Gürcüstana qarşı növbəti erməni xəyanəti
"Şər imperiyası” kimi tarixə düşən SSRİ-nin süqutu postsovet
məkanında çoxsaylı münaqişələrə səbəb oldu - Dağlıq Qarabağ, Abxaziya və Cənubi
Osetiya, Dnestryanı münaqişə və s. Rusiyanın imperiyapərəst qüvvələri postsovet
ölkələrini nəzarətdə saxlamaq üçün bu münaqişə ocaqlarını qızışdırır, bölücülük
siyasəti yürüdür, sabitliyə təhlükə yaradırdılar. Yürüdülən siyasət öz "bəhrəsini”
verdi və nəticədə Cənubi Qafqazda bir neçə separatçı rejim yaradıldı ki, bu gün
də onun ağrısını həmin dövlətlərin xalqları çəkməkdədir. Həmin illərdə digər
qonşularında olduğu kimi, Gürcüstan ərazisində yaşayan fərqli xalqların
nümayəndələrinin münasibətləri də çətin bir mərhələdən keçdi. Gürcü-abxaz,
gürcü-osetin münasibətləri ilə yanaşı, gürcü-erməni münasibətləri də ilk
dövrlər ciddi toqquşmalarla müşayiət olunurdu. O vaxt Gürcüstanın ərazi
bütövlüyü və ümumiyyətlə var olmaq məsələsi gündəmdə idi. Məhz belə bir dövrdə
Gürcüstanda yaşayan müxtəlif xalqların bu ölkənin ərazi bütövlüyünə sədaqəti
ölkənin gələcəyi üçün əsas çağırış idi. O illərdə Gürcüstandakı soydaşlarımız
ermənilərdən fərqli olaraq ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına
dəstək nümayiş etdirdilər. Baxmayaraq ki, o vaxtkı gürcü rəhbərliyi
soydaşlarımıza qarşı ayrı-seçkilik nümayiş etdirirdi.
Yeri gəlmişkən, ötən həftə Gürcüstan öz tarixinin ən faciəvi
günlərindən birini – Suxuminin süqutunun 25 illiyini qeyd etdi. Söhbət "abxaz
münaqişəsi”nin ən faciəvi hadisələrindən birindən gedir. Bu muxtar
respublikanın ərazisində gedən müharibə 1992-ci ildən start götürmüşdü və
Moskvanın aktiv şəkildə dəstək verdiyi abxaz separatçıları Qaqranı nəzarət
altına almış və buranı özlərinin "müvəqqəti paytaxtı elan etmişdilər”.
Abxaziyanın paytaxtı hesab edilən Suxumi isə Gürcüstanın qanuni hakimiyyət
orqanlarının nəzarəti altında idi. Sentyabrın 16-da başlayan hücumdan 10 gün
sonra Tbilisi Suxumi, az sonra isə bütün Abxaziya üzərində nəzarəti itirdi.
Beynəlxalq aləm isə sadəcə bu faciəni diqqətə belə almadı. O zaman sadəcə diqqət
Moskvaya yönəlmişdi. Rusiya prezidenti Boris Yeltsin parlamenti buraxmağa cəhd
edirdi, amma müqavimətlə üzləşirdi. Bu səbəbdən də dünya birliyi üçün Gürcüstan
və onun problemləri prioritet deyildi. O zaman baş verən hadisələrdə 15 min insan həlak oldu, 300 mindən artıq
insan isə öz ev-eşiyindən məhrum oldu. Bu səbəbdən də sentyabrın 27-si Gürcüstanda
"Yaddaş və ümid günü” kimi qeyd edilir. Dövlət bayraqları endirilir, bütün ölkə
ərazisində matəm tədbirləri keçirilir. Əksinə işğal altında olan Suxumidə isə həmin
tarixdə atəşfəşanlıq və bayram tədbirləri təşkil edilir və münaqişədə "qələbə”
əldə etdiklərini bəyan edir, hətta bu müharibəni "vətən müharibəsi” kimi qələmə
verirlər. Yeri gəlmişkən o zaman abxaz separatçıların tərəfində iki erməni
batalyonu - Krunk və Baqramyan adına batalyon döyüşüb. Və onlar dinc sakinlərə
qarşı vəhşilikləri və qəddarlıqları ilə ad çıxarmışdılar. Bu batalyonların Suxumi
uğrunda gedən döyüşlərdə gürcülərə qarşı vuruşduğu və xüsusi qəddarlıqla
fərqləndiyini hər kəs çox yaxşı xatırlayır. Bondo Arveladze və Teymuraz
Mibçuani 2009-cu ildə nəşr olunan "Baqramyan adına erməni batalyonu və
Abxaziyada gürcülərin etnik təmizlənməsi” adlı kitabda erməni vəhşiliklərini
şahidlərin dili ilə ətraflı göstərmişlər. Təxminən 2000 nəfərlik bu batalyonun
üzvləri Abxaziya ərazisində 7 min nəfərə yaxın gürcünü vəhşiliklə öldürmüşdü.
Bu da bir faktdır ki, batalyonun fəal başkəsənləri Abxaziyadan əvvəl Dağlıq
Qarabağda azərbaycanlılara qarşı qəddarlıqlar törətməkdə "zəngin” təcrübə
toplamışdılar. Ermənilərin Gürcüstanın ərazi bütövlüyünə xəyanətinin
nəticəsidir ki, 7 erməni döyüşçü qondarma Abxaziyanın "Milli qəhrəmanı”, 20
döyüşçü "Leon”' ordeni , 100-dən çox döyüşçü isə "İgidliyə görə” medalı ilə
təltif ediliblər. Onu da qeyd etmək yerinə düşər ki, Suxuminin işğalının 25
illiyi və Abxaziyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri
Raul Xadjimbaya "Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında
ilk təbrik göndərən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma
rejimin rəhbəri Bako Saakyan olub. O, məktubunda əlavə edir ki, 25 illik dövr
ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçib: "Abxaz xalqı dövlət
quruculuğunun bütün çətinlikləri ilə üzbəüz gəlir, öz dövlətlərini
gücləndirirlər”. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma
rejimin bütün yazışmalarının Ermənistan XİN tərəfindən aparılması heç kimə sirr
deyildir. Başqa sözlə desək, Ermənistan Bako Saakyanın dili ilə Gürcüstanın
ərazi bütövlüyü və suverenliyinə nəinki hörmət etmədiyini, onu pozmağa
çalışdığını nümayiş etdirir. Ermənilərin Abxaziya və Cənubi Osetiyada
separatizm meyllərini dəstəkləməsi "Böyük Ermənistan” xülyasının tərkib hissəsi
olaraq Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının daim aktual
olmasından xəbər verir. Bu gün Gürcüstanda "Cavaxk” separatist hərəkatı
müxtəlif sahələr üzrə Gürcüstanda erməniləşdirmə təbliğatı aparır. Gürcüstanın
separatistlərin nəzarətində olan hər iki bölgəsində - Abxaziya və Cənubi
Osetiyada erməni izi var. Güman etmək olar ki, Gürcüstan rəhbərliyi ona qarşı
ərazi iddiaları ilə çıxış edən qonşusunun bu xəyanətkar addımına qarşı biganə
qalmayacaq və müvafiq addımlar atacaq. Gəlinən nəticə budur ki, ermənilərin
regionda qonşularına qarşı əsassız ərazi iddiaları davam etdikcə Qafqazda
davamlı sülh və sabitlik haqqında düşünmək mümkün deyil və "Böyük Ermənistan”'
şovinist ideyalarına son qoyulmayınca Qafqazda heç zaman daimi sabitlik
olmayacaq.
Azər