• cümə, 19 Aprel, 13:55
  • Baku Bakı 25°C

Gürcüstandakı soydaşlarımız arasında gürcü dilini öyrənənlər çoxalıb

01.08.13 09:55 1704
Gürcüstandakı soydaşlarımız arasında gürcü dilini öyrənənlər çoxalıb
Gürcüstanda yaşayan soydaşlarımızın problemləri, üzləşdikləri çətinliklər barədə çox yazılıb, danışılıb. Dəfələrlə mətbuatda soydaşlarımız yaşayan kəndlərin adlarının dəyişdirilməsi, onların torpaq sahəsi ilə bağlı narahatçılıqlar ifadə edilib.
Bəlli olduğu kimi, Gürcüstanda yaşayan soydaşlarımızın məktəb, torpaq və dil problemi var. Gürcüstanda səfərdə olarkən Dmanisi bələdiyyəsinin sədr müavini Şamil Əliyevlə bu və digər məsələlərə aydınlıq gətirmək üçün söhbətləşdik. İxtisasca həkim olan bələdiyyə sədrinin müavini dörd ildir ki, bu vəzifədə çalışır. Onu da qeyd edim ki, Şamil müəllimlə söhbətdən gəldiyim nəticə belə oldu ki, problemlərin çoxunun kökü elə bizim soydaşlarımıza gedib çıxır. Onun fikirlərində həm də gələcəklə bağlı bir optimistlik hiss etdim.
- Şahin müəllim bu gün Gürcüstan azərbaycanlılarının problemləri nədən ibarətdir?
- Əvvəla onu deyim ki, problemləri tək Gürcüstan azərbaycanlıları deyil, elə gürcülərin özləri də yaşayırlar. Bu problemlərdən ən birincisi torpaq məsələsidir. Bu problem eks-prezident Zviad Qamsaxurdiyanın dövründən start götürüb. 1990-cı illərdə soydaşlarımız ağır vəziyyətdə Gürcüstanı tərk edib getməyə çalışırdılar. SSRİ dağıldıqdan sonra buradan qaçmağa meyilli olan insan çox idi. Ancaq faktiki olaraq burada heç bir güc, zor tətbiq etmək məsələsi yox idi. Xalqın özü qorxudan qaçıb getmək istəyirdi. O zamandan da bəri torpaq almaq istəyən azaldı. Beləliklə də, torpaq almaq istəyən heç bir kəs qalmadı. Yerli sovxoz və kolxoz rəhbərləri, rayon rəhbərliyi onların nə qədər lazımdır torpaq təklif edirdilər. Lakin bizim xalqın nümayəndələrindən torpaq almağa meyilli insanlar tapılmadı. Özü də bizim azərbaycanlılarla yanaşı, gürcülərdə də torpaqla bağlı belə bir mövqe formalaşmışdı. Lakin sonradan gürcülər torpaq məsələsinə ciddi yanaşmağa başladılar. Nəticədə hektarlarla torpaq aldılar. Hal-hazırda isə İvanişvilinin dediyinə görə, torpaq məsələsində müəyyən müsbət irəliləyişlər olacaq. Ümid edirik ki, bununla bağlı məsələlər öz müsbət həllini tapacaq.
- Gürcüstanda hakimiyyət dəyişikliyi azərbaycanlıların həyatında, onların problemlərinin həlli istiqamətində hansı dəyişikliklərə səbəb olub?
- Hazırda hər hansı bir addım atılmasa da, ümidvarıq ki, prezident seçkilərindən sonra müəyyən irəliləyişlərin şahidi olacağıq. İndi hər ailənin həyətyanı sahəsi də daxil olmaqla təxminən 60 sota yaxın torpaq sahəsi var. Lakin bəzi kəndlərdə biçin üçün, mal-qaranı saxlamaq, texnika sahəsində problemlər var. Çox yerdə otlaq yerlərini başqaları alıb. Həmin yerlər gürcülərdədir. 300-500 hektar torpaq sahələrinə malik gürcülər indi onları azərbaycanlılara satırlar. Onu da deyim ki, gürcülərlə azərbaycanlıların dili və mədəniyyətləri fərqli olsa da, ruhlarımızın dili eynidir. Gürcüstanın ərazi bütövlüyünü qorumaq borçalıların və hər bir Azərbaycan vətəndaşının borcudur. İyirmi il ərzində borçalılar etnik separatçılığa imkan vermədi. Gürcünü arxadan vurmadı. Çətin günlərdə Gürcüstanın dayağı oldu. Bu gün biz dünyaya bu dağlardan mesaj veririk. Azərbaycan və Gürcüstan strateji müttəfiqlərdir. Gürcü cəmiyyətinə inteqrasiya edib onun dilini, mədəniyyətini öyrənmək lazımdır. İnteqrasiyanın kökündə isə təbii ki, elm dayanır.
- Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, yerli azərbaycanlılar gürcü dilini öyrənsin. Bunsan sonra onların vəzifə almaları və dövlət işlərində işləmələri üçün geniş imkanlar açılacaq.
- Düzdür, bu sahədə problemlər var idi. Ancaq bir faktı deyim. Tək bu il 1300-1400-ə yaxın azərbaycanlı Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunub. Gürcü dilini bilənlər birbaşa 1-ci kursa qəbul olunurlar. Yerli dili bilməyənlər isə bir illik dil kursu keçirlər. Sonra isə onlar müxtəlif ixtisaslar üzrə bölünürlər. Yəni artıq soydaşlarımız arasında gürcü dilinin öyrənilməsi geniş vüsət almağa başlayıb.
- Bəs Gürcüstan azərbaycanlılarının Azərbaycan hakimiyyətindən gözləntiləri nədən ibarətdir?
- Azərbaycan hökumətindən əsas istəyimiz qeydiyyat məsələsinin həlli ilə bağlıdır. Son vaxtlar bununla bağlı müəyyən problemlər ortaya çıxıb. İkili vətəndaşlıq məsələsində də problemlər mövcuddur. Gürcüstandan Azərbaycana gedənlərə vətəndaşlıq verilmir. Halbuki, ikili vətəndaşlıq bir sıra ölkələrdə, məsələn Rusiya da var. Azərbaycan hakimiyyətinin belə bir addım atmamasının səbəbini bilmirik. Məsələn, mənim iki oğlum Rusiyada yaşayır, onların hər ikisinin ikili vətəndaşlığı var. Ümidvarıq ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq.
- Gürcüstan azərbaycanlıları qarşıdan gələn prezident seçkilərində öz seçimlərini kimin üzərində edəcəklər? Azərbaycanlılardan prezidentliyə namizədliyini irəli sürən varmı?
- Hələ ki, bu barədə nəsə deyə bilmərəm. İnşallah seçkilərə hələ ki, vaxt var. O vaxta kimi də seçimimizi müəyyən edəcəyik. O ki, qaldı seçkilərdə azərbaycanlı namizədin irəli sürülməsinə - əvvəlki seçkilərdə də azərbaycanlılar arasında prezidentliyə namizədlər olurdu. Lakin deyim ki, onların qalib gəlmək şansları yoxdur.
- Söhbət etdiyim bəzi soydaşlarımız arasında özlərini sahibsiz hesab edənlərə da rast gəldim. Bələdiyyə nümayəndəsi kimi belə problem olduğunu təsdiq edə bilərsinizmi?
- Belə bir məsələ yoxdur. Əgər olsaydı mən Dmanisi rayonunun bələdiyyə sədrinin müavini işləməzdim. Bizim heç ermənilərlə də problemlərimiz ortaya çıxmır. Burada 10-12 erməni ailəsi yaşayır. Biz gürcülərlə mehriban şəraitdə yaşayırıq. Ötən əsrin 90-cı illərində Gürcüstanda yaşayan ermənilər arasında güclü təbliğat aparılmışdı və onlar arasında separatizm halları güclənmişdi. İndi elə bir problem yoxdur. Hara istəyirsən gedə bilərsən. Heç bir kəs sənə problem yarada bilməz. Yol müfəttişləri bizdə yoxdur. “Trassaviklər” deyilən polislər fəaliyyət göstərir. Maşınla bağlı yolda problemin ortaya çıxarsa, maşınını sürüb düz qapına qoyurlar. Bir məsələdə sərtdirlər. Nəbadə sükan arxasında içkili olasan. Belələrinin sürücülük hüququ bir ilədək məhdudlaşdırılır. Mənim evdə 200 litrdən çox şərabım var. Lakin ondan heç dilimə də vurmamışam. İçib sükan arxasında oturmaq ən böyük cinayətdir.
- Konkret olaraq Dmanisidə yaşayan soydaşlarımızın problemlərinin həli istiqamətində hansı işlər görülür?
- Sizin də şahidi olduğunuz kimi, Elat bayramının keçirildiyi Armudlu yaylağına gedən yolda təmir işləri aparılması nəzərdə tutulub. Gələn il bu zaman Armudlu gölünə qədər uzanan yolu asfaltlaşdıracaq. Eləcə də sosial problemlərin həlli istiqamətində bələdiyyə olaraq müəyyən işlər görməyi planlaşdırırıq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər