• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Gürcüstanda ikihakimiyyətliliyə son qoyuldu

28.10.13 16:29 1412
Gürcüstanda ikihakimiyyətliliyə son qoyuldu
Gürcüstanda bir ildən artıq davam edən ikihakimiyyətliliyə nəhayət ki, rəsmən son qoyuldu. Hazırkı iqtidar hökumətlə yanaşı, prezidentlik kürsüsünü də ələ keçirdi. Beləliklə, bazar günü keçirilən seçkilərlə prezident Mixail Saakaşvilinin on illik hakimiyyətinə son qoyulmuş oldu.
Dünən Mərkəzi Seçki Komissiyası hakim “Gürcü arzusu” koalisiyanı təmsil edən Georgi Marqvelaşvilinin səslərin 62,12 faizini toplayaraq seçkidə qalib gəldiyini bəyan edib. Qələbə bayram olunan mitinqdə baş nazir Bidzina İvanişvili deyib ki, “biz indi arzusunda olduğumuz Gürcüstanı quracağıq”. Yeni prezidentin andiçmə mərasiminin tarixi də bəlli olub - noyabrın 17-də. Gürcüstan Konstitusiyasına əsasən, yeni prezidentin inauqurasiya mərasimi seçkilərdən üç həftə sonra keçirilməlidir. Hakim “Gürcü arzusu” partiyasından bazar ertəsi verilən məlumatda bildirilir ki, inauqurasiya mərasimi ölkə qanunvericiliyinə uyğun şəkildə keçiriləcək. Mərasimin keçiriləcəyi yer barədə hələlik məlumat verilmir. Gürcüstan hökumətindən vurğulayıblar ki, inauqurasiya dəbdəbəli olmayacaq. Bazar günü “Exit-poll”un nəticələri elan edilən kimi prezidentliyə namizəd Georgi Marqvelaşvili öz tərəfdarlarına və baş nazirə təşəkkür edib: “Bizi vətənə sevginin birləşdirdiyini göstərən siyasi komandaya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim üçün çox vacib, ciddi və nüfuzlu şəxs olan Bidzina İvanişviliyə minnətdaram. Onun sayəsində ötənilki və builki qələbə qazanıldı. Biz dünyaya göstərdik ki, azad xalq öz hökumətini özü seçir”. MSK-nın məlumatlarına əsasən, “Vahid Milli Hərəkat” partiyasının namizədi David Bakradze - 21,9 faiz səslə ikinci yerdə qərarlaşıb. Gürcüstanda prezidentlik uğrunda 23 namizəd rəqabət aparıb. Prezident seçkisində üçüncü aparıcı namizəd Saakaşvilinin hakimiyyətə gəlməsinə yol açmış “Qızılgül inqilabı»nın tanınmış siyasi fiqurlarından biri olan Nino Burcanadze idi.
ATƏT: Seçkilər bütövlükdə sakit keçib və ciddi qanun pozuntularına yol verilməyib

Ölkədə aparıcı üç qeyri-hökumət təşkilatı 2012-ci il parlament seçkilərində səsvermə ilə müqayisədə seçki pozuntularının 80 faiz azaldığını qeyd edib. ATƏT-in Gürcüstanda missiyasının başçısı Joao Suares Gürcüstanın seçkilər yolu ilə hakimiyyətin dinc keçidinə gözəl nümunə olduğunu deyib: Gürcüstanda seçkilər “pozitiv və şəffaf” olub və “ifadə, toplaşma, hərəkət azadlıqlarına hörmət göstərib”. Seçkiləri təmiz adlandıran Suares deyib: “Bu təmiz seçkilər mənə deyir ki, Gürcüstan demokratiyası yetkindir”.
“Gürcüstanda prezident seçkiləri bütövlükdə sakit keçib və ciddi qanun pozuntularına yol verilməyib” - deyə apardığı müşahidələrlə bağlı fikirlərini şərh edən deputat Azay Quliyev bildirib. A.Quliyevin sözlərinə görə, müşahidə apardığı məntəqələrdə hər hansı bir ciddi pozuntu qeydə alınmayıb: “Bizim müşahidələrimizin nəticəsində deyə bilərəm ki, seçkilərlə bağlı beynəlxalq qurumların rəyi müsbət olacaq, təbii ki, orada müəyyən tövsiyələr də olacaq”. Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyası bəzi çatışmazlıqları da vurğulayacaq və Gürcüstan hökumətinə gələcəkdə bu çatışmazlıqları aradan qaldırması tövsiyə olunacaq.
Bakradze və Saakaşvili rəqiblərini təbrik etdilər

David Bakradze məğlubiyyətini qəbul edərək rəqibini təbrik edib. “Müxalifət lideri kimi mən hökumətlə əməkdaşlığa, xalqımızın daha yaxşı həyatı naminə əsas məsələlərdə yeni prezidentlə birgə işləməyə hazıram” - deyə Bakradze məğlubiyyətini etiraf etdiyini bildirib. Ekspertlər bu seçkilərdə rəqabətin az olduğunu qeyd edirlər. Səsvermədən əvvəl də sorğular “Gürcü arzusu” koalisiyasının namizədi Marqvelaşvilinin öndə olduğunu göstərirdi. Lakin onun rəqiblərindən bu qədər aralanacağı ehtimal olunmurdu. Mixail Saakaşvili də hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb. “Frans Press”in məlumatına görə, prezidentlikdən gedən Saakaşvili söz verib ki, Gürcüstanı tərk etməyəcək. Ancaq Saakaşviliyə yaxın olan mənbə adının çəkilməməsi şərtilə “Frans Press”ə deyib ki, ABŞ rəsmiləri Saakaşviliyə məsləhət görürlər ki, ən azı, müəyyən müddətə ölkəni tərk edərək ABŞ-a getsin.
Moskva Gürcüstanın yeni hakimiyyəti ilə bağlı ümidlidir

Moskva Gürcüstanın yeni hakimiyyətinin Rusiyaya münasibətdə dostluq siyasəti yeridəcəyinə ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, gürcü xalqını seçkilər münasibətilə təbrik edib: “Biz gürcü xalqına tezliklə yeni hakimiyyət orqanlarının formalaşdırılması ilə bağlı təşkilati məsələləri başa çatdırmağı arzu edirik. Ümid edirik ki, bu hakimiyyət mürəkkəb regionda müasir reallıqları nəzərə almaqla dostluq, mehriban qonşuluq siyasəti yeridəcək. Daxil olan məlumatlara əsasən, seçkilər azad, ədalətli keçirilib və heç kim nəticələri şübhə altına almır”.
Azərbaycanlılar Marqvelaşviliyə səs verib

“Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində seçici səslərinin 65-68%-ni partiyamızın namizədi Georgi Marqvelaşvili alıb”. Bunu “Modern.az”a hakim “Gürcü arzusu” Partiyasından parlament üzvü olan Əli Məmmədov bildirib. “Seçkilər açıq, şəffaf keçdi. Azərbaycanlılar yaşayan Kvemo-Kartli bölgəsində partiyamızın namizədi Marqvelaşvili qalib gəldi. Bütün ölkə üzrə nəticələr də təxminən buna yaxın olub”.
Müxalifətçi namizəd Nino Burcanadzenin seçkiləri tanınmamaq barədə bəyanatını isə azərbaycanlı deputat namizədin seçkilərdə hamıdan çox çox pul xərcləyib istədiyi nəticəni əldə edə bilməməsi ilə əlaqələndirib: “Seçkini tanımamaq Burcanadzenin aqoniyası idi. Seçki kampaniyasına ən çox pul xərcləyən namizəd olduğuna görə o, belə reaksiya verib. Onun pozuntularla bağlı dedikləri yalandır”. Deputat hakim partiyanı təmsil edən baş nazir B.İvanişvili dövründə Gürcüstandakı azərbaycanlılara qarşı diskriminasiyaya son qoyduğunu bildirib: “Saakaşvilinin vaxtında əsasən azərbaycanlılar qanunsuz olaraq böyük məbləğlərdə cərimələnirdi. İndi azərbaycanlılar rahat şəkildə bizneslə məşğul ola bilirlər. İvanişvili hakimiyyəti diskriminasiyanın qarşısını aldı”.
Ən çox həsəd aparılan adaxlı

Gürcüstanın yeni prezidenti, 44 yaşlı Georgi Marqvelaşvili ölkədə ən çox həsəd aparılan adaxlı elan olunub. Düzdür, G.Marqvelaşvilinin ilk nikahdan bir qızı var, amma hazırda o, subaydır. Seçki dövründə Marqvelaşvili ilə bağlı müzakirə olunan əsas mövzulardan biri də onun şəxsi həyatı idi. G.Marqvelaşvili iki dəfə evlənib, indi isə rəssam və gözəllik üzrə mütəxəssis Maka Çiçua ilə birgə yaşayır.
İlk evliliyindən Anna adlı 20 yaşında bir qızı olan Marqvelaşvilinin yanında seçki kampaniyası dövründə hər zaman Maka Çiçua var idi. Maka Çiçua eyni zamanda Marqvelaşvilinin qızının dostunun anasıdır. Bu isə mühafizəkar və ailə institutuna əhəmiyyət verən gürcü cəmiyyəti üçün yeni bir hadisədir. Hətta Svaneti əyalətinin bir kəndində vətəndaşlar kollektiv şəkildə İvanişviliyə məktub yazaraq, Marqvelaşvilinin Çiçua ilə münasibətlərini rəsmiləşdirməyərək, gürcü əxlaq qanunlarını pozduğunu bildirmişdilər. Bununla belə, Marqvelaşvili seçki dövründə ona ünvanlanan “Çiçua ilə evlənəcəksinizmi” sualına “xeyr, bizə belə yaxşıdır” cavabını vermişdi. Seçkilərdə qalib gəldikdən sonra tərəfdarlarının qarşısına da o, sevgilisi Maka Çiçua və Moskvada magistraturada oxuyan qızı Anna ilə bərabər çıxmışdı.
Ekspertlər qeyd edir ki, seçkilər gürcü xalqının siyasi cəhətdən kifayət qədər yetişginliyini göstərdi. Marqvelaşvilinin İvanişvilinin qoyduğu xətti - yəni hazırkı xətti davam etdirəcəyi bildirilir. Bu daha çox Qərbə inteqrasiya, amma bununla yanaşı, Rusiya ilə də münasibətlərin təkmilləşdirilməsi olacaq. Yeni prezident Rusiya ilə qarşıdurmaya getməyəcək, amma Qərbyönümlü siyasət aparacağı şübhə doğura bilməz. Ola bilsin ki, o, ilk səfərini Qərb dövlətlərindən birinə edəcək, onun ardınca isə Rusiyaya da rəsmi səfərə gedəcək. Belə ki, Bidzina İvanişvili Rusiya ilə bağlı açılmayan tilsimləri qırıb və buna görə də yeni prezidentin Rusiyaya səfəri ictimai rəydə mənfi qarşılanmayacaq. Əksinə, yeni prezident Rusiya ilə münasibətləri normal məcraya yönəldərsə, bu, gürcü ictimaiyyəti tərəfindən müsbət qarşılanacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər