AZE | RUS | ENG |

Gürcüstanda “narkoman” inqilabı

Gürcüstanda “narkoman” inqilabı
İvanişvilinin yenidən siyasətə qayıdışı gərginliklə müşahidə olunub

Gürcüstanda şənbə günündən başlayan gərginlik pik həddə çatıb. Yüzlərlə insan küçələrə çıxaraq polisin paytaxtın iki populyar gecə klubunda keçirdiyi reydə etirazını bildirib. Kluba gedənlərə qarşı həddən artıq güc tətbiq edilməsi etirazları gücləndirib. Xəbərlərə görə, Daxili İşlər Nazirliyi "Bassiani” və "Cafe Gallery”də səkkiz "narkotik alverçisi”nin saxlandığını bildirib. Klublarda olanlar reyd zamanı polisə müqavimət göstəriblər. Sonra isə minə yaxın adam parlament binasının qarşısına toplaşıb və bu vaxt polislə qarşıdurma yaranıb. Polis qarşıdurma zamanı 20 nəfəri saxlayıb. Məlumata görə, narkotiklərin leqallaşdırılmasının tərəfdarı olan hərəkatın lideri, "Qirçi” partiyasından prezidentliyə namizəd Zurab Caparidze də onların arasında olub. Amma bir qədər sonra o, sərbəst buraxılıb. Saxlananlara qarşı polisə müqavimət göstərməklə bağlı ittiham irəli sürülüb. Klubdakılardan bəziləri narkotik maddənin üstlərinə polis tərəfindən atılması ehtimalını irəli sürüb. Tənqidçilər deyirlər ki, bu əməliyyat polisin narkotik maddələrə qarşı öhdəliyini yerinə yetirdiyini sərgiləyir, əsl niyyəti isə Gürcüstan paytaxtında artan klubların gözünü qorxutmaqdır. Ekspertlər son günlər baş verən hadisələri rişxəndlə "narkotik inqilabı” kimi qələmə verirlər. Yeri gəlmişkən, keçirilən yürüşə əks nümayişlər də təşkil olunub. Azı iki ultrasağçı qrup "narkotik ticarətçiləri” və "LGBT təbliğatı”na qarşı çıxdıqlarını iddia edib, "vətəni qorumaq üçün milli qvardiya” yaradıldığını açıqlayıblar. Etirazçılar arasında qarşıdurmanı önləməkdən ötrü polis sağçıların parlament binasına yaxınlaşmasına imkan verməyib. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili milli televiziya ilə çıxışında etirazçıları sakitliyə, zorakılıqdan çəkinməyə çağırıb. "Ölkədə hər hansı qarşıdurma, cəmiyyətdə parçalanma Gürcüstan hakimiyyəti və xalqı üçün qəbuledilməzdir”, - deyə Kvirikaşvili deyib. "Hüquq-mühafizə orqanları qanunun, yürüş etmək azadlığının təminatı üçün əllərindən gələni edirlər. Hakimiyyət narkotik alverçilərinə qarşı sərt, narkotik alüdəçilərinə qarşı humanist mövqe tutacaq”, – deyə o, vurğulayıb.
Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya və etiraz aksiyasının təşkilatçısı olan "Ağ səs-küy” hərəkatının üzvləri arasında görüş baş tutub. Görüşdən sonra hərəkatın lideri Beka Tsikarişvili aksiya iştirakçılarına müraciət edərək onları sakit olmağa çağırıb. O bildirib ki, görüşün vacib nəticələri olacaq. G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib. Daxili işlər naziri parlament binası qarşısına gələrək etiraz edən qrupun liderləri ilə görüşüb və etirazçılardan üzr istəyib. Bu barədə Gürcüstanın "Liberali” nəşri yazır. Daxili işlər naziri ilə görüşdən sonra etiraz aksiyasını təşkil edən "Ağ səs-küy” hərəkatının üzvləri etirazı bir həftəlik dayandırdıqlarını elan ediblər. Onlar bir həftə müddətində Daxili İşlər Nazirliyinin verdiyi vədlərə necə əməl edəcəyinə nəzər yetirəcəklərini deyiblər. Daxili işlər naziri deyib ki, "orientasiyasından və dini görüşündən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşının fikri əhəmiyyətlidir”. O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər. Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub. Ən maraqlısı odur ki, Bidzina İvanişvilinin oğlu reper Bera özünün "Legalize” mahnısını "YouTube” səhifəsində yerləşdirib. O, mahnısında ölkədə narkosiyasəti liberallaşdırmağa çağırıb. Nəşrin yazdığına görə, kiçik İvanişvili öz treyində belə frazalardan istifadə edib: "Mən o nəsli təmsil edirəm ki, daha hökumətdən qorxmur”, "Barıqalar bu qədər insanı öldürürlər”, "qanuniləşməni tələb edirik” və s. Bera həmçinin bildirib ki, marixuana digər sintetik narkotik vasitələr kimi zərərli deyil. Amma bir çox ekspertlər güman edirlər ki, Gürcüstandakı etirazların arxasında sadəcə narkotiklərin qanuniləşdirilməsi tələbi yox, gənclərin inqilabçı əhval-ruhiyyələri durur. Və bunun səbəbləri var. Məsələn, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Hollandiyadan "Rustavi 2” telekanalının efirinə canlı bağlantı zamanı bildirib: "Gürcüstan paytaxtı Tbilisidə gənclərin ikigünlük etirazı milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi idarəetməsi nəticəsində yaranmış dərin dağıdıcı proseslərlə əlaqədardır. Bu gün Gürcüstanda işsizlik səviyyəsi xüsusilə də gənclər arasında fəlakət dərəcəsindədir. Eyni zamanda, oliqarx İvanişvilinin qeyri-rəsmi idarəçiliyi şəraitində həll olunmayan xeyli sayda sosial problem var".
Baş verənlərlə bağlı müxtəlif ehtimallar da irəli sürülür. "Facebook”da belə bir fikirlər səslənir ki, hakimiyyətə dönən İvanişvili evdə kimin ağa olduğunu göstərmək istəyib. Başqa bir fikrə görə, yeni sədr polis reydi ilə mer Kaxa Kaladzenin mövqeyini zəiflətməyə çalışıb.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000