqtisadiyyatına töhvəsi də çox olacaq. Ölkəmizə turist axını çoxalacaq. Bu, xüsusən torpağı hər cür nemət yetirən regionlarımız üçün çox vacibdir”.

Məhsullarını nümayiş etdirməyə əla imkan tapan fermerlərin sevinci hədsizdir. Nar məhsulları ilə təkcə bölgədə deyil, bütün ölkədə məşhur olan Bığır kənd sakini Polad İbrahimov təsərrüfatlarından 500, 1000 bəzən də 2000 ton məhsul əldə etdiyini deyir: "Narın 72 növünün olduğu deyilir. Amma "Bığır narı”nı heç bir növlə müqayisə etmək olmaz. Bu nar bütün xəstəliklərin dərnanıdır. 300 qram nardan 200 qram şirə alınır. Keyfiyyəti olduqca yüksəkdir və sağlamlıq baxımından əksər xəstəliklərin, o cümlədən, onkoloği xəstəliklərin dərmanıdır”. Sahibkar yaşadığı kənddə 20 növ nar məhsulunun yetişdiyini və ölkəmizin bütün regionlarına satıldığını deyir: "Biz festivallarda məhsullarımızı nümayiş etdirir və yeni alıcılar qazanırıq. Festival tanışlıq və yeni əlaqələr üçün gözəl imkandır”.

Təsərrüfatında yetişdirdiyi nardan təkcə meyvə kimi deyil, həmçinin şirə, mürəbbə, nar suyu, nar şərabı hazırlayıb satışa çıxaran Quliyevlər ailəsi də bayram günlərində xeyli məhsul satmaqlarından məmnun görünür. Ailənin başçısı Hüseyn Quliyev "Festivalda müştərimiz daha çox olur” deyə sevincini bölüşür: "Çünki ətraf rayonların sakinləri də bayrama gəlir və məhsullarımızla tanış olurlar. Real müştərilərimizi tapırıq. Bu da dolanışığımızın təminatına kömək edir. Demək olar ki, gətirdiyimiz malların hamısı satılır. İnsanlar da yerli məhsullarımızın nə qədər sərfəli və keyfiyyətli olduğunun şahidi olurlar”.

Bayrama qoşulmaq istəyənlər bölgəyə səyahət edə, nəinki min bir dərdin dərmanı nar meyvəsi və ondan hazırlanan çeşidli məhsullardan, digər yerli məhsullardan da dada və sərfəli qiymətə ala bilərlər. Bayramın qəlblərə gətirəcəyi sevin də öz yerində. Odur ki, bayrama gəlin…
Təranə Məhərrəmova
Göyçay

banner

Oxşar Xəbərlər