“Güzəştli kredit” adı ilə bəxşiş - FOTOLAR
Və
ya işğalçını silahlandıran Rusiya beynəlxalq hüquqa və ədalətə qarşı
1988-ci ildən Dağlıq Qarabağda baş qaldıran və
erməni separatizmi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə
nəticələndi. Bu müddət ərzində ermənilər əvvəlcə sovet Rusiyasından, ardınca da
Rusiya Federasiyasından açıq dəstək alıblar. Bu dəstək siyasi, ideoloji,
mənəvi, eyni zamanda hərbi xarakterli olub. Rusiyaya məxsus hərbi texnika, rus
hərbçiləri birinci Qarabağ savaşında ermənilər tərəfdən Azərbaycana qarşı
istifadə edilib. Bu, danılmaz faktdır. "Youtube”da Kəlbəcərin, Laçının
işğalında rus hərbçilərinin ağır texnikalarla rayonlarımıza soxulmasını,
ərazini zəbt edəndən sonra ermənilərə təhvil verməsini əks etdirən çoxsaylı
videogörüntülər var. Həmin videokadrların birində rus polkovnikinin əməliyyatın
gedişi barədə fikirləri də geniş yer alıb. Ən nəhayət, Xocalı soyqırımının
törədilməsində Rusiyaya məxsus 366-cı alayın əsgər və zabitlərinin, ağır
zirehli texnikasının iştirakına dair təkzibedilməz sübutlar da var ki, bunu
rəsmi Moskva heç vaxt inkar edə bilməz. Üstəlik, rus KQB-sinin yetirmələri
sayılan Xocalı cəlladları Robert Köçəryan, Serj Sarkisyan uzun illər
Ermənistana rəhbərlik ediblər.
Dinc
əhaliyə qarşı istifadə edilən raketlər
Rusiya forpost Ermənistana siyasi, iqtisadi və
hərbi dəstəyini 1994-cü ildə imzalanan atəşkəs haqqında sazişdən sonra da davam
etdirib. Halbuki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
dinc yolla həllinə məsul olan ATƏT-in Minsk qrupunun üzvü idi və həmsədr dövlət
kimi neytrallığını qoruyub saxlamalı, münaqişə tərəfləri arasında yenidən
savaşın başlamamağı, hər iki tərəfdən itkilərin olmamağı üçün əlindən gələni
etməli idi. Lakin imperialist maraqların girovuna çevrilən Rusiya barışdırıcı
deyil, qızışdırıcı və təhrikedici siyasəti ilə diqqət çəkdi. Ermənistanı
silahlandırmağa davam etməklə işğalçı ölkəyə açıq dəstək verdi. İndiyə qədər
ötən vaxt ərzində Rusiya Ermənistana həm öz qiymətinə silah-sursat satıb, həm
də böyük həcmdə silah və hərbi texnikanı işğalçı ölkəyə təmənnasız ötürüb. Bu
barədə mediada yer alan məlumatlara görə, 1995-1996-cı illərdə Rusiya
Ermənistana, tərkibində "Skad” operativ-taktiki raketləri də daxil olmaqla 1
milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb.
General-mayor Lev Roxlinin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı
iclasında Rusiyanın Ermənistanı silahlandırmasına dair ifşa xarakterli çıxışı,
bundan sonra həyata keçirilmiş araşdırma, istintaq və sair məsələlərlə bağlı
internetdə kifayət qədər material var. Ermənistan İkinci Qarabağ Müharibəsində
məhz bu raketlərdən dinc əhalimizə qarşı geniş istifadə edib. Cəbhə
bölgəsindən, müharibə gedən ərazidən uzaqda olan Gəncə, Bərdə, Goranboy,
Naftalan şəhərləri hədəfə alınıb, onlarla dinc sakin həyatını itirib.
Rusiya
hərbi bazalarından Ermənistana daşınan silahlar
İnternet üzərindən apardığımız araşdırma bir daha
sübut edir ki, Rusiyanın Ermənistanı müxtəlif vasitələrlə silahlandırması
sistemli xarakter alıb. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı Axalkalaki
və Batumi hərbi bazalarından Ermənistana daşınan əmlakın önəmli qismi 102-ci
bazaya deyil, bilavasitə Ermənistan ordusuna verilib. Ermənistan silahlı
qüvvələrinə təmənnasız şəkildə verilmiş bu əmlakın dəqiq həcmi barədə hər hansı
informasiya mövcud deyil. Rusiyanın yalnız 2005-2006-cı illərdə Gürcüstandakı
bazasının inventarından çıxardığı 16 ədəd 2S3 "Akasiya” özüyeriyən artilleriya
sistemini Ermənistana bağışlamasına dair məlumat da öz təsdiqini tapıb. Dünya
Silah Ticarətinin Analizi Mərkəzinin (SAMTO) hesabatına görə, Ermənistan
Rusiyadan 2013-cü ildə 50 ədəd tank əleyhinə raket kompleksi (qiyməti $5 milyon
– böyük ehtimalla "Faqot” və "Kornet”), 35 ədəd ədəd T-72 tankı ($50
milyon), 110 ədəd BTR-80/82A ($30 milyon) "alıb”. Rusiya müəssisələrində
Ermənistan ordusuna məxsus 50 ədəd BMP-2 piyada döyüş maşını modernizə edilib.
Müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, təmənnasız olaraq, Rusiya
2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan ordusuna
açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında
R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80, 152 mm çaplı 2A65
"Msta-B”, 152 mm çaplı 2A36 "Giatsin-B”, 2S3M "Akasiya”,
həmçinin 122, 240, 300 mm reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya
döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion "Kub”
zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə
olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə
olunan X-25ML və R-60M raketləri bağışlayıb.
100
milyonluq "kredit”
Sonrakı illərdə də bu proses davam etdirilib.
Moskva və Yerevan arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış,
Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə,
Kreml rəhbərliyi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi
texnikanın alınması üçün 200 milyon dollar məbləğində "kredit” təqdim edib.
Ermənistan Rusiya ilə bu "kredit sazişi” çərçivəsində 18 müqavilə bağlayıb.
2016-cı ildə tərəflər arasında imzalanmış kredit sazişinə əsasən Rusiya
Ermənistanı müxtəlif silahlar və 14 çeşiddə hərbi texnika ilə təmin edib.
Kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 "Smerç” reaktiv yaylım atəş
sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı,
T-72 tankının şassisi üzərində TOS-1A ("Solntsepyok”) ağır odsaçan sistemi,
idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E
markalı partladıcılar, 9P522 "İqla-S” daşınan ZRK buraxıcı qurğusu və 9M342
"İqla” zenit raketi, 1L222M "Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli
texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah
kompleksini satıb. 2017-ci ildə Rusiya
Ermənistana müasir silah və hərbi texnikaların alınması üçün daha 100 milyon
ABŞ dolları dövlət ixrac krediti verib. Bu yolla forpost Ermənistana əlavə
silahlar bağışlanıb.
Beynəlxalq hüquqa və ədalətə qarşı
Ən maraqlı və diqqətçəkən
məqamlardan biri Rusiyanın Ermənistanı "İsgəndər” raketləri ilə təmin
etməsidir. Hansı ki, bu raketlər
həmin vaxta qədər Rusiyadan heç bir ölkəyə ixrac olunmayıb. Ümumiyyətlə, bu
raketlər yalnız Rusiya ordusunun silahlanması üçün nəzərdə tutulub. Lakin 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Silahlı
Qüvvələrinin sarsıdıcı zərbəsi ilə geri oturdulan, "Ohanyan xətti” kimi təqdim
edilən gücləndirilmiş müdafiə xətti cəmi bir neçə saata darmadağın edilən
düşmən, canlı qüvvə və hərbi texnika sarıdan xeyli itkilərə məruz qalıb. Bu
hadisə Ermənistan daxilində böyük sarsıntı yaşadıb. Dərhal kömək üçün öz
havadarlarının ətəyindən yapışan ermənilər növbəti silah hədiyyəsini qəbul
ediblər. Ermənistan həmin il sentyabrın 21-də keçirdiyi hərbi paradda Rusiyadan
aldığı bəzi yeni silahları, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən
"İsgəndər-M” operativ-taktiki raketlərini nümayiş etdirib. İrəvan küçələrindən
üzəri maskalanmış azı 3 belə raket kompleksi keçib. Rusiyanın silah ixracı ilə
məşğul olan "Rosoboroneksport” dövlət korporasiyasının iki meneceri o zaman
anonimlik şərti ilə xarici mediaya təsdiq edib ki, Ermənistana bir divizion
"İsgəndər-M” raket kompleksləri verilib. Bir divizionda dörd "İsgəndər-M” raket
kompleksi var və kompleksin hərəsi iki raket daşıyır. Hər iki mənbə iddia edib
ki, raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində
silah təchizatı razılaşması əsasında verilib. Təəssüf ki, rəsmi Moskva o zaman
bu məsələlərə aydınlıq gətirə bilmədi. Rəsmi şəxslər danışmasa da, ayrı-ayrı
adamların dili ilə bu raketlərin guya Ermənistandakı Rusiya hərbi bazasına
məxsusluğu, heç bir halda Ermənistanın istifadəsinə verilməyəcəyi barədə
fikirlər səsləndirildi. Əslində isə Kreml rəhbərliyi susmaqla ədalətin,
beynəlxalq hüququn deyil, işğalçının, ədalətsizliyin yanında olduğunu növbəti
dəfə nümayiş etdirdi.
Dərin
narahatlıq və ciddi suallar doğuran faktlar
Rusiyanın Ermənistanı açıq-aşkar silahlandırması
faktını biz 2020-ci ilin iyul hadisələrində də gördük. Xatırladaq ki, iyulun
12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində
işğalçı ölkə növbəti dəfə təxribat törədib, sərhədi keçərək oradakı
mövqelərimizə soxulmağa çalışıb. İşğalçı dövlət bu hərbi hücumla üçüncü
tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək istəyib. Onların bu
təxribatının qarşısı alınan zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid
olub. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Geri
çəkilərkən isə yaşayış məntəqələrimizi hədəfə alıb. Azərbaycan Silahlı
Qüvvələri ilə açıq savaşda növbəti dəfə məğlub olan Ermənistan ordusunun
harayına yenidən Rusiya çatıb. İyul ayının 17-dən avqust ayının əvvəllərinə
qədər olan müddətdə Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması
intensiv xarakter alıb və ümumilikdə 400 min tondan çox yük daşınıb. Ötən il avqustun 12-də Prezident İlham Əliyev rusiyalı həmkarı
Vladimir Putinə telefonla zəng edərək bu hadisənin Azərbaycan
ictimaiyyətində dərin narahatlıq və ciddi suallar doğurduğunu şəxsən Rusiya
Prezidentinin diqqətinə çatdırıb. Əfsus ki, ilana zəhər verən kərtənkələ -
rəsmi Moskva o zaman da susub.
Fakt
qarşısında aciz qalan "şimal ayısı”
Rusiyanın bütün bu davranışları fonunda Azərbaycan
Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin
rəhbərliyi altında Ordumuz ötən il sentyabrın 27-dən noyabrın 10-a qədər davam
edən 44 günlük Vətən Müharibəsində düşmənin belini qırıb, yüzlərlə hərbi
texnikasını, minlərlə canlı qüvvəsini məhv edib, torpaqlarımızı işğalçılardan
təmizləyib. Bununla da 30 illik Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ərazi
bütövlüyümüz təmin olunub. Azad olunmuş ərazilərin minalardan, partlamış və
partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı ortaya çıxan faktlar isə
bizə bəlli olan bəzi gerçəklikləri yenidən gündəmə gətirib. Ərazilərin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bəyan edib ki, Ermənistan
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İsgəndər” raketlərindən
istifadə edib. Belə ki, 2021-ci il martın 15-də bu qurumun əməkdaşları
tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı Şuşa şəhərində iki partlamış
raketin qalıqları aşkar edilib. Raketin identifikasiya nömrəsi (9M723) yoxlanılan
zamanı qalıqların "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə aid olduğu
üzə çıxıb. Bir qədər əvvəldə vurğuladığımız kimi, raketin bu modifikasiyası
ixrac edilmək üçün nəzərdə tutulmayıb və yalnız Rusiya ordusunun təchizatında istifadə
olunub. Şuşada məhz "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin
qalıqlarının aşkar edilməsi sübut edib ki, Rusiyadan bu silah Ermənistana
hansısa yollasa çatdırılıb. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV
tərəfindən geniş işıqlandırılıb. Lakin indiyə qədər Rusiya tərəfinin yenə də
dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Rusiyanın Xarici İşlər, Müdafiə
nazirliklərinin, həmçinin digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İsgəndər-M”
Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq
gətirilməyib.
Rufik
İSMAYILOV