• şənbə, 20 Aprel, 18:16
  • Baku Bakı 24°C

Gürcüstana qarşı növbəti erməni xəyanəti

03.10.18 18:03 1098
Gürcüstana qarşı növbəti erməni xəyanəti
"Şər imperiyası” kimi tarixə düşən SSRİ-nin süqutu postsovet məkanında çoxsaylı münaqişələrə səbəb oldu - Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı münaqişə və s. Rusiyanın imperiyapərəst qüvvələri postsovet ölkələrini nəzarətdə saxlamaq üçün bu münaqişə ocaqlarını qızışdırır, bölücülük siyasəti yürüdür, sabitliyə təhlükə yaradırdılar. Yürüdülən siyasət öz "bəhrəsini” verdi və nəticədə Cənubi Qafqazda bir neçə separatçı rejim yaradıldı ki, bu gün də onun ağrısını həmin dövlətlərin xalqları çəkməkdədir. Həmin illərdə digər qonşularında olduğu kimi, Gürcüstan ərazisində yaşayan fərqli xalqların nümayəndələrinin münasibətləri də çətin bir mərhələdən keçdi. Gürcü-abxaz, gürcü-osetin münasibətləri ilə yanaşı, gürcü-erməni münasibətləri də ilk dövrlər ciddi toqquşmalarla müşayiət olunurdu. O vaxt Gürcüstanın ərazi bütövlüyü və ümumiyyətlə var olmaq məsələsi gündəmdə idi. Məhz belə bir dövrdə Gürcüstanda yaşayan müxtəlif xalqların bu ölkənin ərazi bütövlüyünə sədaqəti ölkənin gələcəyi üçün əsas çağırış idi. O illərdə Gürcüstandakı soydaşlarımız ermənilərdən fərqli olaraq ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına dəstək nümayiş etdirdilər. Baxmayaraq ki, o vaxtkı gürcü rəhbərliyi soydaşlarımıza qarşı ayrı-seçkilik nümayiş etdirirdi.
Yeri gəlmişkən, ötən həftə Gürcüstan öz tarixinin ən faciəvi günlərindən birini – Suxuminin süqutunun 25 illiyini qeyd etdi. Söhbət "abxaz münaqişəsi”nin ən faciəvi hadisələrindən birindən gedir. Bu muxtar respublikanın ərazisində gedən müharibə 1992-ci ildən start götürmüşdü və Moskvanın aktiv şəkildə dəstək verdiyi abxaz separatçıları Qaqranı nəzarət altına almış və buranı özlərinin "müvəqqəti paytaxtı elan etmişdilər”. Abxaziyanın paytaxtı hesab edilən Suxumi isə Gürcüstanın qanuni hakimiyyət orqanlarının nəzarəti altında idi. Sentyabrın 16-da başlayan hücumdan 10 gün sonra Tbilisi Suxumi, az sonra isə bütün Abxaziya üzərində nəzarəti itirdi. Beynəlxalq aləm isə sadəcə bu faciəni diqqətə belə almadı. O zaman sadəcə diqqət Moskvaya yönəlmişdi. Rusiya prezidenti Boris Yeltsin parlamenti buraxmağa cəhd edirdi, amma müqavimətlə üzləşirdi. Bu səbəbdən də dünya birliyi üçün Gürcüstan və onun problemləri prioritet deyildi. O zaman baş verən hadisələrdə 15 min insan həlak oldu, 300 mindən artıq insan isə öz ev-eşiyindən məhrum oldu. Bu səbəbdən də sentyabrın 27-si Gürcüstanda "Yaddaş və ümid günü” kimi qeyd edilir. Dövlət bayraqları endirilir, bütün ölkə ərazisində matəm tədbirləri keçirilir. Əksinə işğal altında olan Suxumidə isə həmin tarixdə atəşfəşanlıq və bayram tədbirləri təşkil edilir və münaqişədə "qələbə” əldə etdiklərini bəyan edir, hətta bu müharibəni "vətən müharibəsi” kimi qələmə verirlər. Yeri gəlmişkən o zaman abxaz separatçıların tərəfində iki erməni batalyonu - Krunk və Baqramyan adına batalyon döyüşüb. Və onlar dinc sakinlərə qarşı vəhşilikləri və qəddarlıqları ilə ad çıxarmışdılar. Bu batalyonların Suxumi uğrunda gedən döyüşlərdə gürcülərə qarşı vuruşduğu və xüsusi qəddarlıqla fərqləndiyini hər kəs çox yaxşı xatırlayır. Bondo Arveladze və Teymuraz Mibçuani 2009-cu ildə nəşr olunan "Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi” adlı kitabda erməni vəhşiliklərini şahidlərin dili ilə ətraflı göstərmişlər. Təxminən 2000 nəfərlik bu batalyonun üzvləri Abxaziya ərazisində 7 min nəfərə yaxın gürcünü vəhşiliklə öldürmüşdü. Bu da bir faktdır ki, batalyonun fəal başkəsənləri Abxaziyadan əvvəl Dağlıq Qarabağda azərbaycanlılara qarşı qəddarlıqlar törətməkdə "zəngin” təcrübə toplamışdılar. Ermənilərin Gürcüstanın ərazi bütövlüyünə xəyanətinin nəticəsidir ki, 7 erməni döyüşçü qondarma Abxaziyanın "Milli qəhrəmanı”, 20 döyüşçü "Leon”' ordeni , 100-dən çox döyüşçü isə "İgidliyə görə” medalı ilə təltif ediliblər. Onu da qeyd etmək yerinə düşər ki, Suxuminin işğalının 25 illiyi və Abxaziyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri Raul Xadjimbaya "Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik göndərən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyan olub. O, məktubunda əlavə edir ki, 25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçib: "Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzbəüz gəlir, öz dövlətlərini gücləndirirlər”. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bütün yazışmalarının Ermənistan XİN tərəfindən aparılması heç kimə sirr deyildir. Başqa sözlə desək, Ermənistan Bako Saakyanın dili ilə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə nəinki hörmət etmədiyini, onu pozmağa çalışdığını nümayiş etdirir. Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəkləməsi "Böyük Ermənistan” xülyasının tərkib hissəsi olaraq Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının daim aktual olmasından xəbər verir. Bu gün Gürcüstanda "Cavaxk” separatist hərəkatı müxtəlif sahələr üzrə Gürcüstanda erməniləşdirmə təbliğatı aparır. Gürcüstanın separatistlərin nəzarətində olan hər iki bölgəsində - Abxaziya və Cənubi Osetiyada erməni izi var. Güman etmək olar ki, Gürcüstan rəhbərliyi ona qarşı ərazi iddiaları ilə çıxış edən qonşusunun bu xəyanətkar addımına qarşı biganə qalmayacaq və müvafiq addımlar atacaq. Gəlinən nəticə budur ki, ermənilərin regionda qonşularına qarşı əsassız ərazi iddiaları davam etdikcə Qafqazda davamlı sülh və sabitlik haqqında düşünmək mümkün deyil və "Böyük Ermənistan”' şovinist ideyalarına son qoyulmayınca Qafqazda heç zaman daimi sabitlik olmayacaq.
Azər
banner

Oxşar Xəbərlər