• cümə, 29 Mart, 04:20
  • Baku Bakı 7°C

Gürcüstan yeni viza rejiminə keçir

11.09.14 11:51 1888
Gürcüstan yeni viza rejiminə keçir
Ölkəmizin Gürcüstandakı səfirliyindən orada fəaliyyət göstərən Azərbaycan şirkətlərinə müraciət ünvanlanıb. Müraciətdə 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmiş Gürcüstanın “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununa əsasən ölkənin miqrasiya siyasətinə bir çox dəyişikliklər edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlarına da şamil edilib.
Qanuna əsasən Azərbaycan vətəndaşları Gürcüstan ərazisində vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaya biləcəklər. Qanunsuz formada 90 gündən artıq Gürcüstan ərazisində qaldıqda 180 lari (bu günün məzənnəsi ilə 81 manat), 180 gündən çox qaldıqda isə 360 lari (bu günün məzənnəsi ilə 162 manat) məbləğində cərimələnəcəkdir. Azərbaycan Respublikası vətəndaşları 1 sentyabr 2014-cü il tarixindən sonra Gürcüstan ərazisində 90 gündən artıq qalmaq üçün, ölkə ərazisinə daxil olmadan əvvəl Gürcüstanın Bakı şəhərindəki Səfirliyinə və ya Gəncə şəhərindəki Baş Konsulluğuna müraciət edərək viza almalıdırlar. Qeyd olunan viza ilə ölkə ərazisinə daxil olduqdan sonra Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edərək yaşayış hüququ almalıdırlar. Cari ilin 1 sentyabr tarixinədək Gürcüstan ərazisinə gəlmiş və ölkə ərazisini tərk etməmiş Azərbaycan Respublikası vətəndaşları isə 90 gündən artıq Gürcüstanda qalmaq üçün Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə müraciət edərək viza ala biləcəklər.
Gürcüstanın miqrasiya siyasətindəki son dəyişikliklərlə bağlı fikirlərini “Kaspi”yə bölüşən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev sentyabrın 1-dən qüvvəyə minən yeni qanunun Azərbaycanla yanaşı, bütünlükdə xarici ölkə vətəndaşlarının Gürcüstana gəlməsi, onların buradakı hüquqi vəziyyəti və sairi nəzərdə tutduğunu bildirib. Deyib ki, cari ilin birinci rübünün sonuna kimi Gürcüstanda “Miqrasiya haqqında” qanunu olmayıb, ölkəyə giriş-çıxış, əcnəbilərin hüquqi statusu hər hansı qanunla tənzimlənməyib. Məhz bu səbəbdən cari ilin yaz ayında parlament bununla bağlı qanun qəbul edib. Deputatın sözlərinə görə, indi qüvvəyə minən həmin qanun tamamilə normal, hər bir dövlət üçün lazımlı qaydaları özündə əks etdirir: “Eyni zamanda bu qanun, Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı Assosiativ sazişin tələblərindən biridir. Yəni, son proses yalnız milli qanunvericiliklə deyil, milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlıdır. Cari ilin sentyabrın 1-ə kimi vəziyyət belə idi ki, 130-a yaxın ölkənin vətəndaşı vizasız Gürcüstana gələ, 1 il müddətinə burada qala bilərdi. Bu da öz növbəsində bir çox çətinliklər törədirdi. Bununla yanaşı, Avropa İttifaqının müəyyən tələbləri var idi ki, Gürcüstan Avropaya keçid üçün keçid bazası olmasın. Bizim gözləntilərimizə görə, yaxın vaxtlarda, təxminən 2015-ci ildən Gürcüstanla Avropa ölkələri arasında vizasız gediş-gəliş tətbiq olunacaq. Bu mənada Avropa ittifaqının da müəyyən narahatçılıqlarını başa düşmək lazımdır. Əgər Gürcüstan viza rejimini indi tətbiq etməsəydi, gələcəkdə bizim ölkəmiz bir çox xarici vətəndaşlar, miqrantlar üçün Avropaya asan keçid məntəqəsi olacaqdı. Yeni qanunvericiliyə görə, bundan sonra 97 ölkənin vətəndaşları Gürcüstana vizasız gələ biləcəklər. Amma 20-dən artıq ölkə vətəndaşları isə Gürcüstana gəlmək üçün xaricdəki səfirlik və konsulluqlarımızdan viza almalı olacaqlar. Vizasız rejim tətbiq olunan təxminən 100-ə yaxın ölkələr kimi, Azərbaycan vətəndaşları da Gürcüstanda vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaya biləcəklər. Əgər çox qalmaq istəsələr, viza almalı olacaqlar. Qanunun tələbləri bundan ibarətdir. Hesab edirəm ki, Gürcüstanın viza rejiminə keçməsi ilə müəyyən çətinliklər yaşansa da bu, dövlətlər arası münasibətə hər hansı formada təsir göstərməyəcək”.
