• çərşənbə, 24 Aprel, 14:23
  • Baku Bakı 27°C

Gürcüstanın xarici siyasətində dəyişiklik olacaqmı?

30.11.18 18:05 527
Gürcüstanın xarici siyasətində dəyişiklik olacaqmı?
Gürcüstanda gərgin keçən prezident seçkiləri artıq başa çatıb. Qonşu ölkədə prezident seçkilərinin oktyabrın 17-də keçirilən ilkin mərhələsində hakim "Gürcü Arzusu” Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze kifayət edən səs faizini toplaya bilməmişdilər. Lakin noyabrın 28-də, seçkilərin ikinci turunda isə Salome Zurabişvili qələbə çalaraq, Gürcüstanın yeni prezidenti seçildi.
Gürcüstanda keçirilən bu seçkilərin Azərbaycan üçün mühüm əhəmiyyəti var. Çünki Azərbaycan Gürcüstanla strateji tərəfdaş olmaqla yanaşı, həm də beynəlxalq layihələrdə birgə iştirak edirlər. Bu səbəbdən də Gürcüstanda siyasi dəyişikliyin regiona təsiri diqqət mərkəzindədir. Bəs görəsən yeni prezidentin seçilməsi ilə Gürcüstanın xarici siyasətində, xüsusilə Azərbaycanla bağlı hansısa dəyişikliklər olacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, artıq Gürcüstanda prezident seçkiləri baş tutub: "Amma ilk olaraq onu vurğulayaq ki, 2012-ci ildə konstitusiyaya edilən dəyişikliklərə əsasən, Gürcüstan parlamentli respublikaya çevrilmişdir. Belə olan halda, təbii ki, baş nazirin funksiyaları kifayət qədər böyükdür. Lakin prezidentin funksiyaları məhdud xarakteri ilə diqqəti cəlb edir və bütün parlamentli respublikalarda analoji vəziyyətdir. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, prezidentin kim olmasından asılı olmayaraq, hər halda parlamentli respublikanın öz qaydaları və şərtləri var. Məsələyə bu kontekstdən yanaşdıqda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da qorunub-saxlanılacağına ümid bəsləmək olar”.

E.Nəsirov əlavə etdi ki, Gürcüstan Azərbaycanla bir sıra strateji xətlər üzrə bağlıdır: "Bura Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum üzrə neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, "Cənub Qaz Dəhlizi” və sair daxildir. Qeyd edilənlər nəticə etibarı ilə Azərbaycanla Gürcüstanı strateji tərəfdaşa çevirmiş layihələrdir. Ona görə də Gürcüstanda prezidentin kim olmasından, eləcə də hansı səlahiyyətlərə sahib olmasından asılı olmayaraq, ilk növbədə həmin şəxs Gürcüstanın milli maraqlarını hər şeydən üstün tutmalıdır. Təbii ki, Gürcüstan dövlətinin də milli maraqları tələb edir ki, ölkənin yeni prezidenti bunu nəzərə alsın və ona uyğun da öz siyasətini həyata keçirsin. Bir daha qeyd edirəm ki, Gürcüstanda parlamentli respublika çərçivəsində əsas hakimiyyət baş nazirin əlindədir. Təbii ki, Gürcüstanın baş naziri də Azərbaycanla dostluq, əməkdaşlıq siyasətini həyata keçirir. Hesab edirəm ki, Gürcüstanın yeni prezidenti Salome Zurabişvili də eyni xəttə sadiqliyini nümayiş etdirəcək. Çünki bunu Gürcüstanın strateji maraqları tələb edir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Gürcüstanın siyasətində elə bir ciddi dəyişiklik proqnozlaşdırılmır: "Birincisi, ona görə ki, prezidentin elə böyük səlahiyyətləri yoxdur. Əsas səlahiyyət sahibi parlament və baş nazirdir, xarici siyasəti baş nazir müəyyənləşdirir. Vaxtı ilə Bidzina İvanaşvili də hakimiyyətə gələndə, belə fikirlər var idi ki, o, Saakaşvilidən fərqli olaraq Rusiya ilə əməkdaşlıq edəcək. Amma alınmadı, çünki Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarəti altındadır. Bu halda Gürcüstanla Rusiyanın barışmağı mümkün deyildi. Salome Zurabişvilinin də mövqeyi belədir. O, Rusiya ilə bağlı deyib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarət etmədiyi müddətcə münasibətlər istiləşməyə doğru dəyişməyəcək. Bundan başqa, Salome Zurabişvili Saakaşvilinin dönəmində xarici işlər naziri olub. O işlədiyi dövrdə də əsasən qərb ölkələri ilə əməkdaşlıq edib. Bir başqa faktı da söyləmək istərdim ki, S.Zurabişvili ilk xarici səfərini Avropa ölkələrinə edəcək. Bu da ondan xəbər verir ki, Gürcüstan qərbə yönəlik xarici siyasətini davam etdirəcək və yenə də NATO və Avropa İttifaqına üzvlük hədəf olaraq qalacaq”.

E.Şahinoğlu Azərbaycan-Gürcüstan əlaqələrinə toxunaraq vurğuladı ki, bu məsələdə aktualdır: "Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanın simpatiyası Vaşadzenin tərəfində idi. Çünki Vaşadze Saakaşvilinin tərəfdarıdır. Saakaşvili isə prezident olduğu dövrdə və sonra da Azərbaycanla əməkdaşlığa önəm verib. Onun bir ifadəsi də var idi ki, Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan ayaq üstə dayanmazdı. Bu da onu göstərir ki, o, Azərbaycanla əməkdaşlığa önəm verən bir siyasətçi idi. Vaşadze də xarici işlər naziri olduğu dövrdə Azərbaycana tez-tez gəlirdi və Gürcüstandakı azərbaycanlılarla görüşürdü. Salome Zurabişvilinin isə Gürcüstanın erməni əhalisi ilə görüşündə verdiyi bəzi açıqlamalar bizdə haqlı olaraq narazılıq yaratdı. Lakin düşünürəm ki, Zurabişvilinin seçki marafonu ilə bağlı narahat olmağa dəyməz. Gürcüstanın Azərbaycana yönəlik siyasəti dəyişməyəcək. Çünki Azərbaycanın dəstəyi olmadan, Saakaşvilinin də dediyi kimi, Gürcüstan ayaqda dura bilməz. Bunu İvanaşvili, Zurabişvili də anlayır. Düzdür, İvanaşvili hakimiyyətə gələndə Bakı-Tbilisi-Qarsla bağlı müəmmalı açıqlamalar vermişdi. Amma sonra özü də anladı ki, bu layihələr Gürcüstanın özü üçün faydalıdır və buradan pul qazanırlar. Ölkəmiz külli miqdarda investisiya yatırıb, SOCAR ölkəni tamamilə qazlaşdırıb. Əgər bizdən imtina etsələr, hansı faydanı görəcəklər? Ona görə də Zurabişvili də Azərbaycanla strateji tərəfdaşlığa sadiq qalacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər