• cümə, 19 Aprel, 20:05
  • Baku Bakı 24°C

Gürcüstanı bir-birinə vuran film

12.11.19 17:36 1633
Gürcüstanı bir-birinə vuran film
Eyni cinsdən olanların nikahından bəhs edən filmə Tbilisi və digər şəhərlərdə etiraza səbəb olub

Qonşu Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca qalmaqallar artır. Budəfəki qalmaqal siyasi deyil. Gərginlik "Sonra biz rəqs etdik” adlanan filmin nümayişi və onun doğurduğu emosiyalarla bağlı yaranıb. İsveçdə yaşayan rejissor Levan Akinin çəkdiyi və iki eynicinsli rəqqasın sevgisindən bəhs edən film birmənalı qarşılanmayıb. Tbilisidə və Batumidə filmin dərhal nümayişdən çıxarılması tələbilə etirazları başlayıb. Belə bir tələblə Gürcü Pravoslav Kilsəsi də çıxış edib. Radikallar baş verən qalmaqalda "Gürcü arzusu”nun lideri Bidzina İvanişvilini ittiham ediblər. Qeyd edilir ki, qalmaqallı filin nümayişi Tbilisi və Batuminin bir neçə kinoteatrlarında keçirilib. Radikalların, millətçi qrupların keçirdikləri etiraz nümayişləri polis qüvvələrinin ciddi təhlükəsizlik tədbirləri fonunda reallaçıb. Etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı və bir neçə qadın zərər çəkib. İnsidentlər nəticəsində Tbilisidə 24 nəfər saxlanılıb, Batumidə isə 3 nəfər polisə tabe olmamaq və xuliqanlığa görə həbs edilib. Gərginlik və mürəkkəb emosionallığa, pravoslav kilsəsinin etirazlarına və cəmiyyətin bir hissəsinin tələblərinə baxmayaraq filmin nümayişini yaxın iki gündə də davam etdirmək qərara alınıb. Radikallar yenidən tərəfdarlarını aksiyalara başlamağa çağırıblar. Xəbərdar edib ki, bu dəfə filmin nümayişinə dəqiq yol verməyəcəklər.
Beləliklə, bu bir ciddi qarşıdurma onsuz da gərgin olan siyasi durumu bir qədər də çətinləşdirib. Nəticədə mühafizəkarlıq tərəfdarı və ənənəvi gürcü ənənələrinin qoruyucu olan hakimiyyət çətin duruma düşüb. Radikallar və mühafizəkarlar hakimiyyəti Qərb təsirinin altına düşməkdə ittiham edir. Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat”ına yaxınlığı ilə seçilən, bu yaxınlarda din xadimi rütbəsindən məhrum edilən keçmiş mitropolit Petre Çkondinski (Şaava) qalmaqallı bəyanatları ilə məsələni daha da qızışdırıb. O deyib ki, filmin nümayişinə qadağanın qoyulması, mənəvi dəyərlərin qorunmasından kim də danışsa, Gürcü Pravoslav Kilsəsinin buna haqqı yoxdur: "Bu qurumda din xadimləri elə kilsədəcə zorlanır”. Onun hədəfinə tuş gələnlər arasında katolikos İkinci İlya da olub. Petre Şaava "Mtavari Arxi” (Əsas kanal) kanalının efirində bəyan edib ki, katolikos hazırda həbsdə olan din xadimi Georgi Mamakadzedən əxlaqsız filmlər axtarmağı xahiş edib. Keçmiş mitropolitin sözlərinə görə, prokurorluq Mamaladzenin evində axtarış zamanı onun telefonunda bu tip filmlərdən hissələri aşkarlayıb. Lakin o, bunlarla bağlı suallara cavab vermək istəməyib. "Mən isə deyəcəyəm. Mamaladze bildirib ki, katolikos dəfələrlə ona bu filmləri göstərməyi xahiş edib. Mən bu ittihamlara görə, cavab verməyə hazıram”, - deyə Petre Çkondinski bildirib. Eyni zamanda, o, digər din xadimləri barəsində də ittihamlar səsləndirib. Hakimiyyət isə hər iki tərəfə cavab verməli olub. Müxalifət başda "Vahid Milli Hərəkat” olmaqla "Gürcü arzusu”nu fəaliyyətsizlikdə və vəziyyəti nəzarət altına ala bilməməkdə ittiham edib. Radikal və millətçi qanadın başında duran biznesmen Levan Vasadze tərəfdarları qarşısında çıxışı zamanı Vasadze İvanişvilinin Gürcüstanı idarə etmək hüququnu itirdiyini bildirib: "Sizin dövrünüzdə ölkədə eyni cinsdən ailə quranlarla bağlı hallar artıb. Siz bu ölkəni idarə edə bilməzsiniz. Tələb növbədənkənar parlament seçkilərinin keçirilməsi olmalıdır”.
Yeri gəlmişkən, belə bir gərgin siyasi durumda Gürcüstan parlamentində sıfır baryerli proporsional qaydada seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin müzakirəsinə başlanıb. Cari sessiya həftəsinin gündəliyində dəyişikliklərlə bağlı iki layihə var. Bunlardan biri hakim "Gürcü arzusu” partiyası, digəri isə müxalifət partiyaları tərəfindən hazırlanıb. Müzakirələrin müxalifətin hazırladığı və 2024-cü ildən 3% baryerin altında seçkilərin keçirilməsini, seçki bloklarının birləşməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi ilə başlayacağı bildirilib.Qeyd edək ki, 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkilərinin keçirilməsi Tbilisidə bu ilin 20-21 iyun tarixlərində başlayan və bir aydan çox davam edən mitinqlərin əsas tələblərindən olub. Məsələ ilə əlaqədar konstitusiya dəyişiklikləri cari ilin sentyabr ayında ictimai müzakirəyə çıxarılıb. Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin rəhbərlik etdiyiTəşkilat Komitəsi 13 sentyabrdan30 sentyabradəkölkə daxilində ümumilikdə 11 açıq iclas keçirib. Dəyişikliklərin təşəbbüskarı 93 parlament üzvüdür. Konstitusiyaya ediləcək düzəliş üçün 150 deputatdan 113-nün razılığı tələb olunur. Parlamentdə müzakirələr zamanı millət vəkilləri arasında qarşıdurma da yaranıb. Hakim "Gürcü arzusu” partiyasından olan deputat Koba Lursmanaşvili ilə müstəqil millət vəkili Levan Qoqiçaişvili arasında yaranan fikir ayrılığı daha sonra qarşıdurmaya çevrilib. Qarşıdurmadan sonra sessiyaya fasilə verilib.

Kamran
banner

Oxşar Xəbərlər