M.Dərziyev hər bir vətəndaşın əcnəbi ölkədə leqal statusla yaşamasını, həmin dövlətin qanunlarına tabe olmasını, hörmətlə yanaşmasını ən düzgün yol hesab edib. Bu məntiqdən çıxış edərək onu da əlavə edib ki, həm Azərbaycanın, həm də Gürcüstanın öz qanunlarına etdiyi dəyişikliklərə, həmin dəyişikliklərdən irəli gələn tələblərə də normal baxmaq lazımdır. Lakin o, miqrasiya siyasətində bir məqamın xüsusi olaraq nəzərə alınmasını vacib sayıb: “Miqrasiya məsələsində Gürcüstan azərbaycanlılarının bir haqlı tələbi də nəzərə alınmalıdır. Azərbaycan Gürcüstan azərbaycanlılarına - öz soydaşlarına amerikalıya, ingilisə, hindistanlıya, pakistanlıya yanaşdığı kimi münasibət göstərməməlidir. Yaxşı olardı ki, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı “Soydaşlar haqqında qanun” qəbul olunardı və burada əcnəbilərdən fərqli, hansısa güzəştlər nəzərdə tutulardı”.
Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) İdarə Heyətinin sədri Fazil Həsənov hər bir ölkədə buna oxşar qayda-qanunların mövcud olmasına diqqət çəkib. O, Azərbaycanda da belə bir qanunun neçə ildir ki, qüvvəyə mindiyini vurğulayaraq, Gürcüstanın miqrasiya siyasətindəki son dəyişikliklərdə qeyri-adi heç nə görmədiyini söyləyib: “Avropaya inteqrasiya edən ölkəmiz onun hüquq prinsiplərinə əsaslanaraq, bu tipli qanunları qəbul edir. Bir çox ölkələrdə müvəqqəti yaşayış müddəti tətbiq olunur. O ki, qaldı əhalinin bu qanunların qəbulundan dolayı yaşadığı problemlərə, fikrimcə, bu, tamam başqa məsələdir. Əhalinin hər hansı yeni qanunun qəbul olunması mərhələsində yaşadığı problem sırf məlumat çatışmazlığıdır. Ona görə də əhali yeni çıxan qanunlar haqqında vaxtında məlumatlandırılmalıdır ki, qanunu pozmuş vəziyyətdə olmasınlar”.
“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hər bir ölkənin vətəndaşların, əcnəbilərin, xaricilərin hərəkətlərini məhdudlaşdıran və ya asanlaşdıran qanunvericilik bazasına malik olmaq hüququnun olduğunu xatırladıb. Lakin o, Azərbaycanla Gürcüstanın strateji müttəfiq, problem və maraqları baxımından MDB məkanında ən yaxın, oxşar ölkələr olduğunu diqqətə çatdıraraq, bəzi qanunların qəbulunda bu kimi məqamların nəzərə alınmasını daha məqsədəuyğun sayıb: “Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində gürcülər, Gürcüstanın bəzi rayonlarında isə azərbaycanlılar yaşayırlar. Hər iki toplum bu iki dövlət arasında mənəvi-mədəni körpü rolunu oynayırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan qanunvericiliyi təkmilləşən zaman Gürcüstan vətəndaşlarının Azərbaycana hərəkətini tənzimləyən qanunvericilik aktı da qəbul olundu. Həmin qanunun tələblərinə görə ölkəyə girişdə 3 gün ərzində müvafiq orqanlara məlumat verilməlidir. Bundan sonra 1 ay müddətində qalmaq, bir aydan sonra bu müddəti 3 aya kimi uzatmaq olar. Azərbaycanda qalmanı uzatmaq üçün ciddi əsasları olan tələbələr, əməkçi miqrantlar, ailə həyatı quranlara bir illik viza da verilə bilər. Gürcüstan isə hazırda Şengen ölkələri modelinə inteqrasiya edir. Gürcüstanda Avrointeqrasiya proqramı var və bu proqramdan irəli gələrək qanunvericilik həmin normalara uyğunlaşdırılır. Konkret Gürcüstanda bu hüquqi bazaların formalaşmasının təməlində həm də Şengen ölkələrinə giriş durur. Yəni, Gürcüstan Azərbaycan, Ermənistan və digər ölkələrlə viza rejiminin formasını tapmalıdır. Burada mən qeyri-adi heç nə görmürəm. Kimsənin də bundan hansısa formada siyasi məqsədlər naminə istifadəsinin əleyhinəyəm. Lakin fakt budur ki, Azərbaycan vətəndaşlarının Gürcüstanda vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaması barədə müddəa Azərbaycanın miqrasiya qanunvericiliyindən daha liberaldır. Bizim prinsipial istəyimiz də budur ki, digər xarici ölkə vətəndaşlarından fərqli olaraq, Gürcüstan və Azərbaycan vətəndaşları arasında gediş-gəliş tamamilə vizasız olsun. Belə bir addım strateji tərəfdaşlığın tələblərinə daha çox uyğun gəlir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər