Gürcüstanda azərbaycanlıların kütləvi soyğunu davam edir

Gürcüstanda azərbaycanlıların kütləvi soyğunu davam edir

Siyasət
07 Noyabr 2012, 19:06 1760
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı daha bir kənddə cinayət hadisəsi baş verib. Noyabrın 6-da gecə saat 02.00 radələrində Marneuli rayonundakı Bəylər kəndində Fərman Şərifovun evinə beş silahlı şəxs basqın edib. Silahlılar basqın zamanı Fərman Şərifovu, onun həyat yoldaşı Gülənazı, qızı Elnarəni, gəlini Lütfəni döyüb, qızıl-zinət əşyalarını zorla əllərindən alıblar. Onlar hətta azyaşlı Günel Şərifovanın qulağından sırğalarını da çıxarıblar.
İki ay bundan əvvəl isə Fərman Şərifovun qonşusu Hidayət Əmiraslanovun evinə basqın edilib. Bu ay ərzində anoloji hadisə Bolnisi rayonunun Bala Muğanlı və Molla Əhmədli kəndlərində qeydə alınıb. Hücum edənlər Bala Muğanlı kəndində yaşayan Rza Abbasovun ailəsinə işgəncə verərərk, ailə üzvlərini döyüblər. R.Abbasova bıçaqla xəsarət yetirilib, həyat yoldaşının saçları kəsilib. Basqın edənlər onların əl-ayaqlarını, ağızlarını bağladıqdan sonra pul və qızıl tələb ediblər. Hücuma məruz qalan Molla Əhmədli kənd sakini Mətləb Bayramovun evinə isə 5 nəfər maskalı basqın edərək onun həyat yoldaşını döyüblər. Bütün bu faktlarla bağlı Marneuli və Bolnisi rayon polis idarələrində cinayət işi qaldırılıb.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov mətbuata məlumat verərək soyğunçuluq hallarını təsdiqləyib. O, son iki ay müddətində Marneuli, Bolnisi və Dmanisi rayonlarında azərbaycanlılar yaşayan bölgələrdə 12 belə cinayət hadisəsinin baş verdiyini söyləyib.
Bir sıra ekspertlər son hadisələri şərh edərkən, Gürcüstanda hər dəfə yeni siyasi dövrün ağrılı keçid prosesinin nədənsə azərbaycanlılara daha çox ziyan gətirdiyini bildiriblər. Onların qənaətinə görə, Z.Qamsaxurdiyanın dövründə azərbaycanlıları oğurlayıb, girov götürmək dəb düşübmüş. E.Şevardnadze hakimiyyətə gələndən sonra adam oğrularının kökü kəsilib. Əvəzində saysız-hesabsız rüşvətxor polislər, məmurlar, müfəttişlər üzə çıxıb və müntəzəm şəkildə azərbaycanlıları soymağa başlayıblar. E.Şevardnadzeni devirən M.Saakaşvili prezident olan kimi, rüşvətxor polisləri və məmurları həbsə atıb. M.Saakaşvili dövründə yeni-yeni rahat nəfəs almağa başlayan azərbaycanlılar bu dəfə də yüksək cərimələr, vergilər və dədə-baba torpaqlarını becərmək üçün icarə haqqı ödəməklə Gürcüstan büdcəsindəki boşluqları doldurmağa məcbur ediliblər. B.İvanişvili hakimiyyətə gələr-gəlməz, torpaqları bilavasitə kəndlilərə verəcəyini, azərbaycanlı iş adamlarını sıxışdırmayacağını və Daxili İşlər Nazirliyinin cərimə sistemini ləğv edəcəyini vəd edib. Amma daxil olan son məlumatlar onu göstərir ki, B.İvanişvili dövrünün də azərbaycanlılar üçün öz bəlası var imiş. Son günlər ərzində azərbaycanlının evinə maskalı naməlum şəxslərin basqın etməsi buna misaldır. Görünən odur ki, bütün bu təxribat xarakterli hadisələr eyni mərkəzdən idarə olunur. Şübhə var ki, quldurlar hansısa siyasi sifarişi yerinə yetirir. Ya “Gürcü arzusu” azərbaycanlıları M.Saakaşvilinin partiyasına səs verdiyi üçün cəzalandırır, ya da uduzanlar Borçalıda sabitliyi pozmaqla “Gürcü arzusu”ndan revanş almağa çalışır.
Soydaşlarımıza qarşı baş verən soyğunçuluq hərəkətləri ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov Gürcüstandakı hadisələrin artıq silsilə xarakteri aldığını deyib. O, 12 evin qarət olunmasına rəğmən, Gürcüstanın rəsmi şəxslərindən, o cümlədən hüquq-mühafizə orqanlarından hər hansı açıqlamanın verilməməsini də narahatlıqla dilə gətirib: “Bir nəfər də olsun, cinayət məsuliyyətinə alınmayıb. Bu hardasa 1991-94-cü illərdəki hadisələrə bənzəyir. Heç bir milli zəmin yoxdur, qarət xarakterlidir. Əllərinə nə keçdi götürüb gedirlər. O qədər azğınlaşıblar ki, körpə uşaqların qulaqlarından sırğalarını da alıb gedirlər. Dünənki hadisələrdən sonra bir daha gərginlik artıb. 12 ev soyulub və bu soyğunların hamısı bir-birinə bənzəyir. Belə olan halda, doğrudanmı, hər hansı bir iz buraxılmadı, cinayətkar səhv etmədi? Mənə elə gəlir ki, yeni gələn hakimiyyətin ətrafında 1991-94-cü illərin qalıqları, elementləri var. Onların yuxarıda hər hansı dayaqları var. Onlar hər hansı bir rəsmi şəxsə bağlanmasa, eyni cinayəti təkrar etməzlər. Ancaq xalqın da bir səbr kasası, bir dözüm nöqtəsi var”.
Ə.Əsgərov bildirib ki, əgər Gürcüstan hakimiyyəti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməsə, məcburiyyət qarşısında qalan Azərbaycan hökuməti həmvətənlərinin köməyinə çatmaq üçün hadisələrə müdaxilə etməli olacaq. Təşkilat rəhbərinin sözlərinə görə, soyğunların yenə də davamlı xarakter alacağı təqdirdə Gürcüstandakı azərbaycanlılar özlərini qorumaq, müdafiə etmək məcburiyyətində qalacaqlar.
“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli son hadisələri şərh edərkən, azərbaycanlılara qarşı soyğunlarda Azərbaycan və Gürcüstan arasındakı münasibətləri pozmaq cəhdinin göründüyünü söyləyib. Onun fikrincə, Gürcüstanın daxili işlər nazirliyi, prokurorluğu bu məsələni ətraflı araşdırıb ictimaiyyətə düzgün məlumat çatdırmalıdırlar: “Sanki, kimlərsə Azərbaycan türkləri - Gürcüstanda yaşayan soydaşlarımızla gürcü cəmiyyəti, yaxud da Azərbaycan-Gürcüstan dövlətləri arasında bir soyuqluq yaratmaq istəyirlər. Bu məsələ sadəcə ayrı-ayrı adamların evinə olan hücumlarla bitmir. Burada ayrı-ayrı çıxışlar, psixoloji pressinqlər, həmçinin müəyyən mövqelərdə yeni hakimiyyətin üstünlük əldə etmək istəkləri var. Güman edirəm ki, bu, zəncirvarı reaksiya olmayacaq. Ən yaxın zamanlarda bu cinayəti törədənlər həbs olunacaq. Bizim rəsmi mövqeyimiz bundan ibarətdir ki, bu hadisələr sırf etnik zəmində gərginlik yaratmağa hesablanıb. Ona görə də Gürcüstan hakimiyyəti, hüquq-mühafizə orqanları qətiyyətli addımlar atmalı, çevik tədbirlər görməlidirlər. Bunun üçün Azərbaycanın müvafiq qurumları ilə iş birliyi də ortaya qoyulmalıdır”.

Rufik İSMAYILOV