• çərşənbə axşamı, 19 mart, 09:36
  • Baku Bakı 8°C

Güzgü

19.02.18 18:50 5377
Güzgü
Bu qızı tanıyan hər kəs ona deyirdi ki, o tərbiyəsizdir. "Hər kəs” deyəndə ona yaxın olanlar, babası, nənəsi, atası, anası, eləcə də, əmiləri, dayıları, xalaları, bibiləri, başqa qohumları və kənddə yaşayan bütün adamları nəzərdə tuturam.Sonralar, zaman keçdikcə hətta onu tanımayanlar da onu tərbiyəsiz qız hesab edirdi.Qız da özünü tərbiyəsiz, pis qız hesab edirdi. Buna görə də o tərbiyəsiz qızlar kimi hərəkət edirdi. Bədəninə tatuirovka döydürür, saçını tez-tez müxtəlif rənglərə boyayır, məktəbə getmir, getsə də bir neçə dərsdə iştirak edib aradan çıxırdı. Başqa uşaqları döyür, siqaret çəkir, kəndin tərbiyəsiz adamları ilə oturub-dururdu.Bir cümə günü o yenə də o iki dərsdə iştirak etdi, üçüncü dərsdən qaçmaq istədi. Üçüncü dərs əmək təlimi dərsi idi. O idman meydançasını süpürmək, üst-başını toza batırmaq istəmirdi. Ona görə də məktəb darvazasına tərəf getdi. Qapıçı kişi qapını açmaq istəməyəndə o kişinin üstünə qışqırdı:
– Nədir? Yenə də könlündən döyülmək keçir?
Keçən dəfə o dərsdən qaçanda kiçik darvazanı açmaqdan imtina etmişdi, o da məktəbdə oxumayan uşaqlarla birlikdə onu döymüşdü. Ona görə də kişi bu dəfə onu görən kimi darvazanı açdı.
O məktəbin həyətindən çıxdı. Ancaq hara gedəcəyini bilmirdi.
Evlərinə getmək istəmirdi, çünki evə girən kimi valideynləri onu danlayacaqdı. Valideynləri onu düşünmürdü, yalnız onu döyür və qarğış edirdilər. Anası bir dəfə ona demişdi:
– Sən evimizə bədbəxtlik gətirdin. Hər dəfə səni görəndə itən balaca oğlum yadıma düşür. Bu vaxt nəfəs ala bilmirəm, ürəyim sancır. Çəkil gözlərimin qabağından, gözlərim səni görməsin!
O vaxtdan bəri o imkan olan qədər anasının gözündən uzaq olmağa çalışırdı.
Dərsdən qaçıb nə edəcəyini bilmirdi. Vaxtını harda keçirəcəyini fikirləşirdi.
Nəhayət, o yolun qırağındakı otun üstündə oturdu. Yenə də həmişəki kimi çantasından güzgünü çıxartdı. Güzgüdən ona balaca bir oğlan baxırdı, qız üzünü güzgüyə tutub dedi:
– Balaca qardaşım, sən indi hardasan? O vaxtdan 8 il keçib, indi sənin 11 yaşın var. Balaca qardaşım, onu bilirsənmi mənim belə olmağımın səbəbkarı sənsən?
...Həmin il onun 5 yaşı var idi. Valideynləri tarlada işləməyə getmiş, onu isə evdə qoymuşdular ki, balaca qardaşının qayğısına qalsın.
Birdən küçədən təbil səsi eşitdi, bir nəfər təbil çalır, onun yanındakı bir nəfər isə qışqırırdı:
– Lampa fitilləri ilə toyuq tükünü dəyişirəm!
Qız təbil səsini eşidən kimi qardaşını da qucağına alıb yola qaçdı.
"Lampa fitilləri ilə toyuq tükünü dəyişirəm!” deyən kişinin yaşı 40-dan çox olardı. Bu kişi ona iki dənə konfet verdi, birini ona, birini də balaca qardaşına. Konfeti soran kimi onun başı gicəlləndi və gözlərini yummağa məcbur oldu. Gözünü açanda da hər şeyi iki görür və gözlərinə qaranlıq çökürdü. O, özünü süst hiss edir, güclə yeriyirdi. Həmin anlarda bircə onu gördü ki, kişi onun balaca qardaşını əlindəki səbətə qoyur. Qız var gücünü toplayıb səbəti dartmağa başladı. Bu vaxt kişi cibindən bir güzgü çıxarıb ona verdi. Qız güzgünü görən kimi əlini səbətdən çəkdi.
Hamı ona dedi ki, o şeytandır, kinlidir, qardaşını bir konfetə və bir güzgüyə satıb ki, bir daha onun qayğısına qalmasın və valideynləri ömürlərini yalnız ona həsr etsinlər. Bu sözləri ilk dəfə anası demişdi, sonralar bütün qohumlar, kənd camaatı da eyni sözləri təkrar edirdilər.
O vaxtdan bəri hamı onu pis, tərbiyəsiz qız hesab edirdi.
O vaxtdan bəri kənddə tay-tuşları heç vaxt onunla oynamırdı. Əgər təsadüfən hansısa uşaq onunla oynasaydı valideynləri həmin uşağın üstünə qışqırırdılar:
– Nədir? Yoxsa sən də onun kimi olmaq istəyirsən? Sən də qardaşını bir konfetə və bir güzgüyə satmaq istəyirsən?
O heç kimlə söhbət etmirdi. Əgər, doğrudan da, söhbət etmək istəyirdisə o güzgü ilə söhbət edirdi. Bu, sehrli güzgü idi, ondan başqa heç kim o güzgüdə onun balaca qardaşını görə bilmirdi.
Adamlar onun güzgü ilə söhbət etdiyini görüb onu dəli hesab edirdi. O isə elə düşünürdü ki, əgər bu güzgü olmasa o dəli ola bilər.
Qız otun üstündə oturub güzgü ilə danışanda birdən kiminsə qışqırığını eşitdi:
– Oğrunu tutun! Oğrunu tutun!
Qız dönüb səs gələn tərəfə baxdı. Bir cavan oğlan ona sarı qaçır, bir qadın da onun arxasınca gəlirdi. Oğlan ona çatanda qadın qışqırdı:
– Mənə kömək elə, onu tutum! O mənim pul qabımı oğurlayıb!
Oğlan qıza çatanda gülümsədi, qız da ona baxıb gülümsədi. Qadın gəlib onun yanından keçəndə qız ayağını uzatdı, qadın onun ayağına ilişib yerə yıxıldı. Qadın ayağa durub üst- başının tozunu çırpanda oğlan artıq aradan çıxmışdı.
Qadın qızın qolundan tutdu, onu oğru oğlanla əlbir olmaqda günahlandırdı. Qız onunla mübahisə etmədi. Qadın tələb etdi ki, qız onunla polis şöbəsinə getsin, qız "okey” dedi.
Polis şöbəsində bir zabit qızı sorğu-suala tutdu.
Ondan adını soruşanda qız "Pis qız” dedi. Qız görəndə ki, polis onun sözlərinə inanmır, əlavə etdi:
– Məni tanıyan adamların hamısı məni belə çağırır.
– Hansı məktəbdə oxuyursan? – polis soruşdu.
– Mən məktəbdə oxumuram. Məni çoxdan məktəbdən qovublar.
– Neçə yaşın var?
– 18.
Polis ondan oğru oğlanla əlbir olub-olmadığını soruşdu, qız dedi ki, o, oğlanı tanımır. Bu vaxt qadın ondan soruşdu:
–Yaxşı, əgər sən oğlanla əlbir deyildinsə, bəs niyə onun üzünə gülümsədin? Sən ayağını irəli uzadıb məni niyə yıxdın? Sən məni ona görə yıxdın ki, oğlana çata bilməyim, o qaçıb aradan çıxsın
Qız güldü, polisə dedi:
– Əgər o belə deyirsə məni həbs edin. Mən hələ həbsxanada olmamışam. İnanın mənə, həbsxanada olmaq, oranın necə olduğun görmək istəyirəm.
– Biz əvvəlcə sənin valideynlərini bura gətirəcəyik, – polis dedi.
– Mənim atam da, anam da ölüb. Nə? Məni kim böyüdüb? Mənim 18 yaşım var, neçə illərdir tək qalıram.
Polis onun çantasına baxanda orda dərslik gördü, yuxarı sinfin sonuncu sinfinə aid dərslik. Eləcə də, tapşırıq dəftərinin üstündə qızın ad-familiyası yazılmışdı.
Polis məktəbə zəng edəndə qız köks ötürdü:
– Eybi yox, mən daha həbsxanaya düşmək istəmirəm.
– Sən nə üçün həbsxanaya düşmək istəyirdin?
– Bilmirəm, – qız başını buladı.
Polis qızın valideynlərini çağırdı, valideynləri onu apardı. Evə çatan kimi anası yenə də onu qarğış elədi:
– Sən niyə evə gəldin? Niyə orda ölmədin? Niyə özünü çaya atmadın? Niyə özünü maşının altına tullamadın? Niyə özünü asmadın? Niyə binanın başına çıxıb özünü ordan yerə tullamadın? Onsuz da, gec-tez belə olacaq. Sənin yaşadığın hər gün mənim ömründən kəsilir.
Valideynləri yatandan sonra qız yenə də güzgü ilə söhbət etməyə başladı:
– Mənim balaca qardaşım, sənin bacın səndən ötrü çox darıxır. Həqiqətən, darıxır. Sən indi evimizə qayıda bilərsən. Sən evimizə qayıtsan daha onlar mənə nifrət etməyəcək.
Beləcə, qız güzgüyə çox söz dedi.
Bir neçə gün sonra polis onlara xəbər göndərdi ki, qonşu kənddə yaşayan bir oğlan qızın oğurlanmış qardaşına oxşayır.
Qızın valideynləri sevindilər və DNT testi üçün xəstəxanaya yollandılar.
Testin nəticələrinə görə məlum oldu ki, oğlan, həqiqətən də, qızın balaca qardaşıdır.
Qızın valideynləri polis şöbəsindən oğlanı aparanda nə qədər təəccüblü də olsa qıza da dedilər ki, o da onlarla gedə bilər. Ancaq qız başını buladı.
Həmin axşam o gedib evlərində qaldı, güzgünü götürüb qardaşına çox söz dedi:
– Balaca qardaşım, elə bilmə ki, səni görmək istəmədiyim üçün evə getmədim. Yox, evə getməkdən qorxuram. Bilirəm ki, səni görən kimi çox şey yadıma düşəcək, necə pis qıza çevrilməyimi fikirləşəcəm. Buna görə də mən heç vaxt xoşbəxt olmayacam. Sən bacının bədbəxt olmağını istəmirsən, elə deyil? Sən evdə olanda mən özümü o evdə artıq hesab edəcəm. İnanmırdım ki, onlar səni taparlar, planlaşdırmışdım ki, ata-anam qocalanda onların qulluğunda durum. Balaca qardaşım, qoy bacın son dəfə səni öpsün!
Qız dodaqlarını güzgüyə yapışdırıb qardaşını öpdü. Sonra o güzgünü yerə çırpdı, 8 il onunla yoldaşlıq edən güzgü çilik-çilik oldu.
Dan yeri söküləndə qız məktəb çantasını götürüb evdən çıxdı.
O dəmir yol vağzalında platformada gəzişir, hansı şəhərə bilet alacağına qərar vermək istəyirdi.
Üzündə çapıq olan bir oğlan gözlərini ondan çəkmirdi. O əlindəki siqareti yerə atdı, onu dabanı ilə əzib qıza tərəf getdi.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər