• cümə, 19 Aprel, 14:12
  • Baku Bakı 25°C

Gürcüstanda növbəti qalmaqal

16.10.18 17:40 555
Gürcüstanda növbəti qalmaqal
Gürcüstanda iki həftə sonra keçiriləcək prezident seçkiləri ərəfəsində "kompromat müharibəsi” qızışır. Bu dəfə savaşın epizodu audio yazı olub. Həmin yazıda keçmiş prokuror Mirza Subeliani etiraf edir ki, hakim "Gürcü Arzusu” Partiyasının liderlərinin sifarişi ilə insanları oğurlayıb onlara işgəncə verirmiş.
Lent yazısı Mixail Saakaşviliyə yaxınlığı ilə seçilən "Rustavi-2” telekanalının efirində səslənib. Yazı sabiq baş prokurorla hakim partiyanın deputatı Viktor Caparidze arasında aparılıb. Qalmaqal müxalifətə və onun prezident seçkilərində namizədi, keçmiş xarici işlər naziri Qriqol Vaşadzeyə güclü dəstək vermiş ola bilər. "apsny.ge” saytının yaydığı xəbərə görə, oktyabrın 28-də keçiriləcək prezident seçkilərində vətəndaşlar sonuncu dəfə prezident seçəcəklər. 2023-cü ildən bu seçim 150 nəfərdən ibarət Seçicilər Kollegiyasının üzvlərinə veriləcək. Onların yarısını deputatlar, yarısını isə regional hakimiyyət nümayəndələri təşkil edəcək. Yeni Konstitusiyaya görə, prezident real hakimiyyətə malik deyil.
Başda eks-prezident Mixail Saakaşvili olmaqla müxalifət yeni seçkilərə böyük önəm verir. Əgər prezident müxalifət funksioneri seçilərsə, o, dərhal qiyabi olaraq barələrində həbs qərarı çıxarılan 2012-ci ildən ölkəni tərk etmiş Saakaşvilini və onun yaxın ətrafından olan insanları əfv edəcək.
Yeri gəlmişkən, tərəflər arasında danışıq Tbilisi yaxınlığındakı Qldansk həbsxanasında aparılıb. Məhz 2012-ci ildə burada məhbusların qalmaqallı işgəncə və zorlanması kadrları yayılmışdı. Onların faş olması isə parlament seçkilərində hakim "Vahid Milli Hərəkat”ın məğlubiyyəti ilə nəticələnmişdi. Yeni "qldansk yazıları” da hakim "Gürcü Arzusu”nun taleyini həll edə bilər. Səbəb də odur ki, lent yazısı sensasion faktlarla doludur. Mirza Subelianin haqqında Tbilisinin mərkəzində yeniyetmələrin öldürülməsi hadisəsi ilə bağlı bir illik həbs qərarı çıxarılıb. Sabiq baş prokuror deputata bildirir ki, baş prokuror olanda Saakaşvili dövründən bəri insanları oğurlayıb işgəncə verməklə məşğul olub. Məqsəd də sabiq prezidentə və sabiq baş nazir Vano Merabişviliyə, eləcə də keçmiş müdafiə naziri Baço Axalayiyə qarşı ifadələrin alınması olub. Sonuncu hazırda vəzifə səlahiyyətlərini aşmaq maddəsi üzrə həbsxanada cəza çəkir. Audioyazıdan da bəlli olur ki, Subeliani bütün bunları "Gürcü Arzusu”nun sifarişi ilə həyata keçirib. Bundan əlavə, səs yazısından bəlli olur ki, sabiq baş prokuror ona kamerada baş çəkən şəxsə bildirir ki, hakimiyyətin sifarişlərini "avtomatçılar dəstəsi”ndən ibarət böyük bir qrup yerinə yetirib. Və onlar güc strukturlarının heç bir leqal qrupuna daxil olmayıblar. Bu lent yazısının jurnalistlərin əlinə necə düşdüyü və onu kimin təşkil etdiyi bəlli deyil. Baş prokurorluq həbsxananın nəzarətçilərindən birini dindirib, lakin ona qarşı hər hansı ittiham irəli sürülməyib. Bütün bunlara baxmayaraq, müxalifət bəyan edir ki, səs yazısını kimin və necə yazdığı onlar üçün əsas deyil. Əsas olan sabiq baş prokurorun etiraflarındadır. "Vahid Milli Hərəkat”ın Siyasi Şurasının üzvü Niki Meliyanın sözlərinə görə, "bütün bunlar ölkədə kriminal-quldur diktaturanın hücuma keçməsindən xəbər verir”. Ölkənin orta əsrlərin feodal dövrünə sürüklənməsində isə hakim partiyanı və onun lideri Bidzina İvanişvilini günahkar sayırlar.
