AZE | RUS | ENG |

Gürcüstanı ayağa qaldıran dəhşət kadrlar VİDEO

Gürcüstanı ayağa qaldıran dəhşət kadrlar VİDEO
Məhbuslara qarşı zorakılıq faktlarının əks olunduğu videonun yayılması Gürcüstanda aləmi qarışdırdı


Gürcüstanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində aləm bir-birinə dəyib. Prezident Mixail Saakaşvili iqtidarının reytinqinə təsir edəcək çox ciddi bir qalmaqal baş verib. Tbilisidəki 8 saylı Qldani həbsxanasında məhbuslara verilən işgəncə faktlarının gizli çəkilişi və həmin kadrların Gürcüstan müxalifətinin lideri Bidzina İvanişviliyə məxsus “Maestro” və “9-cu kanal” telekanallarında göstərilməsi aləmi bir-birinə vurub.
Kadrlarda məhkumların döyülməsi və təcavüzə məruz qalmaları əks etdirilib. Gecə saatlarında müxalifətin telekanalında yayımlanan görüntü bir zabitin məhbusa qarşı süpürgə ilə cinsi zorakılıq etdiyini göstərir. Gürcüstanda məhbusların gözətçilər tərəfindən zorlandığını göstərən video görüntülər hökumətə qarşı nümayişlərlə nəticələnib. Böyük şəhərlərdə insanlar küçələrə çıxaraq günahkarların cəzalandırılmasını və dustaqlarla qeyri-insani davranışlara son qoyulmasını tələb ediblər. Tbilisidə yürüş keçirənlər nazirin istefasını tələb edib. Bundan sonra həbsxanalara məsul olan nazir Xatuna Kalmaxelidze istefa verib. “8 nömrəli həbsxanada baş verənlər dəhşətlidir və mən baş nazirə istefa ərizəmi vermişəm” - deyə o bildirib. Baş verənlərə görə çox təəssüfləndiyini bildirən nazir “Bu məsələnin insani və əlbəttə, siyasi məsuliyyətini öz üzərimə götürmək istəyirəm” - deyib.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə bu hadisədən sarsıldığını və qəzəbləndiyini, həmçinin zorakılığa görə məsuliyyət daşıyanları cəzalandıracağını söyləyib. Saakaşvilinin bəyanatında bildirilir ki, “Qldani həbsxanasında baş verənlər insan ləyaqətini alçaldan və hüquqlarını pozan bir aktdır. Bu cinayətə yardım edənləri və qoşulanları ağır cəza gözləyir”. Prezident deyib ki, işgəncə verənlərin çoxu həbs olunub. “Bu faktlara görə məsuliyyət daşıyanlar kənarda qalmayacaq. Söz verirəm, kim ki bu dəhşəti törədib, uzun illər həbsxanada qalacaq” - deyə Gürcüstan prezidenti bildirib. Saakaşvili baş verənləri insanlıq qüruruna və insan haqlarına qarşı qorxunc cinayət kimi dəyərləndirib.
Son məlumatlara görə, Tbilisi yaxınlığındakı Qldani həbsxanasında baş verən işgəncə faktları ilə bağlı cinayət işi qaldırılıb və həbslər həyata keçirilib. Həbs edilənlər arasında həbsxananın rəisi David Çkadua da var. Gürcüstan Baş Prokurorluğu cəzaların icrası departamentinin 10 əməkdaşı, o cümlədən departament rəhbərinin müavininin həbsinə də sanksiya verib. O da məlum olub ki, kameralarda dustaqlara verilən işgəncələrin lentə alınmasını həmin həbsxanada cəza çəkən keçmiş polis generalı Tamaz Tamazaşvili və milyonçu iş adamı Tamaz Elizbaraşvili sifariş ediblər. “Novosti-Qruziya” agentliyinin yaydığı məlumata görə, baş prokuror Murtaz Zodelava Qldani həbsxanasında məhkumlara qarşı qeyri-insani rəftar və zorakılıq faktları ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlanılanların sayının arta biləcəyini bildirib: “İstintaqın məlumatlarına əsasən, Qldani həbsxanasında qeyri-insani rəftara, bəzi hallarda isə işgəncələrə əl atan bir neçə qrup fəaliyyət göstərib. Qruplardan biri öz hərəkətlərini, eləcə də digər şəxslərin əməllərini videoya çəkərək üçüncü şəxslərə ötürüb. Videomaterialların üçüncü şəxslərə ötürülməsini Bidzina İvanişvilinin müxalifətçi “Gürcü arzusu” koalisiyasının tərəfdarı, bu həbsxanada cəza çəkən Tamaz Tamazaşvili və Tamaz Elizbaraşvili təşkil edib”. Daxili İşlər Nazirliyinin məlumatına əsasən T.Tamazaşvili məhkumlara işgəncə verilməsi və bu əməllərin videoya çəkilib sifarişçiyə ötürülməsi müqabilində həbsxana rəhbərliyinə rüşvət vəd edib. B.İvanişvili isə ittihamları rədd edərək bunu parlament seçkilərinə 2 həftə qalmış törədilən provokasiya kimi qiymətləndirib.

Azər NURİYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219