• cümə, 29 Mart, 15:27
  • Baku Bakı 14°C

“Gürcüstanın tamhüquqlu vətəndaşı olmaq istəyirik”

24.10.13 10:05 2874
“Gürcüstanın tamhüquqlu vətəndaşı olmaq istəyirik”
Oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq bu məqsədlə seçici siyahıları dəqiqləşdirilib, bütün zəruri hazırlıqlar əvvəlcədən görülüb. Ölkə üzrə 3 milyon 537 min 719 seçici qeydə alınıb. Bu bazar günü baş tutacaq seçkiləri 57 yerli, 50-dən artıq təşkilatın müşahidə edəcəyi də verilən məlumatlar sırasındadır. Seçkinin favoritləri isə “Gürcü arzusu”dan Georgi Marqelaşvili və “Vahid Milli Birlik”dən David Bakradze hesab olunur. 23 qeydə alınan namizəd sırasında məhz bu iki namizədin daha çox səs toplayacağı güman edilir. Qonşu ölkədə keçiriləcək prezident seçkiləri, hansı namizədin daha şanslı olması, Gürcüstan azərbaycanlılarının bu seçkiyə hazırlığı, onların seçkidən gözləntiləri, yerli Azərbaycan icmasının problemləri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Gürcüstan parlamentinin üzvü, azərbaycanlı deputat Mahir Dərziyev cavablandırır.
- Mahir müəllim, keçən il “Gürcü arzusu” koalisiyası parlament seçkilərində daha çox səs toplayaraq qalib oldu və Gürcüstan hökumətini formalaşdırdı. Ötən müddət ərzində Bidzina İvanişili hansı işləri görüb?
- Bizim iqtidar bir ilə yaxın müddətdə böyük işlər görüb. Artıq Gürcüstanda tibbi xidmət tam pulsuzdur. Hamı sığortalanıbdı. Hər bir kəs 15 min lari civarında tibbi sığortalanıbdır. Bundan başqa doğuş pulsuz olub. Bu, bir çox Avropa ölkələrinin də həsəd aparacağı bir nailiyyətdir. Bundan başqa, məktəblərdə dərsliklər pulsuz oldu. Kənd təsərrüfatı sahəsində torpaq sahəsi olan bütün insanlara dövlət dəstəyi verildi. Ucuz kənd təsərrüfatı kreditləri tətbiq olunmağa başlayıb. Ali məktəblərdə 15 ixtisas pulsuz tətbiq olundu. Yaxın gələcəkdə isə ali məktəblərdə bütün ixtisaslar pulsuz olacaq. Əmək haqları, pensiyalar artırıldı, işığın, qazın taarifləri aşağı salındı. Bu siyahını çox uzatmaq olar. Amma mən görüşlərimdə xüsusilə onu vurğulayıram ki, bizim iqtidarın dövründə Gürcüstan cəmiyyəti azadlığa qovuşdu. Artıq bu, hamı tərəfindən qəbul olunmuş faktdır. Bunu hətta bizim opponentlərimiz də etiraf edirlər.
- Bir neçə gündən sonra Gürcüstanda prezident seçkiləridir. Gürcüstan ictimaiyyətinin bu seçkilərə hazırlığı nə səviyyədədir?
- Gürcüstanın müstəqillik əldə etdiyi son 20 illik dövrdə ölkəmiz tarixində ilk azad, ədalətli seçkilər keçirilir. Biz ötən il müxalifətdə idik və seçkilərdə səs çoxluğu toplayaraq iqtidara gəldik. Keçənilki seçkilərdə Saakaşvili rejimi “Gürcü Arzusu” koalisiyasının 15-20 faiz səsini oğurladı. Bu, danılmaz faktdır. Əhaliyə qarşı, xüsusilə milli azlıqların yaşadığı regionlarda, bizim rayonlarda əhaliyə qarşı təhdidlər, hədələr, kütləvi surətdə zorakılıq, fiziki təhqir, işdən azad olunma, həbslər və sair baş alıb gedirdi. İnsanların azad şəkildə səs vermək hüququ yox idi. Bu gün isə bizim ölkəmizdə ilk dəfə azad və ədalətli seçkilər keçirilir. Prezident seçkilərinə qatılan bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Qeyri hökumət təşkilatları, müxtəlif beynəlxalq müşahidəçilər də qeyd ediblər ki, seçkidə inzibati resursdan istifadə yox dərəcəsindədir. İqtidar komandasının namizədi də artıq o inzibati resurslardan istifadə eləmir. Seçkilər ərəfəsində keçirilən bütün sorğuların nəticələrinə görə “Gürcü arzusu” koalisiyasının namizədi, baş nazir Bidzina İvanişilinin də dəstəklədiyi Georgi Marqelaşvili öndədir. O, ən optimist sorğularda haradasa 60 faizə yaxın, təxminən 56-53 faiz, ən pessimist sorğularda 37-39 faiz səs alıb. Müxalifətdə əsas rəqabət Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat”ından David Bakradze ilə Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze arasında gedir.
- Bəzi siyasi şərhçilər müxalifət namizədlərinin də yetərli səs toplayacağını və bu səbəbdən ikinci turun olacağını proqnozlaşdırırlar. Bu barədə Siz necə düşünürsünüz?
- Tam əminliklə deyə bilərəm ki, bizim namizədin heç bir alternativi yoxdur. Birinci turda bizim namizədin qələbəsinin şəksizdir. Bu yaxınlarda baş nazir Bidzina İvanişilinin media mənsubları ilə görüşü keçirildi. Onu da qeyd edim ki, bizim baş nazir mətbuata çox açıq bir insandır və çox tez-tez media mənsubları ilə, jurnalistlərlə açıq görüşlər keçirir. Bu görüşlərdə o, seçkilərdə 60 faiz səs toplamağı özü üçün təhqir hesab etdiyini söyləyib. Bu nə anlamına gəlir? Burada əsas söhbət cəmiyyətin bizə etimad dərəcəsindən gedir. Yəni, qısa bir müddətdə bizim hökumət görə biləcəyi işləri maksimum səviyyədə elədi. Nə mümkündürsə, maksimum səviyyədə həyata keçirdi. Həm daxili siyasət, iqtisadi-sosial yöndə, həm də xarici siyasət yöndə məsələləri qaydasına saldı. Rusiya ilə münasibətlərimizin yaxşılığa doğru inkişaf etməsi və sair. Bütün bunları nəzərə alan baş nazir seçkilərdə bizim namizədin 70-75 faiz səs toplayacağına əminliyini vurğulayıb. Müxalifətin namizədləri David Bakradze ilə Nino Burcanadze arasında gedən mübarizədə isə əsas hədəf kimin ana müxalifət olacağıdır. İkinci tur məsələsi birmənalı olaraq bizim üçün yoxdur.
- Gürcüstandakı Azərbaycan icması bu seçkilərə necə hazırlaşır?
- Mən təxminən on gündən artıqdır ki, Kvemo-Kartlinin azərbaycanlılar yaşayan rayonlarında, xüsusilə Azərbaycan kəndlərində “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqelaşvilinin təbliğat kampaniyasında iştirak edirəm. Xalqın əhval-ruhiyyəsi mənə yaxşı bəllidir. Biz Gürcüstanda azərbaycanlı icmasıyıq və sayımıza görə gürcülərdən sonra ikinciyik. Gürcüstanda hər on nəfərdən biri azəri kökənlidir. Biz bu ölkənin bayrağını öz bayrağımız, ordusunu öz ordumuz bilirik, vergisini veririk, əsgərinə salamımızı göndəririk. Biz Gürcüstanın tamhüquqlu vətəndaşı olmaq iddiasındayıq. Təəssüf ki, Şevarnadze iqtidarı, eləcə də ötən 9 illik Saakaşvili iqtidarı dövründə azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası yönündə daha çox quru vədlər verilib. Biz isə bu yönümdə çox böyük addımlar atmaq istəyirik. Bu səbəbdən biz azərbaycanlılar Gürcüstanın tamhüquqlu vətəndaşları kimi bu seçkilərdə fəal olmalıyıq. Bu bizim arzumuzdur, gözləntimizdir. Mən tez-tez azərbaycanlılar yaşayan rayonlarda oluram. Seçki ərəfəsində də Qardabanidən tutmuş Dımanisiyə, Başkeçidə qədər ən ucqar yaşayış məntəqələrində, təxminən 50-60 kənddə görüşlər keçirmişəm. Hər yerdə problemlər torpaq, iş və sosial problemlərdir. Mənim fikrimcə, bu gün azərbaycanlı icması öz haqlarının, hüquqlarının tam təmin olunmasını istəməkdə haqlıdır. Amma vətəndaşın haqqı, hüququ ilə yanaşı, vəzifəsi də var. Biz azərbaycanlılar öz vətəndaşlıq vəzifəmizi də layiqincə yerinə yetirməliyik. Həm hüquqlarımızın təmin olunması istiqamətində fəaliyyət göstərməli, həm də vətəndaş kimi üzərimizə düşən vəzifələrimizi yerinə yetirmək istiqamətində qətiyyət nümayiş etdirməliyik.
- Bidzina İvanişili komandası tərəfindən bu fəallıq necə qiymətləndirilir?
- Bizim baş nazir Marneulidə görüş zamanı azərbaycanlı əhaliyə xitabən bir neçə mühüm mesajlar verdi. Bildirdi ki, azərbaycanlılar keçən il oktyabr seçkilərində mətnlik göstərdilər. Mən o zaman Marneuli rayonundan majoritar qaydada deputatlığa namizəd idim. Kütləvi surətdə saxtakarlıq, zorakılıq faktları ilə yanaşı, biz haradasa 20 faizə yaxın səs aldıq. Bu, görünməmiş bir rəqəm idi. İndi cənab Bidzina İvanişili də həmin günləri xatırlayaraq vurğulayır ki, keçən il Gürcüstan tarixində ilk dəfə azərbaycanlılar fəal vətəndaş mövqeyi sərgiləyiblər. O, azərbaycanlılardan bu cür fəal mövqeyi yenidən göstərməyi tələb edir, onları iqtidarın namizədinə hakimiyyətin adamı olduğuna görə deyil, gördüyü işlərə görə dəyər verməyə, səs verməyə çağırır. Müşahidələrim əsasında onu da bildirim ki, builki seçkilərdə də azərbaycanlı əhalisinin fəallığı əvvəlki seçkilərlə müqayisədə qat-qat yüksəkdir. Dediyim kimi bu, hər şeydən öncə bizim iqtidarın xidmətidir. Digər tərəfdən, bu, Gürcüstanda çox mütərəqqi, demokratik seçki mühiti ilə bağlıdır. Bu gün Gürcüstanda insanlar öz fikirlərini bildirməyə, öz səslərini ucadan deməyə qorxmurlar. Bir məqam da əlamətdardır ki, azərbaycanlılar artıq siyasi sferada da təmsil olunmağa başlayıblar. Əsas prezidentliyə namizədlərin, hətta 2-3-cü dərəcəli namizədlərin komandalarında da azərbaycanlılar var.
- Seçkilərdən Gürcüstan azərbaycanlılarının gözləntisi nədir?
- Bizim azərbaycanlı əhalisinin siyasi səviyyəsi, siyasi mədəniyyəti bu bir neçə ildə çox yüksəlib. Hər şeydən əvvəl xalq da artıq dərk edir ki, Gürcüstanda qanunverici hakimiyyət, iqtidar “Gürcü arzusu” koalisiyasına məxsusdur. Hakimiyyətin prezident qolu da bu koalisiyaya məxsus olsa baş nazirin xalq qarşısında verdiyi vədlər tamamilə yerinə yetiriləcək. Bizim koalisiya gələcək illərdə Gürcüstanda vəziyyəti kökündən müsbətə doğru dəyişməyə iddialıdır. Biz Gürcüstanda bütün sahələrdə dəyişikliyə nail olacağıq. Xalq buna görə bizi dəstəkləyir. Digər tərəfdən, bizim namizədimiz siyasi intriqalardan uzaq, ləkəli keçmişi olmayan siyasi xadimdir. O, heç vaxt siyasətdə olmayıb. Alimdir, filosofdur, demokratik dəyərlərə çox sayqılı bir insandır. Həmçinin mili azlıqların haqlarına da hörmətlə yanaşır. Bir faktı qeyd etməyi özümə borc bilirəm. Bizim azərbaycanlı məktəbləri Saakaşvili dönəmində qəzalıdır, kadr çatışmır kimi müxtəlif bəhanələrlə bağlandı. Mənim Georgi Marqelaşvili ilə görüşümdə bu məsələni qaldırdım və 9 azərbaycanlı məktəbin bərpası ilə bağlı artıq prinsipial razılıq əldə eləmişik. Əlbəttə, bu yaxşı haldır. Amma ötən 20 ildə yığılmış digər problemlərin də həllini xalq bizdən gözləyir. Problemlər bu günə qədər müxtəlif bəhanələrlə gizlədilibdir. Saakaşvili iqtidarının “piar”dan başqa bir işi olmayıb. O, bizim baş nazirin pulu ilə tikilən obyektlərin qırmızı lentlərini kəsməklə məşğul olub, bunları öz adına çıxıb, təbliğatını aparıb. Amma yerlərdə hara ayağını basırsan işsizlik, kəndlərdə torpaq problemi, sosial problemlər, məktəblər uçuq, qəzalı vəziyyətdə, tibbi xidmət çatışmazlığı və sair. Xalq ümid edir ki, bu problemlərin hamısını biz həll edəcəyik. Bu baxımdan bizim namizədimiz xalq tərəfindən böyük dəstək görür.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər