• çərşənbə axşamı, 16 aprel, 18:50
  • Baku Bakı 18°C

Gürcüstanda təhlükəli xarakter alan erməni separatizmi

17.01.18 19:20 997
Gürcüstanda təhlükəli xarakter alan erməni separatizmi
Cənubi Qafqazda qlobal əhəmiyyətli əlaqələrin inkişafı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında inteqrasiya erməni separatizminin aktivləşməsinə səbəb olub. Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən izolə vəziyyətinə salınan erməni millətçiləri beynəlxalq layihələrin reallaşmasına qarşı çıxırlar. Özü də aqressiya tək Azərbaycana qarşı deyil, həm də Xəzər dənizindən Egey dənizinə qədər əməkdaşlıq məkanının yaradılması prosesinin fəal iştirakçısı olan Gürcüstana qarşı yönəlib. Özünütəcrid siyasətinə son qoymaq üçün erməni millətçiləri zaman-zaman Gürcüstan ərazisindən "dəhliz” açılması ideyalarını ortaya atırlar. Onların məqsədi tək iqtisadi mənfəət deyil, həm də Azərbaycan-Gürcüstan münasibətlərinə maksimal dərəcədə ziyan vurmaqdır. Erməni millətçiliyi "Azərbaycan-gürcü münasibətləri nə qədər pis olsa, bir o qədər Ermənistan üçün yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Bu fonda Gürcüstanda ASALA erməni terror təşkilatının nümayəndələrinin yenidən bölgəyə qayıtdığı barədə xəbərlər yayılıb. Bir zamanlar buraları birdəfəlik tərk etdikləri bildirilən bu qruplaşma sən demə, sadəcə "yatmış rejim” vəziyyətinə gətirilibmiş. Ermənilərin kompakt yaşadığı Gürcüstanın Cavahetiya regionunda mütəmadi olaraq "Virk” erməni ekstremist təşkilatı üzə çıxır və aktiv fəaliyyətə başlayır. Qrup regionun Gürcüstandan ayrılmasını nəzərdə tutur və əsas planı da Bakı-Qars dəmir yolunun işə düşməsinə qarşı çıxmaqdır. Əvəzində isə Gürcüstana gürcü-erməni "dəhlizləri” təklif olunur. Lakin Gürcüstanın xarici içlər nazirinin keçmiş müavini Nikoloz Vaşakidze bildirir ki, Abxaziya və Tsxinvali regionundan hər hansı bir nəqliyyat dəhlizinin açılması nəzərdə tutulmur. "Gürcüstan üçün bunun heç bir mənfəəti yoxdur, lakin narahatçılıqları ola bilər”, - deyə sabiq nazir müavini bildirib. O bildirib ki, Ermənistana dəmir yolu vasitəsilə silah daşınması təhlükəsi mövcuddur. Bu isə Qafqazda böyük bir müharibənin qızışması təhlükəsi yarada bilər. "Azərbaycanı özündən çıxaran hal, Gürcüstan üçün də təhlükəli ola bilər”, - deyə diplomat vurğulayıb.
Erməni separatizmi ilə bağlı "Vestnik Kafkaza”nın suallarını cavablandıran ekspertlər bunun təhlükəli hal olduğunu bildiriblər. Gürcüstan prezidentinin münaqişələrin həlli üzrə keçmiş nümayəndəsi İrakli Maçavariani hesab edir ki, bölgədə müəyyən problemlər olub və olacaq da. Onun sözlərinə görə, bölgədə erməni separatizmi problemi 19-cu əsrdən mövcuddur. "Gürcü dövlətçiliyi formalaşmayana qədər bu problem qalmaqda davam edəcək. Hər bir erməni özünü Gürcüstan vətəndaşı hesab etməyənə qədər bu problem qalacaq. Münaqişənin açıq hal alacağı gözlənilən deyil – axı onlar Ermənistan hakimiyyətinə qulaq asırlar. Onlar isə Gürcüstanla münasibətlərin pisləşməsinə gətirib çıxaracaq addımlar istəməzlər. Əks təqdirdə Ermənistan "kisədə” qala bilər”, - deyə ekspert fikrini tamamlayıb.
Gürcüstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri İrakli Batiaşvili isə qeyd edir ki, təmsil etdiyi qurum bir vaxtlar ermənilərin "Virk” qruplaşmasına qarşı aktiv mübarizə aparıb. Onun qənaətincə, bölgədə vəziyyət hər an gərginləşə bilər: "Hər şey onların alacağı əmrdən asılı olacaq”.
Öz növbəsində qafqazşünas Mamuka Areşidze də hesab edir ki, "Virk” qruplaşması həqiqətən də fəaliyyət göstərir və çox təhlükəlidir. Onunla həmfikir olan politoloq Tornike Şaraşenidze hesab edir ki, bu qruplaşma Axalkakalidən Bakı-Qarsın keçməsinə mane olmağa çalışacaq.
Publisist Ramaz Sakvarelidze bu qənaətdədir ki, "Ermənistan hər dəfə Abxaziya ərazisindən dəmir yolu və Cənubi Osetiyadan avtomobil yolunun açılmasına çalışıb. Lakin Gürcüstan buna diqqət verməyərək, Azərbaycanla münasibətləri inkişaf etdirib. Azərbaycanla iqtisadi əməkdaşlıq, Ermənistanla müqayisədə Gürcüstan üçün daha maraqlıdır. İqtisadi maraqların arxasınca isə siyasi maraqlar gəlir. Ermənistanın müxtəlif kommunikasiya layihələrinə də iradları var, lakin Gürcüstan bu məsələlərdə Qarabağ problemini də nəzərə almağa çalışır”. Ekspert "Gürcüstan Tbilisi-Bakı-Yerevan üçbucağında balansı nə qədər qoruyub saxlaya bilər” sualına belə cavab verib ki, "bu balans artıq Qarabağ hadisələri fonunda pozulub. Lakin bu pozulmanın səbəbkarı Gürcüstan deyil”. Əlavə edib ki, "çox mühüm əhəmiyyətli Bakı-Ankara-Tbilisi əməkdaşlıq xətti mövcuddur və kimsə bunu poza bilməz”.

Azər
banner

Oxşar Xəbərlər