Göyçayda güzəştli kreditlər hesabına logistik mərkəz tikilir
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin
maliyyələşdirilməsini davam etdirir. İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, noyabrın 17-də
bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi
məsələlərinə dair işgüzar forum Göyçay rayonunun Ləkçıplaq kəndində keçirilib.
80-ə yaxın
sahibkarın iştirak etdiyi forum çərçivəsində Göyçay rayonunun iqtisadi
potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl
market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins
heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik
həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara
nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin
ötən dövrü ərzində 2145 sahibkara 135,8 milyon manat güzəştli kredit verilib
ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması
6400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki,
ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin 12700-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 496,4
milyon manat güzəştli kredit verilib.
İşgüzar forum
çərçivəsində Göyçay və ətraf rayonlardan olan 47 sahibkara 1,7 milyon manat
güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tara, qənnadı məmulatları və kişmiş, mebel istehsalı və
s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu
kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması
mümkün olacaq.
Forum
çərçivəsində Göyçayın Şəhadət kəndində güzəştli
kredit ayrılmış 2 min tonluq logistik mərkəzin fəaliyyətinə və Yalman kəndində logistik mərkəzdə
aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Ümumilikdə, indiyədək
tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına 162,6 milyon manat
güzəştli kredit verilib. Artıq tutumu 294 min ton olan 45 logistik mərkəz
istifadəyə verilib. Bu mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla
təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanması və satışı
məsələlərinin həllində mühüm rol oynayır.