Gürcüstanda yaşayan 500 min soydaşımıza sahib çıxaq

Gürcüstanda yaşayan 500 min soydaşımıza sahib çıxaq

Cəmiyyət
01 Dekabr 2012, 11:25 1786
Azərbaycan qanunvericiliyi xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində bir ay qalmasına imkan verir. Lakin buna baxmayaraq, indiyədək Gürcüstanda yaşayan azərbaycanlılara güzəştlər edilib. Onların ölkə ərazisində 90 gün qalmasına icazə verilib. Amma son günlər bu güzəşt ləğv edilib və qanunun müddəalarının olduğu kimi tətbiq edilməsinə başlanılıb.

Yeni qaydanın tətbiqi isə Azərbaycan-Gürcüstan sərhədində ciddi problemlərin yaranması ilə nəticələnib. Belə ki, Azərbaycanda müvəqqəti yaşamaq müddətinin üç aydan bir aya endirilməsindən xəbəri olmayan Gürcüstan vətəndaşları sərhəddə saxlanılaraq cərimə olunub. Soydaşlarımız cəriməni ödəmək üçün Bakıya qaytarılıblar. Bu vəziyyət Gürcüstan vətəndaşı olan həmyerlilərimizin böyük narazılığına səbəb olub. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlılar miqrasiya məsələlərinə həsr olunmuş toplantı keçirərək, Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə zaman-zaman Azərbaycanın ali hakimiyyət orqanlarından diqqət və qayğı gördüklərini qeyd edən soydaşlarımız son üç ayda Sınıq Körpü sərhəd keçid məntəqəsində baş verənlərdən ciddi narahatlıq keçirdiklərini vurğulayıblar. Onlar Azərbaycanın Miqrasiya xidməti tərəfindən pasport qeydiyyatındakı keçid müddətinin əsas gətirilərək 29 gündən artıq Azərbaycanda qalan gürcüstanlı soydaşlarımıza geri qayıdan zaman 401 manat cərimə tətbiq edilməsindən hiddətləndiklərini bildiriblər.

Qeyd olunub ki, hazırda Azərbaycanda mülki, toxunulmaz və ya daşınmaz əmlakı olanlar, övladlarını Bakıdakı ali məktəblərdə oxudanlar, həmçinin iki ölkənin vətəndaşları kimi qarşılıqlı şəkildə ailə quranlar da bu problemlə daim üzləşirlər: “Oğlu və ya qızı Azərbaycanda yaşayan valideynlər artıq azərbaycanlı kimi vətəndə müddətlə qalmalı olurlar. Xəstə olan da, təhsil alan da, bir qismət çörək dalınca gedən də 29 günə ölkədən çıxmalıdır. Ümidlə ailəsinə dönən isə qazandığının böyük bir qismini cərimə şəklində ödəməklə peşman vəziyyətdə ailəsinə qayıdır. Bu qədər sevgi və sayğı ilə gəldiyimiz Ana vətənimizdən çıxan zaman cərimələnməyimizi heç bir əks arqumentlə qəbul etmirik”.

Prezident İlham Əliyevə Dövlət Miqrasiya Xidmətindən şikayət xarakterli müraciətə Gürcüstan parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev, Azər Suleymanov, Əli Məmmədov, həmçinin 10-dan artıq QHT rəhbəri, ziyalılar və tələbə gənclər də imza atıblar. Bu müraciətə dəstək olaraq “Borçalı” İctimai Cəmiyyəti də bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, Gürcüstanda infrastrukturların azlığı və digər obyektiv səbəblər Borçalı türklərinin bir qismini vətəndaşı olduqları ölkənin xaricində çörəkpulu qazanmağa vadar edib:

“Bu əhalinin böyük əksəriyyəti həmin məqsədlə özlərinin ikinci vətəni hesab etdikləri Azərbaycana üz tutublar. Lakin Azərbaycan qanunvericiliyi onlarla bağlı xüsusi imtiyazlar müəyyən etmədiyindən, onlar hər dəfə problemlərlə üzləşməli olurlar. Bu gün sərhəd-keçid məntəqələrində baş verənlər böyük narazılığa səbəb olur. Söz yox ki, bütün əməliyyatlar qanunvericiliyə uyğun olaraq aparılır, lakin Azərbaycan qanunvericiliyndə xüsusi imtiyazlara malik olmamaq səbəbilə yaranan bu əngəllər Borçalı türklərinin Rusiya, Ukrayna, Belarus kimi daha uzaq ölkələrə getməsilə nəticələnir. Adıçəkilən ölkələrdə yaşayan gənclərimizin isə çoxunun əcnəbi qızlarla evlənərək həmin ölkənin vətəndaşlığını qəbul etməsinin dəfələrlə şahidi olmuşuq. Bir sözlə, onları birdəfəlik itirmək məcburiyyətində qalmışıq. Bu cür xoşagəlməz hallar bizim milli və dövlət maraqlarımıza qətiyyən uyğun deyil. Bütün bunları göz önünə gətirməklə hesab edirik ki, Borçalı bölgəsində iş yerlərinin olmadığını nəzərə alaraq iş dalınca Azərbaycana gəlmiş soydaşlarımıza qarşı belə münasibət dəyişməli və onların daha güzəştli şərtlərlə Azərbaycanda müvəqqəti əmək fəaliyyəti ilə məşğul olmalarına şərait yaradılmalıdır”.

“Borçalı” İctimai Cəmiyyəti qeyd edilən problemin həlli yollarından biri kimi “Soydaşlar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunmasını olduqca vacib və aktual sayıb. Bir sıra QHT rəhbərlərinin Bakıda keçirdiyi mətbuat konfransında da miqrasiya məsələləri ilə bağlı problemlər gündəmə gətirilib. Yaranan vəziyyət Gürcüstan azərbaycanlılarına qarşı haqsızlıq kimi qiymətləndirilib və Azərbaycan Prezidentinə müraciət ünvanlanıb. Bildirilib ki, Borçalıdan olan vətəndaşlarımızın əvvəl 1 il 6 ay, sonradan isə 3 ay Bakıda qalmalarına icazə verilirdi. Ancaq bu yaxınlarda bu icazənin müddətinin 1 aya enməsi Gürcüstan azərbaycanlılarının narahatlığına səbəb olub: “Bir aydan artıq müddətdə sərhədi keçib qayıtmayan əhali 401 manat cərimə olunur. Axı onlar bu qədər pul qazana bilmirlər ki, ayda bir dəfə sərhəd keçsinlər. Bir ailənin 3-4 üzvü Bakıda işləyir. Onların qazancı nə qədər olacaq ki, ayda bir dəfə sərhədi keçsin, yaxud da cəriməni ödəsin. Hər bir adamın Gürcüstana gedib-gəlməyi təxminən 100 manata başa gəlir. Yəni hər ailə 4 nəfərin gedib gəlməyi üçün ayda 400 manat pul xərcləməlidir”.
Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva soydaşlarımızın üzləşdikləri problemlərin tezliklə aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə görüşdüyünü dilə gətirib. O, yaranan problemlərin ən qısa zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib: “Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi Gürcüstan azərbaycanlılarının problemini bir daha Dövlət Miqrasiya Xidməti rəsmiləri ilə geniş müzakirə etdim. Gürcüstanda yaşayan soydaşlarımız istəyirlər ki, qanun tətbiq olunan zaman onlara müəyyən güzəştlər olunsun, onların Azərbaycanda qalma müddətinə müəyyən qədər güzəşt, yumşalma tətbiq edilsin. Mən də xahiş etmişəm ki, Gürcüstanda yaşayan soydaşlarımıza nə qədər mümkündür kömək edək. Ümid edirəm ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaq. Çünki Azərbaycan dövləti, Prezident İlham Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır”.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun digər bir üzvü, millət vəkili Fərəc Quliyev isə deyib ki, Gürcüstanda yaşayan 500 min Azərbaycan türkünə dövlətimiz sahib çıxmalıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi belə addım atmaqla, Rusiya və bir sıra ölkəmizi sevməyən digər dövlətlərin soydaşlarımızdan bizə qarşı istifadə etməsinin qarşısını alacaq. Millət vəkili qanun icra olunarkən, Gürcüstan azərbaycanlılarına qarşı nisbətən yumşaq davranış nümayiş etdirilməsinə tərəfdar olduğunu söyləyib.

Rufik İSMAYILOV