• çərşənbə axşamı, 19 mart, 12:07
  • Baku Bakı 8°C

Gürcüstanı bürüyən yanğınlarla bağlı maraqlı iddialar

07.09.17 10:30 659
Gürcüstanı bürüyən yanğınlarla bağlı maraqlı iddialar
Gürcüstanda avqustun sonlarından başlayan yanğınlar səngimir. Ötən gün isə yanğın Tbilisiyə də gəlib çıxıb – pampaslar (paytaxtın tarixi məhəlləsində yerləşən yer belə adlanır) yanmağa başlayıb. Yalnız vertolyotların köməyi ilə yanğını söndürmək mümkün olub. Acarıstanda, Kaxetiyada, yüksək dağ əraziləri Tuşetidə isə meşələr yanmaqdadır. Həmin yerlərə relyef problemli olduğundan texnika qaldırmaq mümkün deyil. Faktiki olaraq yanğınsöndürənlər yalın əllərlə odun öhdəsindən gəlməyə çalışırlar. Ölkənin müxtəlif bölgələrini əhatə edən təbii fəlakətlə mübarizəyə könüllülərdən başqa müxtəlif qurumların təxminən 2 min əməkdaşı cəlb edilib. Ən kritik anlarda məsələyə ordu birləşmələri və polis cəlb edilir. Yanğınların söndürülməsi üçün gürcü pravoslav kilsəsi də öz köməyini əsirgəmir – dualar vasitəsilə. Gürcülər zarafatla qeyd edilər ki, onların duaları küləyi gücləndirib. Bu da vəziyyəti daha da ağırlaşdırıb.
Yeri gəlmişkən Türkiyə, Belarusla yanaşı, Azərbaycanda da xüsusi yanğınsöndürmə xidməti Borjomi dərəsində yanğının söndürülməsində köməklik göstərib. Azərbaycan və Belarus yanğınsöndürənləri artıq geri dönüblər. Türkiyə tərəfindən isə xahiş edilib ki, bir müddət qalsınlar. Səbəb gürcü tərəfinin resurslarının kifayət qədər olmamasındadır. Yanğın Borjomi dərəsindəki Dab kəndi yaxınlığında daha güclüdür. Bütün bu günlər ərzində yüzlərlə yanğınsöndürən yanğınla mübarizə aparır. Gürcüstan baş naziri Georgi Kvirikaşvilinin sözlərinə görə, yanğının söndürülməsi üçün 6 helikopter və 1500 canlı qüvvə cəlb edilib. Onun göstərişi ilə Borjomi bələdiyyəsində yanğının aradan qaldırılması istiqamətində fövqəladə qərargah yaradılıb. Təbii ehtiyatlar və ətraf mühitin qorunması nazirinin verdiyi məlumata görə, Borjomi dərəsində yanğın avqustun 20-də başlayıb. Bu, Borjomi dərəsində baş verən ilk yanğın deyil. 2008-ci ildə Rusiya-Gürcüstan arasında baş verən silahlı münaqişə zamanı da Borjomi dərəsində yanğın baş vermişdi. Əvvəl yanğının 5 hektarlıq sahəni bürüdüyü bildirilirdi. Lakin ikinci gün vəziyyət daha da gərginləşib və yanğın daha böyük əraziyə yayılmağa başlayıb. Yanğın nəticəsində nə qədər sahəyə ziyan dəyməsi barədə dəqiq məlumatlar yoxdur. Lakin ilkin məlumatlara görə, 10 hektarlıq sahənin ziyan çəkdiyi ehtimal olunur. Hava şəraitinə görə davamlı olaraq yanğının və tüstünün güclənməsi yerli əhalidə narahatlıq yaradıb. Lakin ölkə rəhbərliyinin sözlərinə görə, hazırkı mərhələdə yerli sakinlərin həyatı təhlükədə deyil və onların təxliyə edilməsinə də ehtiyac yoxdur. Baş nazirin sözlərinə görə, digər ölkələr də, o cümlədən Ukrayna, ABŞ, İsrail, İran və Avropa ölkələri də öz yardımını təklif edib.
Gürcüstana kömək əlini uzadanlar arasında Rusiya da var. Bu isə birmənalı qarşılanmayıb. Gürcüstan baş nazirinin sözlərinə görə, Gürcüstan və Rusiya arasındakı gərgin münasibətlər şəraitində bu təklif müsbət qiymətləndirilir. Bir qədər əvvəl ölkə rəhbərliyi buna ehtiyac olmadığı üçün Rusiya tərəfinin təklifinin qəbul edilmədiyini bildirmişdi.
Yanğının aradan qaldırılması istiqamətində yaradılmış fövqəladə qərargaha daxili işlər naziri Georgi Mqebrişvili başçılıq edir. Rəhbərliyin məlumatına görə, müxtəlif hökumət orqanlarının daxil olduğu qərargah 24 saat fəaliyyət göstərir. Baş nazir və qərargah üzvləri fəlakət zonasında, Borjomi dərəsində qalırlar. Bununla yanaşı, müxalifət nümayəndələri rəhbərliyin hadisəyə gec reaksiya verməsindən və yanğınla effektsiz mübarizə aparmalarından danışır.
Odla total mübarizə həm də seçki dövrünə təsadüf edib. Oktyabrda ölkədə yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək. Müxalif "Vahid Mili Hərəkat” hakimiyyəti qeyri-effektiv fəaliyyət göstərməkdə, təbii katalikizmlərə hazır olmamaqda, vəsaitləri boş-boşuna sərf etməkdə günahlandırır. Yanğınların baş vermə arealları onun Rusiya tərəfindən törədilə bilmə ehtimallarını gücləndirib. Müxalifətyönlü "Vahid Milli Hərəkat”dan olan deputatların fikrincə, yanğın söndürüldükdən sonra tədqiqat aparılmalı, yanğının baş vermə səbəbləri ilə yanaşı, ölkə rəhbərliyinin hadisəyə reaksiyası da araşdırılmalıdır. Jurnalistlərin yanğının süni şəkildə başlamasının mümkünlüyü barədə suallarını cavablandıran daxili işlər naziri Georgi Mqebrişvili bildirib ki, istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. "Mən bir polis kimi heç bir şeyi istisna etmirəm və biz bütün versiyalar üzərində işləyirik”, - deyə Mqebrişvili qeyd edib. "Vahid Milli Hərəkat”dan ayrılan "Avropa Gürcüstanı” hədəf kimi ölkənin qeyri-formal lideri Bidzina İvanişvilini seçib. Onların qənaətincə, İvanişvilinin 10 ədəddən ibarət vertolyot parkı fəaliyyətsizdir. Bu qədər texnika olduğu halda, texniki kömək üçün qonşu dövlətlərə müraciət edilir. İvanişvilinin arxasında durduğu hakim "Gürcü arzusu” "avropalılara” boş-boş iddialar irəli sürməməyi, əvəzində oliqarxın nə qədər vertolyotları olduğunu, ən əsası, onların yanğını söndürməyə yararlı olub-olmadığını araşdırmağa çağırıb. Onlar M.Saakaşvilinin lideri olduğu partiyaya xatırladıblar ki, əvvəlki hakimiyyət dövründə də yanğınlar baş verirdi və "Gürcü arzusu”na "Vahid Milli Hərəkat”dan hansısa bir texnika miras qalmayıb. O ki qaldı təxribatlara – Tbilisi merliyinə namizəd, baş nazirin müavini Kaxa Kaladze bildirib ki, bu miqyasda və həcmdə yanğın baş verirsə, təxribat versiyası dərhal ortaya çıxır. Lakin o, əlavə edib ki, bunu təsdiq edən hər hansı bir fakt mövcud deyil. Yandırılma faktını daxili işlər naziri Georgi Mqebriaşvili də istisna etməyib. Onun sözlərinə görə, vəziyyət sabitləşdikdən sonra yanğının baş vermə səbəbləri sırasında bu versiya da araşdırılacaq. Saakaşvili tərəfdarlarının Rusiya ünvanına səsləndirdikləri ittihamlar ekspert dairələrində əsas müzakirə mövzusudur. Məsələn, "Arsenali” hərbi jurnalının baş redaktoru İrakli Aladaşvili yazır ki, meşələri dronlar vasitəsilə yandıra bilərlər: "Gecələr pilotsuz qurğuları aşkar etmək çətindir, miniatür kvadrokopterləri isə ümumiyyətlə görmək mümkün deyil”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər