“Gürcüstanda hüquqi müstəvidə istənilən problemin həlli mümkündür”

“Gürcüstanda hüquqi müstəvidə istənilən problemin həlli mümkündür”

Müsahibə
06 Dekabr 2012, 11:20 1948
Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə əlaqədar bir neçə azərbaycanlı ziyalının təmsil olunduğu nümayəndə heyəti bu günlərdə Bakıya gəlib. Onlar arasında Gürcüstan пarlamentinin deputatı, hakim “Gürcü arzusu” koalisiyasının üzvü Mahir Dərziyev də var. Fürsəti əldən verməyib onunla əlaqə yaratdıq. Gürcüstandakı ictimai-siyasi vəziyyət, həmvətənlərimizin üzləşdiyi çətinliklər, onların həlli yolları, Azərbaycana səfərin yekunları barədə qəzetimiz üçün müsahibə aldıq.
- İlk öncə Azərbaycana səfəriniz, burada keçirdiyiniz görüşlər barədə сizdən məlumat almaq istərdik.
- Son dövrlər Gürcüstandakı Azərbaycan icmasını narahat edən əsas problem miqrasiya məsələlərdir. İlk öncə Azərbaycanın millət vəkili Qənirə Paşayeva ilə görüşdük. Bir çox məsələləri müzakirə etdik. O, aidiyyəti qurumların rəhbərlərinə telefon açaraq bizim onlarla görüşümüzü təşkil etdi, dolğun bir proqram yaratdı və dərhal bu proqramı həyata keçirməyə başladıq. Dekabrın 5-də isə ilk görüşümüz Dövlət Miqrasiya Xidmətinin rəhbəri cənab Firudin Nəbiyev və onun müavinləri ilə oldu. Biz əvvəldən vurğuladıq ki, Azərbaycan dövlətinin maraqlarına вя qanunvericiliyinə hörmətlə yanaşırıq. Kimliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan hər bir əcnəbi bu ölkənin qanunlarına hörmət etməli, leqal statusla yaşamalıdır. Amma bir məsələni də diqqətə çatdırdıq ki, xaricdə yaşayan azərbaycanlılar haqqında mərhum prezident Heydər Əliyevin 2002-ci ilin noyabrında imzaladığı “Xaricdə yaşayan azərbaycanlılarla dövlət siyasəti haqqında” qanun var. Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq, dostluq, qardaşlıq münasibətlərini, Gürcüstanda böyük sayda azərbaycanlı icmasının yaşamasını əsas gətirərək, mövcud qanunda hər hansı dəyişikliyin edilməsini, ilk növbədə cərimə sanksiyalarının aradan qaldırılmasını xahiş etdik. Həmçinin Gürcüstanda hazırkı iqtisadi durumun o qədər də yaxşı olmadığını da bildirdik. Elə ailələr var ki, həmin o cərimə sanksiyaları onlara tətbiq olunub. O çox böyük məbləğdir və buna çox adamların gücü çatmır. İmkan daxilində o sanksiyaların onlar üzərindən götürülməsini xahiş etdik. Eyni zamanda, Dövlət Miqrasiya, Sərhəd xidmətlərinin, Gömrük komitəsinin, Xarici İşlər Nazirliyinin nümayəndələrini Borçalıya dəvət etdik. Orada da geniş tərkibli görüşlər keçirmək niyyətindəyik. Söz verildi ki, nümayəndələr göndəriləcək. Bu, onunla bağlıdır ki, Gürcüstan azərbaycanlılarının bugünkü problemlərindən, çətinliklərindən siyasi məqsədlər üçün istifadə etmək cəhdləri var. Biz isə bununla razılaşa bilmirik və işgüzar, emosiyadan, ajiotajdan uzaq bir şəraitdə o məsələlərin müzakirə edilib həllini tapmasını istəyirik. Həmçinin deyildi ki, Azərbaycanda yeni miqrasiya məsələsi qəbul olunacaq. Miqrasiya rəhbərinin sözlərinə görə, orada bir sıra mühüm məqamlar var ki, gələcəkdə qeydiyyatla bağlı müraciət edən insanların işini çox asanlaşdıracaqdır.
- Gürcüstandakı soydaşlarımızın təhsil, işsizlik və yerli toponimlərin dəyişdirilməsi kimi digər problemləri də var. Bunların həlli üçün hansı işlərin görülməsini zəruri sayırsınız?
- Azərbaycana gələrkən, fürsətdən istifadə edib tək miqrasiya məsələsi ilə deyil, digər həlli vacib problemlərlə də məşğul olmağı qərara aldıq. Ona görə də təhsil, iqtisadi inkişaf nazirliklərində, Gürcüstanın Azərbaycandakı səfirliyində, Odlar Yurdu və Xəzər universitetlərində, İctimai Televiziya və bir sıra başqa televiziya kanallarında görüşlər keçirməyi də planlaşdırdıq və reallaşdırdıq. Hakim koalisiyadan seçilən deputat kimi mən Gürcüstanın Azərbaycandakı səfirliyinin, diplomatik missiyanın işindən razı deyiləm. Buradakı gürcüstanlılar yerli statusda yaşamayanda çoxsaylı maneələrlə üzləşirlər. Yəni, həkimə müraciət edə bilmirlər, doğulan uşaqlarının şəhadətnaməsini ala bilmirlər və sair. Elementar hüquqi prosedurları həyata keçirə bilmirlər. Gürcüstan vətəndaşlarından 4260 nəfər Azərbaycanda müvəqqəti, 2059 nəfər daimi yaşamaq icazəsi alıb. Bu rəqəmlərdən qat-qat çox insan Azərbaycanda qeyri-leqal statusda yaşayır. Harаdasa 50 minə yaxın vətəndaşımıз öz dövlətinin qarşısında vətəndaşlıq vəzifələrini yerinə yetirə bilmir. Gürcüstanın vətəndaşlıq haqqında qanununun 32-ci maddəsində yazılıb ki, Gürcüstan vətəndaşı Konsulluq qeydiyyatına alınmadan başqa dövlətdə üzrlü səbəb olmadan iki ildən artıq yaşayırsa, o, Gürcüstan vətəndaşlığını itirir. Beləliklə soydaşlarımız həm vətəndaşlıqlarını itirmək təhlükəsi altındadırlar, həm də vətəndaşı olduqları dövlətdən özləri özlərini təcrid edirlər. O dövlətin idarə olunmasında iştirak etmirlər. Gürcüstandan gələrək Azərbaycanda yaşayan elə adam var ki, özü, yaxud da övladı bu ölkənin ordusunda xidmət edib. Burada yaşasa da nə Azərbaycan, nə də Gürcüstan vətəndaşı sayılmır. Əlində hələ də qırmızı sovet pasportu gəzdirir. Gürcüstan dövləti maraqlı deyil ki, bu insanlar öz ölkələri ilə bağlarını birdəfəlik qırsınlar. Бu məsələni də diqqətə çatdıraraq dediк ki, bizim o insanlara vətəndaşlıq məsələsində kömək etmək səlahiyyətimiz olmasa da, belələrinə qanuni yaşamaq statusu, ikili status verə bilərik. Yaxşı olar ki həmvətənlərimiz Miqrasiya Xidmətinə bunun üçün müraciət etsinlər, 5 il bu ölkədə yaşamaq icazəsi, yəni immiqrant statusu alsınlar.
- Sizcə, həmvətənlərimizin çoxsaylı problemlərlə üzləşməsinə səbəb nədir?
- Düzdür, hazırda Gürcüstanda vəziyyətimiz o qədər də qənaətbəxş deyil. İşsizlik, təhsil, qaz, su, yol və işıqla bağlı kifayət qədər problemlərimiz var. Amma, bunların hamısı bizim ictimai-siyasi passivliyimizdən irəli gəlir. Azərbaycanlı icmasının zəif olmasından qaynaqlanır. Əgər biz real yerli özünüidarəetməni formalaşdırmasaq, oraya layiqli insanları seçməsək, Gürcüstan qanunları çərçivəsində fəaliyyət göstərməsək sadalanan problemlər həllini yenə də tapmayacaq. Halbuki, Gürcüstanda hüquqi müstəvidə istənilən problemin həlli mümkündür. Bizim yeni iqtidar da bu kimi amilləri nəzərə alıb yerli özünüidarəetmədə böyük islahatlar aparmaq fikrindədir. Yəni, real olaraq şəhər, qəsəbə və kəndlərin real özünüidarəetməsi, ayrıca büdcəsi olacaq. Gəlin, fəal olaq, o yerlərdə təmsil olunmaq üçün öz insanlarımızı seçək. Bundan sonra da problemlərimizin həllini onlardan tələb edək. Heç bir dövlət qurumu, idarəetmə orqanı soydaşlarımızın problemlərinin həllini sinidə gətirib onların qarşısına qoymayacaq. Götürək elə təhsil problemini. Gürcüstanda çox mütərəqqi bir təhsil qanunu var. Amma o qanun işləmir. Çünki məktəb özünüidarəetməsi hələ də formalaşdırılmayıb. Düzdür, burada Mixeil Saakaşvili iqtidarının da “böyük” rolu olub. Hakim rejim, diktatura sistemi imkan verməyib ki, bu, gerçəkləşsin. Lakin, bununla yanaşı, vətəndaşlarımızın da bununla əlaqəli hər hansı təpkisi olmayıb. Bir fakta nəzər salaq, сon parlament seçkilərində əvvəlki illərlə müqayisədə bizim fəallığımız nəzərə çarpdı. Ancaq, bütövlükdə Gürcüstan miqyasında yenə də zəif iştirak etdik. İnsanlar seçkilərə gəlmədi, səslərini qorumadı və sair. Gürcü ictimaiyyətini yaxından tanıyan, siyasi elita ilə yaxından ünsiyyətdə olan deputat kimi bir daha bəyan edirəm ki, Gürcüstan azərbaycanlılarının seyrçi mövqeyi, ictimai-siyasi proseslərə biganəliyi gürcü xalqını da, siyasətçilərini də qıcıqlandırır. Əgər sən, bu ölkənin vətəndaşı kimi öz hüquqlarınын qorunmasını tələb edirsənsə, vətəndaş kimi üzəriнə düşən vəzifəni də yerinə yetirməlisən. Vətəndaş kimi üzərimizə düşən vəzifələri yerinə yetirsək, hüquqlarımızı qorusaq, icma olaraq Azərbaycan və Türkiyənin Gürcüstandakı lobbiçiliyini də həyata keçirə bilərik.
- Gürcüstandakı parlament seçkilərindən sonra soydaşlarımızın yaşadığı kəndlərdə bir neçə evə silahlı basqınlar oldu. Bununla bağlı hökumət tərəfindən hər hansı tədbirlər görüldümü?
- Bu hadisələr baş verən andan polis rəisləri ilə daim əlaqə saxlayıram. Həmin cinayət hadisələrinin araşdırılması nəticəsində müəyyən edilib ki, əksəriyyət hallarda əsas məqsəd heç də soyğunçuluq olmayıb. Bəzi qüvvələr tərəfindən əhalinin arasında xof, qorxu yaratmaq, yeni hökumətə qarşı etimadsızlıq mühiti formalaşdırmaq cəhdləri olub. Cinayətkarın kimliyi, milliyyəti olmur. Vətəndaşlarımızın evlərinə edilən bir neçə basqın faktları isti izlərlə açılıb. Bir neçə cinayətkar ünsür də məsuliyyətə cəlb olunub. Digər hadisələrin iştirakçıları da zamanla aşkarlanıb məsuliyyətə cəlb olunacaqlar. Gürcüstanda bu proseslər getdiyi halda, cinayət törədənlər cəzalandırıldığı bir müddətdə Bakıda Mübariz Əhmədoğlunun təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif bəyanatlar səsləndirildi. Bu da insanlar arasında xof, qorxu hissinin formalaşmasına səbəb oldu. Ancaq, Allaha şükürlər olsun ki, vəziyyət müsbətə doğru dəyişdi. ARDNŞ rəhbəri Rövnəq Abdullayev Gürcüstanda oldu danışıqlar apardı, ardınca isə yeni baş nazir Bidzina İvanaşvilinin Azərbaycana səfəri gözlənilir. Azərbaycan və Gürcüstan strateji tərəfdaş, dost-qardaş ölkələrdir. Bu, hər iki xalqın, dövlətin və ölkə başçılarının iradəsidir. Ümidvaram ki, Baş nazirin Azərbaycana səfərindən sonra bu münasibətlər daha da yaxşılaşacaq.
- Hazırda Gürcüstandakı ictimai-siyasi vəziyyət, yeni hökumətin Şimali Osetiya və Abxaziya problemlərinə baxışı, həmçinin Rusiya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində vəziyyət nə yerdədir?
- “Gürcü arzusu” koalisiyası seçki qabağı geniş bir proqramla xalq qarşısında çıxış etdi. 80 səhifəyə yaxın olan bu proqramda nəzərdə tutulanları artıq həyata keçirməyə başlamışıq. Yaxın vaxtlarda pensiyaların, müəllimlərin maaşının həcminin artırılmasını müşahidə edəcəksiniz. Bundan başqa taariflərin, yəni, qazın, suyun, işığın istifadə haqqının aşağı salınması da planlaşdırılıb. Osetiya və Abxaziya problemlərinə, Rusiya ilə münasibətlərin tənzimlənməsinə gəlincə, yeni hökumət bu məsələləri də daim diqqətdə saxlayır. Gürcüstanın baş naziri Rusiya ilə danışıqların başlanması, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün özünün şəxsi nümayəndəsini təyin edib. Bu, böyük bir addım olmaqla yanaşı, Rusiyaya böyük jestdir. Gürcüstan heç bir ilkin şərt irəli sürmədən Rusiya ilə danışıqlara hazır olduğunu nümayiş etdirir. Artıq Gürcüstanın kənd təsərrüfatı məhsulları üçün Rusiya bazarlarına çıxış mümkündür. Bizim hökumət çalışır ki, Rusiya və Gürcüstan xalqları arasındakı etimadı, inamı bərpa etsin.
Rufik İSMAYILOV