"Həbsxana qalmaqalı” digər bir qalmaqallı hadisə fonunda qızışıb. Belə ki, "Rustavi 2” kanalı mütəmadi olaraq Gürcüstanın "tütün kralı” "Omega Group”un rəhbəri Zaza Okuaşvilinin Bidzina İvanişvilinin yaxın ətrafına aid olan insanlarla danışıqlarının lent yazılarını yayır. Bəlli olur ki, biznesmendən pul, bahalı avtomobillər istənilir, hakim partiyanın hesabına pul köçürməsi tələb olunur. Biznesmenin özü bu yaxınlarda Londona köçüb və "Rustavi-2” telekanalına müsahibəsinə bu faktları təkzib etməyib. Bundan əlavə, Okuaşvili İvanişvili ilə aralarında danışıqların olduğuna işarə edib. Bu danışıqlarda milyarderin sahibkardan 4 milyon dollar tələb etdiyi iddia olunur. Bu lent yazısı da seçkilərə bir neçə gün qalmış açıqlanıb və məqsəd də hələ də mövqelərini müəyyənləşdirməyən seçiciləri ələ almağa yönəlib.
Demək olar ki, gündəlik yayılan qalmaqalı lent yazılarına baxmayaraq hakimiyyət sakitliyini qorumağa çalışır. Hakim partiya baş verənləri yaxşı planlaşdırılmış və ssenariləşdirilmiş tamaşa adlandıraraq öz namizədləri Salome Zurabişvilinin qələbə qazanacağına inandıqları bildirilib. "Biz yaxşı xatırlayırıq ki, belə "məxfi yazılar” Saakaşvili dövrünə xas idarə üsuludur”, - deyə parlamentin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri İrakli Sesiaşvili bildirib. O əmindir ki, bütün bunlar Saakaşvilinin media resurslarının təxribatdır. Audioyazılar isə saxtalaşdırılmış faktlardır.
Amma ümumilikdə qalmaqallar hakim partiyanın namizədi S.Zurabişvilinin reytinqinə təsir edir. Edison Research sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, ona cəmi 15 faiz respondent səs vermək niyyətindədir. Onun əsas rəqibi Vaşadzeyə isə 22 faiz səs vermək istədiyini bildirib. "Tam əminliklə demək olar ki, seçkilərin ikinci turu keçiriləcək”, - deyə politoloq Georgi Nodiya bildirib. "Respublika Partiyası”nın siyasi katibi Tamar Kordzya isə bildirib ki, "bu gün ölkəni oğru mentallı insanlar idarə edir”. Bu səbəbdən də o, daxili işlər naziri Georgi Qaxariyanın istefa verməli olduğunu dilə gətirib.
Bütün bunlar onu deməyə əsas verir ki, iki həftədən sonra keçiriləcək seçkilərdə sürpriz yaşana bilər. İvanişvilinin milyonlarla lari ayırmasına baxmayaraq, onun namizədinin seçkini uduzmaq təhlükəsi var. Bu isə nəyin bahasına olursa-olsun Gürcüstana dönmək arzusunda olan Saakaşvili üçün böyük şans ola bilər.
Son məlumatlara görə, parlament azlığı daxili işlər naziri Georgi Qaxariyanı baş verən insidentlə bağlı izahat vermək üçün parlamentə dəvət edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər